Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib

Milli Məclisdə bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib

15.02.2017 [10:15]

Millət vəkilləri iclasda həmçinin müxtəlif məsələlərlə bağlı fikirlərini bildiriblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Millət vəkili Azay Quliyev çıxışında Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son fikirlərinə etiraz edib: “Heç kim düşünməsin ki, Fransa prezidentinin səlahiyyətlərinin bitməsinə 2 ay qalmış müddətdə belə bəyanat verməsi ermənilərin könlünü almaq məqsədi daşıyır. Əsla belə deyil. Təkcə statistikaya baxsaq, görərik ki, Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərləri daha çox Fransa vətəndaşları ediblər. Bugünkü separatçı rejimlə ən çox əlaqə quran Fransadır. Buna görə də bu, bizi kifayət qədər narahat edir. Fransanın beynəlxalq hüquq normalarına və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə açıq şəkildə hörmətsizlik etməsi cavabsız qalmamalıdır. Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması elə də sadə prosedur deyil. Fransanın mövqeyinə görə diplomatik addımlar atılmalıdır. Ən azından Fransaya etiraz notası göndərilməlidir. Bizim Xarici İşlər Nazirliyi məsələyə adekvat cavab verməlidir”.
Məsələ ilə bağlı Milli Məclis sədri Oqtay Əsədov qeyd edib ki, erməni mətbuatı Fransua Ollandın çıxışını tam tərkibdə verməyib və təhrifə yol veriblər: “Bəzi mətbuat orqanları erməni mediasından götürüb çıxışı veriblər. Ermənilər isə o çıxışı təhrif ediblər. Fransa mətbuatında onun çıxışı ilə tanış olduq. Prezident Olland Madrid prinsiplərindən danışarkən deyib ki, xalqlar öz müqəddəratını təyin etməlidir. Amma dövlətlərin ərazi bütövlüyü məsələsi haqda danışmayıb”.
Millət vəkili Məlahət İbrahimqızı çıxışında bir qrup müəllimin və uşaq təşkilatlarının müraciətini diqqətə çatdırıb. O bildirib ki, kino salonlarında verilən uşaq filmləri rus və ingilis dilində təqdim olunur. Millət vəkili deyib ki, qanunvericiliyə görə, bütün filmlər Azərbaycan dilinə dublyaj olunaraq verilməlidir. M.İbrahimqızı həmçinin dövlət vəsaiti hesabına çəkilən milli seriallarda qüsurların olduğunu deyərək təklif edib ki, seriallar müvafiq qurumların müsbət rəyindən sonra efirə verilməlidir.
“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri və səfər zamanı Avropa İttifaqının rəhbər şəxsləri ilə keçirilən görüşlər ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Aİ Şərq tərəfdaşlığına daxil olan ölkələrin biri ilə ikitərəfli münasibətlərə dair saziş üzərində danışıqlara başlayır. Bu, dövlətimizin nüfuzunun göstəricisidir”. Bu fikirləri isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. S.Seyidov bildirib ki, Aİ-nin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdiriblər. Onun sözlərinə görə, bu mühüm qurum Azərbaycanın təşəbbüskarı olduğu “Cənub Qaz Dəhlizi”ni dəstəkləyir.
“Təbii ki, bütün bunlar ölkəmizin böyük uğurudur. Amma müəyyən dairələr Azərbaycanın uğurlarından çox narahatdırlar və buna görə də Avropa Parlamentində müəyyən təxribata əl atdılar. Amma bu dairələr öz məqsədlərinə nail ola bilmədilər”, - deyə komitə sədri vurğulayıb.
S.Seyidov həmçinin Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Rusiyanın tərkibində Bakı və İrəvan quberniyalarının yaradılması haqda fikirlərinə də münasibət bildirib: “Əslində, bu sözlərə fikir verilməyə də bilər. Lakin bunun Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində deyilməsi qəbuledilməzdir. Ümummilli liderimiz Heydər Əliyev bəyan edib ki, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və sarsılmazdır. O ki qaldı kimin quberniya olmaq məsələsinə, əslində, İrəvan bu statusa tam uyğun gəlir. Lakin Rusiyanın deyil, Azərbaycanın quberniyası kimi. Çünki Ermənistan qondarma dövlətdir və tarixi Azərbaycan torpaqlarında yaradılıb”.
Millət vəkili Azər Badamov isə çıxışında şəhid Çingiz Qurbanovun nəşinin geri alınması və şəhidimizə olan böyük ehtiramdan bəhs edib. O qeyd edib ki, Azərbaycan xalqı Çingiz Qurbanov kimi qəhrəmanlarımızla fəxr edir.
Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə çıxışında Aleksandr Lapşinin ekstradisiyasının yerli və xarici KİV-lərin diqqət mərkəzində olduğunu deyib. Onun sözlərinə görə, Lapşinin ekstradisiyasından daha çox Ermənistan narahatdır: “Lapşin Ermənistanı təbliğ edirdi, onun fikirlərində erməni xüsusi xidmət orqanlarının dəst-xətti hiss olunurdu. O yazırdı ki, “Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər siyahısında 15-ciyəm, amma 1-ci olmaq istəyirəm”. Beləliklə, Lapşin 1-ci olmaq istəyirdi və bu arzusuna çatdı. Çünki o, arzuolunmaz şəxslər siyahısında birinci adamdır ki, həbs olunaraq ölkəmizə ekstradisiya edildi”.
Daha sonra millət vəkilləri gündəlikdəki məsələləri müzakirə ediblər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov təqdim edib. Onun sözlərinə görə, 2016-cı ildə bələdiyyələr ölkəmizdə geniş vüsət alan quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və başqa layihələrin, regional inkişaf proqramlarının həyata keçirilməsində mühüm rol oynayıb. 26 sentyabr 2016-cı ildə keçirilmiş referendumla Konstitusiyaya əlavə edilmiş 1461-ci maddədə bələdiyyə qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə mülki məsuliyyətin müəyyən edilməsi çox önəmlidir. Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, maliyyə-iqtisadi potensialının gücləndirilməsi məqsədi ilə bir sıra başqa normativ hüquqi aktlar da qəbul edilib.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məruzədə bir çox vacib mətləblərin yer almadığını bildirib. Komitə sədri deyib ki, bələdiyyələrin inkişafı üçün onlara subvensiyalar verilməlidir: “Bu məsələ büdcə qanunvericiliyində əksini tapıb. Bələdiyyələrə verilən subsidiyaların müəyyən hissəsini subvensiya kimi onlara vermək olar”.
“Azərbaycanda bələdiyyələrin fəaliyyət göstərməsi üçün lazımi addımlar atılır. Lakin bələdiyyələrlə bağlı bir neçə məsələ həll olunmasa, onların fəaliyyətində hər hansı gözə çarpacaq dərəcədə addımların şahidi olmayacağıq”. Bu fikirləri isə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, ilk növbədə bələdiyyələrin sayı və tərkibi azaldılmalıdır: “Bakının bir rayonunda 19 nəfər, kiçik kəndlərdə isə 5-7 nəfər bələdiyyə üzvü var. Dünya təcrübəsində də var ki, kiçik bələdiyyələr birləşdirilir və bu, işlərin effektli olması üçün daha məqbuldur. Bu, qərarların qəbul edilməsində də mühüm əhəmiyyət kəsb edir”.
Bələdiyyələrlə bağlı qanunların hazırlanmasında yaxından iştirak etdiyini xatırladan millət vəkilinin sözlərinə görə, qanunvericilikdə bələdiyyələrə lazımi status və səlahiyyətlər verilib: “İlk illər bələdiyyələrin fəaliyyətinin düzgün istiqamətə yönəldilməsi üçün tövsiyə və tapşırıq hazırlaya bilməməyimiz bələdiyyələrin fəaliyyətini başqa istiqamətə yönəltdi. Bəzən ictimaiyyət elə düşünür ki, bələdiyyə ancaq torpaq alveri ilə məşğul olur. Amma əslində bələdiyyələr onlara verilən səlahiyyətlərlə çox iş görə bilərdi. Kənd bələdiyyələrinə torpaq sahəsi, suya nəzarət, torpaq vergisi və digər məsələlər həvalə oluna bilər. Lakin buradan gələn gəlirlərin hesabına müəssisə açıb, meyvə bağı salmaq, bələdiyyə məktəbi, bağçası tikilə bilərdi. Amma bunun əvəzinə onların gəlirləri bələdiyyə üzvləri arasında paylandı, hər biri özünə böyük aparat formalaşdıraraq fəaliyyətini bu istiqamət üzrə aparmağa başladı”.
S.Novruzov qeyd edib ki, bələdiyyələrin düzgün fəaliyyət göstərməməsi hazırda bələdiyyə mülkiyyətinə daxil olan kənd təsərrüfatına yararlı olan torpaqlardan istifadədə çətinliklər yaradır: “Çünki həmin torpaqlar vaxtilə bələdiyyələr tərəfindən ayrı-ayrı şəxslərə satılaraq, özəlləşdirilib. Bu, eyni zamanda, kənd təsərrüfatının inkişafına xeyli ziyan vurur. Vaxtilə bələdiyyələr istəsəydi, qeyri-neft sektorunun inkişafı üçün çox iş görə bilərdi. Təbii ki, bu, kənd bələdiyyələrinə aid edilir. Lakin şəhərdə də kiçik müəssisələr açmaq olardı. Əfsus ki, gəlirlərin hamısı mebelə, maşına, digər məsələlərə sərf olundu və nəticə etibarı ilə bu gün bələdiyyələrin fəaliyyəti müzakirə ediləndə başqa nüanslar axtarılır”.
Millət vəkili Adil Əliyev isə bildirib ki, bələdiyyələrin fəaliyyəti gücləndirilməlidir. O qeyd edib ki, Bakının rayonlarındakı bəzi binalara nəzarət bələdiyyələrə verilməlidir: “Bakının bəzi rayonlarının ərazisində müxtəlif təşkilatların nəzarətində olan binalar var. Həmin binalara nəzarət, xidmət çox aşağıdır. İnsanlar da narazı qalırlar. Təklif edirəm ki, həmin binalara nəzarət bələdiyyələrə verilsin. Yeni tikilən binalarda komendatlar insanları soyurlar, amma iş görmürlər. Bu işlər bələdiyyələrə verilərsə, daha faydalı olar, yığılan vəsait təyinatı üzrə istifadə olunar”.
Müzakirələrdən sonra illik məruzə qəbul olunub.
Millət vəkilləri həmçinin “Hərbi vəziyyət haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə ediblər. Qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, “Hərbi vəziyyət haqqında” qanun layihəsi mühüm bir sənəddir. Onun sözlərinə görə, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir. Hərbi vəziyyət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir.
Z.Əsgərov qeyd edib ki, bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət və Mülki məcəllələrinə uyğun məsuliyyət daşıyırlar. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq, Milli Məclisin iclası keçirilir, iclasda fərmanın təsdiqi məsələsinə növbədənkənar baxılır və deputatların 63 səs çoxluğu ilə müvafiq qərar qəbul edilir və Milli Məclis tərəfindən təsdiq edilmədikdə qüvvəyə minmir. Bu barədə əhaliyə dərhal məlumat verilir.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ikinci oxunuşda plenar iclasın müzakirəsinə təqdim olunmuş “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini ətraflı şərh edib. Bildirib ki, 5 fəsil, 25 maddədən ibarət olan bu qanun layihəsi birinci oxunuşdan sonra deputatların rəy və təklifləri nəzərə alınaraq əsaslı surətdə təkmilləşdirilib.
Məlumat dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edilib və müzakirələr başlanıb. Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlar Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Fazil Mustafa, İlham Əliyev, Azay Quliyev, Fəzail Ağamalı sənədə münasibət bildiriblər.
İş günü başa çatdığından qərara alınıb ki, “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi növbəti iclasda davam etdirilsin.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 327 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31