Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar qəbul edib

Milli Məclis Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar qəbul edib

25.02.2017 [10:39]

Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda “Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar” qərar layihəsi müzakirəyə çıxarılıb. Əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Xocalı soyqırımı xalqımızın ən böyük faciələrindən biridir: “Bu faciə xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı siyasətlərindən biridir. Bu siyasətin 200 ildən artıq yaşı var. Ötən əsrlərdən bəri erməni terrorçuları tərəfindən soydaşlarımıza qarşı dəhşətli soyqırımı cinayətləri törədilib. Milyonlarla soydaşımız öz yurd-yuvasından qovulub, deportasiya edilib. Azərbaycan dövləti Xocalı soyqırımının dünya miqyasında tanınması üçün mühüm işlər görür. Bu işlərin həyata keçirilməsində Milli Məclisin də böyük rolu olub. Bunun nəticəsidir ki, onlarla ölkənin parlamentində Xocalı soyqırımı tanınıb, bu haqda müvafiq qərarlar qəbul edilib”.
O.Əsədovun sözlərinə görə, deputatlarımız bütün beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini, o cümlədən Xocalı soyqırımını gündəmə gətirirlər.
“Milli Məclis Xocalı soyqırımının 25 illiyinə həsr olunan yazılı materiallar hazırlayıb. Azərbaycan xalqı bu cür faciələri heç zaman unutmayacaq. Bu vəhşilikləri törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcəklər. Azərbaycan Prezidenti bu istiqamətdə qətiyyətli siyasət yürüdür. Hər birimiz əminik ki, işğal altında olan hər bir qarış torpağımız tezliklə azad olunacaq”, - deyə O.Əsədov vurğulayıb.
Sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Xocalı soyqırımı ilə əlaqədar məruzə ilə çıxış edib. Z.Əsgərov bildirib ki, Xocalı soyqırımından 25 il keçsə də, onun vurduğu yaralar hələ də göynəyir və heç vaxt da unudula bilməz. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Xocalıda dinc əhali vəhşicəsinə kütləvi şəkildə qətlə yetirilib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsini zəbt etmək üçün Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı soyqırımı cinayətləri törədilib. Xocalıdan əvvəl azərbaycanlıların yaşadığı kəndlərin işğalı zamanı əhalinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib.
“Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarla insan girov götürülüb, kənd isə yandırılaraq yer üzündən silinib. Şuşadan sonra Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Ermənistandakı ata-baba yurdlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi planı Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən qabaqcadan hazırlanıb. Dəhşətli cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil”, - deyə Z.Əsgərov vurğulayıb.
Birinci vitse-spiker qeyd edib ki, bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir: “Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir”.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, beynəlxalq hüququn prinsiplərinə görə, Xocalı faciəsi etnik, dini təmizləmə məqsədilə həyata keçirilən bir qətliamdır. Onun sözlərinə görə, Xocalı soyqırımının həyata keçirilməsində iştirak edənlərin siyahısı tərtib olunub: “Hüquq-mühafizə orqanları şifahi də olsa onlar haqqında qərar çıxarmalı və bu qərar dünyaya yayılmalıdır. Biz onların nə vaxtsa tutulacağını və məhkəmə qurulacağını gözləməməliyik. Onların bir neçəsi törətdikləri cinayəti BMT kürsüsündə belə etiraf ediblər. Ermənistan prezidenti Serj Sarkisyanın özü BMT-də Xocalıda iştirak etməsini etiraf edib. Ermənistanın “böyük ziyalısı” olan Zori Balayan uşaqların öldürülməsindən, onların yandırılmasından ləzzət aldığını qeyd edib. Onlar dünya ictimaiyyəti qarşısında öz günahlarını etiraf ediblər. Bu baxımdan, nəyə görə onların izahat yazması və ya məhkəmə qarşısında etiraflarını gözləməliyik? Bu insanlarla bağlı hərbi məhkəmədə cinayət işi qaldırılıb. Hərbi məhkəmənin kollegiyası qərar qəbul edərək, bütün dünya ölkələrinə göndərməlidir. Məhkəmə hüququ sistemində mövcud olan şifahi qərar da qəbul etmək olar”.
Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev həm Münxendə keçirilən konfransda, həm də müsahibələrində Xocalı soyqırımına toxunaraq bu faciənin günahkarlarının adlarını sadalayıb və bildirib ki, Xocalı soyqırımının törədilməsinin səbəblərindən biri də orada yaşayan insanların İslam dininə olan inancıdır: “Əfsus ki, bəzi İslam ölkələri Ermənistanla isti münasibət qurmağa cəhd edirlər. Əgər insanları İslama olan inancına görə öldürürlərsə, digər tərəfdən, onların Ermənistana isti münasibəti qəbuledilməzdir. Milli Məclis Azərbaycan Prezidentinin fikirlərinə dəstək olaraq həmin ölkələrin parlamentlərinə müraciət göndərməlidir”.
“Xocalı soyqırımı 25 il əvvəl baş versə də, bu gün törədilmiş kimi təzədir, acıdır və hər bir azərbaycanlının qəlbini sızıldadır. Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilən soyqırımıdır, amma, eyni zamanda, insanlığa qarşı törədilən bir cinayətdir. Bu hadisə bir neçə dövlətin silahlı birləşmələri və terror təşkilatları tərəfindən əvvəlcədən planlaşdırılmışdı və əsas məqsəd həm soyqırımı törətmək, həm də Azərbaycan xalqının ərazi bütövlüyünü qorumaq kimi haqlı davasında onu mənəvi qırılma nöqtəsinə gətirmək idi. Ancaq ermənilər buna nail ola bilmədilər”. Bu fikirləri isə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışı zamanı deyib.
Hikmət Babaoğlu bildirib ki, hər bir millətin milli gücü iki komponentdə dəyərləndirilir. Bunlar milli gücün kəmiyyət və keyfiyyət ünsürləridir. Əgər bir millət öz mübarizəsində milli-mənəvi qırılma nöqtəsinə çatmayıbsa, o millət yaşayır. Onun sözlərinə görə, Azərbaycan xalqının 5 min illik dövlətçilik tarixi var və bu dövrdə heç bir qüvvə milli əzmimizi qıra bilməyib: “Ona görə də bu gün varıq. Ermənilər bu məqsədlərinə nail olmayıblar və olmayacaqlar da. Əgər ermənilər öz məqsədlərinə nail olsaydılar, Azərbaycan xalqı Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov kimi qəhrəmanlar yetişdirə bilməzdi. Bir neçə dövlətin hərbi birləşmələri və terror təşkilatlarının Azərbaycan xalqının ürəyində yaratmaq istədiyi xofu Mübariz İbrahimov təkbaşına ermənilərin ürəyində yaratdı. Amma fərq ondadır ki, qəhrəmanımız hansısa xalqa qarşı mübarizə aparmırdı və dinc insanları yox, torpağımızı işğal edən ordunun əsgərlərini öldürdü”.
Millət vəkili qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində biz Xocalıya dönəcəyik və Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinin şahidi olacaqlar: “Bu gün Cocuq Mərcanlıya qayıdışla əlaqədar aparılan quruculuq işləri Xocalıda da baş verəcək”.
Milli Məclisin sədr müavini Bahar Muradova isə bildirib ki, qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə Ermənistan və Azərbaycan cəmiyyətində tanınmış adamların, ictimai xadimlərin iştirakı ilə bir sülh platforması yaradılıb. Onun sözlərinə görə, Azərbaycana səfər etmiş, burda yaşamağı üstün tutmuş ermənilər Ermənistandakı nəinki qonşularla, öz vətəndaşlarına qarşı zidd siyasət, soyqırımı siyasəti yürüdən Ermənistan siyasətinə, siyasi rəsmilərinə etiraz olaraq Azərbaycanda yaşamağı seçiblər və bizim mətbuat orqanlarında fəaliyyət göstərirlər, çox yaxşı yazılar yazıb təhlillər edirlər, Ermənistanın mənbələrindən ilkin məlumatlar alır və bunu dünya ictimaiyyətinə çatdırırlar: “Hesab edirəm ki, bu, yaxşı bir layihədir. Hər iki ölkədə söz sahibi olan və öz mövqeyi olan insanların belə platformalara qoşulması və cəmiyyətləri bir-birinə yaxınlaşdırmaq, sülhə təşviq etmək, əlbəttə ki, ədalətin bərpasından keçərək sülhə təşviq etmək üçün yaxşı bir layihədir. Biz, əlbəttə ki, müxtəlif məsələlər barədə çox danışa bilərik, fikirlərimizi ortaya qoya bilərik, amma bu barədə qərar vermək Ali Baş Komandanın səlahiyyətindədir”.
Bahar Muradova deyib ki, Azərbaycan Prezidenti bu günlərdə Münxen Təhlükəsizlik Konfransında bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyub: “Minsk qrupunun həmsədrlərinə, həmin ölkələrə açıq münasibətini ortaya qoydu və dünyanın neçə dəfə kabinetlərdə bölüşdürülməsi faktını çəkinmədən vurğuladı. Ona görə əminəm ki, Azərbaycan Prezidenti sülh danışıqlarını aparmaqla yanaşı, ölkəmizi həm də digər vasitələrlə ərazilərimizin alınmasına da hazırlayır. Bu gün Xocalı, Qaradağlı həqiqətləri və digər problemlərimiz barədə danışmaq lazımdır. Həmin gün baş vermiş hadisə ilə bağlı hər zaman, torpaqları azad etsək də, danışacağıq, çünki bunu unutmaq olmaz. Ermənistan və erməni siyasətçilərinin bu obrazını dünyaya çatdırmalıyıq. Zamanında hansı addımları atmaq lazımdırsa, onu siyasətlə və danışıqlarla möhkəmləndirmək lazımdır. Qəbul olunan sənədlərlə diplomatik bünövrəsini möhkəmləndirmək lazımdır. Amerikanın 23-cü ştatı da, Şotlandiya da bu günlərdə Xocalı soyqırımı haqqında qərar qəbul edib. Bu, artan miqyasla gedir. Ona görə də mən əminəm ki, Azərbaycan dövlətinin bu məsələnin siyasi və ideoloji tərəfini daim gündəmdə saxlamaq siyasəti doğrudur. Biz də ölkə daxilində deputatlar, siyasətçilər, ictimai xadimlər olaraq, nəhayət, bu gün Azərbaycan xalqı olaraq bu siyasəti möhkəmləndirmək üçün öz töhfəmizi verməliyik. Hesab edirəm ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı törədilmiş bir cinayətdir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, Xocalı soyqırımı bütövlükdə XX əsrdə bütün bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciəli hadisələrdən biridir. Millət vəkili bildirib ki, Xocalıda insanların azərbaycanlı və müsəlman olduğuna görə qətlə yetirilməsi məhz soyqırımı anlamına gəlib çıxır. Onun sözlərinə görə, Xocalı hadisəsi bütün dünyada əks-səda verdi və bu faciəyə hüquqi-siyasi qiymət Ümummilli lider Heydər Əliyevin respublikada ikinci dəfə hakimiyyətə gəlişindən sonra verildi. “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” kampaniyası nəticəsində dünya ermənilərin törətdiyi bu qətliam haqqında daha geniş məlumata sahib olur. Şübhəsiz ki, Xocalı soyqırımının dünyada tanınması istiqamətində bundan sonra da işlər davam edəcək və cənab Prezident İlham Əliyevin sərəncamları ilə Xocalı soyqırımı hər il ölkə daxilində və xaricində Azərbaycanın səfirlikləri, diaspor təşkilatları, ölkəmizə dost olan dövlətlərin parlamentləri, hökumətləri tərəfindən anılır. Bundan əlavə, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, şəhid olmuş ailələrin övladlarına dövlət tərəfindən pensiya və müavinətlərin verilməsi, onların övladlarının təhsili, müalicəsi, reabilitasiyası, işlə təminatı dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bütün bunlar ölkə rəhbərliyinin, cəmiyyətin bu soyqırımı aktına münasibətinin bir ifadəsidir”, - deyə M.Quliyev vurğulayıb. Millət vəkili həmçinin təklif edib ki, xarici rəsmi qonaqların səfər proqramlarına “Xocalı harayı” abidəsinin ziyarət edilməsi də daxıl edilsin.
Millət vəkili Şahin İsmayılov da bildirib ki, soyqırımının dünyada tanıdılması üçün işlər, təşəbbüslər ardıcıl olaraq davam etdirilməlidir: “Beynəlxalq təcrübəyə əsaslanaraq Xocalı təqaüdünü təsis etmək olar. Əcnəbi tələbələrə bu təqaüdü ayıraraq münaqişənin beynəlxalq ictimaiyyət tərəfindən daha çox tanınmasına nail ola bilərik. Eyni zamanda, soyqırımının tanıdılması yönündə İKT-nin imkanlarından geniş istifadə edilməlidir. Bilirsiniz ki, “Virtual Qarabağ” adlı İKT mərkəzi yaradılıb. Bu, çox əhəmiyyətli layihədir. Hesab edirəm ki, virtual məkanda işləri davam etdirmək lazımdır”.
Millət vəkili Musa Qasımlı təklif edib ki, Şəhidlər xiyabanında soyqırımı abidəsi ucaldılsın. Onun fikrincə, bu abidə təkcə Xocalı hadisələrini deyil, digər soyqırımılarını da özündə əks etdirməlidir.
Millət vəkili Rafael Cəbrayılov da Azərbaycan xalqının soyqırımına məruz qalan xalq olduğunu deyib: “Ölkəmizə gələn qonaqların Şəhidlər xiyabanını ziyarət etməsi müsbət haldır. Lakin Xocalı soyqırımı bir qədər arxa planda qalır. Bu baxımdan Şəhidlər xiyabanında soyqırımını özündə əks etdirən memorial kompleksin salınmasını təklif edirəm. Bunun ölkəmizə gələn əcnəbilərin soyqırımı haqqında məlumatlanmasında böyük əhəmiyyəti ola bilər”.
İclasda həmçinin millət vəkilləri Zeynəb Xanlarova, Zahid Oruc, Vahid Əhmədov, Jalə Əliyeva, Xanhüseyn Kazımlı, Elmira Axundova, Fəzail Ağamalı, Fəzail İbrahimli, Qənirə Paşayeva, Flora Qasımova, Sahibə Qafarova, Mirkazım Kazımov və digərləri çıxış edərək Xocalı soyqırımı, ermənilərin bəşəriyyətə qarşı qəddarlığı, eləcə də bu dəhşətə beynəlxalq hüququn münasibəti barədə fikirlərini bildiriblər.
Sonra Bahar Muradova Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Milli Məclisin qərar layihəsini təqdim edib. Qərar layihəsi yekdilliklə qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 335 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30