Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / VII Qlobal Forum çərçivəsində biznes simpozium keçirilib

VII Qlobal Forum çərçivəsində biznes simpozium keçirilib

26.04.2016 [09:19]

Aprelin 25-də Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində biznes simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə son illər Azərbaycanda iqtisadi sahədə həyata keçirilən islahatlar, reallaşdırılan regional layihələr, yoxsulluğun aradan qaldırılması, məşğulluğun təşkili və digər mühüm məsələlərə toxunulub.
Simpoziumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, əsrlər boyu milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq insanların harmoniya içində yaşadığı və özünün tolerantlıq ənənələri ilə seçildiyi Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ölkəmizin bu ümumbəşəri dəyərlərə sadiqliyini bir daha nümayiş etdirir. Bu baxımdan hesab edirəm ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil.
Nazir vurğulayıb ki, inklüziv cəmiyyətin formalaşdırılması bəşəriyyət qarşısında duran ən önəmli çağırışlardandır. Son illər dünyada gedən proseslər, tolerantlıq ənənələrinin sarsılmaz hesab edildiyi bəzi ölkələrdə baş verən hadisələr məsələnin aktuallığını daha da artırır. Məhz bu səbəbdən qeyd edilən mövzu üzrə çoxlu sayda beynəlxalq tədbirlər keçirilir, cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən dövlət, elm, biznes və digər dairələrin nümayəndələrinin fəal iştirakı ilə aparılan müzakirələr ümumi istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Buna görə, bu gün işinə başlayan biznes simpozium üçün “İnklüziv cəmiyyətdə birgə yaşamaq: özəl sektorun rolu və məsuliyyəti” mövzusu seçilib. Məlum olduğu kimi, inklüzivlik yoxsullar, fiziki və əqli qüsurlu şəxslər, qaçqın və məcburi köçkünlər, məhkumlar və cəmiyyətin digər həssas qrupları üçün gəlir və maddi nemətlər əldə etmək, sosial xidmətlərdən yararlanmaq imkanlarının artırılmasını, başqa sözlə, rifahının təmin edilməsini nəzərdə tutur.
Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir deyib ki, qlobal iqtisadi problemlərin, yoxsulluğun aradan qaldırılması bir ölkənin səyi nəticəsində mümkün olan məsələ deyil. Bunun üçün birlikdə mübarizə aparmalıyıq. Biz mütərəqqi inkişaf proqramının reallaşdırılması üçün əlimizdən gələni etməliyik. BMT 2010-cu ildən başlayaraq yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm işlər, layihələr və proqramlar həyata keçirməkdədir.
Daha sonra panel iclasın moderatoru “Euronews Washington”un müxbiri Stefan Qrob məruzəçilər haqqında məlumat verib, Forumda müzakirə edilən məsələlərin əhəmiyyətindən söz açıb.
“BMW Group” şirkətinin vitse-prezidenti Bill McAndrevs, “Orange Horizons” şirkətinin nümayəndəsi Sebastien Krozier, “CEO Falcon Equity Group” şirkətinin nümayəndəsi Holger Heims, “Airbus Group International” şirkətinin vitse-prezidenti Silvere Delaunay, Sülh Naminə Guerrand-Hermes Fondunun baş katibi Skerto Gill mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Məruzələr zamanı insanların bərabər gəlirləri problemi ətrafında müzakirələrə də yer ayrılıb. Məruzəçilər dünyada insanların gəlirlərinin bərabərləşməsi prosesinə diqqətin artırılması fikirlərini irəli sürüblər.
Qeyd edək ki, dünən həmçinin VII Qlobal Forum çərçivəsində “Gənclər və sosial inklüzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar”, “Korporativ müxtəliflik və daxili proqramları birləşdirən korporativ davamlılıq”, “Özəl sektorun dinlərarası anlaşmaya və sülhə töhfəsi”, “Qaçqın böhranının həlli üçün özəl sektorun cəlb edilməsi” mövzularında da maraqlı müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31