Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondunun bütün təşəbbüsləri milli ruha əsaslanır

Heydər Əliyev Fondunun bütün təşəbbüsləri milli ruha əsaslanır

25.08.2009 [03:10]

Koişiro Matsuura: Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə Azərbaycan üçün deyil, bütövlükdə dünya üçün müstəsna əhəmiyyətə malikdir
Son 5 ildə qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb. Fondun vətəndaşların hər bir müraciətinə həssas münasibəti, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əzmkar fəaliyyəti, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi bu qurumun ən ali ideallara xidmət etdiyini təsdiqləyir. Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir və görülən bütün işlər Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir...
...Azərbaycanın hər bölgəsində Ulu öndər Heydər Əliyevin saysız-hesabsız yadigarı, quruculuq izləri var. ümummilli liderinə sonsuz məhəbbət bəsləyən xalqımız Heydər Əliyev Fondunu mərhəmət və nicat rəmzi olmaqla yanaşı, Onun ideyalarını yaşadan möhtəşəm irs məbədi kimi qəbul edir. Qurumun fəaliyyətinin prioritet istiqamətləri xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaqdır. Fond ictimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir.
ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, Onun ölməz ideyalarının geniş təbliğ olunması, həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması qloballaşma dövründə xüsusilə aktuallıq kəsb edir. Yarandığı gündən bu ali missiyanı qarşısına məqsəd qoyan, dahi öndərin mərhəmət və humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev Fondu öz fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilib.
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, milli genefondun qorunmasına, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında mənəvi körpünün salınmasına, sülh və tərəqqiyə xidmət edən mütərəqqi, sağlam ideyaların təbliğinə yönəlib. Fond gördüyü işlər sayəsində, nəinki, respublikamızın hüdudlarında, eləcə də, beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanıb...
...Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən bir ümumi ortaq xətt isə milli genefondun qorunması, milli adət-ənənələrimizin yaddaşlarda qalması və daha unikal şəkildə gələcək nəsillərə ötürülməsidir...
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlıdır. Son illərdə məhz Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun dəstəyi ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, dini-irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil edib.
Fondun çoxşaxəli fəaliyyəti YUNESKO tərəfindən də diqqətlə izlənir və yüksək rəğbətlə qarşılanır. YUNESKO-nun baş direktoru Koişiro Matsuura Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərin təkcə Azərbaycan üçün deyil, bütövlükdə dünya üçün müstəsna əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb: “Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva on il bundan öncə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış və həmin fondun çərçivəsində böyük işlər görülmüşdür. Mən onun bu sahədəki fəaliyyətini izləyir və yaxından öyrənirdim. Mən gördüm ki, bu sahədə Mehriban xanımın xidmətləri əvəzsizdir və belə qərara gəldim ki, o, YUNESKO-nun xoşməramlı səfiri təyin edilsin. O, bu vəzifəyə təyin olunduqdan sonra Azərbaycanda mədəniyyət sahəsində böyük işlər görülmüşdür. Biz onun, xüsusilə, təhsilin inkişafı, eləcə də, musiqi ənənələrinin qorunması sahəsindəki fəaliyyətini xüsusi qeyd edirik”.
Tolerantlığın ünvanı-Azərbaycan
Azərbaycan hər zaman xalqların dostluğu məkanı kimi tanınıb. Araşdırmalar da sübut edir ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri müstəqil şəkildə yaşayıb və fəaliyyət göstərib. Qədim türk məkanı olan Azərbaycanda dominant türk xalqı heç zaman digər xalqların əzilməsinə yol verməyib. Bu gün də ölkəmizdə bu ab-hava qorunub saxlanılır. Amma vaxtaşırı olaraq müxtəlif qüvvələr, xüsusilə də, ermənilər guya Azərbaycanda milli və dini diskriminasiyanın olduğuna dair yalanlarla dünya ictimaiyyətini aldatmaq istəyir. Lakin bu cəhdlər uğursuğluğa düçar olur. çünki, dövlətin həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün qurduğu kompleks fəaliyyətə Heydər Əliyev Fondu da müxtəlif layihələr reallaşdırmaqla, beynəlxalq tədbirlər keçirməklə öz töhfəsini verməkdədir.
Belə ki, Fondun “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi məscidlərlə yanaşı, pravoslav və katolik kilsələrinin bərpasına, Azərbaycanda yəhudi uşaqlar üçün təhsil kompleksinin inşasına yönəlib. Bu layihə çərçivəsində Heydər Əliyev Fondu bir sıra dini abidələri bərpa və ya təmir etdirib.
Qeyd edək ki, Azərbaycan sivilizasiyaların dialoqu prosesində vasitəçi kimi çıxış edir, mədəniyyətlərarası yaxınlaşmaya öz töhfəsini verir. Elə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yöndə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edib.
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanın mədəniyyətlərarası dialoq prosesindəki rolunu önə çəkərək, ölkədə mövcud olan tolerant düşüncə tərzini xalqın dünyagörüşü və milli adət-ənənələri ilə əlaqələndirib: “Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini yaşatmışdır. Bu, həm mədəniyyətimizdə, həm də cəmiyyətimizdə dərin iz qoymuşdur. İndi də bizim cəmiyyətdə belə bir tolerantlıq ab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolik kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir. Bu, təkcə tarixin ayrı-ayrı məqamları deyil. Biz yeni katolik məbədi açmışıq. Tarixi əhəmiyyət daşıyan məscid və kilsələrin bərpası ilə yanaşı, yenilərini də tikirik. ümidvaram ki, Bakı forumu gələcəkdə ənənəvi şəkil almaqla, sivilizasiyaların faydalı dialoqunun formalaşmasına dair hər birimizin öz ideya və məqsədlərimizi həyata keçirmək üçün imkan yarada bilər”.
Qafqaz xalq ənənələri evi
YUNESKO qarşısında “Qafqaz xalq ənənələri evi”nin yaradılması təşəbbüsü ilə çıxış edən Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti sistemli və ardıcıl xarakter daşıyır. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması və təbliği sahəsində son dərəcə mühüm addım ola bilər. Bu faydalı təşəbbüsün irəli sürülməsi, eyni zamanda, dünyada maddi və qeyri-maddi irsin qorunub saxlanması vəzifəsini yerinə yetirən YUNESKO-nun həmin layihə çərçivəsində əməkdaşlığa dəvət edilməsi bir neçə cəhətdən xüsusi önəm daşıyır. Bununla təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqaz xalqlarının zəngin mənəvi-mədəni abidələrinin qorunması və təbliği məqsədi önə çəkilir. “Qafqaz xalq ənənələri evi”nin yaradılması tarix boyu Azərbaycanın təkcə ərazisinə deyil, həm də maddi-mədəniyyət nümunələrinə, incəsənətinə, musiqisinə, mətbəxinə göz dikən, onları özününküləşdirməyə çalışan mənfur ermənilərin cəfəng iddialarının qarşısının alınması baxımından zəruridir. “Qafqaz xalq ənənələri evi”nin yaradılması siyasi məzmun yükünə malik olmaqla, Avropa İttifaqının təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən “Yeni Qonşuluq Siyasəti”nin səmərəliliyi baxımından son dərəcə vacib əhəmiyyət kəsb edir.
Genişlənən fəaliyyət, artan nüfuz...
Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə nümayəndəlikləri açılır. Bunların açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən, Azərbaycanı daha geniş təbliğ etmək, ölkə həqiqətlərini dünya miqyasına çıxarmaq, habelə, diaspor hərəkatının güclənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son illərdə Fondun Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada nümayəndəliklərinin açılması da qarşıya qoyulmuş bu məqsədlərin gerçəkləşdirilməsinə böyük imkanlar açır.
Bu istiqamətdə Fondun Moskva filialının fəaliyyətini xüsusi olaraq qeyd etmək yerinə düşər. Yuxarıda göstərilən missiyaların reallaşdırılması işini üzərinə götürmüş Leyla xanım Əliyeva Fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir. ötən müddətdə Leyla xanım Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün lazımi tədbirləri həyata keçirib. Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi istiqamətində atılan addımlar da bu baxımdan təqdirəlayiqdir. Qısa müddətdə, eyni zamanda, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində mühüm addımlar atılıb.
Dağlıq Qarabağ milli məsələdir...
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycana böyük zərbə vurub və bunların təsiri hələ də getməyib. Əlbəttə ki, ölkə daxilində dövlət münaqişədən əziyyət çəkmiş, Ermənistanın soyqırım siyasətinin qurbanı olmuş həmyerlilərimizin problemlərini həll edir. Amma ermənilər dünyada özlərinin cinayətlərinə haqq qazandırmaq üçün bütün vasitələrdən istifadə edirlər. Bu baxımdan Azərbaycan dövləti dünya miqyasında həqiqətləri ictimaiyyətin diqqətinə çatdırmaq və ədalətin bərpa olunması üçün bütün istiqamətlərdə iş görür. Dövlətin bu işinə Heydər Əliyev Fondu da öz böyük töhfəsini verir.
Belə ki, 2005-ci ildə yaradılan www.azerbaijan.az internet portalı Heydər Əliyev Fondunun ilk, amma olduqca əhəmiyyətli layihələrindəndir. Portal müasir informasiya istifadəçilərinin tələbatına uyğun, Azərbaycanın bu günü, tarixi keçmişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, xalqımızın, milli-mənəvi dəyərlərimizin dünyaya tanıdılması istiqamətində yaradılan zəngin informasiya mənbəyidir. Hazırda portalın ümumi istifadəçilərinin sayı 1 milyon yarımı ötüb.
Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” toplusu müxtəlif dillərdə nəşr olunub. Qısa, lakin dolğun informasiyalı nəşr neçə illərdir ki, Azərbaycandan kənarda hökumət və qeyri-hökumət xətti ilə keçirilən tədbirlərdə qiymətli təbliğat materialı kimi istifadə olunur. Bu nəşri xarici ölkələrdə təqdim etmək məqsədilə Fonda tez-tez müraciətlər daxil olur.
“Qarabağ həqiqətləri” silsiləsinin davamı olaraq, 2007-ci ildə Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” (“War Against Azerbaijan: Targeting Cultural Heritage”) kitabını ingilis dilində nəşr edib. Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən bu kitab da müxtəlif tədbirlərdə, aksiyalarda dünya ictimaiyyətinə çatdırılır.
Bu istiqamətdə Xocalı soyqırımı ilə bağlı davamlı layihəni qeyd edə bilərik. Belə ki, 2007-ci ildən başlayaraq, Fond hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirir. Əsasən diplomatik korpusların xətti ilə reallaşan anma mərasimlərində Fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur.
Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası başlayıb və dünyanın bir çox ölkələrində təqdim olunub.
Göründüyü kimi, Fondun həyata keçirdiyi bütün layihələr milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğalaşaraq olduqca maraqlı və rəngarəng forma alıb. Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir. Fond xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafına, insan hüquqlarının qorunmasına, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. Burada bir məqam xüsusi vurğulanmalıdır: Heydər Əliyev Fondunun bütün təşəbbüsləri milli ruha əsaslanır.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 875 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30