Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanın milli mətbuatı böyük və şərəfli yol keçərək bu gün daha nəhəng uğurlara imza atmaqdadır

Azərbaycanın milli mətbuatı böyük və şərəfli yol keçərək bu gün daha nəhəng uğurlara imza atmaqdadır

22.07.2020 [09:22]

“SƏS” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Bəhruz müəllim, Azərbaycan mətbuatı yaranmasının 145-ci ildönümü ərəfəsindədir. Ötən illər ərzində mətbuatımızın keçdiyi tarixi yolu necə şərh edərdiniz?
- Öncəliklə, qarşıdan gələn 145-ci ildönümü ilə bağlı bütün həmkarlarımı təbrik etmək istərdim. Bu çətin, məsuliyyətli və şərəfli yolda hər birinə işlərində uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Sualınıza gəldikdə isə, sözlərimi Azərbaycanın mütəfəkkiri Həsən bəy Zərdabinin sözləri ilə başlayardım - Maarifdən, elmdən məhrum xalq işıqdan məhrumdur. Bəli, məhz bu kəlamı dərindən təhlil edərkən, həqiqətən də maarifçiliyin nə qədər önəmli bir şərt olması özünü bir daha təsdiq edir. Söz yox ki, mətbuat da bu şərtin mənbəsi olaraq qiymətləndirilir. Azərbaycan maarifçilik aynasının mətbuat olması, yarandığı gündən özünü bütün müsbət mənalardan göstərib. Belə ki, bu gün Həsən bəyin əsasını qoyduğu, Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi”nin yaranmasından 145 il ötür. Lakin mövzuya və sualınıza daha dərin, müfəssəl aydınlıq gətirmək üçün demək istərdim ki, mətbuat tariximizi bir neçə mərhələyə aid etmək olar - Çar Rusiyası, Xalq Cümhuriyyəti, Sovet və müasir dövrlərimiz.
Onu da qeyd edəm ki, Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublika mətbuatına xüsusi diqqət göstərilirdi. Respublikanın rəhbəri olaraq, Ulu Öndər tez-tez mətbuat nümayəndələri ilə görüşür, zamanın çətinliklərinə, durğunluq dövrü olduğuna baxmayaraq, yerlərdə aparılan araşdırmaların nəticələrinin ölkə qəzetlərində dərc edilməsinə göstərişlərini verirdi. Əbəs deyil ki, hətta həmin vaxtlarda felyetonlar, satirik yanaşmalar olan tənqidi yazılar işıq üzü görür, ictimai rəyin diqqətinə çatdırılırdı. Yəni bunun üçün Heydər Əliyev bir çox işlər görüb, yeniliklər gətirib.
-Ulu Öndər Heydər Əliyev və Azərbaycan mətbuatı deyərkən sizdə daha hansı assosiasiyalar, düşüncələr yaranır?
- Mətbuat tariximizdə ən böyük hadisələrdən biri əlbəttə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi idi. Bu, azad və demokratik Azərbaycan mətbuatının formalaşması üçün əsas şərt idi. Təbii ki, həmin dövrdə demokratik mətbuatın yaranması və inkişafı üçün ciddi əngəllər var idi ki, onlardan biri də senzuranın mövcud olması idi. Eləcə də həmin vaxtın iqtidarları da medianın inkişaf təzahürünə, müstəqil yayım imkanlarına maneələr törədirdi. SSRİ rejiminin müəyyən təsirləri qalmaqda idi. Yalnız Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan mətbuatının imkanları genişlənməyə başladı. Xüsusilə, 1998-ci ildə, Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla mətbuat üzərində senzura ləğv edildi, qəzetlərə “yaşıl işıq”yandırıldı. Bundan sonra ölkədə mətbuatın inkişafı ilə bağlı bir-birinin ardınca imzalanan Fərman və sərəncamlar, xüsusilə də 1999-cu ildə KİV haqqında qanunun yaranması Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün ciddi zəmin yaratdı.
2000-ci ilin mart ayında Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqamı” təsdiq olundu. Bir sıra qəzetlərin borcları tamamilə silindi. 2003-cü ilin mart ayında isə media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, müstəqil mətbuat tariximizdə əlamətdar hadisələr idi. Həmin vaxtlardan etibarən ölkə mediasında ilk olaraq, məhz Heydər Əliyev jurnalistlərin dostu kimi qiymətləndirildi. Onun bir kəlamını xatırlatmaq istərdim: “Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri daim sevmişəm”.
Ümumiyyətlə, qeyd etmək istərdim ki, mən də bir jurnalist olaraq, Ümummilli Liderimizi bir sıra səfərlərində müşayiət edərkən, Onun jurnalistlərə olan qayğısını, diqqətini daim üzərimizdə hiss etmişəm. Kiçik bir haşiyə çıxaraq bir amili də xatırlatmaq istərdim. Heydər Əliyev bütün səfərlərində keçirdiyi yorucu, ağır və çətin görüşlərindən sonra daim, ilk olaraq Onu müşayiət edən jurnalistlərlə maraqlanırdı. Hətta mətbuat işçilərinin nə zaman nahar etmələri, dincələ bilib-bilməməkləri barədə soruşurdu. Onun üzərimizdəki atalıq qayğısını izah etmək çox çətindir. Çünki bu qayğını yaşamaq, görmək lazım idi. O, həqiqətən də jurnalistlərin səmimi, dönməz dostu idi və belə olaraq da daim xatirələrimizdə yaşayacaq.
- Bəhruz müəllim, bəs Azərbaycan mətbuatının hazırkı, müasir dövrünü necə xarakterizə edərdiniz?
- Söz yox ki, bu gün mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şərait yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyəti qarşısında duran mühüm vəzifələrdir və Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı sərəncamlar Azərbaycanda mətbuata dövlət qayğısının daha bir parlaq təzahürü kimi dəyərləndirilməlidir.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları isə təsdiqləyir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bütün bunları yüksək qiymətləndirən Azərbaycan mətbuatı Prezident İlham Əliyevi üçüncü dəfə “Jurnalistlərin dostu” elan etdi. “RUH” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən aparılan rəy sorğusunda Prezident İlham Əliyev ən yüksək səs çoxluğu ilə “Jurnalistlərin dostu” seçildi. Mükafatı qəbul edən Prezident İlham Əliyev ölkəmizdə mətbuatın inkişafı istiqamətində mühüm addımların atıldığını deyərək vurğulayıb ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın rolu danılmazdır. Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır.
Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq atır. Belə ki, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı.
2016-cı il iyulun 21-də dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrıldı. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrıldı. 2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, dövlətimizin başçısı, həmçinin üçüncü binanın təməlini qoydu. Həmin gün Azərbaycan Prezidentinin Sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrıldı. Jurnalistlərlə görüşü zamanı Prezident İlham Əliyev “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür”,-deyə bildirib.
Bütün bunları nəzərə alarkən qənaətə gələ bilərik ki, dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin dediyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözü Onun siyasi fəaliyyətini əsas qayəsidir.
- Azərbaycanda söz və ifadə azadlığının inkişafında mətbuatın rolu və yeri necədir, qarşıda milli mətbuatı hansı uğurlar gözləyir?
- Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev də Ümummilli Lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan dövlətimizin başçısı, cənab Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir, bu şərtin əsaslarını mükəmməlliklə təhlilini aparır. O, bu barədə fikirlərini bölüşərkən vurğulayıb ki, Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin: “Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.
Daha bir məqam isə budur ki, Azərbaycan mətbuatı üçün digər böyük hadisələrdən biri də jurnalistlər üçün yaşayış evlərinin tikintisidir. Bu isə mətbuat işçilərinin məişət problemlərinin də diqqətdə olduğunun göstəricisidir.
Bəli, məhz Prezident İlham Əliyev ölkəmizdə azad sözün hamisidir. Dövlətimizin başçısı bunu Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi, əbədi və uğurlu ənənələri davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, azad medianın təmin edilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib. Odur ki, Azərbaycan mətbuatı da, Azərbaycan jurnalisti də, haqlı olaraq ölkə Prezidentini - cənab İlham Əliyevi özünün dostu hesab edir və bundan sonra da edəcək.
Son olaraq belə qənaətə gəlmək olar ki, Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə, mətbu ənənələrə malik olması demokratik milli jurnalistikanın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Söz yox ki, biz mətbuat işçiləri də öz vəzifəmizin öhdəsindən layiqincə gəlib, milli mətbuatımızı dövlətçilik konsepsiyası əsasında uğurlarımızı davam etdirəcəyik.

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31