Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AŞPA qəbul etdiyi qətnamələrlə ermənipərəst mərkəzlərin sifarişini yerinə yetirdiyini təsdiqləyir

AŞPA qəbul etdiyi qətnamələrlə ermənipərəst mərkəzlərin sifarişini yerinə yetirdiyini təsdiqləyir

13.10.2017 [10:19]

Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbulu və təzyiq kampaniyaları Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir
Əldə etdiyi yüksək iqtisadi inkişaf nəticəsində yerləşdiyi regionun lider dövləti olan Azərbaycan bu gün dünyada demokratik ənənələrə sadiqliyi ilə tanınır. İnsan hüquq və azadlıqlarının qorunması, o cümlədən vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik təsisatların fəaliyyətinin stimullaşdırılması yönündə atılan addımlar ölkəmizin bu gün nəinki postsovet məkanında, eləcə də dünyanın ən aparıcı dövlətləri arasında öncül sırada dayanmasını təmin edir. Ölkə Konstitusiyasında vətəndaşların qanun qarşısında bərabərliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının, fikir plüralizminin qorunması Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini sübuta yetirir.
Təəssüf ki, ölkəmizdə insan hüquq və azadlıqlarının bu qədər yüksək səviyyədə qorunması, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində davamlı tədbirlərin görülməsi bir sıra ermənipərəst mərkəzləri, o cümlədən erməni lobbisinin təsiri altında olan şəxsləri və təşkilatları narahat edir. Ölkəmizə qarşı ikili standartlarla yanaşan həmin “beynəlxalq qurumlar” qərəzli fikirlər səsləndirir, Azərbaycana qarşı olduqlarını hər addımda ortaya qoyurlar.
Yeri gəlmişkən, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı qətnamələrin qəbul edilməsi də ölkəmizə qarşı aparılan ikili standart siyasətinin açıq nümayişi sayıla bilər. Belə ki, bu qurumun müəyyən maraqlı anti-Azərbaycan dairələrinin subyektiv mülahizələri əsasında hazırlanan və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməsi ölkəmizə qarşı nümayiş etdirilən növbəti qərəzli və ədalətsiz mövqedən xəbər verir.
Torbyorn Yaqland növbəti dəfə Azərbaycana qarşı qərəzli olduğunu nümayiş etdirir
Azərbaycanın AŞPA-ya üzv olmasından ötən 16 ildə zaman-zaman bu qurumun ermənipərəst mövqe sərgiləməsinin, ölkəmizə qarşı ikili standartlardan çıxış etməsinin şahidi olmuşuq. Bu dövrdə ardıcıl şəkildə müəyyən lobbi qruplarının və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşməyimiz isə danılmaz faktdır. Maraqlıdır ki, hər zaman ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv mövqedən çıxış edən hazırkı AŞPA rəhbəri Torbyorn Yaqlandın baş katib olduğu dövrdə ölkəmizə qarşı təzyiqlər daha da artıb. Bu da onun Azərbaycana qarşı xüsusi mənfi münasibətindən irəli gələn məsələdir. Vurğulayaq ki, T.Yaqland indiyə qədərki fəaliyyətində ermənipərəst olmasını, erməniləri qorumasını dəfələrlə açıq şəkildə büruzə verib. Son dövrlərdə ölkəmizə qarşı aparmağa çalışdığı “qara-piar” kampaniyası ilə yenidən diqqət mərkəzinə düşməyə çalışan bu şəxs bir daha özünün əsl kimliyini, hansı “demokratik prinsiplərə” riayət etdiyini göstərməkdədir.
AŞPA nümayəndələri Azərbaycana qarşı bu cür yersiz və haqsız təzyiqlər göstərməkdənsə, addımbaşı insan hüquqlarının pozulduğu Avropa haqqında düşünməlidirlər
Vurğulamaq lazımdır ki, AŞPA-nın bu tip qərəzli qətnamələrinin ölkəmizə qarşı planlı təzyiq kampaniyası olması danılmaz faktdır. Ermənipərəst mərkəzlərin bu cür fərqli standartlarla ortaya çıxan qətnamələrinin isə hansı formada və hansı formatda qəbul edildiyi hər kəsə bəllidir. Bu dəfə də analoji yolla irəliləyən islamofob, anti-azərbaycançı mərkəzlər belə qeyri-real sənədləri “qətnamə” qismində təqdim etməklə öz simalarını ortaya qoyurlar.
Bəli, ölkəmizin yalnız milli maraqlara söykənən xarici və daxili siyasət yürütməsi, sülhün, tolerantlığın təmin olunmasına töhfələri və dünyanın Azərbaycanı tolerantlıq mərkəzi kimi qəbul etməsi, ən əsası isə, bütün məsələlərdə qətiyyət nümayiş etdirməsi erməni lobbisini və bu lobbinin təsiri altında olanları narahat edir. Yuxarıda adı çəkilən qətnamənin qəbulu da məhz bu narahatlığın sübutudur. AŞPA nümayəndələri Azərbaycana qarşı bu cür yersiz və haqsız təzyiqlər göstərməkdənsə, islamofobiyanın, ksenofobiyanın, irqi və dini ayrı-seçkiliyin tüğyan etdiyi, addımbaşı insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulduğu Avropa haqqında düşünməli, bu regionu ağuşuna alan problemlərin aradan qaldırılması üçün yollar axtarmalıdırlar.
İşğalçı Ermənistana qarşı AŞPA-nın göstərdiyi “humanizm” haradan qaynaqlanır?
Eləcə də Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülmür. Özünü “demokratiyanın beşiyi” adlandıran Avropa təsisatları öz gözlərindəki “tiri görmədən” böhtan, yalan dolu qətnamələr qəbul edir, ermənipərəst mövqelərini açıq şəkildə ortaya qoyurlar. Azərbaycanda siyasi sabitliyin hökm sürməsindən narahat olanlar Ermənistanda hakimiyyətlə xalq arasındakı qarşıdurmaları “gözardı” edirlər. Bu ölkədəki siyasi böhranı, vətəndaş qarşıdurmasını görməzdən gələn Qərb dairələri Azərbaycanla bağlı məhz subyektiv marağa söykənən qərarlar qəbul edirlər. Öz doğma yurdlarından didərgin salınan bir milyona yaxın soydaşımızın hüquqları isə avropalı parlamentarilərin nədənsə yadına belə düşmür. İşğalçı Ermənistana qarşı sanksiya tətbiq etməyən, tədbirlər görməyən Avropa strukturları bir daha öz ikili standartlarını ortaya qoymuş olur, Avropanın fundamental dəyərlərinə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirirlər. Bu mənada, demokratik inkişaf yoluna sədaqət nümayiş etdirən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir.
Təbii ki, ikili standartlar əsasında fəaliyyət göstərən AŞPA-nın ölkəmizə qarşı açıq şəkildə qərəzli davranışı, təzyiq göstərmək cəhdi ermənipərəst maraqların növbəti fiaskosundan başqa bir şey vəd etmir. Bu kimi əsassız qətnamələrlə ölkəmizə təzyiq göstərmək mümkün deyil. Bir daha vurğulanmalıdır ki, müstəqil xarici və daxili siyasət kursuna malik olan Azərbaycanın yürütdüyü siyasət yalnız milli maraqlara əsaslanır, xalq-hakimiyyət birliyinin vəhdətinə söykənir. AŞPA kimi qurumlar bu cür fərqli standartlarına davam etdikcə yalnız özlərinin əsl simalarını nümayiş etdirirlər. Nəticə etibarı ilə isə subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbulu və təzyiq kampaniyaları Azərbaycanı Avropa Şurası ilə münasibətləri yenidən nəzərdən keçirməyə məcbur edir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 352 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30