
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsi keçirilib
Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasəti hücum xarakterli olmalı, Ermənistanın işğalçı siyasəti bütün səviyyələrdə ifşa edilməlidir
Dünən Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə iştirak edib.
Xarici işlər naziri Elmar Məmmədyarov ötən dövr ərzində diplomatik xidmət orqanları rəhbərlərinin üzərlərinə düşən vəzifələrin həyata keçirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə toxunan nazir ölkəmizin BMT, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, NATO, Avropa İttifaqı və digər təşkilatlarla çoxsahəli əlaqələr yaratdığını xüsusi vurğulayıb.
Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 23 may tarixli Sərəncamı ilə təsdiq olunmuş milli təhlükəsizlik konsepsiyasını önəmli hadisə kimi qiymətləndirib. Nazir ölkəmizin, enerji təhlükəsizliyi sahəsində də yüksək səviyyəli xarici siyasətinin getdikcə daha da möhkəmləndiyini bildirib. Azərbaycanın müvafiq beynəlxalq təşkilatlarla demokratiya sahəsində əməkdaşlığının intensiv xarakter daşıdığını deyən Elmar Məmmədyarov, ölkəmizin YUNESKO ilə münasibətlərinin də son illərdə yüksək səviyyədə inkişaf etdiyini bildirib.
Nazir Prezident İlham Əliyevin digər bir tapşırığına əsasən Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətə başladığını və xarici siyasət proqramı çərçivəsində burada hər il 50-dək kursun keçirildiyini vurğulayıb.
Xarici işlər naziri ölkəmizin 160 dövlətlə diplomatik əlaqə qurduğunu, Azərbaycanda 57 səfirlik, konsulluq və beynəlxalq təşkilatın nümayəndəliklərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Azərbaycanın isə xaricdə 56 diplomatik nümayəndəliyinin, o cümlədən 47 səfirliyinin fəaliyyət göstərdiyini bildirən nazir, bunlardan 30-nun 2004-2008-ci illərdə yaradıldığını qeyd edib. O, bütün bunları dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsi kimi dəyərləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.
Dövlət başçısı Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini diqqətə çatdıraraq, xarici siyasət kursunun uğurla həyata keçirilməsində səfirlərin üzərinə böyük məsuliyyətin düşdüyünü deyib. Bunun üçün diplomatlarımız hər şeydən əvvəl fəaliyyət göstərdikləri ölkələrin dövlət qurumları ilə sıx əlaqə saxlamalı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ciddi fəaliyyət göstərməli, ölkəmizin siyasi maraqları ilə yanaşı, iqtisadi maraqlarının qorunması ilə bağlı da səylərini artırmalıdırlar: "Səfirlər qarşısında böyük vəzifələr dayanır. Bildiyiniz kimi, son illər ərzində bir neçə ölkədə yeni səfirliklər açılmışdır. Nazir qeyd etdi ki, son dörd il ərzində 30 ölkədə Azərbaycan səfirlikləri açılmışdır ki, bu da ölkəmizin xarici siyasətinin daha da uğurlu olmasına çox böyük dəstək verir. Biz bunu edirik və bu siyasəti davam etdirəcəyik. çünki hələ dünyada Azərbaycan haqqında tam müəfəssəl məlumat yoxdur. Düzdür, bizim siyasi və diplomatik səylərimiz nəticəsində Azərbaycan haqqında vaxtilə formalaşmış mənfi rəy artıq tamamilə dağıdılıbdır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan haqqında məlumat ümumiyyətlə ya az idi, ya da ki, çox mənfi xarakter daşıyırdı. Bunun həm obyektiv, həm subyektiv səbəbləri vardı. Amma o da faktdır ki, Azərbaycanın inkişafı, xarici əlaqələrinin genişlənməsi üçün bu, çox böyük maneə idi. Bu gün Azərbaycan haqqında dünyada daha dolğun, daha dəqiq məlumat vardır. Əminəm, gələcək illərdə biz nail olacağıq ki, Azərbaycan həqiqətləri dünya birliyinin nəzərinə tam şəkildə çatdırılsın. Əlbəttə ki, səfirlərin bu işdə çox böyük rolu vardır".
Prezident İlham Əliyev xarici siyasətdə ikitərəfli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər ölkəmizin mövqeyinin beynəlxalq aləmdə möhkəmlənməsi işində mühüm rol oynayır: "Səfirlər Azərbaycanla çalışdıqları ölkələrin arasında əməkdaşlığın daha da dərinləşməsi üçün ciddi fəaliyyət göstərməlidirlər. Biz bu fəaliyyəti görürük, bunu bəyənirik. Amma hesab edirəm ki, bu, bizi tam şəkildə qane edə bilməz. çünki bəzi hallarda, hətta yüksək dövlət məmurları xaricdən Azərbaycana gələrkən və Azərbaycan reallıqları ilə tanış olarkən bildirirlər ki, onlar gözləmirmişlər ki, Azərbaycan belə inkişaf etmiş ölkədir, Azərbaycan belə müasir ölkədir, Azərbaycanda ictimai-siyasi vəziyyət çox yüksək səviyyədədir, Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Yəni, əgər, hətta yüksək vəzifəli dövlət məmurları bəzi hallarda Azərbaycana gələrkən bu ifadələri işlədirlərsə, deməyə əsas var ki, bu istiqamətdə fəaliyyət daha da mütəşəkkil olmalıdır və məqsədyönlü olmalıdır.
Səfirlər bütün dövlət, hökumət qurumları ilə sıx əlaqə saxlamalıdırlar, Azərbaycan həqiqətlərini onlara çatdırmalıdırlar, ictimai qurumlarla fəaliyyəti gücləndirməlidirlər, xaricdə yaşayan Azərbaycan icmaları ilə daha da sıx əlaqə saxlamalıdırlar. Mən hesab edirəm ki, bu istiqamətdə son illər ərzində çox böyük işlər görülübdür. Demək olar ki, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə bizim diaspor strukturlarımız formalaşıb və güclənir. Bu, həm orada yaşayan azərbaycanlılar üçün böyük fayda gətirir, həm də ki, Azərbaycanın siyasətinə böyük dəstəkdir. Səfirlər, eyni zamanda, Azərbaycanın siyasi və iqtisadi maraqlarını çalışdıqları ölkələrdə dəstəkləməlidirlər. Bu gün Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir, ölkəmizin imkanları artır, Azərbaycan şirkətləri böyük maliyyə imkanlarına malik olurlar və müxtəlif ölkələrə investisiya qoyurlar. Bu investisiya imkanlarını araşdırmaq, Azərbaycan şirkətləri üçün daha da yaxşı şərait yaratmaq və müxtəlif istiqamətlərə yönəltmək vəzifələri də çox mühüm əhəmiyyət daşıyır".
Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin səfirlərin əsas vəzifələrindən biri olduğunu bir daha vurğulayıb. Bu istiqamətdə böyük uğurların əldə edildiyini deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bütün səviyyələrdə dəstəklənir, beynəlxalq təşkilatlar münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Prezident İlham Əliyev bu mövqenin həm beynəlxalq hüquq, həm tarixi həqiqətlər, həm də Azərbaycanın daim artan nüfuzu ilə bağlı olduğunu deyib.
Müşavirədə dövlət başçısı bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın xarici siyasəti hücum xarakterli olmalı, Ermənistanın işğalçı siyasəti bütün səviyyələrdə ifşa edilməlidir: "Mətbuat orqanları ilə iş haqqında. Mən keçən müşavirədə də bunu demişdim və hesab edirəm ki, bunu bir daha deməyə əsas var. çünki son iki il ərzində dünya mətbuatında Azərbaycan haqqında daha tarazlı, yaxud da ki, qərəzsiz məlumatlar dərc edilməsinə baxmayaraq, hələ ki, biz qərəzli məqalələri də görürük. Erməni lobbisi tərəfindən Azərbaycana qarşı aparılan siyasət davam etdirilir və bu fəaliyyət heç vaxt dayanmayacaqdır. Biz buna hazır olmalıyıq, hazırıq və mən bir daha demək istəyirəm ki, biz bütün istiqamətlərdə hücum taktikasını rəhbər tutmalıyıq və bu taktika bütün istiqamətlərdə öz bəhrəsini verməkdədir".
Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi qlobal enerji layihələrinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev ölkəmizin nüfuzunun nəinki regionda, eləcə də bütün dünyada durmadan artdığını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycan diplomatlarının xarici siyasətlə bağlı qarşısında duran digər vəzifələr barədə də fikirlərini bölüşdü, müvafiq tapşırıqlarını verib.
AzərTAc
- Oxunub: 18480 |
- Tarix: 08-07-2008 |
-
Çap et |