Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “5 aprel” razılaşmasının yeni məqamları üzə çıxdı...

“5 aprel” razılaşmasının yeni məqamları üzə çıxdı...

18.04.2024 [09:57]

Gizli hərbi paktın müddəaları bəllidir 

Aprelin 5-də Brüsseldə baş tutan üçtrəfli görüşdə Ermənistan ilə ABŞ-Aİ cütlüyü arasında hərbi əməkdaşlığa və ya işbirliyinə yönəlik müzakirələrin aparılacağı ilə bağlı fikirlər səsləndirilir, bununla bağlı məlumatların olması bildirilirdi. Hətta ABŞ-ın dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Prezident İlham Əliyevə zəngi zamanı da dövlətimizin başçısı bununla bağlı öz fikirlərini bildirmişdi. 

Düzdür, görüşdən sonra yayılan xəbərlərdə konkret hərbi istiqamətli predmetlər yer almasa da, bəzi nüanslardan aydın oldu ki, tərəflər arasında bəzi gizli sövdələşmələr də olub. Hətta Qərbin bir sıra nüfuzlu nəşrlərində dərc olunan məqalələrdə bu nüansa diqqət yetrilirdi. 

“Caliber.az” saytı məsələ ilə yazı dərc edib. Bildirilir ki, Brüssel görüşündən iki gün əvvəl, yəni aprelin 3-də “Caliber.Az”-ın redaksiyasına diplomatik dairələrdəki mənbələrdən məlumat daxil olub. Məlumata görə Nikol Paşinyan, Ursula fon der Lyayen və Antoni Blinken arasında Brüsseldə baş tutacaq görüşdə İrəvanın Avro-Atlantik məkana inteqrasiyası məqsədilə siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı sazişlərin imzalanması nəzərdə tutulub. Ən əsası isə, bağlı qapılar arxasında “hərbi pakt” bağlanacaq - bu pakt MDB məkanı üçün təhlükəsizlik sahəsində görünməmiş bir sənəddir. Sənəddə ABŞ və Aİ-nin ayrı-ayrılıqda Ermənisianla hərbi əməkdaşlığının konturları yer alır. 

Aysberq”in görünən hissəsi

Sayt bildirir ki, paktda ABŞ-ın İrəvana strateji müdafiə icmalının aparılması və Ermənistan üçün yeni hərbi doktrinanın hazırlanması üçün ekspert dəstəyi verməsini nəzərdə tutur. Göründüyü kimi, ABŞ-ın məqsədi ilk növbədə Ermənistanla hərbi əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşdirilməsidir - burada Ermənistanın milli təhlükəsizlik məsələləsinin yeni variantda işlənməsi ilə yanaşı, Qərbin özünün marağı diqqəti cəlb edir. ABŞ-ın simasında Ermənistanın “Qərb tərəfdaşları” özünün reigona təsir imkanlarını araşdırmaq və zəif nöqtələrini müəyyənləşdirmək istəyirlər. Başqa sözlə, bu pakt yeni reallıqlarda Ermənistanın təhlükəsizliyindən öndə Qərbin maraqlarına yer ayırmaqdadır. Bu da Qərbin Cənubi Qafqazda sabitliyə təsir edən proseslərdə fəal iştirak etmək istəyini təsdiqləyir. Deməli, görüşdə açıqlanan 65 milyon dollar “aysberq”in görünən hissəsidir.

Paktda nəzərdə tutulan bir digər məsələ isə ikitərəfli hərbi əməkdaşlığın Ermənistanın NATO ilə əməkdaşlığına uyğun şəkildə tənzimlənməsinin nəzərdə tutulmasıdır. Əməkdaşlığın Planlaşdırma və Analiz Prosesi (PARP), eləcə də Əməliyyat İmkanları Konsepsiyası (OCC) vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Planlaşdırma və Analiz Prosesi (PARP) və Əməliyyat İmkanları Konsepsiyası (OCC) NATO ilə tərəfdaş ölkələrin əməkdaşlığının əsas elementlərindəndir. PARP tərəfdaşların müdafiə məqsədlərinə nail olmasına kömək etmək, orduların NATO ilə qarşılıqlı fəaliyyətini yaxşılaşdırmağa imkan verir. Bu isə Ermənistan üçün ABŞ ilə yeni əməkdaşlıqla yanaşı, NATO ilə əlaqələrin daha da dərinləşdirilməsi deməkdir. Artan əməkdaşlığa NATO təlimlərində daha çox iştirak, qabaqcıl texnologiyaların əldə edilməsi və təcrübə mübadiləsi daxildir ki, bu da öz növbəsində Ermənistanın hərbi potensialını gücləndirməyə kömək edəcək. 

Ermənistan İranı hədəfə gətirir...

Saytın yazdığına görə, Birləşmiş Ştatlar Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, İranla sərhədə xüsusi diqqət yetirməklə sərhəd nəzarətini və təhlükəsizliyi gücləndirmək üçün lazımi yardım göstərməyi “planlaşdırır”. 

Bu isə, regionda yeni proseslərə təkan verə bilər. Belə ki, ABŞ açıq şəkildə Ermənistan-İran sərhədinin Rusiya sərhədçiləri tərəfindən mühafizəsi məsələsinin yekunlaşmasına işarə vurur. Buna isə Moskva ilə yanaşı Tehranın da reaksiyası maraqlı olacaq - düzdür, İranın Ali Dini Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin ABŞ və NATO-nun regionun işlərinə qarışmaq istəməsi ilə bağlı son bəyanatında bəzi ştrixlər yer alıb. Tehran İrəvanın oyununu anlayıb - “münaqişələrin həlli” bəhanəsi ilə Qərbin regiona müdaxilə istəyi artıq tam konturları ilə ortadadır. Vilayətinin sözlərinə görə, NATO-nun Brüsseldə keçirilən sammiti çərçivəsində bəyan edilmiş məqsəd “sülhün bərqərar olması” olduğu halda, Qafqaz regionunun işlərinə qeyri-qanuni müdaxiləni hədəfləyir. Amma İran hələ də rəsmi etirazını dilə gətirməyib və Ermənistana hər hansı bir xəbərdarlıq ünvanlanmayıb. 

Paktda ABŞ-ın Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün analitik qruplar göndərməsi məsələsi də öz əksini tapır. Bu isə bütövlükdə KTMT üçün təhdiddir - ABŞ Rusiya və KTMT-nin regionda təsirini azaltmaq istəyir. İşin müəyyən hissəsi artıq görülüb - Fransanın Ermənistana gətirdiyi radar sistemləri bunu “təsdiqləyir”. 

Saytın yazdığına görə, Birləşmiş Ştatlar Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq fikrindədir. İrəvanın “Xarici Hərbi Maliyyələşdirmə” (FMF) vəsaiti ilə təmin edilməsi vədi də buradan qaynaqlanır. Bu proqram ABŞ-ın müttəfiqlərini və tərəfdaşlarını təchizat, təlim və digər hərbi ehtiyaclar üçün qrantlar və ya kreditlər verməklə dəstəkləmək üçün nəzərdə tutulub. Adıçəkilən proqram ABŞ-ın əsas “xarici siyasət aləti” sayılır. ABŞ-ın  FMF vasitəsilə Ermənistanın müasir hərbi texnoloji imkanlarını artırmaq istəyi həm də Ermənistan ordusunun əməliyyat imkanlarının artırılmasına hədəflənib. 

ABŞ İrəvanı döyüşə sövq edir

Bundan başqa, paktda ABŞ Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün Ermənistan Silahlı Qüvvələri ilə birgə hərbi təlimlərdə iştirakı da vurğulanır. Bu isə öz növbəsində iki ölkənin hərbi birləşmələri arasında qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək məqsədi daşıyır - bu cür fəaliyyətlərin məqsədi, xüsusilə potensial münaqişə vəziyyətlərində birgə əməliyyat imkanlarının səviyyəsini artırmağa yönəlib. Bu əməkdaşlıq Ermənistan hərbçilərinə yeni taktika və texnologiyalara yiyələnməyə imkanı yarada bilər. Birgə təlimlər həm də Ermənistan ordusunun ümumi döyüş qabiliyyətini təkmilləşdirmək üçün platforma təşkil edir. 

Eyni zamanda, ABŞ Beynəlxalq Hərbi Təhsil və Təlim (IMET) proqramı vasitəsilə Ermənistanın müdafiə qabiliyyətini gücləndirməyi planlaşdırır. Məsələ hərbi təhsil sahəsində əməkdaşlığı özündə əks etdirir. IMET tərəfdaş ölkələrin hərbi personalının artırılması üçün ABŞ hərbi akademiyalarında təlim keçmək imkanı yaradır. Təlimlər taktiki və əməliyyat planlaşdırmasından tutmuş logistika və strateji idarəetmə kurslarına qədər geniş mövzuları əhatə edə bilir.

Razılaşmaya görə, ABŞ həm də bütün Ermənistan ərazisində GPS texnologiyasının geniş tətbiqini sürətləndirməyə çalışacaq. Qeyd edək ki, Ermənistanın hərbi sferasında GPS texnologiyasının tətbiqi hərbi əməliyyatların dəqiqliyi və səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq. GPS qoşunlara mürəkkəb və ya tanış olmayan ərazilərdə dəqiq naviqasiya etməyə imkan verir, hərəkətliliyi və dəyişən şəraitə cavabvermə qabiliyyətini xeyli yaxşılaşdırır.

Sülh Fondunun “müharibə paketi” ...

Avropa İttifaqı isə Ermənistan Silahlı Qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu (AƏF) çərçivəsində yardım paketini qəbul edəcək. Saytın məlumatına görə, bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlığını gücləndirmək məqsədi daşıyır. Paket həmçinin əməliyyat səmərəliliyini artıracaq, Ermənistan ordusunun Aİ və NATO standartlarına uyğunluğunu sürətləndirəcək. Yardım paketi həm də Ermənistan Silahlı Qüvvələrinin Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində əməliyyat və missiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi daşıyır.

“Caliber.az”-ın əldə etdiyi məlumatlara görə, Avropa Sülh Fondu (APF) vasitəsilə Ermənistana yardım paketinin qəbulu məsələsində artıq Avropa İttifaqında konsensus əldə olunub. Dəstək verilməsi barədə qərar qəbul edilib ki, bu da Aİ ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə imkan verir. Bu yardım paketi bir neçə strateji sahəyə fokuslandırılıb: Ermənistanın milli təhlükəsizliyinin və hərbi potensialının artırılması, əməliyyat hazırlığının təkmilləşdirilməsi, həm Aİ, həm də NATO-nun standartlarına uyğunluq.

Təbii ki, Aİ-nin bu qərarı həm də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində Ermənistan və Aİ arasında daha sıx əməkdaşlığı stimullaşdırmaq məqsədi daşıyır. Qərar Aİ-nin xüsusilə hazırki geosiyasi çağırışlar fonunda Avropanın şərq sərhədlərində öz təsirini formalaşdırmaq üçün strateji istəyini özündə əks etdirir. Faktda o da qeyd edilir ki, Aİ və Ermənistan mütəmadi olaraq müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparacaq.

Rusiya hərbi bazaları müzakirə edilir...

Eləcə də, Avropa İttifaqı Ermənistan hökumətinin Rusiya Federasiyası Sərhəd Xidməti qoşunlarının Zvartnots beynəlxalq hava limanından, Ermənistan-İran sərhədindən və bütün digər beynəlxalq sərhəd məntəqələrindən çıxarılması barədə qərarını dəstəklədiyini bildirir. Aİ-nin birbaşa dəstəklədiyi bu qərar Rusiyanın Ermənistan ərazisində mövqeyini zəiflətmək üçün ilk konkret, nəzərəçarpacaq addım sayılır və görünür, bu səbəbdən Brüssel razılaşmasında xüsusi qeyd edilir. Rusiya sərhəd qoşunlarının beynəlxalq hava limanı və İranla sərhəd kimi mühüm mövqelərdən çıxarılması regionda Avro-Atlantik təsirinin genişlənməsinə şərait yaradacaq. Belə bir “dəstək” Rusiyanın post-sovet məkanındakı imkanlarını məhdudlaşdırmağa yönəlib. Aİ bu yolla həm də Cənubi Qafqaz regionunda öz mövqelərini möhkəmləndirməyə çalışır. Qərar eyni zamanda Ermənistanın Rusiyanın təsirindən tamamilə çıxması üçün “tramplin” yaradır.

O da bildirilir ki, Aİ və Ermənistan Rusiya Federasiyasının Ermənistandakı hərbi obyektlərinin statusunu və 2044-cü ilə qədər mövcudluğunu nəzərdə tutan hazırkı sazişi nəzərdən keçirib. Ümumiyətlə, son zamanlar Avropa İttifaqı ilə Ermənistan arasında Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı müxtəlif variantları fəal müzakirələr aparılır ki, bu da Brüssel görüşündə öz əksini tapıb. Rusiya hərbi kontingentinin Ermənistan ərazisindən çıxarılması Aİ və ABŞ-ın erməni siyasətində strateji hədəflərindən biridir. Bu mənada müxtəlif ssenarilər, o cümlədən 102-ci Hərbi Baza ətrafında gərginlik yaradılması da nəzərdən keçirilir. 

Monitorinq Missiyası hərbi bazaya çevrilir...

Saytın yazdığına görə, Aİ və Ermənistan İrəvanın Rusiya hərbi texnikası və texnologiyasından asılılığının azaldılması, eləcə də Rusiya tərəfindən verilən hərbi təhsil və təlimdən asılılığın aradan qaldırılması zərurətini də müzakirə ediblər. Görundüyü kimi, Aİ və Ermənistan arasında aparılan müzakirələr hərbi texniki əməkdaşlıqlarla yanaşı, hərbi təhsil proqramlarını da əhatə edir. Bu isə açıq şəkildə Avro-Atlantik blokun İrəvanın hərbi strukturlarını rusiyayönümlü elementlərdən “təmizləmək”“ üçün birgə səylərinə işarə edir. Bu prosesə artıq start verilib. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsində 2020-24-cü illərdə Ermənistana silah tədarükü ilə bağlı sazişlərdə Rusiyanın payının 96 faizdən aşağı düşməsi, 10 faizdən çox azalması barədə bəyanatı bunu misaldır. 

Razılaşmada həm də Aİ-nin Ermənistandakı monitorinq missiyasının (EUMA) uzunmüddətli mövcudluğunu təmin etmək və işçilərin əhəmiyyətli dərəcədə artırılması hesabına onun funksiyalarını genişləndirmək üçün əməkdaşlıq da nəzərdə tutulur. Vurğ?l?yaq ki, bu qrupun kəşfiyyat xarakteri daşıması heç kimə sirr deyil - beləliklə qrup həm də NATO ölkələrinin (və ya bir konkret ölkənin) tamhüquqlu hərbi bazasına çevrilmək potensialına malik ola bilər. Missiya heyətinin əhəmiyyətli dərəcədə artırılması və onun funksiyalarının genişləndirilməsi bu perspektivi gücləndirir. Yeri gəlmişkən, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinnin bu yaxınlarda bəyan etmişdi ki, Vaşinqton hələlik Aİ missiyasına qoşulmağı müzakirə etməyib, lakin gələcəkdə bu ehtimalı da istisna etmir.

Aİ ilə razılaşmada həmçinin qurumun Ermənistana Azərbaycanla sərhəddə müdafiə infrastrukturunun, o cümlədən mühəndis istehkamlarının yaradılmasında yardım etməsi də nəzərdə tutulur. Beləliklə, Aİ-nin Azərbaycanla şərti sərhəddə mühəndis istehkamlarının inşası, çoxsaylı atəş mövqeləri yaradılmasına “yardımı” İrəvanı yeni qarşıdurmalara sövq etməkdən başqa məna vermir. Ermənistan və Aİ-nin “sülh təşəbbüslərinə dəstək” bəyanatlarına baxmayaraq, praktiki olaraq bu cür addımların nəzərdə tutulması Azərbaycana qarşı potensial hücumlar üçün imkanların yaradılması kimi qiymətləndirilə bilər. Yada salaq ki, Ermənistan Azərbaycana qarşı öz Konstitusiyasında təsbit olunmuş ərazi iddialarından hələ də əl çəkməyib. Bu ölkənin Azərbaycana qarşı ekspansionist niyyətlərini institusional olaraq rədd etməsi reallaşmadıqca, hər hansı bir güclənmə münaqişəni qızışdırmaq və sülh prosesini pozmağa cəhd sayılır. 

Bundan başqa paktda Aİ-nin Ermənistanla sərhəd təhlükəsizliyi və nəzarət məsələlərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları və Avropa İttifaqının Xarici Sərhəd Təhlükəsizliyi Agentliyi (Frontex) vasitəsilə əməkdaşlıq etməsi, Aİ-yə üzv dövlətlərin və ABŞ-ın yeni yaradılmış Ermənistan Xarici Kəşfiyyat Xidmətinin təlimi və təchizatında “iştirakı”, Ermənistanın Kompüter Təhlükəsizliyə Müdaxilə Qrupunun (CERT) və Kompüter Təhlükəsizliyi və İnsidentlərə Müdaxilə Qrupunun (CSIRT) strateji imkanlarını gücləndirmək üçün kiber dialoqa başlanılması da yer almaqdadır. 

Birgə  planlar...

Ayrı-ayrılıqda olmaqla yanaşı, ABŞ ilə Aİ-nin Ermənistan üzərindən birgə planları da mövcuddur. Belə ki, saytın yazdığına görə, ABŞ və Avropa İttifaqı Metsamor Atom Elektrik Stansiyasının (MAPP) sökülməsində Atom Elektrik Stansiyalarının Deaktivasiyası Proqramı (DNPP) vasitəsilə Ermənistana kömək edəcək. Metsamorun fəaliyyəti dayandırıldıqdan sonra yeni atom elektrik stansiyalarının inkişafı üçün maliyyə ayrılacaq. Eyni zamanda, ABŞ və Avropa İttifaqı Ermənistanın müdafiə və təhlükəsizlik davamlılığı proqramının həyata keçirilməsini əlaqələndirmək üçün birgə hərbi və müdafiə işçi qrupu yaradacaq.

5 aprel görüşü ilə bağlı əsas təhdidlərdən biri isə Aİ və ABŞ-ın Ermənistana öldürücü silahların verilməsinə dair razılığa gəlməsidir. Saytın yazdığına görə, hücum silahlarının tədarükü gözlənilir. Nəticədə İrəvan Qərbin Gürcüstana belə vermədiyi, uzun illər Ukraynaya verməkdən imtina etdiyi silahları əldə etmiş olacaq. 

Göründüyü kimi Ermənistan son dərəcə riskli, onun üçün böyük faciə ilə nəticələnə biləcək bir oyuna girib - Nikol Paşinyan isə “geosiyasi bahisləri” qaldırır, bu və ya digər şəkildə itirilənləri geri qaytarmağa çalışır, nəticədə ölkəsini daha böyük təhlükə qarşısında qoyur. Azərbaycan İrəvanın və onun yeni himayədarlarının bütün addımlarından xəbərdardır. Əmin ola bilərlər ki, xarici qüvvələrin “regionda qüvvələr balansını bərpa etmək” (oxu, Azərbaycandan fərqli olaraq Ermənistanı gücləndirmək) üçün “nəzarətçi orqan” yaratmaq cəhdləri nəticəsiz qalacaq. 

SADİQ

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31