Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Doqquz ayda Azərbaycan uğurla və hərtərəfli inkişaf edib

Doqquz ayda Azərbaycan uğurla və hərtərəfli inkişaf edib

11.10.2017 [10:12]

Prezident İlham Əliyev: Doqquz ayda həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Həmin dövrdə 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir
Hazırda qlobal miqyasda yaşanan çətinliklərin - siyasi qarşıdurmaların, müharibələrin, terror hadisələrinin, sosial-iqtisadi tənəzzülün və bu kimi digər kataklizmlərin fonunda Azərbaycandakı vəziyyət ölkə vətəndaşlarında böyük nikbinlik yaradır. Respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir və özünün inamlı inkişafını davam etdirir. Bu baxımdan 2017-ci ilin arxada qalan 9 ayı da istisna təşkil etməyib. Prezident İlham Əliyevin cari il oktyabrın 9-da keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində qeyd etdiyi kimi, bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur.
Valyuta ehtiyatlarının artması ölkənin iqtisadi və siyasi müstəqilliyinin əsas şərtlərindən biridir
Azərbaycan dövlətinin milli maraqlara əsaslanan inkişaf siyasəti davamlıdır və uzun müddətə hesablanıb. Respublikamızda bir qayda olaraq yaxın, orta və uzunmüddətli dövrlər üçün hədəflər müəyyənləşdirilir və bu hədəflərə çatmaq üçün ciddi şəkildə əsaslandırılmış tədbirlər görülür, irimiqyaslı layihələr reallaşdırılır. Təbii ki, nəzərdə tutulan işlərin reallaşdırılmasına böyük həcmlərdə maliyyə vəsaiti tələb olunur. Lazımi həcmlərdə maliyyə vəsaiti olmadan böyük sərmayə tutumuna malik investisiya proqramlarını həyata keçirmək, o cümlədən sosial-iqtisadi inkişafı təmin etmək qeyri-mümkündür. Dünyadakı mənzərəyə nəzər saldıqda görürük ki, bir sıra hallarda ayrı-ayrı dövlətlər qarşıya çıxan problemlərini həll etmək, investisiya layihələrini reallaşdırmaq üçün bir növ asan görünən vasitələrə əl atırlar və daha çox xarici maliyyə qurumlarından aldıqları kreditlərlə iş görməyə çalışırlar. Beləliklə, ölkələr, xalqlar kəskin şəkildə borclanırlar. Bu borclar isə gələcək nəsillərin üzərində ağır yükə çevrilir, daim milli maraqları təhdid edir.
Azərbaycanın nümunəsində isə biz tamam fərqli mənzərənin şahidi oluruq. Respublikamız Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında o kursu seçib ki, ölkə xarici borclanmaya mümkün qədər az əl atmalıdır və öz inkişafını ilk növbədə daxili resursları, qazandığı maliyyə vəsaitləri hesabına təmin etməlidir. Belə məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycanın xarici borclanması ümumi daxili məhsulun çox az hissəsinə bərabər olmaqla kifayət qədər aşağı səviyyədədir. Son 13 ildə ölkəmiz böyük maliyyə tutumuna malik irimiqyaslı infrastruktur layihələrini məhz daxili imkanları hesabına həyata keçirib. Bu siyahıya bütün ölkə boyu yeni generasiya güclərinin yaradılmasını, irimiqyaslı su layihələrinin reallaşdırılmasını, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçən hissələrinin qurulmasını və digər belə layihələri aid etmək mümkündür.
Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, respublikamız öz gücünə irimiqyaslı investisiya layihələrini reallaşdırmaqla paralel şəkildə, həm də strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 42 miyard dollardan çoxdur ki, bu da ölkəmizin, xalqımızın özünəinam hissini daha da artırır. Azərbaycan respublikanın inkişafı baxımından prioritet önəm daşıyan istənilən irimiqyaslı layihəni reallaşdırmağa qadir olan qüdrətli dövlətdir. Prezident İlham Əliyev valyuta ehtiyatlarının artırılmasının əhəmiyyətinə diqqət çəkərək bildirib: “Baxmayaraq, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir”.
Ölkənin valyuta ehtiyatlarının artması baxımından cari ilin arxada qalan doqquz ayı da istisna təşkil etməyib. Neftin aşağı qiymətləri dönəmində Azərbaycanın özünün valyuta ehtiyatlarını artırması çox uğurlu nəticədir. Buna isə respublikada qeyri-neft iqtisadiyyatının genişlənməsi, bu sektordan ixracın əhəmiyyətli dərəcədə artması öz müsbət təsirini göstərib. Məlumat üçün bildirək ki, ötən 9 ayda ölkənin xarici ticarət dövriyyəsi 7 faiz artıb. Sevindirici haldır ki, xarici ticarət dövriyyəsində ixrac idxalı üstələyir. Bəhs olunan dövrdə respublikamızın xarici ticarət dövriyyəsində 4,4 milyard dollar həcmində müsbət saldo yaranıb ki, bu da olduqca yaxşı göstəricidir. Prezident İlham Əliyev ötən 9 ayda valyuta ehtiyatlarımızın artmasından məmnunluğunu ifadə edərək vurğulayıb: “Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız, hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir”.
Sosial dövlət olan Azərbaycanda yeni iş yerlərinin yaradılması diqqət mərkəzində saxlanılır
Sosial sfera son 13 ildə ölkəmizdə həyata keçirilən siyasətin prioritet istiqamətini təşkil edib. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Respublikada əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönələn yeni sosial təşəbbüslər irəli sürülür, bu istiqamətdə bütün proqramlar uğurla yerinə yetirilir.
Reallaşdırılan dərinməzmunlu sosial siyasətin mühüm əlaməti kimi, ölkəmizdə yeni iş yerlərinin yaradılması diqqət mərkəzində saxlanılır. Məlumdur ki, son illərdə dünyada müşahidə edilən mənfi proseslərin fonunda meydana çıxan əsas çağırışlardan biri işsizlik və yoxsulluqla bağlıdır. Mal və xidmətlərə qlobal istehlakın azalmasının nəticəsi olaraq iqtisadi aktivliyin aşağı düşməsi, eləcə də müxtəlif regionlarda yaşanan münaqişələr və müharibələr səbəbindən ayrı-ayrı ölkələrdə iş yerləri kəskin şəkildə azalıb, yeniləri isə yaradılmır. Belə vəziyyətdə, təbii ki, insanların həyat səviyyəsi aşağı düşür, yoxsulluq artır, digər sosial problemlər meydana çıxır.
Sosial dövlət olan Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Bütün respublika boyu iqtisadi aktivliyin davamlı şəkildə artması fonunda insanlar layiqli iş yerləri ilə təmin olunurlar və buna paralel şəkildə də onların həyat səviyyəsi yüksəlir. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika üzrə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur.
Ölkədə iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi, o cümlədən də 1,6 milyondan çox yeni iş yerinin yaradılması öz növbəsində yoxsulluğun 50 faizdən 5 faizədək aşağı düşməsi ilə nəticələnib. Azərbaycanın yoxsulluğun azaldılması istiqamətində əldə etdiyi nailiyyətləri statistik rəqəmlərdən də görmək mümkündür. Belə ki, respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Ölkə boyunca yeni iş yerlərinin yaradılmasının başqa bir önəmini də xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam dayanıb. Bir tərəfdən, regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəlməsi, mədəni mühitin təmin olunması, digər tərəfdən isə, yaradılan yeni iş yerləri insanları, ələlxüsus da gəncləri öz doğma yurd-yuvalarına möhkəm tellərlə bağlayır.
Ölkəmizdə iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Doqquz ayda həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Həmin dövrdə 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik”.
250 mindən çox məcburi köçkünün mənzillə təmin edilməsi ölkədə həyata keçirilən dərinməzmunlu sosial siyasətin əlamətidir
Ölkəmizdə həyata keçirilən dərinməzmunlu sosial siyasətin əsas özəlliklərindən biri ondan ibarətdir ki, əhalinin ehtiyacı olan bütün təbəqələri geniş dövlət qayğısı ilə əhatə olunub. Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma ev-eşiklərindən didərgin düşən qaçqın və məcburi köçkün soydaşlarımız da bu qəbildəndirlər.
Azərbaycan dövləti həyatın sərt sınağı ilə üzləşərək qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir. Son 13 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. 2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin həmin ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Prezident İlham Əliyevin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib.
Haqqında bəhs olunan Dövlət Proqramı və ona edilən əlavələr qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib. Ümumilikdə, Dövlət Proqramında 22921 ailənin - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin açılması nəzərdə tutulurdu.
Ötən müddətdə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində böyük iş həcmi yerinə yetirilib. Belə ki, bəhs olunan dövrdə müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ölkənin müxtəlif regionlarında müasir standartlara cavab verən və 3,2 milyon kvadratmetr sahəsi olan 100-dək yaşayış kompleksi salınıb, 50 min ailə yeni mənzillərlə təmin olunub. Qeyd edək ki, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib. Prezident İlham Əliyev qaçqın və məcburi köçkün soydaşlarımız üçün mənzil tikintisinin bundan sonra da davam edəcəyini nəzərə çatdıraraq deyib: “Digər məsələlər, köçkünlərlə bağlı məsələlər də öz həllini tapır. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir”.
Qeyd edək ki, cari ildə Bakı, Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni layihəyə start verilib. Yeri gəlmişkən, cari il martın 9-da ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın keçirdiyi ilk müşavirə də cəmiyyətin həssas təbəqəsinin problemlərinə - Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilib. Bəhs olunan müşavirədə Birinci vitse-prezident bildirib ki, qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir.
Hazırda haqqında bəhs olunan layihə uğurla reallaşdırılır. Cari ilin iyun ayında Xəzər rayonunun Şüvəlan qəsəbəsində çox pis vəziyyətdə olan pansionatda və Xətai rayonunda yarımçıq tikilmiş binada yaşayan 214 ailə Mehdiabad və Masazır qəsəbələrində yeni tikilmiş, tam təmirli evlərə köçürülüb. Bu günlərdə isə ölkənin Birinci vitse-prezidentinin iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunmuş binalardakı tam təmirli mənzillər 210 ailənin ixtiyarına verilib. Bundan başqa, Sabunçu rayonunun Ramana qəsəbəsində inşa edilmiş binadakı tam təmirli mənzillərə 50 ailə və Xətai rayonunda inşa edilmiş binadakı tam təmirli mənzillərə 465 ailə köçürülüb. Ümumilikdə bu, 725 ailənin yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir. Qaçqın və məcburi köçkün ailələri üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1026 mənzildən ibarət yeni şəhərciyin salınması da intensiv şəkildə davam etdirilir. Təxminən 6 hektar ərazidə salınan şəhərciyin bütün lazımi infrastrukturu olacaq, o cümlədən 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası tikiləcək.
Qazanılan nailiyyətlər ölkənin inkişaf xəttinin düzgün müəyyənləşdirilməsinin nəticəsidir
Azərbaycanda ötən illərdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində neft-qaz resurslarının ixracından əldə olunan gəlirlər ölkədə qeyri-neft sektorunun formalaşması üçün müvafiq əsaslar yaradılmasına, o cümlədən də insan kapitalının inkişafına yönəldilib. Ötən illərdə yaradılan infrastruktur postneft dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlığının təmin edilməsində mühüm rol oynayır.
Eyni zamanda, yeni şəraitdə ölkəmiz bütünlüklə bundan sonrakı inkişafa güclü impuls verəcək islahatlara istiqamətlənib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır. Strateji yol xəritələrinin icrası təmin edilir.
Aparılan islahatlar çoxvektorludur, milli iqtisadiyyatımızın hərtərəfli dinamik inkişafını təmin edəcək bir sıra istiqamətləri, o cümlədən də institusional dəyişiklikləri əhatə edir. Ölkədə biznes mühitinin optimallaşdırılması istiqamətində aparılan islahatlar özəl sektorda aktivliyin əhəmiyyətli dərəcədə artması ilə nəticələnib. Respublikada investisiya təşviqi mexanizmi tam işə düşüb. Bəhs olunan mexanizm çərçivəsində indiyədək 200-dən çox investisiya təşviqi sənədi verilib və sahibkarlar tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu gözlənilir. Özəl sahibkarlıq subyektləri həmçinin ixracın təşviqi mexanizminin tətbiqindən də bəhrələnirlər. İxracın təşviq edilməsinin nəticəsidir ki, son vaxtlarda ölkəmizdə ixrac yönümlü məhsul istehsalına böyük maraq yaranıb. Respublikamızda buraxılan yüksək rəqabətqabiliyyətli məhsullarımız getdikcə daha böyük həcmlərdə yaxın və uzaq ölkələrin satış bazarlarına çıxardılır.
Aparılan islahatların nəticəsi olaraq Azərbaycanın postneft dövründə inkişafa nail olması beynəlxalq reytinq agentliklərinin də diqqətini cəlb edir. Təsadüfi deyil ki, nüfuzlu Davos İqtisadi Forumu bu yaxınlarda yaydığı qlobal rəqabətlilik hesabatında ölkəmizin müxtəlif indikatorlar üzrə göstəricilərini yüksək dəyərləndirib. Bütövlükdə, qlobal rəqabətlilik hesabatında respublikamız daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderliyini növbəti dəfə qoruyub saxlayıb. Prezident İlham Əliyev ölkəmizin uğurlarını dəyərləndirərək vurğulayıb: “Bu ilin göstəriciləri də çox müsbətdir. İlin doqquz ayının yekunları göstərir ki, istər beynəlxalq sahədə, istər daxili siyasətlə, iqtisadi siyasətlə bağlı bütün istiqamətlər üzrə çox gözəl nəticələr var. Bu, bir daha bizim düzgün yolda olmağımızı göstərir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 409 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31