Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Milli mətbuatımız: tarix, ənənələr, müasir çağırışlar və trendlər

Milli mətbuatımız: tarix, ənənələr, müasir çağırışlar və trendlər

22.07.2020 [09:23]

AZƏRTAC-n İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanov www.yap.org.az saytına müsahibə verib:
Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan milli mətbuatının 145 illik yubileyi geniş qeyd olunur. Mətbuatımızın 145 illiyi həm də Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 100 illik yubileyinə təsadüf edir. Müsahibimiz AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti, ömrünün 45 ili mətbuatla bilavasitə bağlı olan Aslan Aslanovdur. Onunla söhbətə Prezidentin Sərəncamının əhəmiyyətindən, dövlətimizin başçısının mətbuata, jurnalistlərə diqqət və qayğısından başladıq.
- Milli mətbuatımızın 145 illiyi dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən yaranmış gərgin dövrə təsadüf edir. Bu təhlükəli virusla mübarizə, pandemiyanın sosial-iqtisadi həyata təsirlərini azaltmaq, vəziyyətdən mümkün qədər az itkilərlə çıxmaq dövlət səviyyəsində böyük səylər, maliyyə resursları tələb edir. Bilirik ki, Azərbaycan Prezidenti vəziyyəti gecə-gündüz nəzarətdə saxlayır. Belə bir vaxtda mətbuatımızın yubileyinin dövlət səviyyəsində qeyd olunması ikiqat əlamətdardır, dövlətimizin başçısının mediaya diqqət və qayğısının bariz göstəricisidir. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Bu siyasəti davam etdirən və yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr isə milli mətbuatımızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolunun yüksəlməsi ilə səciyyəvidir.
- Sərəncamda müasir dövrün çağırışlarına, KİV-in qarşısında duran vəzifələrə də toxunulur. Bu barədə nə düşünürsünüz?
- Doğrudan da, bu sənəd biz mətbuat işçiləri üçün həm də yol xəritəsidir. Hazırda ölkəmizdə sistemli, inqilabi səciyyə daşıyan islahatlar həyata keçirilir, şəffaflığa və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyalar tətbiq olunur, ictimai nəzarət və siyasi dialoq mühiti genişləndirilir. Belə bir taleyüklü məqamda müstəqil, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan mediaya daha çox tələbat duyulur. Dövlətimizin başçısı tövsiyə edir ki, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir.
- Müasir mətbuatımızın formalaşması və inkişafı Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Siz, necə deyərlər, “jurnalistika mətbəxi”ndə, hadisələrin mərkəzində olan media nümayəndəsi kimi həmin dövrü necə xatırlayırsınız?
- Ulu Öndər mətbuat sahəsində islahatlara başlamaq üçün münasib vaxt və şərait yaranmasını gözləyirdi. Bu, 1998-ci ildə baş verdi. O dövrün siyasi-ictimai, hərbi mənzərəsinə nəzər salsaq, Heydər Əliyevin senzuranı niyə hakimiyyətə gəldikdən beş il sonra ləğv etdiyi aydın olar. Ermənilər bütün cəbhəboyu hücuma keçmişdilər, cənub bölgəsində separatçılıq hərəkatı baş qaldırmışdı, müəyyən xarici dairələr gizli və açıq təxribatlara əl atırdılar. Media işçiləri arasında səriştəsiz, bəzi hallarda isə bədxah qüvvələrin əlində alətə çevrilmiş insanlar az deyildi. Belə bir şəraitdə mətbuata hüdudsuz azadlıq verilməsi hələ kövrək olan müstəqilliyin əleyhinə işləyə bilərdi. Ulu Öndərin “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanının cəmiyyətdə necə güclü reaksiya doğurduğunu yaxşı xatırlayıram. Bəziləri senzuranın ləğvini radikal qərar hesab edir, təşviş keçirirdilər.
Bundan bir müddət sonra institusional islahatlar başladı. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna prinsipial dəyişikliklər edildi. Mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə aradan qaldırıldı. Nəhayət 2003-cü ildə Mətbuat Şurasının yaradılması ilə mətbuatın özünütənzimləmə metodu tətbiq olundu və beləliklə, cəmiyyət-media münasibətləri tədricən normallaşmağa başladı.
- Aslan müəllim, bəs 2003-cü ildən sonrakı dövr medianın inkişafı, jurnalistlərə diqqət və qayğı baxımından hansı yeniliklərlə xarakterikdir?
- 2003-ci ildən başlayaraq öz praqmatik, uzaq hədəflərə hesablanmış siyasəti ilə ölkəmizin bütün sahələrdə dinamik inkişafını təmin edən Prezident İlham Əliyev söz və mətbuat azadlığının genişləndirilməsi istiqamətində də davamlı, misilsiz addımlar atır. Dünyanın heç bir yerində dövlət mətbuata Azərbaycanda olduğu qədər yardım etmir. Yaxud Azərbaycandan başqa elə bir ölkə varmı ki, jurnalistlərə pulsuz ev tikib paylasın?
Dünya miqyasında analoqu olmayan dəstək və qayğı KİV-in iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılmasında, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolunun gücləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Söz və mətbuat azadlığının başqa hansısa ölçüsü, meyarı varmı? Məncə, yoxdur. Bilən varsa, qoy desin.
- Milli mətbuat tariximizdə AZƏRTAC-ın öz yeri və rolu var. O, Azərbaycanın ilk informasiya agentliyidir. Yüz ildir ki, aramsız olaraq dövrün salnaməsini yazır. Tarixdən başlayaq: AZƏRTAC necə və hansı zərurətdən yarandı?
- Yüz yaşlı agentliyin tarixinin dərin qatlarına enmək çox vaxt aparar. Bu tarix bir müsahibəyə sığışmaz. İlk milli informasiya agentliyinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi xidməti olmaqla, mətbuatımızın inkişafı istiqamətində atılan mütərəqqi addımlardan biridir. Təəssüf ki, AZƏRTAC müstəqil xəbər agentliyi kimi cəmi 58 gün fəaliyyət göstərə bildi - 1920-ci il martın 1-dən aprelin 28-dək. Lakin yaxşı mənada reallıq ondan ibarətdir ki, qalibiyyət və sarsıntıların, tənəzzül və tərəqqinin bir-birini əvəzlədiyi bir əsrlik yolun salnaməsini məhz AZƏRTAC yazıb və yazmaqda davam edir.
Keçmiş SSRİ-nin tərkibində yaşadığımız 70 ili tarixdən silib ata bilmərik. Müstəqilliyimizi itirməyimizə, dövrün kəskin ziddiyyətlərinə baxmayaraq, AZƏRTAC-ın xəbər agentliyi kimi formalaşması, peşəkar kadr potensialının yaranması məhz həmin illərdə baş verdi. Bu haqda danışarkən dahi siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri xüsusi qeyd etmək lazımdır. Ulu Öndərimiz hələ medianın indiki qədər inkişaf etmədiyi vaxtlarda mətbu sözün, informasiyanın səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata, jurnalistlərə fərqli münasibət bəsləyir, xüsusi həssaslıqla yanaşırdı.
Heydər Əliyevə qədər arxa planda qalan AZƏRTAC da həmin dövrdə istər respublika, istərsə də İttifaq miqyasında öncül mövqelərə çıxdı, SİTA-nın informasiya buraxılışlarını qəbul edib Cənubi Qafqaz respublikalarına ötürən mərkəzə çevrildi. Agentliyin əməkdaşları müxbir briqadalarının tərkibində xarici ölkələrə gedir, hadisə yerindən xəbərlər hazırlayıb göndərirdilər.
Biz həm Ulu Öndərimizin, həm də Prezident İlham Əliyevin diqqətini, qayğısını həmişə hiss etmişik. Son 27 ildə böyük inkişaf yolu keçən AZƏRTAC ən müasir texnologiyalarla tam təmin olunub. Dövlətimizin başçısının Sərəncamına əsasən agentliyimiz üçün yeni bina tikilib və yaxın vaxtlarda kollektivimizin istifadəsinə veriləcək. Hazırda agentliyimizin xaricdə 22 müxbir məntəqəsi fəaliyyət göstərir. Biz hər gün 8 dildə 600-650 informasiya hazırlayıb yayırıq.
- Yeri gəlmişkən, agentliyinizin beynəlxalq əlaqələri barədə bir qədər ətraflı məlumat verərdiniz. Bu istiqamətdə fəaliyyət necə başladı, hansı mərhələlərdən keçdiniz?
- Bir dəfə Ulu Öndərimiz mənə dedi ki, AZƏRTAC beynəlxalq informasiya platformalarına çıxmalıdır, OANA-ya üzv olmalıdır. O vaxt bizdə hətta jurnalistlər arasında belə bir təşkilatın mövcudluğundan xəbərdar olanlar az idi. Heydər Əliyev isə nəinki bunu bilir, həm də bu təşkilata üzvlüyün vacibliyini dəyərləndirirdi. Biz 2004-cü ildə OANA-ya daxil olduq, 12 ildən sonra isə ona hətta rəhbərlik etdik.
Son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalamışıq, 150-dək agentliklə informasiya mübadiləsi aparırıq. Onların arasında bütün qitələrdən olan aparıcı agentliklər, nüfuzlu xəbər yayımçıları var.
Agentliyin həyatında ən əlamətdar hadisələrdən biri dörd il əvvəl baş verdi. 2016-cı ildə Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakı eyni vaxtda iki mötəbər beynəlxalq təşkilatın əsas forumlarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, OANA-nın XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdi, agentliyimiz bu qurumların rəhbəri seçildi. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adı dünya mətbuat tarixinə yazıldı.
- Siz Ulu Öndərimizin xarici səfərlərini işıqlandıran media qrupunda işləmisiniz. Heydər Əliyevin agentliyinizə, jurnalistlərə münasibətilə bağlı ən çox hansı məqamları qeyd etmək istərdiniz?
- Bilirsiniz, mənim jurnalistlik fəaliyyətimin böyük hissəsi AZƏRTAC-la bağlıdır. Yüzillik yolun təxminən 30 ili gözümün önündə keçib. Odur ki, tam qətiyyətlə deyə bilərəm ki, Heydər Əliyev dövlət siyasətinin informasiya təminatında AZƏRTAC-a üstünlük verir, ona etibar edirdi. Bunun təsdiqi kimi bir çoxlu qərarları, sərəncamları misal çəkə bilərəm. Amma hesab edirəm ki, həmin sənədlərdən təkcə biri bu barədə təsəvvür yaratmaq üçün kifayət edər. Ulu Öndər respublika rəhbərliyinə qayıdışından az sonra - 1995-ci il martın 3-də agentliyin yenidən təşkil edilməsi haqqında Fərman imzaladı. AZƏRTAC-a dövlət informasiya orqanı statusu verildi, yetərincə büdcə vəsaiti ayrıldı.
Mənə Ulu Öndərimizin 1993-cü il iyunun 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında xarici diplomatlarla keçirdiyi ilk görüşündən başlayaraq, dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndə heyətləri ilə, demək olar, bütün görüşlərini, xarici səfərlərini, apardığı danışıqları işıqlandırmaq xoşbəxtliyi nəsib olub. Ulu Öndər nə yazdığımla, necə yazdığımla şəxsən maraqlanır, istiqamət və tövsiyələr verirdi.
Onu da qeyd edim ki, Azərbaycan mətbuatında siyasi publisistika janrının əsasları 1993-cü ildən başlayaq Heydər Əliyevin hakimiyyəti illərində qoyuldu. Ulu Öndərimizin ən müxtəlif mövzulardakı çıxış və nitqləri fikrin ifadə tərzi, səlis və təmiz dili, aydın məntiqi baxımından siyasi publisistikanın bənzərsiz nümunələridir.
Ənənələr davam edir və müasir dövrdən irəli gələn yeni çalarlarla zənginləşdirilir. Agentliyimiz Prezident İlham Əliyevin çıxış və nitqlərini, görüşlərini, xarici ölkələrə və bölgələrə səfərlərini, apardığı danışıqları bütün təfərrüatı ilə işıqlandırır, miqyasından və həcmindən asılı olmayaraq, elə həmin gün oxucuya çatdırır. Bu, qeyd etdiyim kimi, AZƏRTAC-ın birbaşa funksiyasıdır və onun statusundan irəli gəlir.
- Mətbuatımızın tarixinə nəzər salsaq görərik ki, hər dövrün öz çağırışları, trendləri olub. Sizcə, müasir dövrümüzdə KİV-in, jurnalistlərin qarşısında duran əsas vəzifələr nədən ibarətdir?
- Azərbaycan 30 ilə yaxındır Ermənistanla müharibə vəziyyətindədir. Düşmən bizə qarşı həm də informasiya müharibəsi aparır. Erməni təbliğat maşınının var gücü ilə yalan tirajladığı belə bir taleyüklü vaxtda Azərbaycan və Dağlıq Qarabağ haqqında tarixi həqiqətlərin dünyaya çatdırılması milli mətbuatımızın bir nömrəli vəzifəsi olmalıdır. Biz bunun ən ideal nümunəsini Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı gördük. Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlara və təkzibolunmaz arqumentlərə söykənərək Ermənistanın baş naziri Nikol Paşinyanın yalan və uydurmalarını, saxta erməni mifini darmadağın etdi. Prezidentimiz diplomatlara, eləcə də biz jurnalistlərə, sözün yaxşı mənasında, dərs verdi. Öz şəxsi nümunəsi ilə göstərdi ki, informasiya savaşında qətiyyətli olmaq, təkzibedilməz arqumentlərə əsaslanmaqla müdafiə taktikasından hücum taktikasına keçmək zamanıdır. Bunun nə qədər vacib olduğunu düşmənin Tovuz rayonu istiqamətində son hərbi təxribatı zamanı bir daha gördük. Ermənilər yalan məlumatlar yayaraq təqsiri Azərbaycanın üstünə atırdılar. Həmin günlərdə agentliyimizin üzv olduğu beynəlxalq media təşkilatlarının saytları və əməkdaşlıq etdiyimiz dünya KİV-ləri (təxminən 50 ölkənin 100-dək informasiya resursu) AZƏRTAC-ın materiallarına istinadla düşmənin bu hərbi təxribatı barədə xəbərlər yaydı, dünya ictimaiyyətini əsl həqiqət barədə məlumatlandırdı.
Birinci vitse-prezident Mehriban Əliyevanın son hadisələrlə bağlı xalqımıza müraciəti bu baxımdan xüsusilə səciyyəvidir. Mehriban xanım müraciətində vurğulayır ki, hər birimizin borcu Azərbaycanın mövqeyini həm döyüş meydanında, həm də kompüter arxasında müdafiə etməkdir. Unutmaq olmaz ki, yaşadığımız informasiya əsrində söz də bir silah, jurnalist də bir əsgərdir. Biz bu məsuliyyəti hamılıqla dərk etməliyik, milli maraqlarımızın müdafiəsində dayanmaq üçün maksimum səfərbər olmalıyıq.
Zamanın digər mühüm çağırışı multimedia və videoxəbər istehsalıdır. AZƏRTAC-da videoxəbər xidməti 2010-cu il aprelin 22-də Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılıb. O vaxtdan 10 il keçib və videoformatın qlobal miqyasda trend olduğunu artıq hamı görür. AZƏRTAC regionda yeganə agentlikdir ki, 5 dildə (Azərbaycan, ingilis, rus, fransız və alman) videoxəbər yayır. Son bir ildə mobil cihazlar vasitəsilə bizim informasiya resurslarına müraciət 50 faiz, videolara baxış isə 75 faiz artıb. “YouTube” kanallarımızda videoxəbərlərə baxışların 83 faizi mobil cihazların payına düşür.
- Son olaraq, informasiya bazarında rəqabət, feyk xəbərlər problemi, jurnalist məsuliyyəti barədə fikir və mülahizələrinizi bölüşməyinizi xahiş edirik. AZƏRTAC-ın rəqabətqabiliyyətliliyi nə ilə şərtlənir?
- AZƏRTAC heç vaxt yoxlanılmamış, dəqiqləşdirilməmiş xəbər yaymırıq, sensasiya, yaxud süni reytinq arxasınca qaçmırıq. Əvəzində qazancımız oxucu inamı və etibarıdır. AZƏRTAC Azərbaycan həqiqətlərini dünyaya daha çox çatdırmaq üçün səylərini daim artırır.
Yeniləşmək və yenə də yeniləşmək - bu gün üçün də, gələcək üçün də hədəfimiz budur. Jurnalistin məsuliyyətinə gəlincə, ətrafda yalanın, saxta informasiyanın miqdarı artdıqca, bu məsuliyyət hissi adekvat olaraq güclənməlidir.
Fürsətdən istifadə edərək öz qələmi və sözü ilə xalqımıza, dövlətçiliyimizə, milli maraqlarımıza xidmət edən həmkarlarımızı peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.

Paylaş:
Baxılıb: 492 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31