Ana səhifə »  Siyasət »  İran və Azərbaycan dost, qonşu və qardaş ölkələrdir
A+   Yenilə  A-
İran və Azərbaycan dost, qonşu və qardaş ölkələrdir

Prezident İlham Əliyev müasir, mürəkkəb, tarixi mərhələdə İslam həmrəyliyi ideyasını və məqsədlərini həyata keçirən siyasi liderdir
Hazırda çox mürəkkəb bir tarixi mərhələdən keçirik. Bəlkə də, İslam dini yarandığı gündən bu vaxta qədər indiki kimi mürəkkəb və müşkül bir vəziyyətdə olmayıb. Heç vaxt İslam dininə, İslamın dəyərlərinə və mənəviyyatına qarşı islamofobiya bu səviyyədə təşkilatlanmayıb. Bu gün sanki islamofob və ksenofob mərkəzlər birləşərək İslam sivilizasiyasına qarşı total və təşkilatlanmış şəkildə hücuma keçiblər. Sadəcə, müsəlman olduğu üçün dünyada öldürülən insanlar var. Ən dəhşətlisi isə odur ki, etnik və məzhəb fərqinə görə eyni dinin daşıyıcıları olan insanlar bir-birinə qarşı qoyulur və silahlandırılır. Bu gün sanki İslam dünyasında həqiqi İslam fəlsəfəsi bir kənarda qalıb, imperialist mərkəzlər tərəfindən yaradılan “yalançı İslam” hər kəsin beyninə hakim kəsilib. Çox təəssüf ki, bu proses o qədər sürətlə və dinamik şəkildə həyata keçirilir ki, bəzi hallarda çoxsaylı beynəlxalq İslam təşkilatları, hətta milli dövlətlər belə bu hücumun qarşısını almaqda çətinlik çəkirlər. Bu səbəbdən də Yaxın Şərqdə bir çox müsəlman ölkəsinin dağıldığının və bu ölkələrin xalqlarının böyük faciələrlə üzləşdiyinin şahidi oluruq. Məsələ burasındadır ki, qlobal imperializm bu məqsədə nail olmaq və İslam sivilizasiyasını çökdürmək üçün siyasi nəzəriyyəçilər tərəfindən uzun müddətli strateji planlar hazırlayıb. Buna misal olaraq biz Samuel Hantinqtonun sivilizasiyaların qarşıdurması nəzəriyyəsini və bunun ətrafında yaranan çoxsaylı elmi-nəzəri cərəyanları göstərə bilərik. Bu azmış kimi, internet resurslarında və transmilli mediada İslam dinini gözdən salmaq üçün ondan terror dini obrazı yaratmağa çalışırlar. Məhz informasiya resursları tərəfindən İslam dini terror dini kimi təqdim olunur. Lakin hadisələrə diqqət yetirsək, görərik ki, terrordan əziyyət çəkən də, terrora məruz qalan da elə müsəlman ölkələridir. Bu həqiqətlərin dərk edilməsi və hər bir müsəlmana aydın şəkildə çatdırılması üçün böyük addımlar atılmalıdır. Bunun üçün də müsəlman ölkələrinin ziyalıları, filosof və alimləri, ictimai xadimləri, insan hüquqları müdafiəsi təşkilatları və qeyri-hökumət təşkilatlarının üzərinə böyük vəzifələr düşür. Çünki qlobal imperializm böyük bir terrorist şəbəkəsi yaradıb. Çox təəssüf ki, bu şəbəkəni qidalandıran da elə müsəlman ölkələrində olan maddi və insani resurslardır. Hazırkı mürəkkəb mərhələdə Qərb imperializmi həm hərbi güc, həm də yumşaq güc vasitəsilə İslam sivilizasiyasını dağıtmaqdadır.
Belə bir mürəkkəb, tarixi mərhələdə Azərbaycan kiçik dövlət olmasına baxmayaraq, bu istiqamətdə çox böyük addımlar atır. Bu addımları şərtləndirən isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsidir. Bu qədər total, çoxşaxəli, strateji hücuma qarşı duruş gətirmək üçün Azərbaycan çox mühüm vəzifələr müəyyənləşdirib. Hazırkı mərhələdə Azərbaycan müsəlman ölkələri içərisində İslam mədəniyyətinin, mənəviyyatının, İslam dünyasının müdafiəçisi qismində çıxış edir. Eyni zamanda, bu müdafiə çox ağılla və strateji əsaslarda həyata keçirilir.
Bu, Azərbaycan cəmiyyətində mövcud olan multikultural dəyərlərin dünyaya təqdim olunması, ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və çoxsaylı dini konfensiyaların bir arada birgəyaşayışının nümayiş etdirilməsi, həmçinin Azərbaycanda ən müxtəlif məzhəblərin vəhdət namazı qılınması həqiqəti üzərindən aparılır. Azərbaycanda bir katolik və pravoslav vətəndaşın hüququ nədirsə, bir müsəlman, bir şiə və sünnü vətəndaşın, yaxud da digər məzhəb sahibi olan vətəndaşın hüququ odur.
Hazırkı mərhələdə cənab Prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində bu gün dünyanın əziyyət çəkdiyi məzhəblərin qarşıdurması gerçəkliyi, Azərbaycan üçün keçərli deyil. Çünki bu gün Azərbaycanda sivilizasiyaların birgə yaşayışının təntənəsi var. Azərbaycanda bu gün ksenofobiyanın, islamofobiyanın və antisemitizmin olmadığı bir həqiqətdir.
Və bu həqiqət dünyaya Azərbaycanın multikultural və tolerant modeli kimi təqdim olunur. Məhz bu ciddi əsaslara söykənən Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etmişdisə, müasir siyasi, mənəvi və hərbi çağırışları nəzərə alaraq 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan edib. Eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu Oyunlar 50-dən çox ölkədə televiziya kanalları vasitəsilə nümayiş etdirilib. Bu Oyunları Avropanın çox böyük transmilli yayım mərkəzləri, televiziyaları bütün dünyaya çatdırıblar. Beləliklə, İslamın nə qədər böyük mənəviyyatdan gəldiyi Azərbaycanın həyata keçirdiyi bu tədbirlər sayəsində bir daha dünyaya çatdırılmış olub. Hazırkı mərhələdə İslam dəyərlərinin gözdən salınması üçün aparılan təbliğata qarşı ən efektli və ən məqsədyönlü tədbirlər bunlar ola bilərdi ki, bu tədbirləri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həyata keçirir. Amma, əlbəttə ki, cənab Prezidentin fəaliyyəti yalnız sadaladığımız bu məsələlərlə məhdudlaşmır. Prezident İlham Əliyev qeyd edib ki, “Bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə, əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq”. Cənab Prezidentin bu fikirləri İslam aləminin birliyi üçün bir çağırışdır. Və bu çağırışdan irəli gələrək, İslam həmrəyliyinin gücləndirilməsi, İslam dünyasının bir araya gələrək öz mənəvi və dini mirasına, böyük mədəniyyətinə sahib çıxması üçün müxtəlif addımlar atılır. Bu addımlardan biri də qonşu müsəlman ölkələrində İslam həmrəyliyi ilə bağlı tədbirlərin keçirilməsidir. Belə tədbirlərdən ilki bizə dost və qardaş ölkə olan İran İslam Respublikasında keçirildi.
Təbii ki, ilk tədbirin İranda keçirilməsinin xüsusi əhəmiyyəti var. Çünki İran bizim ən yaxın qonşularımızdan biridir. İranla bizim ortaq tariximiz və mədəniyyətimiz var. Digər tərəfdən, İranın İslam dünyasında rolu və əhəmiyyəti böyükdür. Cənab Prezident İran-Azərbaycan əlaqələrini xarakterizə ederkən deyib ki, “Bizim əlaqələrimizin təməlində xalqlarımızın dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu bizim xalqlarımız sıx əlaqədə olmuşlar, bir yerdə yaşamış, yaratmışlar. Bu, möhkəm təməldir. Bu təməl üzərində ikitərəfli dövlətlərarası əlaqələr qurulur. Bizim çox gözəl siyasi əlaqələrimiz vardır”.
İran-Azərbaycan münasibətlərinin hazırkı mərhələsini səciyyələndirən bu fikirlər İranın Azərbaycan üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu göstərir. Ona görə də avqustun 6-da Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans keçirildi.
Niyyətin hara, mənzilin ora, yaxud budəfəki mənzilimiz dost, qonşu və qardaş İran oldu
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İran İslam Respublikası İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyası və Mədəniyyət və İslam Əlaqələri Təşkilatı ilə birlikdə avqustun 6-da İranda mühüm əhəmiyyətli bir konfrans keçirdi. Təşkilatçıların nüfuzundan və adından da göründüyü kimi, bu, olduqca əhəmiyyətli bir konfrans idi. Konfransda İslam dünyasının həmrəyliyi ilə bağlı çox mühüm və aktual problemlər müzakirə edildi, eyni zamanada, bu yolda növbəti addımların atılması üçün elmi-nəzəri və emprik tövsiyyələr verildi.
Biz İran haqqında danışanda ona dost, qardaş ölkə deyirik. Amma bütün bunlarla yanaşı, hiss edirik ki, nəyisə yenə demək lazımdır. Düşünürəm ki, İran-Azərbaycan münasibətlərinin əsl həqiqəti buradan başlayır. Mənə elə gəlir ki, biz İranı başqa ölkə kimi görə bilmirik. İranı öz ölkəmiz kimi görürük. Bu, əlbəttə, ilk növbədə bizim ortaq tarixi-mədəni keçmişimizlə, ortaq nağıl və dastanlarımızla bağlıdır. Bizim milli kimliyimizin formalaşmasında iştirak edən mədəni-mənəvi, ədəbi-bədii komponentlərin, süjetlərin böyük əksəriyyəti İran coğrafiyası ilə bağlıdır. Və yaxud hazırda bu coğrafiyada olan yer adları, şəhər və tarixi ərazilərlə bağlıdır. Ona görə də orta statistik azərbaycanlının sosial kimliyinin və yaxud tarixi yaddaşının alt qatlarında İrana münasibətdə bütövlük var. Düşünürəm ki, çatışmayan nəsnə bax budur. Çünki bizim nağıl qəhrəmanlarımız, dövlətçilik mədəniyyətimiz və ənənələrimiz Həmədandan, Xorasandan, Təbrizdən, Ərdəbildən, o cümlədən Urmiyadan, Makudan başlayır, Savalandan, Qaradağdan, Sulduzdan keçir. Savalan dağı, Heydərbaba dağı deyəndə bizim gözümüzün önünə siyasi inzibati sərhəd gəlmir, tam əksinə, tarixi yaddaşımızın bütünlüyü ifadə olunur. Bu tarixi mədəni yaddaş bizim çatışmayan dediyimiz nəsnələri ifadə edən gerçəklikdir. Ona görə də İrana səfər etmək məni çox həyəcanlandırırdı. Doğrusu, bu həyəcanla yanaşı, kiçik bir nigarançılıq vardı. Görəsən, bizi orada necə qarşılayacaqlar? Görəsən, arzularımızda tarixi və mədəni yaddaşımızda olan reallıqla görəcəyimiz gerçək İran arasında fərqlər çoxmu olacaqdı? Elə bu düşüncələr içərisində konfransa gedən nümayəndə heyəti üçün ayrılmış xüsusi təyyarə ilə Tehran hava limanında yerə endik. Yolçuluğumuz cəmi 1 saat 5 dəqiqə çəkdi. Səmadan seyr etdiyimiz Tehran elə tipik Azərbaycan şəhərlərini xatırladırdı.
Şəhərlə ilk tanışlıq bizi orada qarşılayan insanların mehriban münasibətilə başladı. İran İslam Respublikasının Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejadın üzündəki səmimiyyət, şirin Cənub ləhcəsində danışması, ətrafımızda hər kəsin bizə nümayiş etdirməyə çalışdığı xüsusi münasibət və sevgini görmək çox xoş idi. Elə bu xoş təəssürat içərisində də bizim üçün ayrılmış hotelə doğru getdik. Yol boyu qədim və müasir Tehran şəhərinin memarlıq abidələri, estetik və mədəni zövqünün yaratdığı nümunələr insana o qədər tanış gəlirdi ki, yad bir şəhərdə olduğunu hiss etmirdin. Müşahidə edərkən memarlıq mədəniyyətimizdəki çatışmazlıqların belə eyniyyəti məni təəccübləndirirdi. Bu qədər bənzərlik var, amma bu bənzərliyin içərisində yanlışlıqlarımız da bənzərdir. Bəzən mənim rənglərin kompozisiyasında olan doğru hesab etmədiyim yanlışlıqlar, yaxud gözəlliklər də eyni idi. Bu, mənə bir həqiqəti ifadə etdi ki, əslində İran və Azərbaycan mədəniyyəti birdir. Bax bu məqamda İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin maraqlı bir fikrini xatırladım. “Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur desək, səhv etmərik. Bu insanların yaşayışının əsas mühüm hissələrindən biri mədəniyyətdirsə, deyə bilərik ki, bu iki ölkə, bu iki xalq birdir, həm məzhəbi, həm dini birdir, müştərək tarixə, keçmiş tarixə malikdirlər və bir-birinin mədəniyyətinə bələddirlər, bir-birini çox yaxşı başa düşürlər”. Mən düşünürəm ki, bu fikir tamamilə həqiqəti ifadə edir.
Azərbaycan dini mədəniyyətinin və mənəviyyatının qoşa qanadı - Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
İrana səfərimiz İranda baş verən çox mühüm tarixi bir hadisə ilə üst-üstə düşmüşdü. 2017-ci il iyulun 5-də İranda keçirilmiş Prezident seçkilərində yenidən qalib gəlmiş prezident Həsən Ruhaninin inauqurasiya mərasimi idi. İranda bu münasibətlə xoş bir həyəcan vardı. Azərbaycanın rəsmi nümayəndə heyəti də bu prosesdə iştirak edirdi. Konfransın bu ərəfədə keçirilməsi bir daha onun nə qədər əhəmiyyətli olmasından xəbər verirdi.
Konfrans bizim üçün ayrılmış hotelin böyük zalında baş tutdu. Azərbaycandan bu konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, Qurani-Kərimin tərcüməçisi, akademik Vasim Məmmədəliyev, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və digər şəxslər iştirak edirdilər.
Konfransda İran tərəfindən İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyasının sədri Ayətullah Möhsüm Əraki, Müşahidə Şurasının üzvü, böyük islamşünas alim Axund Rəhbəri, Məhəmməd Təsxiri, İmam Sadiq Universitetinin müəllimi doktor Derəxşe və digər nüfuzlu şəxslər iştirak edirdilər. Konfransda çıxış edən natiqlər hazırda İslam Həmrəyliyi məsələsinin çox aktual olduğunu və bunun üçün mühüm addımlar atılmasının önəmini vurğuladılar. Belə bir ideyanın Azərbaycanın təşəbbüsü ilə irəli sürülməsi və birinci belə beynəlxalq konfransın İranda keçirilməsini çox yüksək qiymətləndirdilər. Konfransı giriş sözü ilə açan cənab Ayətullah Möhsüm Əraki hazırkı mürəkkəb tarixi mərhələdə İslam həmrəyliyinin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, İslam insanları humanizmə, sülhə və əmin-amanlığa çağıran dindir. Bu dinin böyük tarixi var və bu tarixin öyrənilməsi olduqca vacibdir. Təəssüf ki, son zamanlar İslama qarşı qərəzli mövqe tutulması halları müşahidə edilir və bu dinin adı terrorçuluqla bərabər çəkilir. Bu kimi qərəzli mövqelərin qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək və insanlara bu dinin mahiyyətini izah etmək lazımdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə konfransda çıxış edərək bildirdi ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Burada müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar mehribanlıq şəraitində yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev İslam dininə xüsusi əhəmiyyət verərək, 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan edib. Bu il çərçivəsində Bakıda İslam Həmrəyliyi Oyunları keçirilib. Oyunlarda iştirak edən İslam ölkələri bütün dünyaya həmrəylik nümayiş etdiriblər.
A.Paşazadə qeyd etdi ki, Azərbaycan və İran xalqları bir-biri ilə qırılmaz tellərlə bağlıdır. Tarixən formalaşmış dostluq və qardaşlıq münasibətləri, ortaq dini dəyərlər, məzhəb birliyi dövlətlərin və xalqların daha da yaxınlaşmasına zəmin yaradır.
Qeyd olundu ki, Azərbaycan və İran xalqlarının yaxınlaşmasında, hər iki ölkənin əlaqələri inkişaf etdirmələrində dövlət başçılarının rolu böyükdür. Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei görüşləri zamanı ictimai həyatın bütün tərəfləri ilə yanaşı, dini və mənəvi əlaqələrin də inkişafının yüksək səviyyəyə çatdırılmasını müzakirə ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz çıxışında bildirdi ki, müasir dünyanın elə bir regionu yoxdur ki, orada ekstremist qruplaşmalar tərəfindən terror aktları törədilməsin: “Təəssüflər olsun ki, adətən bu terror aktları İslam pərdəsi altında gizlənən, amma əsl İslama heç bir aidiyyəti olmayan terrorçu dəstələr tərəfindən həyata keçirilir. Ən dəhşətlisi isə odur ki, bu cür hadisələrin qurbanı daha çox müsəlmanlar olmasına baxmayaraq, qınanan da məhz onlar olurlar. Ümumiyyətlə, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur.
M.Qurbanlı vurğuladı ki, müsəlmanlar dünya əhalisinin təqribən 23 faizdən çoxunu təşkil edir. Həmçinin planetimizin quru sahəsinin 19 faizi müsəlman dünyasının ərazisindədir. Olduqca strateji əhəmiyyətə malik olan bu məntəqələr yeraltı və yerüstü sərvətlərlə zəngindir. Hazırda dünyada olan neft ehtiyatlarının təxminən 62, təbii qazın isə 60 faizi müsəlman ölkələrinin payına düşür. Bu isə onu göstərir ki, müsəlman ölkələri dünya siyasətində çox ciddi rol oynayır.
Mübariz Qurbanlı qeyd etdi ki, bu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi bizim üçün qürurverici olmaqla yanaşı, dövlətimizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.
Konfransda çıxış edən digər natiqlər də tədbirin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın bu təşəbbüsünü yüksək qiymətləndirdilər. Bununla da konfransımız işini yekunlaşdırdı.
Yüksək qonaqpərvərlik, böyük diqqət, Azərbaycana səmimi sevgi hissləri...
Əlbəttə ki, konfransdan sonra da bizi maraqlı görüşlər gözləyirdi. Nümayəndə heyətimizin ilk görüşü İranın mədəniyyət və İslam irşad naziri Salehi Əmiri ilə oldu.
Azərbaycandan gələn qonaqlarla görüşdən həmişə şad olduğunu bildirən mədəniyyət və İslam irşad naziri qeyd etdi ki, xalqlarımızın tarixi yaxınlığı dövlətlərin əməkdaşlıq əlaqələrini gücləndirməsini zərurətə çevirib. Hər iki xalqın İslam dininə etiqad etməsi qarşılıqlı əlaqələrin inkişafına daha da təkan verir. Bu gün İran və Azərbaycan xalqları arasında ayrı-seçkilik salmaq üçün heç bir əsas yoxdur. Əksinə, xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşması üçün əsaslı səbəblər var.
Bundan sonra nümayəndə heyətimiz İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşdü. Görüşdə İran parlamentinin sədri Əli Laricani bildirdi ki, İran ilə Azərbaycan tarixi dostluq əlaqələrinə malikdir. Hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək münasibətlərin yüksək səviyyəyə çatmasına nail olublar.
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsinin mühüm addım olduğunu vurğulayan Ə.Laricani dövlətimizin başçısının bu təşəbbüsünü və şeyxülislam Allahşükür Paşazadənin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdi.
İran parlamentinin sədri “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfransın keçirilməsini mühüm hal hesab edərək bunun İslam dünyasında həmrəyliyin formalaşmasına kömək göstərəcəyini diqqətə çatdırdı.
Növbəti görüşümüz İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zəriflə baş tutdu. Görüş zamanı “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, suverenliyinə hörmətlə yanaşır”, - deyən Məhəmməd Cavad Zərif qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı çağırışları təqdirəlayiqdir. O, hazırkı dövrdə İslam dünyasında həmrəyliyə böyük ehtiyacın olduğunu qeyd edib.
Əlbəttə ki, hər iki ölkənin səfirləri də görüşlərdə iştirak edirdilər. Bütövlükdə kiminlə görüşüb söhbət etdiksə, hər birinin gözlərində Azərbaycana qarşı bir səmimiyyət və sevgi gördük, doğmalıq və qonaqpərvərlik hiss etdik. Bu da insanda çox gözəl ovqat yaradırdı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə - böyük alim, tarix elmləri doktoru, professor, mötəbər din xadimi... və yaxud, sadəcə, şeyx həzrətləri
Səfərdə mənim yadımda qalan ən xoş təəssüratlardan biri şeyxülislam Allahşükür Paşazadə ilə yaxından tanışlığım oldu. Mən hörmətli şeyximizin din və dövlət haqqında, İslam dini haqqında fikirləri ilə çoxdan tanış idim. Hələ 1991-ci ildə şeyx həzrətlərinin çox sanballı bir monoqrafiyası işıq üzü görmüşdü. “Qafqazda İslam” adlı bu monoqrafiyanı oxuyarkən mən əslində bu sanballı elm və tarix əsərini yüksək qiymətləndirmişdim. Şeyximizin İslam dini, mədəniyyəti və fəlsəfəsi haqqında fikirləri orijinal, olduqca maraqlı və təqdirəşayan idi. Onun dini-ictimai xadim kimi fəaliyyətini də izləyirdim. Mürəkkəb regionda yaşadığımızı nəzərə alsaq, çox mürəkkəb bir tarixi mərhələdə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsini necə böyük müvəffəqiyyətlə icra etdiyindən də xəbərdar idim. Amma mən şeyx həzrətləri ilə yaxından tanış deyildim. Birinci dəfə bu səfərdə şeyxlə yol yoldaşı oldum. Şeyx həzrətləri çox səmimi bir insan, böyük alim və çox böyük diplomatdır. İncə yumor hissinə malik olan, Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, mənəviyyatını dərindən bilən böyük azərbaycanlıdır. Bununla yanaşı, şeyxdə çox böyük bir pozitiv enerji var. Hansı məclisdə olursunuzsa olun, şeyxin ora gəlişi müsbət əhval-ruhiyyə yaradır. Bu da onun mənəvi təmizliyi, saflığı ilə əlaqədardır. Çünki Azərbaycanda İslamın inkişafı ilə bağlı çox böyük işlər görüb və Azərbaycan dövlətçiliyinin, dini düşüncəmizin cazibə mərkəzi kimi müəyyənləşməsində böyük rol oynayıb. Bu da şeyxin bizim səfərimizdə ifadə etdiyi bir cümləsində öz əksini tapdı. Şeyx həzrətləri dedi ki, Azərbaycanda din dövlətdən ayrıdır. Amma, əlbəttə ki, Azərbaycanda din həm də dövlətlə bir yerdədir. Mən düşünürəm ki, şeyxin bütün fəaliyyətinin fəlsəfəsində duran bu parlaq fikri Azərbaycandakı multikulturalizmin, dini dözümlülüyün, tolerantlığın ifadəsi olmaqla bərabər, eyni zamanda, onun qorunmasına, inkişaf etməsinə, dövlətçiliyimizin qorunmasına xidmət edən bir fikirdir. Biz bilirik ki, şeyxin dini-ictimai fəaliyyəti Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Hörmətli şeyximiz bütün Qafqaz müsəlmanlarının şeyxidir. Çox böyük və mürəkkəb bir etnosiyasi coğrafiyada elə coğrafiyanın özü qədər də mürəkkəb və rəngarəng olan dini kontingentlə işləmək, onların rəğbətini qazanmaq, onların lideri olmağı bacarmaq çətin və şərəfli bir işdir. Bütün Qafqaz müsəlmanlarının Şeyxi bu işin öhdəsindən layiqincə gəlib.
Mən bir daha bu qənaətə gəldim ki, bütün Qafqazda şeyx həzrətlərinin sevilməsi və qəbul edilməsi onun böyük alimliyi, yüksək mənəviyyatı və mədəniyyəti ilə bağlı imiş. Amma bu da hələ hamısı deyil. Çünki biz İranda səfərdə olarkən İranın ən müxtəlif dini, mədəni və siyasi çevrələrində Şeyxin necə böyük hörmət və izzətlə qarşılandığının şahidi olduq. Tərəddüdsüz deyə bilərik ki, bu hörməti şeyx həzrətləri, ilk növbədə, özünün nəcib keyfiyyətləri və milli dövlətçiliyimizə sədaqəti ilə əldə edibdir. İslamın həqiqi cəfakeşi, təbliğatçısı və təşkilatçısı öz mənəviyyatı, ilahiyyatçılığı, alimliyi ilə bu hörmətə layiq görülüb.
Vətəndən-Vətənə qayıdış, yaxud ruhi-mənəvi rahatlıqdan sonra üstəlik bir də şeir ziyafəti
Bir göz qırpımında keçən üçgünlük səfərimiz başa çatdı. Nəhayət, bizim üçün ayrılmış xüsusi təyyarə ilə Bakıya döndük. Bu səfərdən mən çox böyük mənəvi zövq aldım. İstər Dini Qurumlarla İş üzrə Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlının yol boyunca etdiyi söhbətlər, istərsə hörmətli şeyximizin dinimizin incəliklərindən, mənəviyyatından danışması, istər Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycan xalqının sevimlisi Polad Bülbüloğlunun fikirləri, istərsə də Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, ən yeni tariximizin canlı yaddaşı, Eldar müəllimin maraqlı söhbətləri yol boyu mənə çox böyük mənəvi zövq verdi. Ona görə də bu səfər bir göz qırpımında başa çatdı deyərkən heç bir mübaliğəyə yol vermədim.
Mən həmişə təyyarənin pilot kabinindən göy üzünü seyr etmək istəmişəm. Tehrandan Bakıya qayıdarkən təyyarə bələdçisindən bunun mümkün olub-olmadığını soruşdum. O isə dərhal bildirdi ki, əlbəttə, müvafiq qaydalara əməl etməklə siz bunu edə bilərsiniz. Beləliklə, kapitan pilotun da icazəsiylə mən səmadan Azərbaycanı seyr etmək xoşbəxtliyinə nail oldum. Xəzər dənizinin cənubundan, ölkəmizin sərhədlərinə daxil olarkən təyyarədən ilk görünən Xəzər dənizinin sonsuz üfüqləri oldu. Qərbdə batmaqda olan Günəşi və şərqdə doğmaqda olan Ayı gördüm. Çox maraqlıdır ki, həyatımda heç vaxt Günəş və Ayın ikisini bir yerdə və təqribən eyni ölçüdə bu qədər aydın görməmişdim. Bir qədər sonra isə Abşeron yarımadasının xəritədə göründüyü kimi qartal başını xatırladan o möhtəşəm görüntüsü gözümün önündə canlandı. Bu, insanda həqiqi bir həyəcan yaradırdı. Xəritədə gördüyümüz mənzərəni canlı gözlə həyatda görmək mənim üçün maraqlı idi. Bakının çox yüksəkdən görünən memarlıq abidələrini, Bakının mərkəzində Ulu öndər Heydər Əliyevin imzasını xatırladan və dünyanın memarlıq möcüzələrindən biri olan Heydər Əliyev Mərkəzinin möhtəşəm görüntüsünü, Alov Qüllələrini, Qız Qalasını bir daha seyr edərək hava limanına yaxınlaşdıq. Burada İrana səfərimiz başa çatdı deyib nöqtə qoya bilərdim, amma birdən-birə çox maraqlı hadisə baş verdi. Səfər boyunca olduqca maraqlı söhbətlər edən Şeyx həzrətləri birdən-birə üzünü akademik Vasim Məmmədəliyevə tutub dedi ki, sən həmişə Cəfər Cabbarlının “Ana” şeirini deyərdin, onu bir də de, mən qulaq asmaq istəyirəm. Vasim müəllim “Ana” şeirini elə gözəl səslə, gözəl intonasiya ilə dedi ki, bu da görüşümüzün ən böyük mənəvi anlarından birinə çevrildi.
Əgər bütün bəşəriyyət
ədüvvi-canım ola,
Ürək süqut etməz
aldığı mətanətdən.
Ricavü-xəfvə məkan
vermərəm gər alimlər
Min ildə vəz edələr
dəhşəti-qiyamətdən.

Bütün vücudum əsər,
ruhum eyləyər pərvaz,
Uçar səmalara o
aləmi-xəyalətdə.
Yatar, ölər bədənim,
nitqdən düşər bir söz:
Ana, Ana...
Sənə mən rahibəm itaətdə!

Yaxın tanıdığımızı hesab etdiyimiz ziyalılarımızı, sən demə, çox az tanıyırıqmış...
Azərbaycan xalqının belə bir çox məşhur zərbi-məsəli var: “Qardaşın necə adamdır? - Yol yoldaşı olmamışam”. Mən İrana səfər zamanı bu zərbi-məsəlinin ifadə etdiyi fəlsəfə və gerçəkliyin bir daha şahidi oldum.
Mənə elə gəlirdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlını mən çox yaxşı tanıyıram. Çünki uzun müddətdir ki, bir yerdə, eyni partiyada fəaliyyət göstəririk. “Yeni Azərbaycan” qəzeti olaraq İcra Katibliyinin tövsiyələri, YAP-ın siyasi baxışları və s. həmişə bizim üçün siyasi mayak rolunu oynayır. Sən demə, bütün bunlarla bərabər hətta Azərbaycan daxilində çoxsaylı səfərlərdə olmağımıza baxmayaraq, mən Mübariz müəllimi çox da yaxşı tanımamışam. Xarici səfər tamamilə başqa imiş. Mən bir daha hörmətli Mübariz müəllimin nə qədər sadə, səmimi, dərin tarixi və dini biliklərə malik insan olduğunu sanki yenidən kəşf etdim. Bəzən İslamda problemli kimi görünən mürəkkəb məsələləri aydın və səlist məntiqlə elə gözəl şərh edir ki, əslində heç bir problemin olmadığını görürsünüz. Uzun illərdir ki, məzhəb fərqliliyi üzərindən şərh olunan mürəkkəb məsələləri incə yumorla və çox dərin məntiqlə elə şərh edir ki, bu izahı həmin problemlə yaşayan insanlara çatdırmaqla problemi kökündən həll etmək olar. Bu səfər zamanı onun nə qədər qayğıkeş olduğunu gördüm. Nümayəndə heyətinin hər bir üzvünə necə ayrıca diqqət yetirdiyinin şahidi oldum. Kiminsə nəyəsə ehtiyacı olduğunu hiss edər-etməz dərhal ona müdaxilə edir və onun yanında olduğunu göstərirdi.
Eldar İbrahimov ən yeni tariximizin canlı yaddaşıdır. Ulu öndər Heydər Əliyevin silahdaşı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü kimi əvvəlki illərdə, deputat olduğu müddətdə nələrin baş verdiyini bilən, bu prosesdə iştirak edən və bunu özünəməxsus şəkildə nəql etməyi bacaran bir insandır. Eldar müəllim siyasi baxımdan olduqca savadlı, incə diplomatik keyfiyyətlərə sahib siyasətçidir. Bununla yanaşı, böyük mənəviyyat adamıdır. İslam tarixini və Azərbaycan tarixini dərindən bilən böyük bir ziyalımızdır. Görüşlərdə onun hər cümləsi, düşünülmüş qiymətli fikirləri heç kəsin diqqətindən yayınmırdı. Bu təcrübəli insanın, hörmətli ağsaqqalın davranışları, özünü ifadəetmə istedadı və bacarığı, sözün əsl mənasında, mənim üçün bir nümunə oldu.
Bir neçə kəlmə də Polad Bülbüloğlu haqqında. Polad Bülbüloğlunun ailəsi hər bir azərbaycanlının yaxşı tanıdığı ailədir. Böyük Bülbüldən gələn şəcərə bu gün Polad Bülbüloğlunun timsalında Azərbaycanda sevilir. Böyük Bülbüldən gələn mədəniyyət, mənəviyyat və musiqi zövqü biz və bizim valideynlərimizin musiqi zövqünün formalaşmasında, heç şübhəsiz, mühüm rol oynayıb. Gəncliyimiz Polad Bülbüloğlunun sevilən mahnılarını dinləməklə keçib. Azərbaycanda musiqi yaddaşının və musiqi mədəniyyətinin formalaşmasında, təkcə Azərbaycanın deyil, bütövlükdə SSRİ xalqlarının musiqi zövqünün formalaşmasında Polad Bülbüloğlunun çox böyük rolu olub. Eyni zamanda, Polad Bülbüloğlu çox bacarıqlı diplomatdır. O, bu gün Azərbaycanı dünya miqyasında təmsil edə biləcək şəxsiyyətlərdən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin tövsiyəsilə Polad Bülbüloğlunun bu gün Birləşmiş Millətlər Təşkilatının ən böyük struktur vahidlərindən biri olan UNESCO-nun sədrliyinə namizədliyini irəli sürülüb. Polad Bülbüloğlu seçilsə də, seçilməsə də biz bununla qürurlanacağıq. Çünki Azərbaycan xalqının dünyaya təqdim edə biləcəyi belə bir yüksək mədəniyyət və zövqə sahib bir övladı var. Polad Bülbüloğluyla müxtəlif ölkələrdə çoxsaylı görüşlərimiz olsa da, ilk dəfə idi ki, belə bir səfərdə yol yoldaşı olduq. Mən Polad Bülbüloğlunu yaxından tanımaqdan olduqca məmnun qaldım.
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov isə gənc, enerjili və bu gün Azərbaycanın dövlət maraqlarını, Azərbaycan diplomatik missiyasını İranda çox böyük müvəffəqiyyətlə həyata keçirməyi bacaran diplomatdır. Fars dilini, İran-Azərbaycan münasibətlərinin kökünü dərindən bilməsi təqdirəlayiq haldır.
P.S. Mən İrana gedərkən doğma bir yerə getdiyimi bilirdim. Səfər zamanı bu qənaətimin doğru olduğu bir daha öz təsdiqini tapdı.
İran bizim üçün doğma və qardaş bir ölkədir. Mən bir daha dərk etdim ki, müasir dövrdə dövlətlərarası münasibətlərə informasiya necə mühüm təsir göstərir. Elə konfransdakı çıxışımda da qeyd etmişdim ki, hazırda informasiya o qədər böyük qüvvəyə çevrilib ki, hətta dövlətlərarası münasibətlərə də təsir edir. Amma, əlbəttə ki, İran-Azərbaycan münasibətləri elə bir səviyyədədir ki, bu dövlətlərarası münasibətlərin kökündə o qədər böyük tarix, o qədər böyük mədəniyyət və ortaq mənəviyyat durur ki, heç bir manipulyativ informasiya bunu poza bilməz. Bir daha belə qənaətə gəldim ki, media belə məsələlərdə çox həssas olmalıdır və İran-Azərbaycan dostluğunun, qardaşlığının həqiqi mahiyyətini doğru, dürüst, obyektiv şəkildə cəmiyyətə çatdırmalıdır. Elə bu təəssüratlarla da fikrimi yekunlaşdırır və İran-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyinə əmin olduğumu qeyd etmək istəyirəm.
Hikmət BABAOĞLU
Bakı-Tehran-Bakı

 
  • Oxunub:  3390  |  
  • Tarix:  10-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatının Təşkilat Komitəsinin ilk iclası olub

17:55
14 Dekabr
Oleq Yuryeviç: Azərbaycanda bütün dini konfessiyalar və xalqların nümayəndələri üçün tolerant mühit yaradılıb
17:52
14 Dekabr
Hadi Rəcəbli: Aparılan islahatlar sosial xidmət sisteminin daha da inkişaf etməsinə və səmərəliliyinin artmasına təkan verir
17:51
14 Dekabr
Tərtər rayonunda 4 min ağac əkilib
17:38
14 Dekabr
Nizami rayonunda “Hərəyə bir ağac əkək” aksiyası keçirib
17:37
14 Dekabr
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresində iştirak edib
17:34
14 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində Biləsuvarda növbəti ağacəkmə aksiyası keçirilib
17:28
14 Dekabr
“The Jerusalem Post”: Ermənistan terrorçuların populyarlaşdırılmasını dəstəkləməklə faşizmi dövlət siyasətinə çevirib
17:13
14 Dekabr
YAP Siyəzən rayon təşkilatı “700 min ağac əkək” kampaniyasına start verib
16:37
14 Dekabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
16:18
14 Dekabr
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
16:08
14 Dekabr
Gündüz İsmayılov: Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar
15:37
14 Dekabr
Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizəyə həsr olunan beynəlxalq konfrans davam edir
15:20
14 Dekabr
YAP Qax rayon təşkilatının üzvləri ağacəkmə kampaniyasına fəal qoşulublar
15:15
14 Dekabr
Tahir Rzayev: Bu gün Azərbaycanın iqtisadiyyatında əsas prioritet qeyri-neft sektorunun inkişafıdır
15:08
14 Dekabr
Nazir: Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 mlrd. dollardan çox investisiya qoyub
15:05
14 Dekabr
Ekspert: Azərbaycan həm də müsəlman ölkəsi kimi birincilərdən olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir
14:32
14 Dekabr
YAP-ın yaradılmasının 25 illiyi münasibətilə partiyanın Səbail rayon təşkilatının gördüyü işlər müzakirə edilib
13:46
14 Dekabr
İsa Həbibbəyli: İslam həmrəyliyi Azərbaycan xalqının milli və mənəvi dəyərlər sistemində önəmli yer tutur
13:40
14 Dekabr
Vitse-spiker: Bu təhlükə Avropanın özünə yaxınlaşdıqda münasibət bildirməli olur
13:37
14 Dekabr
Musa Quliyev: Proqramların uğurla reallaşması nəticəsində respublikamızda yüzminlərlə yeni iş yeri açılıb
13:30
14 Dekabr
Tbilisidə GUAM PA-nın 10-cu sessiyası keçiriləcək
12:48
14 Dekabr
Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib
12:31
14 Dekabr
Fövqəladə hallar naziri: FHN xilasediciləri bu il çimərliklərdə 296 nəfəri xilas ediblər
12:15
14 Dekabr
Azərbaycan media təmsilçiləri İstanbulda səfərdədirlər
12:11
14 Dekabr
Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
11:58
14 Dekabr
Azərbaycan Prezidentinin İƏT-in zirvə görüşündəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb
11:35
14 Dekabr
İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında İƏT Gənclər Forumunun fəaliyyəti dəstəklənib
11:20
14 Dekabr
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:16
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan müşavirə keçirilib
10:52
14 Dekabr
“Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində Masallıda 2000 ədəd qoz tingi əkilib
10:33
14 Dekabr
Abel Məhərrəmov: Azərbaycan İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurur, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edir
10:14
14 Dekabr
Azərbaycan səfiri Vatikanın xarici işlər üzrə dövlət katibi ilə görüşüb
10:08
14 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 127 dəfə pozub
10:05
14 Dekabr
Heydər Əliyev Mərkəzində Mikelancelo Merizi da Karavacconun əsərləri sərgilənir
17:54
13 Dekabr
Bakıda Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupu ilə görüş keçirilib
17:49
13 Dekabr
Füzuli rayonunda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
17:46
13 Dekabr
Elman Məmmədov: Ermənistana beynəlxalq səviyyədə təzyiq olunsa, qısa zamanda razılaşmaya məcbur olacaq
17:44
13 Dekabr
Mahir Abbaszadə: Ermənistan işğal etdiyi torpaqlarımızda milli mədəni sərvətlərimizi talan edib
17:42
13 Dekabr
“Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində Şəki şəhərində 7 mindən çox müxtəlif növ ağac əkilib
17:34
13 Dekabr
YAP Goranboy rayon təşkilatı ağacəkmə aksiyası keçirib
17:29
13 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Belqradda da yad olunub
16:57
13 Dekabr
Hüseyn Cavidin müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub
16:33
13 Dekabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib YENİLƏNİB
16:28
13 Dekabr
Kapital bazarları vasitəsilə maliyyələşmənin yolları müzakirə olunub
15:52
13 Dekabr
Latviyanın xarici işlər naziri: Biz enerji təhlükəsizliyi məsələsində Azərbaycana güvənirik
15:30
13 Dekabr
Sofiyada keçirilən anım tədbirində Ulu Öndərin Azərbaycan xalqı qaşısındakı xidmətlərindən bəhs olunub
14:59
13 Dekabr
Azərbaycan, Türkiyə və Avstriya Avropa ilə Çin arasında dəmir yolunu inkişaf etdirəcək
14:53
13 Dekabr
"2017-ci ildə mediamız mətbuat işçilərinin cənab prezident İlham Əliyev tərəfindən məişət problemlərinin həll olunması, onlara mənzillərin verilməsi ilə yadda qaldı"
14:09
13 Dekabr
Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatının Təşkilat Komitəsinin ilk iclası olub
12:52
13 Dekabr
Azərbaycan və Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb
12:47
13 Dekabr
YAP Şəmkir rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiyasını keçirib
12:41
13 Dekabr
Sevinc Hüseynova: İslahatlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində vacib rol oynayır
12:32
13 Dekabr
Deputat: Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycanın etnosiyasi coğrafiyasından dəfələrlə böyükdür
12:30
13 Dekabr
BMT Baş Assambleyası: Ümumdünya Forumu mədəniyyətlərarası dialoqu təşviq etmək üçün əsas qlobal platformasıdır
12:29
13 Dekabr
Siyavuş Novruzov: Ermənilərin Azərbaycan abidələrini öz adlarına çıxarmağa cəhd etməsi ciddi problemlər yaradır
12:22
13 Dekabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilir
12:15
13 Dekabr
BMT-də keçirilən panel müzakirələrdə Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət barədə məlumat verilib
11:54
13 Dekabr
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 72 faizini icra edib
11:33
13 Dekabr
İkinci Ümumdünya Mədəniyyət və Turizm Konfransında ölkəmiz də iştirak edir
11:20
13 Dekabr
Kaliforniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib
11:19
13 Dekabr
Azərbaycan-Vatikan əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb
11:13
13 Dekabr
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı "Böyük İpək Yolu"nun rəqəmsallaşmasına töhfə verə bilər
11:10
13 Dekabr
Ukraynalı deputat: “Expo-2025”in Bakıda keçirilməsi üçün Azərbaycan böyük təcrübəyə malikdir
11:06
13 Dekabr
Azərbaycan səfiri etimadnaməsinin surətini Vatikanın dövlət katibinin müavininə təqdim edib
11:01
13 Dekabr
Azərbaycanın Macarıstandakı səfirliyində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
10:54
13 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Brüsseldə də yad edilib
10:53
13 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb
10:48
13 Dekabr
Kaxa Kaladze: Heydər Əliyev regionda reallaşdırılan irimiqyaslı layihələrin əsas təşəbbüskarıdır
10:46
13 Dekabr
Azərbaycan Parisdə SİGMA nazirlər konfransında təmsil olunacaq
10:44
13 Dekabr
Bu il Azərbaycandan 25 milyon tonadək neft ixrac olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA