Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Fransa iqtisadi əlaqələrinin uğurla inkişafı həm Azərbaycanın potensialını, həm də fransız biznes dairələrinin ölkəmizə marağını nümayiş etdirir

Azərbaycan-Fransa iqtisadi əlaqələrinin uğurla inkişafı həm Azərbaycanın potensialını, həm də fransız biznes dairələrinin ölkəmizə marağını nümayiş etdirir

17.03.2017 [10:00]

Prezident İlham Əliyev: Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyublar və Azərbaycanda bir çox önəmli layihələrdə iştirak edirlər
Azərbaycan ardıcıllıqla həyata keçirdiyi və milli maraqlara söykənən praqmatik xarici siyasətində daim o mövqedən çıxış edir ki, dövlətlərin bir-birləri və beynəlxalq qurumlarla münasibətləri tərəflərin qarşılıqlı maraqlarına və beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Dövlətin nümayiş etdirdiyi siyasi iradə, xalqın xoş məramı və ölkənin güclü potensialı respublikamızın beynəlxalq birliyə inteqrasiyasının dərinləşməsinə, xarici ölkələrlə əlaqələrinin getdikcə daha da sıxlaşmasına təkan verən faktorlar qismində çıxış edir. Ölkəmizin bu kimi müsbət reallıqları fonunda Azərbaycan bütün dünyada böyük hörmətə və nüfuza malik dövlətə çevrilib. Hazırda regional miqyasda respublikamızın nüfuzu kifayət qədər yüksək səviyyədədir. Ölkəmiz regionda bütün iri layihələrin əsas təşəbbüskarı və moderatoru rolunda çıxış edir. Son illərdə respublikamızın irəli sürdüyü təşəbbüslər, nümayiş etdirdiyi fəallıq sayəsində yeni əməkdaşlıq platformaları yaranıb və uğurla fəaliyyət göstərir. Eyni zamanda, daim sadiq qaldığı konstruktiv mövqeyi sayəsində Azərbaycanın qlobal miqyasda gedən proseslərə təsir imkanları əhəmiyyətli dərəcədə artıb.
Azərbaycanın müstəqillik illərində sıx ikitərəfli əlaqələr qurduğu ölkələrdən biri də Fransadır. Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ölkəyə növbəti rəsmi səfər edib. Səfər çərçivəsində Parisdə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Olland mətbuata bəyanatlarla çıxış edərək iki ölkə arasında gündəliyin geniş olduğunu vurğulayıblar.
Azərbaycanla Avropa İttifaqının üzvü olan Fransa arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir
Uğurlu xarici siyasət həyata keçirən Azərbaycanı fərqləndirən və respublikamıza böyük üstünlüklər qazandıran əsas məqamlardan biri də ondan ibarətdir ki, ölkəmiz tarixdən gələn tolerantlıq ənənələrinə bu gün də sadiqlik nümayiş etdirir. Belə ki, Asiya ilə Avropanın, müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə sıx münasibətlər qurduğu kimi, Avropa coğrafiyasına daxil olan ölkələrlə də əməkdaşlığın dərinləşməsinə böyük önəm verir. Yeri gəlmişkən, Fransa və Azərbaycan prezidentləri yuxarıda bəhs olunan bəyanatlarında Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyinə xüsusi diqqət çəkiblər. Azərbaycanın dövlət başçısı ölkəmizin Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsinə ciddi önəm verdiyini nəzərə çatdırıb. Keçən ay Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə əlaqədar danışıqlara start verildiyini vurğulayan Prezident İlham Əliyev bildirib: “Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir və eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur”.
Ümumiyyətlə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi ölkəmizin qlobal əməkdaşlığına yaxşı nümunədir. Hazırda ölkəmizin xarici ticarət dövriyyəsinin, demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələr ilə aparılır. Yuxarıda vurğulandığı kimi, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas investorlarıdır. Respublikamıza xarici sərmayələrin 50 faizi məhz Avropa İttifaqından daxil olur. Azərbaycan Avropa İttifaqının bütün üzv ölkələri ilə sıx münasibətlər qurub, eyni zamanda, qurumda təmsil olunan 9 dövlətlə strateji əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Fransa-Azərbaycan əlaqələrinin dərinləşməsi və getdikcə yeni istiqamətləri əhatə etməsi də respublikamızla Avropa İttifaqı ölkələri arasında münasibətlərin əhatə dairəsinin genişlənməsinə yaxşı nümunədir. Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Fransa ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda fəal iştirak edir. Prezident İlham Əliyev bəyanatında vurğuladığı kimi, “Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk”.
Onu da qeyd edək ki, 2014-cü ilin sonlarında bu ölkədə Azərbaycan və Ermənistan prezidentlərinin yüksək səviyyəli görüşləri keçirilib. Diqqəti çəkən vacib məqamlardan biri də odur ki, Fransa münaqişə bölgəsində mövcud status-kvonun saxlanmasının əleyhinədir. Ölkəsinin prinsipial mövqeyini ifadə edən Prezident Fransua Olland bildirib: “Mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük”.
Azərbaycanla Avropa İttifaqının üzvü olan Fransa arasında əməkdaşlıq bir sıra mühüm istiqamətləri əhatə edir. İki ölkə arasında mədəni, humanitar, təhsil sahəsində əlaqələr yüksək səviyyədədir. Azərbaycanın orta və ali təhsil müəssisələrində fransız dili yüksək səviyyədə tədris edilir. Bakıda iki ölkə prezidentlərinin iştirakı ilə Fransız Liseyinin təməli qoyulub. Ötən ildən Azərbaycan-Fransız Universiteti fəaliyyətə başlayıb və ona maraq getdikcə artır. Eyni zamanda, son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Fransanın bir sıra regionlarında humanitar-mədəni xarakterli tədbirlər reallaşdırılıb. Qarşlıqlı münasibətlərin yüksək səviyyəsinə aid belə misalların sayı kifayət qədər çoxdur.
İki ölkə arasında əməkdaşlığa dövlət başçıları səviyyəsində güclü siyasi iradə göstərilməsinin önəmini isə ayrıca qeyd etmək lazımdır. Fransanın Prezidenti Fransua Olland iki dəfə ölkəmizə səfərə gəlib. Eyni zamanda, Prezident İlham Əliyev müxtəlif vaxtlarda dost ölkədə səfərlərdə olub və mühüm görüşlər keçirib. Prezident İlham Əliyevin Fransanın dövlət başçısının dəvəti ilə reallaşan növbəti səfəri də kifayət qədər məhsuldar keçib. Fransanın siyasi rəhbərliyi, biznes dairələri Azərbaycan Prezidentinin Fransaya səfərinə mühüm əhəmiyyət verib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Prezidenti Fransua Ollandla və digər rəsmi şəxslərlə çoxsaylı görüşlər keçirib. Bu görüşlərdə qarşılıqlı münasibətlərin hazırkı durumu və əməkdaşlığın perspektivlərinə dair aktual məsələlər müzakirə edilib. Ekspertlər ölkəmizin dövlət başçısının Fransaya uğurlu səfərini böyük nikbinliklə şərh edirlər. Şübhə yoxdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm impuls verəcək.
Azərbaycanla Fransa arasında iqtisadi əlaqələr uğurla inkişaf edir
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ölkədə uzunmüddətli dayanıqlı inkişafa, ölkənin daha da müasirləşdirilməsinə nail olmaq imkanı verir. Əlverişli biznes və yüksək investisiya mühiti, ölkənin böyük inkişaf potensialı dünyanın aparıcı iqtisadi və maliyyə qurumlarının diqqətini cəlb edir. Nüfuzlu beynəlxalq qurumların hesabatlarında Azərbaycanın iqtisadi rəqabətlilik, biznesə başlamaq və digər istiqamətlər üzrə reytinqi ilbəil artır. Ümumdünya İqtisadi Forumunun yaydığı 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətlilik hesabatında respublikamız 138 ölkə arasında 3 pillə irəliləyərək 37-ci pillədə qərar tutub. Son illərdə Ümumdünya İqtisadi Forumunun hazırladığı hesabatlarda Azərbaycan bu göstərici üzrə ənənəvi olaraq MDB məkanında ən yüksək pillədə yerləşdirilir. Ölkəmiz lider mövqeyini bu dəfə də qorumağa müvəffəq olub. Bundan başqa, Dünya Bankının cari ilin yanvar ayında yaydığı “Global Economic Prospects” hesabatında Azərbaycan iqtisadiyyatının perspektiv inkişafı ilə bağlı nikbin proqnozlar öz əksini tapıb. Hesabatda Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 1,2 faiz səviyyəsində proqnozlaşdırılır. Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının növbəti illərdə daha da genişlənəcəyi qənaətinə gəlib. Bankın proqnozlarına əsasən, Azərbaycanda 2018 və 2019-cu illərdə ÜDM-in artımı 2,3 faiz səviyyəsində olacaq.
Bir sıra çətinliklərlə müşayiət olunan 2016-cı ildə ölkəmizə investisiya qoyuluşu yüksək səviyyədə olub. Yaradılmış gözəl sərmayə iqlimi hesabına Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə cəlb edilib. İndiki narahat dünyada respublikamıza xarici sərmayə qoyuluşunun yüksək səviyyədə olması olduqca müsbət göstəricidir. Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı və inamı da əhəmiyyətli dərəcədə artıb.
Eyni zamanda, Azərbaycanın güclü iqtisadi potensialı, ölkəmizdə aparılan islahatlar, əlverişli investisiya mühiti, qeyri-neft sektorunun inkişafına yönələn təşəbbüslər Fransa investorlarının da diqqətini cəlb edir. Bu ölkənin şirkətləri müxtəlif layihələr çərçivəsində Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsində fəal iştirak edirlər. Bununla yanaşı, Fransa şirkətləri Azərbaycanın qeyri-neft sektorunda da bir sıra layihələr reallaşdırırlar. Hazırda Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Fransa-Azərbaycan iqtisadi əlaqələrinin uğurla inkişafı həm Azərbaycanın potensialını, həm də fransız biznes dairələrinin Azərbaycanda fəaliyyət göstərməyə marağını nümayiş etdirir. Fransız şirkətlərinin Azərbaycanın kənd təsərrüfatına sərmayələr yönəltmələri xüsusilə təqdirəlayiqdir. Məlumdur ki, son bir neçə il ərzində Azərbaycanda aqrar sektor intensiv inkişaf edir. Bu inkişafa, o cümlədən də ölkəmizdə üzüm bağlarının genişlənməsinə fransız şirkətləri öz töhfələrini verirlər. Prezident İlham Əliyevin dost ölkəyə bəhs olunan səfəri çərçivəsində Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub. Görüşə Fransada fəaliyyət göstərən onlarla şirkətin çoxsaylı nümayəndələri qatılıblar. Prezident İlham Əliyevin Fransanın aparıcı şirkət rəhbərləri ilə çoxsaylı görüşləri Fransanın biznes dairələrinin Azərbaycana böyük marağının ifadəsidir. Prezident İlham Əliyev bəyanatında ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək vurğulayıb: “İqtisadi əlaqələrimiz inkişaf edir. Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyublar və Azərbaycanda bir çox önəmli layihələrdə iştirak edirlər. Azərbaycanın kosmik sənayesinin inkişafında Fransa şirkətləri bizə dəstək olurlar. Eyni zamanda, şəhər nəqliyyatı, nəqliyyat, infrastruktur, su, içməli su layihələri, ekoloji layihələr və digər layihələr icra edilir. Biz bu əməkdaşlıqdan çox məmnunuq. Fransa şirkətləri ilə keçirdiyim görüşlərdə onları bir daha inandırdım ki, Azərbaycanda xarici sərmayə üçün çox gözəl iqlim var. Eyni zamanda, Azərbaycanın iqtisadi potensialı artır. Beləliklə, daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu podratçı kimi fəaliyyət göstərə bilərlər”.
Əməkdaşlığın mövcud dinamikası iki ölkə arasında əlaqələrin perspektivinə böyük ümidlər yaradır. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək.
“Cənub Qaz Dəhlizi” layihəsi Avropa istehlakçıları üçün yeni təbii qaz mənbəyidir
Əlverişli coğrafi mövqeyə malik, Asiya və Avropanın arasında yerləşən və müasir nəqliyyat infrastrukturuna malik Azərbaycan regionun nəqliyyat qovşağına çevrilib. Son illərdə Azərbaycanın fəal təşəbbüsləri və böyük həcmlərdə sərmayə dəstəyi sayəsində istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə bir sıra önəmli layihələr icra edilib və ölkəmizdən keçməklə formalaşan tranzit marşrutlarının səmərəliliyini təmin etmək üçün zəruri infrastruktur yaradılıb, daşıma tariflərinin optimallaşdırılmasına mühüm təşəbbüslər göstərilib.
Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi siyasət sayəsində regionda yeni reallıq və qonşularla yeni əməkdaşlıq formatı yaranıb. Resurs mənbəyi Azərbaycanın zəngin “Şahdəniz” yatağı olan “Cənub Qaz Dəhlizi” layihəsi məhz belə formatlardan biridir. XXI əsrin layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçıları üçün yeni təbii qaz mənbəyidir. Prezident İlham Əliyev vurğulayıb ki, bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək: “Biz müxtəlif layihələr icra edirik və onların arasında xüsusilə Cənub Qaz Dəhlizini qeyd etmək istəyirəm. Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir”.
Cənub Qaz Dəhlizinin tikintisi hazırda böyük uğurla davam etdirilir. Cədvəl üzrə gedən işlərin 2018-2020-ci illərdə tamamlanması nəzərdə tutulub. Layihə tamamlandıqdan sonra Azərbaycan qazı daha da böyük həcmdə qonşu və Avropa ölkələrinə nəql ediləcək.
Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda qoyulub. Artıq layihənin reallaşdırılması yolunda önəmli addımlar atılıb. Ötən müddətdə layihədə iştirak edən ölkələrin bir sıra ikitərəfli və çoxtərəfli görüşləri keçirilib və layihə ətrafında aktual məsələlər müzakirə edilib. İndiyədək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər üç toplantısının Bakıda keçirilməsi bu layihədə Azərbaycanın önəmli yer tutduğunu bir daha təsdiqləyir.
“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulan bu dəhliz 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir.
Bəzi xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərməsi narahatlıq doğurur
Məlumdur ki, Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasətin nəticəsində Azərbaycanın ərazisinin 20 faizi işğal altında qalıb. Müvafiq beynəlxalq qurumların nəzarətindən kənarda qalan həmin ərazilərdə Ermənistan tərəfindən yaradılan separatçı rejim qeyri-qanuni fəaliyyətlə məşğuldur. Eyni zamanda, Ermənistanın siyasi hakimiyyəti müxtəlif vasitələrlə bəzi xarici şirkətləri işğal altında qalan Dağlıq Qarabağda və ətraf 7 rayonda qeyri-qanuni fəaliyyət göstərməyə təşviq edir. Ermənistan hakimiyyəti yararsız təbliğat aparmaq əvəzinə, diqqəti ölkədəki dəhşətli iqtisadi vəziyyətdə cəmləşdirsəydi, daha yaxşı olardı. Ermənistanı “innovasiyalar ölkəsi” kimi qələmə verən Serj Sarkisyanın iddiaları gülüş doğurur. Əgər Ermənistanda iqtisadi vəziyyət yaxşıdırsa, hansı səbəbdən ermənilər bu ölkədən baş götürüb qaçırlar?!
Bəzi xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində risk altında, qanunsuz fəaliyyət göstərməsi narahatlıq doğurur. Həmin ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlər bu fəaliyyətlə bağlı riskləri göz altına almalı və belə fəaliyyətdən çəkinməlidirlər. Bəzi Fransa şirkətlərinin həmin ərazilərdə iş qurması Azərbaycanla Fransa arasında dost münasibətlərinə uyğun deyil. Prezident İlham Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşündəki çıxışında şirkətlərin işğal altındakı ərazilərdəki qeyri-qanuni fəaliyyətlərindən narahatlığını ifadə edərək vurğulayıb: “...Təkcə Dağlıq Qarabağ deyil, Dağlıq Qarabağ ətrafındakı 7 rayon da işğal altındadır. Bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30