Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi Moskvada xatırlayır və qiymətləndirirlər

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi Moskvada xatırlayır və qiymətləndirirlər

12.05.2016 [09:37]

Mayın 10-da Moskvada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsi yad edilib. Ulu öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycanın Rusiyadakı səfirliyində təntənəli qəbul təşkil edilib.
Tədbir iştirakçıları səfirliyin foyesində Heydər Əliyevin barelyefi önünə tər çiçəklər düzüblər.
Çıxış edənlər XX əsrin görkəmli siyasətçisi barədə səmimi xatirələrini bölüşərək qeyd ediblər ki, bütün varlığı ilə öz xalqına və ölkəsinə xidmət edən Ulu öndər onlar üçün siyasi müəllim, müdrik məsləhətçi və gözəl insan idi.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan xalqının Ümummilli lideri barədə xatirələrini bölüşərək qeyd edib ki, özünün gənclik illərində, respublikaya Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə yaradıcı gənclərin inkişafı üçün hər cür şərait təmin edilmişdi. O illərdə istedadlı rəssamların, bəstəkarların, memar və artistlərin bütöv bir nəsli yetişib. Səfir deyib: “1993-cü ildə Heydər Əliyev Azərbaycana qayıdanda ölkə, demək olar ki, bərbad vəziyyətdə idi, qardaş qırğını başlanmışdı. Heydər Əliyev öz təcrübəsi, insanlara həssas münasibəti, bacarığı sayəsində bu vəziyyəti tənzimləməyə nail oldu. Bu gün sizin səfər etdiyiniz və heyran olduğunuz müasir Azərbaycanın memarı məhz Heydər Əliyevdir. Heydər Əliyevə xas olan, Azərbaycanın inkişafını bir neçə onillik qabaqcadan müəyyən etmiş müdriklik Onun güclü bəsirətindən, uzaqgörənliyindən xəbər verir”.
Rusiya Federasiyası Prezidentinin Mərkəzi Federal Dairə üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov Azərbaycanda keçmiş uşaqlıq illərini xatırlayaraq deyib: “Azərbaycan həmişə səmimi dostluq şəraitinin hökm sürdüyü beynəlmiləlçi, qonaqpərvər ölkə olub. Yadımdadır, uşaqlıqda, mənim ailəm Azərbaycanda yaşadığı vaxt biz öz aramızda bir neçə dildə danışırdıq, həm Novruz bayramını, həm də Pasxa bayramını birlikdə qeyd edirdik. Heydər Əliyev bu ənənələri dəstəkləmək üçün əlindən gələni edirdi. Çox yaxşı ki, Prezident İlham Əliyev bu siyasəti davam etdirir”.
A.Beqlovun sözlərinə görə, Böyük Vətən müharibəsi dövründə xeyli ailə Rusiyadan Azərbaycana təxliyə olunub və Azərbaycan ailələri bu insanları səmimiyyətlə qəbul edib. O, daha sonra deyib: “Atam cəbhədə döyüşürdü, anam iki uşağı ilə birlikdə Azərbaycana gəldi. Bir azərbaycanlı ailəsi bizə sığınacaq verdi. Müharibə qurtarandan sonra hər kəsin öz doğma şəhərinə və ya kəndinə qayıtması vaxtı yetişəndə heç kəs oradan getmək istəmirdi”.
Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Konstantin Kosaçov vurğulayıb ki, Heydər Əliyev öz xalqının şəksiz milli lideri və milli sərvətidir. O, öz xalqının mənafelərini, Rusiya ilə və SSRİ-nin digər xalqları ilə müttəfiqlik münasibətlərinin əhəmiyyətini tamamilə düzgün başa düşürdü. Senatorun sözlərinə görə, SSRİ dağılandan sonra Azərbaycan və Ermənistan xalqlarını bir-birindən ayırmış Dağlıq Qarabağ münaqişəsi ümumi qaydadan istisna idi. Konstantin Kosaçov çıxışını bu sözlərlə bitirib: “Heydər Əliyev üçün həmişə bir qayda vardı, bu qayda xalqlar arasında anlaşmaya, xalqlar arasında sıx əlaqələr yaradılmasına kömək etməkdən ibarət idi. Məhz bu fədakar fəaliyyətinə görə müasir Rusiyada Heydər Əliyevi xatırlayır və qiymətləndirirlər, Onun xatirəsi daim ürəklərdə yaşayacaq”.
RF Dövlət Dumasının deputatı Leonid Slutski qeyd edib ki, Ulu öndər Heydər Əliyevin doğum günündə Azərbaycan səfirliyində toplaşan insanlar Moskvada yaşasalar da qəlbən Azərbaycanla birlikdədir, buradakı insanların çoxu Heydər Əliyevi şəxsən tanımaq şərəfinə nail olub. Rusiyalı deputat deyib: “Mən xoşbəxtəm ki, dahi Heydər Əliyevin oğlu, Onun işinin əsl davamçısı, yoxsulluğa qarşı mübarizə proqramını uğurla həyata keçirən, Azərbaycanı dünyanın iqtisadi baxımdan firavan ölkələrindən birinə çevirmiş İlham Əliyevlə dostam. Bakıda Cənubi Qafqaz üçün və bütövlükdə MDB üçün böyük əhəmiyyət kəsb edən çoxlu əlamətdar tədbirlər ideyası yaranır və həyata keçirilir. Bu qızıl səhifələrin hər biri Heydər Əliyevin xatirəsi ilə ayrılmaz sürətdə bağlıdır”.
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev qeyd edib ki, hər il mayın 10-da Rusiya ictimaiyyətinin nümayəndələri və diplomatlar Moskvada toplaşaraq Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər. Elə bu faktın özü bu böyük dövlət xadiminə yüksək ehtiramın əlamətidir. Heydər Əliyev həm Azərbaycan SSR-in, həm də müstəqil Azərbaycanın inkişafı üçün çox iş görüb.
Sergey Lebedev deyib: “O, unikal şəxsiyyət, unikal dövlət xadimi idi. MDB İcraiyyə Komitəsinin sədri kimi bunu qeyd etməyi vacib sayıram ki, O, əqidəli beynəlmiləlçi idi. Heydər Əliyev Azərbaycanda yaşayan xalqlar arasında, Moskvada işlədiyi dövrdə isə bütövlükdə Sovet İttifaqı çərçivəsində dostluq, qardaşlıq münasibətlərinin qorunub saxlanmasına kömək edirdi”.
MDB İcraiyyə Komitəsinin sədri bildirib ki, bu gün MDB üzvü olan müxtəlif ölkələrin səfirləri, diplomatlar, Rusiya XİN nümayəndələri Azərbaycan səfirliyində toplaşıb. O deyib: “Bu onu göstərir ki, Heydər Əliyevin təbliğ etdiyi beynəlmiləlçilik ənənələrini bu gün də qoruyub saxlamaq lazımdır. O, Azərbaycanın çiçəklənməsi və təşəkkülü üçün çox iş görüb”.
Siyasətçi Azərbaycanın Ümummilli lideri ilə şəxsi ünsiyyətdən aldığı təəssüratlarını da bölüşüb. Sergey Lebedev vurğulayıb: “Onunla həm Bakıda, həm də Moskvada bir neçə dəfə görüşmüşəm. Demək istəyirəm ki, bu söhbətlər məndə Onun barəsində bəsirətli insan, tərəf-müqabilinin fikrinə hörmətlə yanaşan, tərəfdaşını dinləməyi və özünün əsaslandırılmış mövqeyini söyləməyi bacaran unikal həmsöhbət, müdrik insan təəssüratı yaradıb. Bütün bu keyfiyyətlərinə görə O, həm bir insan kimi, həm də dövlət xadimi kimi hörmətə layiqdir və məhz bu keyfiyyətlər Onu unutmamağımıza əsas verir”.
TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman qeyd edib ki, Heydər Əliyevin xatirəsi milyonlarla insanın qəlbində daim yaşayır. Dünyasını dəyişdiyi gündən keçən müddət bizi Ondan ayırdıqca bu şəxsiyyətin miqyası, Azərbaycan həyatında əhəmiyyəti daha çox görünür, daha çox hiss olunur. M.Qusman deyib: “Mənim mənsub olduğum nəslin bir vətəndaş kimi təşəkkülü Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edib. O, ölkəmizin lideri idi. Biz Ona sadəcə hörmət bəsləməklə kifayətlənməyib, Ondan nümunə götürürdük”.
M.Qusman vurğulayıb ki, Heydər Əliyev rus dilini mükəmməl bilirdi və respublikada rus dilinin inkişafına həmişə xüsusi dıqqət yetirirdi. Məhz Heydər Əliyevin dövründə Azərbaycanda yeni-yeni rus məktəbləri açılır, Onun təşəbbüsü ilə Bakıda rus mədəniyyəti ongünlükləri keçirilirdi.
Rusiya Beynəlxalq Məsələlər Şurasının vitse-prezidenti, Şimali Osetiyanın sabiq prezidenti Aleksandr Dzasoxov bildirib ki, zaman Heydər Əliyev şəxsiyyətinin miqyasını azalda bilməz. Diplomat deyib: “Heydər Əliyev görkəmli siyasi və dövlət xadimlərinin panteonunda sözün həqiqi mənasında uca mövqedə durur. O, SSRİ-nin inkişafına çox böyük töhfə verib. Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi və əlbəttə, Azərbaycan xalqının tanınmış lideridir”.
Aleksandr Dzasoxov sonda deyib: “Mən çox şadam ki, Heydər Əliyevin özünü həsr etdiyi iş bu gün Azərbaycan Prezidenti İlham Əliyevin etibarlı əllərindədir”.

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31