Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciəti birliyimizin və həmrəyliyimizin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciəti birliyimizin və həmrəyliyimizin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir

28.07.2020 [09:17]

Milli Məclisin deputatı Ceyhun Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Ceyhun müəllim, bildiyimiz kimi, işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində hərbi təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Tovuz döyüşləri xalqımızda, o cümlədən gənclərimizdə hərbi-vətənpərvərlik ruhunu daha da yüksəltdi. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Ermənilərin bu hücumları təşkil etməkdə əsas məqsədi əhali arasında xof və çaşqınlıq yaratmaq, yeni ərazilər işğal etmək idi. Ancaq fəxrlə deyə bilərik ki, ermənilər bu dəfə də öz məqsədlərinə nail ola bilmədilər, bütün təxribatların qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Azərbaycan xalqı bir daha mərd və vətənpərvər olduğunu düşmənə layiqincə cavab verərək göstərdi. Deyə bilərəm ki, Aprel döyüşləri zamanı sarsıdıcı zərbə alan, hələ də bu günə kimi özünə gələ bilməyən erməni tərəfi növbəti dağıdıcı zərbəni Tovuzda aldı. Aprel zəfəri kimi, Tovuz döyüşləri də Azərbaycan tarixində silinməz izlərlə qalacaq.
2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu dəfə ermənilərin bütün cəhdlərinə baxmayaraq Azərbaycan xalqı dövlətlə birlik və həmrəylik nümayiş etdirdi. Bu döyüşlər gənclərimizdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Gənclərimiz hər an Vətənin azadlığı və müstəqilliyi uğrunda döyüşməyə, canlarından keçməyə hazır olduqlarını göstərdilər.
Aprel döyüşləri kimi iyul döyüşləri də illər ötməsinə baxmayaraq, Azərbaycan xalqınını heç zaman işğalla barışmayacağını, ermənilərin bu xalqın döyüş əzmini heç zaman qıra bilməyəcəklərini, birlik və həmrəyliklərini poza bilmiyəcəklərini göstərdi. Minlərlə gəncin cəbhə bölgəsinə axışması, küçələrə çıxaraq ölkə rəhbərliyi və ordu ilə birlik və həmrəylik nümayiş etdirməsi bu fikri bir daha təsdiq etdi.
- Erməni təxribatçılarının dinc aksiya iştirakçılarına qarşı zorakılıq törətməsi, soydaşlarımıza xəsarət yetirməsi həm də ciddi qanun pozuntusu, hüquqazidd əməllərdir. Həmin ölkələrin hüquq-mühafizə orqanlarının hadisələrə yanaşmasını necə qiymətləndirmək mümkündür?
- Bir sıra ölkələrin hüquq - mühafizə orqanları ermənilərin törətdikləri zorakılıq hallarının qarşısının alınması, güclü iğtişaşların baş verməməsi üçün zəruri tədbirlər gördülər.
Ancaq təəssüf ki, bəzi ölkələrin hüquq-mühafizə orqanları iğtişaşların və ermənilərin təxribatlarının qarşısını ala bilmədilər. Baxmayaraq ki, əvvəldən onlar bu iğtişaşlar barədə məlumatlandırılmışdılar. Həmin ölkələrin müvafiq qurumları ciddi tədbirlər görsəydilər bu kimi hallar baş verməz, ermənilər bu qədər azğınlaşmazdılar.
- Bu hadisələr erməni təxribatının xaricdə davam edə biləcəyini göstərdi. Sizcə, belə bir şəraitdə Azərbaycan diasporu, diplomatik nümayəndəliklərimiz bundan sonra hansı addımlar atmalıdır? Bu baxımdan, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciətinin əhəmiyyəti nədən ibarətdir?
- Son günlər baş verənlər göstərdi ki, bu kimi hadisələrin davamlı baş vermə ehtimalı kifayət qədər yüksəkdir. Ermənilər ənənələrinə sadiq qalaraq növbəti təxribatlar törədə bilərlər. Diplomatik nümayəndələrimiz və diaspor təşkilatlarımız diqqətli olmalı, belə hadisələrin baş vermə ehtimalları barədə fəaliyyət göstərdikləri və yaşadıqları ölkələrin müvafiq strukturlarını məlumatlandırmalıdırlar. Həm səfirliyimizin əməkdaşları, həm də diasporumuzun nümayəndələri ayıq-sayıq olmalı, təxribata uymamalıdırlar.
Qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə çox aktual və adekvat müraciəti oldu. Müraciətdə qeyd edilir ki, azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib.
Bildirildiyi kimi, erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir.
Mehriban xanım haqlı olaraq müraciətində çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıb. Lakin nədənsə hələ onların səsləri eşidilmir. Halbuki, biz həmin beynəlxalq QHT-lərin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qeyri-obyektiv hesabatlarının şahidi olmuşuq. Əgər onlar bəyan etdikləri kimi, həqiqətən insan haqlarının müdafiəsi ilə məşğuldurlarsa ermənilərin soydaşlarımıza qarşı zorakılığına münasibət bildirməlidirlər.
Mehriban xanım Əliyeva müraciətində həmçinin, bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıb. “Unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır”, - deyə müraciətdə vurğulanır.
Təbii ki, Mehriban xanım Əliyevanın dəyərli çağırış və tövsiyələrinə mütləq əməl edilməlidir. Çünki düşmən çox hiyləgər və məkrlidir, məqsədə çatmaq üçün hər cür təxribata hazırdır. Bütövlükdə isə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciəti birliyimizin və həmrəyliyimizin gücləndirilməsi, baş verən hadisələrin obyektiv qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Paylaş:
Baxılıb: 461 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Turizm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31