Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / HEYDƏR ƏLİYEVİN DÖVLƏT QURUCULUĞU SİYASƏTİNDƏ MƏDƏNİYYƏT STRATEGİYASI: MULTİKULTURAL DƏYƏRLƏR VƏ MƏDƏNİ BÜTÖVLÜK

HEYDƏR ƏLİYEVİN DÖVLƏT QURUCULUĞU SİYASƏTİNDƏ MƏDƏNİYYƏT STRATEGİYASI: MULTİKULTURAL DƏYƏRLƏR VƏ MƏDƏNİ BÜTÖVLÜK

07.05.2016 [09:28]

Azərbaycan xalqının XX əsrdə dünya ictimai-siyasi fikrinə bəxş etdiyi görkəmli siyasi xadim Heydər Əliyevin fəaliyyəti olduqca çoxşaxəli, zəngin təmayüllü olmuşdur. Müasir Azərbaycanın ictimai-mədəni həyatının elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Ona görə də bu dahi şəxsiyyətin titanik fəaliyyəti ən müxtəlif aspektlərdən öyrənilməli, fərqli istiqamətləri ayrılıqda təhlil obyektinə çevrilməlidir. Bu baxımdan Heydər Əliyev irsi və multikultural dəyərlər mövzusu müasir şəraitdə xüsusi aktuallıq kəsb edir. Mövzunun aktuallığını şərtləndirən ən başlıca amil son illərdə multikulturalizmin Heydər Əliyevin memarı olduğu, dövlət ideologiyasını azərbaycançılıq kimi formalaşdırdığı müasir Azərbaycanda dövlət siyasəti səviyyəsində dəstəklənməsidir. Bu, bir tərəfdən Azərbaycanda uzun əsrlərdən bəri mövcud olmuş multikultural baxışın və yaşamın kütləvi normativliyindən irəli gəlirsə, digər tərəfdən müasir dünyada baş verən qlobal proseslərlə şərtlənir. Belə ki, multikulturalizm, dünya mədəniyyətlərinin bərabərhüquqlu dialoqu getdikcə daha çox müasir sosiomədəni gerçəkliyin sistem bütövlüyünü təmin edən alternativsiz inkişaf strategiyası kimi qəbul olunur. İndi dünyanın taleyinə özünü məsul hesab edən şəxslər - siyasi xadimlər, intellekt sahibləri getdikcə belə bir fikirdə yekdil qərara gəlirlər ki, mürəkkəb struktur-funksional xarakteristikaya malik olan müasir cəmiyyətlər nə bir-birindən təcrid olunmuş vəziyyətdə, nə də bir-birinə “çevrilmiş” şəraitdə mövcud ola bilməzlər. Cəmiyyətlər və mədəniyyətlər yalnız və yalnız öz müstəqilliklərini qorumaq şərtilə dialoqa girə, qarşılıqlı olaraq zənginləşə bilərlər. Bu halda müxtəlif mədəniyyət sistemləri arasında qarşılıqlı əlaqələr özü inkişaf edən sistem kimi dünyanın bütövlüyünün təmin edilməsi baxımından xüsusi aktuallıq kəsb edir.
Beləliklə, müasir elmi təfəkkürün gəldiyi qənaət ondan ibarətdir ki, planetin biosistemində növ müxtəlifliyinin qorunması ekoloji tarazlıq baxımından nə dərəcədə əhəmiyyətlidirsə, sosiosistemdə də mədəni müxtəlifliyin qorunması mənəvi ekologiyanın mühafizəsi baxımından bir o qədər zəruridir.
Dünya miqyasında tanınmış şəxsiyyət olan Heydər Əliyevin dövlət siyasətində mədəni quruculuq olduqca mühüm istiqamətlərdən birini təşkil etmişdir. Biz Onun fəaliyyətində istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik illərində mədəniyyət siyasətinin xüsusi əhəmiyyətə malik olduğunun şahidi oluruq. Dünya mədəniyyətinin zəngin nümunələri ilə yaxından tanış olan, onları professional mütəxəssis səviyyəsində qiymətləndirməyi bacaran dahi öndər hər bir xalqın milli mədəniyyətinin həmin xalqın milli sərvəti, ali dəyəri olduğunu vurğulayaraq demişdir: “Hər bir xalqın mədəniyyəti həmişə onu yüksəldir, bütün dünyada tanıdır, mənəviyyatını zənginləşdirir”.
Əgər diqqət etsək görərik ki, Ulu öndər mədəniyyətdən, onun bu və ya digər nümunəsindən söz açarkən həmişə müxtəlif xalqların zəngin mədəniyyətə malik olduğu fikrini irəli sürür. Məsələn, Ulu öndərin mədəniyyətlə bağlı aşağıdakı kəlamı dediklərimizə bariz sübutdur: “Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir”. Son dərəcə lakonik ifadə olunmuş bu müdrik kəlamda dərin hikmət vardır. Belə ki, burada “mədəniyyət”, “bəşəriyyət” və “xalq” anlayışları arasında münasibətin dialektikası izah olunmuşdur. Buradan aydın olur ki, dahi öndərin yanaşmasına görə, mədəniyyət bəşəri olanla milli olanı özündə birləşdirir. O, ayrı-ayrı xalqlar tərəfindən yaradılsa da, milli spesifikliyə malik olsa da, eyni zamanda bəşəri məzmun kəsb edir. Digər bir tərəfdən, mədəniyyət nə qədər bəşəri məzmun kəsb edir etsin, son nəticədə onu yaradan xalqların zənginləşməsinə xidmət edir.
Deməli, hər bir xalqın mədəniyyəti həm də o zaman onu zənginləşdirən xəzinəyə çevrilir ki, o öz məzmunu etibarilə ümumbəşəri xarakter kəsb etsin, təbliğ etdiyi dəyərlərlə “bəşəriyyətin topladığı nümunələrə” çevrilə bilsin. Bu baxış bucağından yanaşdıqda aydın olur ki, məhdud milli-məhəlli hisslərin ifadəçisi olan, sözün böyük mənasında milliliyin deyil, sözün dar mənasında millətçiliyin təcəssümü olan mədəniyyət nümunələri nə bəşəri xəzinəni zənginləşdirməyə, nə də mənsub olduğu xalqın mədəniyyətinin özünəməxsusluğunu təcəssüm etdirməyə qadir deyil.
Ümummilli lider Heydər Əliyev Öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, Azərbaycan xalqı zəngin mədəniyyətə malikdir. Şübhəsiz ki, Heydər Əliyevə görə, mədəniyyətimizin zənginliyini müəyyənləşdirən yalnız onun ayrı-ayrı nümunələrinin rəngarəngliyi deyildir. Azərbaycan xalqının mədəniyyətinin zənginliyini təmin edən əsas faktorlardan biri də, təbii ki, bu coğrafi məkanda yaşayan müxtəlif xalqların mədəniyyətimizin formalaşmasına verdikləri rəngarəng töhfələrdir.
Heydər Əliyev mədəni müxtəlifliyi istər dahi bir siyasətçi kimi, istərsə də yüksək mədəni zövqə malik şəxs kimi həmişə yüksək qiymətləndirmişdir. Dahi öndər 1999-cu ildə Azərbaycanda keçirilən Dağıstan mədəniyyəti günlərində iştirak edərkən mədəniyyət nümayəndələrinə müraciətlə demişdir: “Şəxsən mən və Azərbaycan xalqı Dağıstanı yaxşı tanıyırıq. Biz sizin tarixinizə, mədəniyyətinizə, incəsənətinizə də bələdik. Bu gün siz yüksək səviyyəli, yüksək dərəcəli incəsənət və Dağıstan xalqları mədəniyyətinin yüksək nailiyyətlərini göstərdiniz. Müxtəlif dillərdə - avar, dargin, qumuq, lak, ləzgi və Dağıstanın bir çox dillərində mahnıları dinləmək xoş idi”.
Buradan aydın şəkildə görünür ki, dahi öndər Heydər Əliyev yüksək estetik zövqə malik bir şəxs olaraq xalqların mədəni müxtəlifliyini olduqca yüksək qiymətləndirir, onlardan böyük mənəvi zövq alır.
Bir məsələni də xüsusi vurğulamaq istərdik ki, dövlət idarəçiliyinin dahi ustadı olan Heydər Əliyevin mədəniyyət müxtəlifliyinə baxışı yalnız estetik zövq çərçivəsi ilə məhdudlaşmır. Bu yanaşma bütün hallarda dövlətçilik fəlsəfəsinin fundamental prinsipləri ilə uzlaşdırılmış halda təqdim olunur. Dahi öndərin baxışına görə, xalqların mədəniyyət müxtəlifliyi onların mənsub olduğu dövlətin sosial-mədəni və siyasi-inzibati möhkəmliyinə xidmət etməli, heç bir halda müxtəlif qüvvələrin əlində destruktiv fəaliyyət üçün alətə çevrilməməlidir. Məsələn, yuxarıda haqqında bəhs etdiyimiz Dağıstan xalqlarının mədəniyyət günlərində dahi öndər Rusiyanın tərkibində yaşayan kiçik xalqların mədəni zənginliyindən mənəvi və estetik zövq aldığını bəyan etməklə yanaşı, aşağıdakıları da xüsusi vurğulamağı zəruri hesab edir: “Dağıstan Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Biz Dağıstanla, Dağıstan xalqları ilə dostluqdan danışanda Azərbaycan və Rusiya Federasiyası arasında dostluqdan danışırıq. Ürəkdən arzu edirəm ki, Dağıstan Rusiya Federasiyasının ən cənub hüdudlarında onun dayağı, Rusiya ilə Azərbaycan arasında dostluğun çox mühüm vəsiləsi olsun”.
Göründüyü kimi, burada multikultural dəyərlərə dövlətçilik fəlsəfəsinin fundamental prinsiplərindən yanaşmanın çox mühüm bir postulatı ifadə olunmuşdur.
Müasir dövrdə bəzən biz sivilizasiyalararası və mədəniyyətlərarası münasibətlərin olduqca neqativ təcrübəsi ilə rastlaşırıq. Dünyanın bir sıra qüvvələrinin vahid bir dövlət tərkibində yaşayan xalqların mədəni müxtəlifliklərindən siyasi manipulyasiya vasitəsi kimi istifadə edildiyinin şahidi oluruq. Böyük siyasət ustadı dahi Heydər Əliyev bütün bu siyasi texnologiyalara dərindən bələd olan bir şəxs kimi bunun qətiyyən yolverilməz olduğunu dəfələrlə bəyan etmişdir. Dahi öndər üçün geosiyasətdə belə manipulyasiyalar mənəvi baxımdan qeyri-əxlaqi, siyasi baxımdan qeyri-hüquqi bir yanaşma hesab olunurdu.
Müasir Azərbaycanın memarı Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas hüquqi postulatları Onun bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuşdur. Milli dövlətçiliyimizin əsaslarını, əgər belə demək mümkündürsə, dövlətçilik fəlsəfəsini özündə əks etdirən Azərbaycan Respublikasının Konstitusiyası multikultural dəyərlərin təşviqi baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Konstitusiyası müasir multikultural təhlükəsizlik anlayışı baxımından güclü immun sisteminə malik bir dövlət sənədidir. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev qeyd edir ki, ölkə öz enerji, iqtisadi, mədəni təhlükəsizliyini qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizlik bir sıra prinsiplərdən ibarətdir. Bu prinsiplər dövlətin özünü inamlı, ədalətli, keyfiyyətcə daim yeniləşən bir mahiyyətə malik orqanizm kimi hiss etməsini şərtləndirir.
Multikultural təhlükəsizliyin ümumi mahiyyəti hər hansı bir ölkədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiə olunması, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir.
Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına təminat verir. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır və heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Bu müddəalar dahi öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan Konstitusiyamıza iyirmi il bundan əvvəl daxil edisə də, bu günün multikultural dəyərləri ilə bilavasitə səsləşir və multikultural təhlükəsizliyin hüquqi-konstitusion əsaslarını təşkil edir. Bunun da başlıca səbəbi odur ki, dünyanın bir çox dövlətlərindən fərqli olaraq Azərbaycanda bir sıra xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarının qədim tarixi ənənələri vardır. Heydər Əliyevin bilavasitə ideya müəllifliyi ilə hazırlanan Konstitusiyada bu ənənələrə əsaslanaraq multikultural dəyərlərlə dövlətçilik fəlsəfəsi bir-biri ilə olduqca uğurlu bir şəkildə uzlaşdırılmışdır. Burada Azərbaycan xalqının bütövlüyü anlayışı ilə müxtəlif xalqların milli-mənəvi dəyərlərini qoruyub saxlaması bir-birinin ziddinə olan anlayışlar olaraq deyil, əksinə bir-birini tamamlayan müddəalar olaraq alınmışdır. Konstitusiyada göstərilir ki, hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Bu müddəalarda Azərbaycan ərazisində mədəniyyət müxtəlifliyinin qorunmasına və inkişafına hüquqi-inzibati təminat əks olunmuşdur.
Məlumdur ki, multikulturalizm konsepsiyasında dini müxtəlifliyin qorunub saxlanılması, insanların vicdan və əqidə azadlıqları olduqca mühüm yer tutur. Azərbaycan Respublikasının Konstitusiyasında bu istiqamət də olduqca dəqiqliklə nəzərə alınmışdır. Konstitusiyada qeyd edilir ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Məhz müstəqil dövlətin hüquqi əsaslarında belə müddəaların yer almasının nəticəsidir ki, Azərbaycan bu gün müxtəlif dinlərin - islamın, xristianlığın, iudaizmin və s. birgə, dinc və əmin-amanlıq şəraitində yaşadığı bir məkan kimi bütün dünyanın diqqət mərkəzindədir.
Konstitusiyadan aydın görünür ki, multikulturalizmin Azərbaycan modeli qədim və zəngin tarixi ənənələrə əsaslanmaqla yanaşı, eyni zamanda kifayət qədər mükəmməl hüquqi-konstitusion əsaslara da malikdir. Heç şübhəsiz, bu da bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi idarəçilikdə multikultural dəyərlərə müsbət münasibətinin nəticəsidir.
Heydər Əliyev irsinin müasir multikultural dəyərlərlə səsləşən məqamlarından danışarkən müstəqil dövlətimizin strateji elmi-ideoloji əsasını təşkil edən azərbaycançılıq üzərində də dayanmaq lazımdır. XIX əsrin ortalarında Azərbaycanın mütəfəkkir şəxsiyyətləri tərəfindən dəfələrlə gerçəkləşdirilməsinə cəhd olunan bu ideyalar XX əsrdə məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində nəzəri müstəvidən real sosial müstəviyə keçmişdir. Hələ ötən əsrin ortalarında, Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrlərdə Heydər Əliyev həmin ideoloji çərçivələrin imkan verdiyi şəraitdə, hətta bəzən bu çərçivələri aşaraq azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin əməli tətbiqi və bu ideyaların kütləviləşərək milli ideyaya çevrilməsi istiqamətində xeyli işlər görmüşdür. Azərbaycan dilinin dövlət dili elan olunması, Azərbaycan ərazisində yaşayan müxtəlif millətlərə məxsus neçə-neçə şair və yazıçının, ziyalının təntənəli yubileylərinin keçirilməsi, əsərlərinin kütləvi nəşri, azərbaycanlıların hamısı üçün müştərək olan milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması istiqamətində mühüm addımlar, ictimai-humanitar düşüncədə milli müstəqillik ideyalarının formalaşması, hakim ideologiya ilə müqayisədə mərkəzdənqaçma meyillərinin incəsənətin bütün sahələrində güclənməsi və s. özündə əks etdirən 70-ci illərin məşhur elmi-mədəni intibahı birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycançılıq ideologiyasının multikulturalizmlə ortaq məqamı ondan ibarətdir ki, bu ideya özündə tarixən formalaşmış hər hansı bir milli substratın dominantlığını ifadə etmir. Azərbaycançılıq ideologiyasının müəyyənləşdirdiyi mənəvi-ideoloji atmosferdə Azərbaycan vətəndaşı olan bütün xalqlar, bütün millətlər eyni hüquqa və Azərbaycan adlı mənəvi universum qarşısında eyni bir mənəvi cavabdehliyə malikdirlər.
Əlbəttə, nə ötən əsrin ortalarında, nə də sonlarında “multikulturalizm” bir terminoloji anlayış olaraq Azərbaycan elmi və ictimai mühitinə daxil olmamışdı. Hətta onun ötən əsrin ikinci yarısından sonra Kanadada və daha sonra Qərbi Avropada yaranmaqda olan elmi-nəzəri əsasları ilə olsa-olsa, yalnız mütəxəssislər tanış idilər. Lakin buna baxmayaraq həmin dövrlərdə Azərbaycan adlı coğrafiyada azərbaycanlı adlanan sosium üçün multikultural yaşam adi normativ bir həyat tərzi idi. Bütün xalqlar, millətlər, müxtəlif dini əqidəyə və görüşlərə malik insanlar burada aralarında heç bir milli və dini zəmində ziddiyyət və münaqişə olmadan əsrlərlə yaşamışdılar. Bütün bunları olduqca gözəl bilən Heydər Əliyev azərbaycançılıq ideologiyasını məhz xalqın özünün daxilindən gələn təbii və fitri birgəlik, qarşılıqlı hörmət və ehtiram prinsiplərinə əsaslanaraq formalaşdırmışdır. Məhz bunun nəticəsidir ki, bir tərəfdən Azərbaycan mədəniyyətinin tarixi qatlarında müasir dünya mədəniyyətinin əksər dini, fəlsəfi, estetik, əxlaqi fikir cərəyanları iştirak edir. Digər tərəfdən belə mədəni polifoniya Azərbaycan mədəniyyətinin bütövlüyünə qətiyyən mane olmur. Bəli, bütöv sistem xarakterli Azərbaycan mədəniyyətini minilliklər boyunca bir yerdə yaşayan xalqlar birgə yaratmışdılar. Bu mədəniyyətin formalaşmasında bütün xalqların əvəzsiz xidmətləri olmuşdur.
Bu gün Azərbaycanda dahi öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mədəni müxtəlifliyin qorunması və inkişafı dövlət səviyyəsində həyata keçirilən multikulturalizm konsepsiyası işığında uğurla gerçəkləşməkdədir. Bu siyasətin reallaşmasında Azərbaycan Milli Elmlər Akademiyası da öz intellektual potensialı ilə fəal iştirak etməkdədir. Bütün sahələrdə olduğu kimi, bu sahədə də ən mötəbər mövqe elmin mövqeyidir. Bunu həm də müasir dünyanın reallıqları tələb edir. İndi həm ayrı-ayrı dövlətlərin, həm də bütövlükdə planetin təhlükəsizliyi və davamlı inkişafı baxımından intellektual sərvətin rolu, mövqeyi və əhəmiyyəti əvvəlki dövrlərdən fərqli, tamamilə yeni məzmun kəsb edir. Bəşəriyyətin qarşısına təhlükəsizlik və davamlı inkişafla bağlı elə problemlər çıxmışdır ki, onları dialoq əsasında müzakirə etməmək və beynəlxalq miqyasda səfərbər olunmuş ümumbəşəri intellekt hesabına qarşısını almamaq təkcə gələcək inkişafı deyil, sosial və bioloji mövcudluğun özünü şübhə altına alır. Bu əsrdə informasiya texnologiyaları, insan beyni və qəlbini fəth edən nəzəri-ideoloji və kommunikativ sistemlərin yaradılması, enerji təhlükəsizliyi, fərd-cəmiyyət münasibətlərinin görünməmiş bağlılığını təmin edən idarəetmə texnologiyalarının hazırlanması və aksioloji dəyərlərin aparıcılığı ön plana çıxmaqdadır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdir. Bu, ölkənin müxtəlif elmi-pedaqoji, siyasi-ictimai qurumları kimi AMEA qarşısında da mühüm vəzifələr qoymuşdur.
Ötən ilin noyabr ayında keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda şəxsən iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü prioritetlərdən biri də multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı ictimai və humanitar elmlər sahəsində araşdırmaların daha da genişləndirilməsi ilə bağlı idi.
Müstəqil bir dövlətin mənəvi müstəqilliyinin ən mühüm amili kimi multikulturalizmin rolunu yüksək qiymətləndirən dövlət başçımız çox doğru olaraq göstərdi ki, Azərbaycanda son illər ərzində keçirilən müxtəlif tədbirlər - Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu artıq Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi təqdim edibdir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir. Halbuki biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış, həm də təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur. Nədir alternativ - ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik. Azərbaycan bu sahədə də öz modelini ortaya qoyur. Hesab edirəm ki, Azərbaycan alimləri bu mövzu ilə bağlı daha da fəal ola bilərlər. Azərbaycanda multikulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük elmi əsərlər yaradıla bilər. Hesab edirəm ki, bu sahədə elmi araşdırmalar həm çox maraqlı, həm də bizim üçün çox faydalı olacaqdır.
AMEA Rəyasət Heyətinin 18 noyabr 2015-ci il tarixində keçirilən geniş iclasında cənab Prezidentin Ümumi yığıncaqda irəli sürdüyü digər elmi prioritetlərlə birlikdə multikulturalizmlə bağlı məsələ də alimlərimiz tərəfindən dərindən müzakirə olunmuş, bu istiqamətdə tapşırıqların icrasının təmin edilməsi üçün müvafiq qərar qəbul edilmiş, elmi müəssisələr və alimlər qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdir.
AMEA Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli iclasında isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri” mövzusunda məruzəsi respublikamızın ictimai-humanitar elm sahələrində çalışan görkəmli mütəxəssislərinin iştirakı ilə dinlənilərək geniş müzakirə edilmiş, müzakirələrin nəticəsi olaraq müvafiq qərar qəbul edilmişdir. Qərarda AMEA-da fəlsəfə doktoru və elmlər doktoru hazırlığı proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlara multikulturalizm üzrə elmi tədqiqat mövzularının verilməsi, AMEA-nın nəzdində Multikulturalizm problemləri üzrə institutlararası virtual elmi tədqiqat mərkəzinin təsis edilməsi, AMEA-nın, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun iştirakı ilə “Dünya multikulturalizm modelləri” mövzusunda lektoriyanın təşkil edilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ilə birgə “Multikulturalizm ensiklopediyası”nın hazırlanması kimi konkret məqsədlər qarşıya qoyulmuşdur. Hazırda Akademiyada həmin qərarın icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.
Heç şübhəsiz, bütün bu tədbirlər multikulturalizmin elmi-nəzəri əsaslarının öyrənilməsi, onun Azərbaycan modelinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilməli olan işlərin başlanğıcıdır. Alimlərimiz tərəfindən multikulturalizmin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilməli daha böyük işlər hələ irəlidədir. Bütün digər sahələrdə olduğu kimi, bu istiqamətdə də alimlərimiz üçün ən düzgün strateji oriyentasiyanı Ulu öndər Heydər Əliyevin mədəniyyətlə bağlı dahi fikirləri təşkil edir.
Akif Əlizadə
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti,
YAP Sədrinin müavini

Paylaş:
Baxılıb: 854 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31