Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər

Prezident İlham Əliyev: 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər

23.01.2018 [10:13]

31 mart soyqırımına dair həqiqətlər dünya ictimaiyyətinə uğurla çatdırılır
Məlum olduğu kimi, ermənilər tarix boyu özgə millətlərə, xüsusilə də türklərə qarşı ərazi iddiaları ilə çıxış edib və təcavüz hesabına “Böyük Ermənistan” arzularını gerçəkləşdirməyə çalışıblar. Onlar bu məqsədlə misli görünməmiş metod və vasitələrə baş vurublar. Mənfur qonşularımızın “Hai Tahd ideologiyası”na uyğun olaraq “Böyük Ermənistan” yaratmaq ideyaları, eyni zamanda, böyük güclərin maraqları ilə üst-üstə düşüb. Bunun da nəticəsidir ki, ermənilər ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyaların altına imza atıb, tarixi Azərbaycan torpaqlarına qarşı təcavüzkar iddialarını daha da gücləndiriblər. Müxtəlif dövrlərdə ermənilər xalqımıza qarşı fərqli-fərqli təhdidlərdən məharətlə istifadə etməyə çalışıblar ki, buraya da təbliğat, qondarma “soyqırımı” iddiaları, torpaq tələbləri, qətllər-qırğınlar və s. daxildir.
Erməni vandalizminin növbəti nümunəsi
Ermənilərin xalqımıza qarşı amansızlıqla törətdiyi soyqırımı aktları sırasında 31 mart soyqırımını xüsusi vurğulamaq lazımdır. Tarixdən bəlli olduğu kimi, 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açıb. 31 mart tarixində bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Erməni vandalları bu hücum nəticəsində dəhşətli qətllər törədiblər. Bununla yanaşı, azərbaycanlılara məxsus məktəblər, kitabxanalar, mədəniyyət ocaqlarının hamısı yandırılıb. Həmçinin Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” yandırılıb, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları, eyni zamanda, “Təzə pir” məscidinin minarələri dağıdılıb. Məlumat üçün qeyd edək ki, 31 mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox insan qətlə yetirilib.
31 mart soyqırımının coğrafiyası Bakı ilə məhdudlaşmır
31 mart soyqırımının coğrafiyası yalnız Bakı ilə məhdudlaşmır. Belə ki, ermənilər Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktını davam etdiriblər və minlərlə soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib.
Məlumat üçün qeyd etmək lazımdır ki, 3-16 aprel 1918-ci il tarixində Şamaxı əhalisinə qarşı vandalizm aktı törədilib. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən yerlə yeksan edilib. Hesablamalara görə, təxminən 8 minə yaxın insan qətlə yetirilib. Qətlə yetirilmiş insanların 1653 nəfəri qadın, 965-i isə uşaq olub. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enib ki, bu da yerli əhalinin ermənilər tərəfindən soyqırımına məruz qalmasını göstərən başlıca tarixi faktlardandır.
Bunlarla yanaşı, ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma Komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması, müsəlman əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələ ilə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma Komissiyasının 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar.
Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırımı hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar törətdiklərini bir daha göstərir. Bəhs olunan Təcili Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə, hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.
Quba qəzasında da hadisələr eyni ssenari əsasında davam edirdi. Belə ki, daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırmışdılar. Yerli sakinlər isə xüsusi amansızlıqla və dəhşətli işgəncələrlə qətlə yetirilirdilər. Bəhs olunan soyqırımı aktı zamanı 30 minə yaxın insan qətlə yetirilmişdi.
Qeyd etmək lazımdır ki, ermənilərin növbəti hədəfi Gəncə şəhəri olsa da, onlar bu şəhərə hücum planını gerçəkləşdirməyə nail ola bilmədilər. Belə ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda gərgin mübarizənin başlanması işğalçıların bütün planlarını alt-üst etdi.
Mart hadisələrinin əsas təşkilatçısı olan S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda bildirmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyil. Biz bilərəkdən buna yol verdik”.
Göründüyü kimi, ermənilərin xalqımıza qarşı soyqırımı siyasəti sistemli xarakter daşıyıb və bu, erməni vandalizminin növbəti nümunəsi olmaqla yanaşı, bəşər tarixinin ən qanlı səhifələrindən birini təşkil edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında çıxışı zamanı qeyd edib ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər: “Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir”.
31 mart soyqırımına ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən siyasi və hüquqi qiymət verilib
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra 31 mart soyqırımına siyasi və hüquqi qiymət verilib. Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. 1998-ci ildə imzalanmış Fərmanda qeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.
Göründüyü kimi, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın başına gətirilmiş bütün faciələr kimi, 31 mart soyqırımına da ilk dəfə siyasi və hüquqi qiymət verilməsinə nail olub.
Ermənilərin xalqımıza qarşı soyqırımı aktları sonrakı dövrdə də davam edib
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirsək, görərik ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb.
Qeyd edək ki, xalqımıza qarşı soyqırımlar törədən mənfur qonşularımız öz çirkin niyyətlərini reallaşdırmaq üçün istənilən fürsətdən yararlanmağa çalışıblar. Bu istiqamətdə növbəti addım ötən əsrin 60-cı illərində atılıb. Belə ki, 1960-cı illərdə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Eyni zamanda, 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanarkən ermənilər bundan istifadə edərək öz çirkin məqsədlərinə nail olmağa çalışsalar da, Ulu öndər Heydər Əliyev buna imkan verməyib.
1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib və bu gün həmin təcavüzün nəticələri davam etməkdədir.
Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Ermənistanın silahlı qüvvələri keçmiş SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri viran edib, azərbaycanlılara qarşı soyqırımı törədib, bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub. Məhz bütün bu faktlar onu göstərir ki, ermənilər tarix boyu xalqımıza qarşı müxtəlif xarakterli soyqırımları törədiblər.
Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq deyib ki, erməni faşizmi özünü bir daha 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində göstərmişdir: “Biz o tarixi də yaxşı xatırlayırıq. Çünki Ulu öndər Heydər Əliyevin sovet hakimiyyətinin rəhbərliyindən uzaqlaşdırılmasından iki həftə sonra erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırmışlar. O vaxtkı sovet rəhbərliyi, ilk növbədə o vaxtkı rəhbər Qorbaçov və onun ətrafında olan erməni millətçiləri Azərbaycan xalqına qarşı böyük cinayətlər törətmişlər. Qanlı Yanvar hadisələri bilavasitə Qorbaçovun əməlləridir. Ondan əvvəl və ondan sonra xalqımıza qarşı törədilən cinayətlər artıq tarixdə kifayət qədər öyrənilibdir”.
Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, Sovet dövründə - 1969-cu ilə qədər ermənilər dəfələrlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə əlaqədar sovet hökumətinə müraciətlər etmişlər: “Hətta rəsmi səviyyədə müraciətlər etmişlər. Ancaq Heydər Əliyevin qətiyyəti və çox ciddi etirazı buna imkan verməmişdir. Ondan sonra Heydər Əliyevin sovet hakimiyyətində fəaliyyəti dövrü başlamışdır. O vaxt da, əlbəttə ki, ermənilərin təxribat etmək üçün heç bir imkanları olmamışdır. 1987-ci ilin noyabrında - Ulu öndər Heydər Əliyev vəzifədən gedəndən iki həftə sonra bu məsələ qaldırıldı və demək olar ki, o vaxtdan azərbaycanlılara qarşı növbəti soyqırımı prosesi başladı. Təxribatlar törədildi, sovet və dünya mətbuatında bu məsələ ilə bağlı yanlış və təhrif edilmiş rəy yaradıldı. Nəticədə 1992-ci ildə Xocalı soyqırımı törədildi. Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır”.
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir
Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan həqiqətlərinin, o cümlədən 31 mart soyqırımı haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Məhz bunun qanunauyğun nəticəsidir ki, bu soyqırımına dair həqiqətlərin dünyaya çatdırılması vasitəsilə ermənilərin formalaşdırdıqları stereotiplər dağıdılır, xalqımıza qarşı törədilmiş qətllər bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət hadisəsi kimi səciyyələndirilir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncam bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir. Bundan başqa, Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilir.
Sərəncamda bildirilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ötən müddət ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə ermənilərin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.
Görülən işlərin qanunauyğun nəticəsidir ki, Xocalı soyqırımının ardından artıq bir çox ölkələrdə 31 mart hadisələri ilə bağlı müvafiq qətnamələr qəbul olunur. Azərbaycan dövləti bütün bu reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyət göstərir, ardıcıl və məqsədyönlü tədbirlər görülür. Yeri gəlmişkən, Quba Soyqırımı Memorial Kompleksinin açılışı da bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər.
Bütövlükdə, 1918-ci il 31 mart soyqırımına dair həqiqətlər dünya ictimaiyyətinə uğurla çatdırılır. Bu baxımdan, Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 432 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30