Ana səhifə »  Müsahibə »  Bu gün Azərbaycan qadını ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir
A+   Yenilə  A-
Bu gün Azərbaycan qadını ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Hicran xanım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edərək qeyd etmişdir ki, “Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır”. Siz, bu fikirləri necə şərh edərdiniz?
- Mən ilk növbədə qeyd edim ki, hər il olduğu kimi, Beynəlxalq Qadınlar Günü ərəfəsində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ənənəvi olaraq Azərbaycan qadınlarını həm təbrik edir, həm də respublikamızın ictimai həyatında və öz fəaliyyət sahələrində fərqlənən bir qrup qadına Vətənin yüksək mükafatı və fəxri adların verilməsi ilə bağlı Sərəncam imzalayır. Bu, Azərbaycan cəmiyyətində xüsusi yer tutan qadınlarımızın fəaliyyətinə ölkə başçısı tərəfindən verilən yüksək dəyərin və dövlətimizin qadınlara göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir. Ümid edirəm ki, hər birimiz bu etimadı doğruldacayıq və bu işimizin keyfiyyətini və peşəkarlığını daha da inkişaf etdirmək üçün əlavə stimul olacaq. Ölkə rəhbərinin bu günlə bağlı biz qadınlara ünvanlanan müraciəti dövlət qayğısının və diqqətinin ən gözəl ifadəsidir. Çox az ölkə tapılar ki, orada dövlət başçısı qadınları təkcə 8 Martda deyil, peşə bayramlarında da, yubileylərində də yüksək mükafat və fəxri adlarla təltif etsin. Ölkə və eləcə də, dünya tarixində yer tutan ədəbiyyat, mədəniyyət, elm və ictimai xadim olan qadınlarımızın fəaliyyəti həmişə dövlət səviyyəsində qeyd olunur.
Bəli, qadın böyük qüvvədir. Biz bunu tariximizin hər bir dövründə görə bilərik. Bu yerdə Ümummilli Liderimiz Heydər Əliyevin fikirlərini qeyd etmək istərdim. O deyirdi ki, “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Bəli, bu həqiqətən də belədir, Azərbaycan qadınının istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında misilsiz xidmətləri olub və bu gün də var.
- Biz tarixdə yaşamış və yaratmış qadınlar haqqında oxuyuruq, öyrənirik. Bəs müasir dövrdə qadının rolunu necə qiymətləndirirsiniz?
- Hər bir gün əslində tarixdir. Əgər biz müstəqillik dövründən indinki günlərə qədər olan tarixi təhlil etsək, əldə etdiyimiz nəticə ondan ibarətdir ki, qadınlar hər zaman öz hüquqlarını reallaşdırmaq üçün, dövlətimizin inkişafı üçün öz töhfələrini vermişlər. Hər bir dövlətin, xalqın inkişafında əsas hərəkətverici qüvvələrdən biri qadındır. Bu baxımdan qadına olan münasibət, onun hüquqlarının qorunması həm də həmin xalqın inkişaf tarixində özünü ifadə edir. Biz müstəqilliyimizi çox çətin və mürəkkəb bir şəraitdə əldə etmişik. Və bu mübarizədə qadınlar da öz üzərinə düşən məsuliyyəti dərk edərək, fəaliyyət göstəriblər.
1993-cü ildə, tariximizin həlledici dövründə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai-siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi, bu istiqamətlərin də inkişafına güclü stimul verdi. O zamanlar respublikada qadın problemi ilə məşğul olan dövlət qurumu olmadığından 1994-cü il sentyabrın 19-da Heydər Əliyev “Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələrindən ibarət Milli Komitə tərəfindən bu ərəfədə qadınların cəmiyyətdəki statusunu artırmağa və cinslər arasında bərabərliyə nail olmağa yönəlmiş bir sıra tədbirlər - konfranslar, dəyirmi masalar, müzakirələr, sərgilər təşkil olundu. Nəhayət, 1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarından ibarət böyük nümayəndə heyəti iştirak etdi. Konfransda qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi. Pekin Konfransına ilk adekvat cavabı Azərbaycan verdi. Bu konfransdan sonra respublikamızda qadınların fəallığı daha da artdı və onların problemlərinə digər ölkələrdə olduğu kimi, Azərbaycanda da diqqət və maraq çoxaldı.
Bu il dünya birliyi Qadınlar üzrə Dördüncü Dünya Konfransı və Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının (1995) qəbul edilməsinin iyirmi beşinci ildönümünü qeyd edəcəkdir. Və bu gün qürurla deyə bilərik ki, həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Eyni zamanda, onlar digər qadınlarımızın cəmiyyətdə fəallıq göstərmələrinə təkan vermişlər. Qeyd etmək lazımdır ki, Pekin Bəyannaməsi və Fəaliyyət Platforması Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün vacib bir mərhələdir. Buraya daxil olan strateji istiqamətlər DİM-də ayrıca olaraq 5-ci məqsəd və həmçinin digər məqsədlərdə də göstərilib.
Müasir Azərbaycan qadın hərəkatı tarixində ən mühüm mərhələlərdən biri 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması oldu. Öz müstəqilliyini elan etdikdən sonra ölkəmiz bir sıra Konvensiylara, o cümlədən, 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” barədə Konvensiyasına qoşulmuşdur. Davamlı olaraq milli qanunvericilik təkmilləşdirilmiş və gücləndirilmişdir. “Azərbaycanda qadınların rolunun artırılması”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” imzalanan sərəncamlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu fikrin əməli təcəssümüdür. 2006-ci ildə cənab Prezident İlham Əliyev “Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında” çox mühüm Qanun imzaladı. Həmin Qanuna əsasən Azərbaycan qadınları çox geniş hüquqi təminatlar əldə etdilər. Belə ki, bu sənəd kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. 2010-cu ildə isə dövlət başçısı “Qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması” haqqında Qanunu təsdiqləməklə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm mərhələnin əsasını qoydu.
Qeyd etmək lazımdır ki, bu Qanunun qəbul olunmasında Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın danılmaz rolu vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər, “Gender bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Azərbaycan Respublikasının qadınları təşkilatlanaraq problemləri müzakirə edir, bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırırlar. Bu baxımdan, 1998, 2003, 2008 və 2013-cü illərdə keçirilmiş Azərbaycan Qadınlarının Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Azərbaycanda fəaliyyətdə olan ailə, qadın, uşaq yönümlü QHT-lər respublikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir.
Qadınların ictimai aktivliyi ilə yanaşı, onların siyasətdə iştirakçılığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir. Məsələn, Yeni Azərbaycan Partiyasının (YAP) qadın üzvlərinin sayı ildən-ilə artır. Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, iqtisadiyyat və digər sahələrdə çalışan qadınlar vardır. Siyasi partiyalarda və qeyri - hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların da sayının artması cox mühüm nailiyyətdir. Xüsusilə, həmin partiyalarda yaradılan qadın şuraları və yerlərdəki şöbələri öz fəallığı ilə fərqlənirlər. Bu gün bütün qurumlarda gender fokul-pointlər var və onlar təmsil etdikləri qadınların problemlərinin həllində öz müsbət töhfələrini verirlər.
- Hicran xanım, siz qadınlara yaradılan imkanlardan bəhs etdiniz. Bu fikri bir qədər davam etdirərək hazırkı dövlət qadın siyasətini, ölkəmizin bu sahədə apardığı işləri necə qiymətləndirərdiniz?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmişə qeyd edir ki, “bizim siyasətimizin mərkəzində vətəndaş dayanır”. Bu vətəndaş kimdir, əlbəttə ki, kişilər, qadınlar, ahıllar, uşaqlar, gənclər. Möhtərəm Prezidentimizin uğurlu dövlət idarəçiliyi, Onun başçılığı ilə aparılan sistemli islahatlar, göstərdiyi siyasi iradə hər bir vətəndaşın rifahının yüksədilməsinə yönəlmişdir. Xüsusilə vurğulamalıyıq ki, ölkənin daxilində baş verən siyasi proseslər, sosial və idarəetmə sahəsində aparılan islahatlar həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da gücləndirilməsinə öz mühüm və müsbət təsirini göstərir. Hətta mən deyərdim ki, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək. Çünki Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib. Sosial infrastrukturun inkişafı göz önündədir. Nə qədər məktəb, tibb müəssisəsi, idman və gənclər mərkəzləri əsaslı təmir edilib və ya yenidən tikilib. Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təsdiq edirlər. Cənab Prezidentin təşəbbüsü ilə, yaddan çıxmış və artıq tarixə çevrilən bir çox sahələr yenidən dirçəldilib. Baramaçılığın, pambıqçılığın, tütünçülüyün, əkinçiliyin, üzümçülüyün, xalçaçılığın yenidən inkişafı həm də qadınlarımızın məşğulluğuna müsbət təsir göstərir.
Həyata keçirilən dövlət siyasəti nəticəsində aztəminatlı, ünvanlı sosial yardım alan, riskli ailələrdən olan, eləcə də kənd və rayonlarda yaşayan xüsusi həssas yanaşma tələb edən qadınların məşğulluğunun artırılması üçün müxtəlif sahələrdə onların biznesə cəlb olunmalarını sürətləndirir. Qəbul olunmuş bir sıra Dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır. Hökumət Gələcəyə Baxış İnkişaf Konsepsiyasına əsaslanaraq və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dayanaraq, gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi sahəsinə xüsusi diqqət yetirir. Cari ildə qadın hüquqları və gender bərabərliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, erkən nikahlar, məişət zorakılığı və reproduktiv sağlamlıq haqqında maarifləndirmə, qadınlar arasında sahibkarlığın inkişafı və məşğulluğun artırılması istiqamətində peşə kurslarının, maliyyə savadlılığı təlimlərinin keçirilməsi, qadınların əl işlərindən ibarət satış sərgilərinin təşkili, gender məsələləri üzrə məsul şəxslərlə işin aparılması sahəsində işlər görülüb.
- Qadın sahibkarlığının inkişafı bu gün bütövlükdə ölkənin iqtisadi artımına necə töhfə verir?
- Ölkədə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın yüksəldilməsində qadınlarımızın xüsusi rolu vardır. Müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın daha dinamik hissəsini təşkil edir. Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə son illərdə ölkədə qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. 2019-cu il oktyabrın 1-nə olan məlumata görə qeydiyyatda olan qadın sahibkarların sayı 196 min 30 nəfərdir. 2012-ci ildə bu rəqəm 73 min 469 olub. Son 7 ildə qadın sahibkarların sayı üç dəfəyə qədər artıb. Bu, ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması, onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Əsas məqsəd qadınlarda özünəinam hissini artırmaq, həm öz icmasına, həm də cəmiyyətə töfhə verə bilməsinə şərait yaratmaqdır. Buna nail olmaq üçün kiçik və orta biznesin dəstəklənməsi prosesində gender ehtiyaclarının ödənilməsi üçün kompleks qiymətləndirmələr aparılır.
Qarşıda dayanan vəzifələrdən biri də sahibkar qadınlarımız üçün yeni bazarlara çıxış imkanlarının yaradılması, öz işlərini daha da genişləndirmələridir. Buna görə də həm yerli, həm də beynəlxaq səviyyədə əlaqələr qurulması, şəbəkələr yaradılması çox vacibdir. Bu məsələlər bütün səviyyələrdə qaldırılır. Bildiyiniz kimi, Azərbaycan BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun sədridir. Bir sıra layihələr Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə reallaşır. Bu gün sahibkar qadınlarımız digər ölkələrin sahibkar qadınları ilə çox sıx əməkdaşlıq edir, ikitərəfli memorandumlar imzalayırlar. Bundan əlavə, qadın sahibkarlığının inkişafına həsr olunmuş “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda Beynəlxalq Forum keçirilib və yekun Bəyannamə qəbul edilib.
- Kənd yerlərində yaşayan qadınların sosial və iqtisadi həyatda iştirakçılığı sahəsində aparılan işlər barədə Azərbaycanın təcrübəsi ilə bağlı da fikirlərinizi bilmək istərdik...
- Qlobal çağırışlardan biri də, kənd yerlərində yaşayan qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi və sosial həyatda iştirakının təmin edilməsidir. Ölkəmizdə əhalinin 1/4-ni təşkil edən kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. 2011-ci ildən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir. Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Layihə çərçivəsində Biləsuvar, Salyan, Sabirabad, Neftçala, Masallı, Zaqatala, Qusar, Xaçmaz, Bakı şəhərinin Xəzər rayonlarında olmaqla 2011-2019-cu illərdə 9 Qadın Resurs Mərkəzi açılıb. Mərkəzlərdə qadınlar üçün “Mühasibatlığın əsasları”, “Maliyyə bacarıqları və ailə büdcəsinin tənzimlənməsi”, “QHT yaradılması və idarə olunması”, “DİM haqqında məlumatlandırma və vəkillik”, “DİM-lərin monitorinqi və qiymətləndirilməsi”, “Maliyyə savadlılığı, maliyyə risklərinin idarə olunması və ailə büdcəsinin hazırlanması”, “Həyati bacarıqlar, təqdimat bacarıqları və CV-lərin hazırlanması”, “Qadın sahibkarlığını təşviq edən təşkilatların institusional bacarıqlarının artırılmasına dəstək”, “Öz biznesini qur və inkişaf etdir “, “Fotoqrafın gözü ilə Dayanıqlı İnkişaf Məqsədləri”, “Kompyuter bacarıqları” “Limitli resurslarla biznesin qurulması”, “Biznes Plan nədir”, “Kompüter operatoru”, “Qadın sahibkarlığının özəl sektorunun dəyər zəncirində iştirakının təşkili”, “Reklam və marketinq”, “Kommersiya” və “Marketinq”, “Kəndli qadınların məlumatlara və xidmətlərə çıxışının gücləndirilməsi” mövzularında təlimlər keçirilib. Bu mərkəzlər ölkə boyu kənd və rayon qəsəbələrində yaşayan iqtisadi baxımdan aktiv qadınlar arasında şəbəkənin yaradılmasına dəstək göstərmək məqsədini daşıyır və kənd qadınlarının işgüzar və sosial imkanlarının artırılmasına yönəlir. Qadın Resurs Mərkəzləri məsləhətləşmə, mentorluq, şəbəkələşmə, gücləndirmə, təhlükəsiz məkan, yaxşı ünsiyyət və təbliğat daxil olmaqla, qadınlara geniş xidmət göstərən texniki qurum kimi fəaliyyət göstərir. Onlarla aparılan işin nəticəsində bu gün artıq 265 qadın şəxsi biznesini yaradıb. Bütövlükdə Mərkəzlər vasitəsilə 6500-dən çox üzvü olan güclü qadın şəbəkəsi yaradılıb. Bu təcrübəni beynəlxalq təşkilatlar çox müsbət qiymətləndirirlər.
Eyni zamanda, informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı, yoxsulluq və işsizliyin azaldılması üçün əlverişli vasitə olaraq qəbul edilir. Və əlbəttə ki, bu prosesdə qadınlarımızın da öz payı var. Bizim bir çox tanınmış tədqiqatçı qadınların, eləcə də gənc qızlarımızın adı elmə verdikləri töhfələrə görə dünyanın məşhur alim qadınlarının adları ilə yanaşı çəkilir.
- Hicran xanım, qadınların sülh və münaqişələrin həllində rolu nədən ibarətdir?
- Tarixən Azərbaycan qadınları cəmiyyətin nəinki elmi-mədəni, həm də ictimai-siyasi həyatında fəal rol oynamış, bir sıra problemlərin həllində yaxından iştirak etmişlər. Bu gün də hər bir azərbaycanlı qadını xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi işində öz səylərini əsirgəmir. Hələ 1995-ci ildə BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 39-cu sessiyasında, Azərbaycan “Hərbi münaqişələr zamanı, sonradan həbs edilənlər də daxil olmaqla girov götürülmüş qadın və uşaqların azad edilməsi” üzrə qətnamənin qəbul edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu qətnamə müvafiq olaraq 1996, 1997, 1998, 1999, 2000, 2001, 2003, 2004, 2006 və 2008-ci illərdə Komissiyanın sessiyalarında qəbul olunmuşdur. 2000-ci ildə Sülh və təhlükəsizlik haqqında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi qəbul edilmişdir. Bu ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 20 illiyi qeyd olunacaq. Bu sənəd münaqişələrin həll olunması və aradan qaldırılmasında, həmçinin sülh quruculuğunda qadınların mühüm rolunu önə çəkir.
Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülhün bərqərar olunmasında Azərbaycan qadınları xüsusi rol oynayırlar. 18 il əvvəl “Koalisiya 1325” yaranmışdır. Qısa bir zamanda Koalisiya əvvəlcə o qədər də böyük olmayan bir qrupdan milli, daha sonra regional səviyyədə tanınan, gender bərabərliyini təmin edən bir təşkilata çevrilmişdir.
Bilirik ki, Vətəni, ailəni qorumaq daha çox kişilərin borcudur. Lakin Qarabağ müharibəsi zamanı qadınlarımız da kişilərlə bərabər müharibənin ən qaynar nöqtələrində böyük şücaət göstəriblər. Gültəkin Əsgərova, şəhid jurnalist Salatın Əsgərova kimi neçə-neçə şəhid qadınlarımız var və xalqımız onları unutmur. Bu gün onlar həyatda olmasalar da, bu qəhrəman qadınlar xalqımızın müstəqillik yolunda ən ağır günlərini keçirdiyi zaman qanları, canları bahasına tarixə, xalqımızın qan yaddaşına qəhrəman Azərbaycan qadınları adını yazmağı bacardılar. Həmin döyüşçü xanımların bir çoxu hazırda elmlər doktoru, həkimdir, polkovnik rütbəsinə sahibdir. Onların sayı yüzlərlədir. Biz neçə-neçə igid xanımlarımızı və dünyasını dəyişmiş şəhid xanımlarımızı heç vaxt unutmayacağıq. Bu gün biz döyüşlərdə qəhrəmancasına iştirak etmiş, igidliklər göstərmiş, şəhid olmuş qadınlarımızı, eləcə də, mərd, qorxmaz əsgərlər yetişdirən, Vətən yolunda qurban getməyi öyrədən ana-bacılarımızı göz önünə gətirdikdə Azərbaycan qadınının nə qədər güclü və uca zirvədə olduğunu bir daha dərk edirik. Əfsuslar olsun ki, atəşkəs rejiminə baxmayaraq, Ermənistan hələ də öz çirkin niyyətindən əl çəkmir. Düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində yaralanan, şəhid olan əsgərlərimizlə yanaşı, dinc əhali, xüsusilə, qadın və uşaqlar maddi və mənəvi zərər görmüşlər. Lakin buna baxmayaraq, xalq, ordu və dövlət öz birliyini göstərir. 2016-cı ilin aprel döyüşlərində bu birlik bir daha sübut olundu. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hadisələr baş verən zaman münaqişə zonalarına gedərək, şəhid ailələrini, yaralı əsgərləri ziyarət etmiş, ziyan dəymiş evlərin inşası, sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar əsasında tikinti, bərpa və təmir işləri aparılmışdır. Bu, bir daha dövlətimizin, ordumuzun və xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz şəhid anaları, bacıları, onların həyat yoldaşları görüşəndə yalnız bir kəlmə eşitdik: Vətən sağ olsun! Budur, Azərbaycan qadının iradəsi, Vətən sevgisi, övladına verdiyi tərbiyə!
Sonda fikrimi müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab İlham Əliyevin fikirləri ilə yekunlaşdırmaq istərdim: “Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər”. Bəli, həqiqətən, bu gün Azərbaycan qadını - ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Onlar, yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikada sahibkarlığın inkişafında fəal iştirak edirlər.
Əziz analar, bacılar, xanımlar, hər birinizi 8 Mart Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hamınıza xoş arzularımı bildirirəm. Hər gününüz sizə sevinc, şadlıq gətirsin. Sizin uğurunuz Azərbaycanımızın daha da güclənməsi və firavanlığı yolunda bir addım olsun.

 
  • Oxunub:  2910  |  
  • Tarix:  07-03-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +17
gecə+6 +8