Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanda aqrar sektorun inkişafına dövlət səviyyəsində ciddi dəstək göstərilir

Azərbaycanda aqrar sektorun inkişafına dövlət səviyyəsində ciddi dəstək göstərilir

30.08.2019 [09:25]

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Süleymanov www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, ölkəmizdə aqrar sahənin inkişafı hər zaman dövlətin diqqətindədir. Kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları və bu istiqamətdə həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?
- Son illərdə Azərbaycanda aqrar sektorun inkişafına dövlət səviyyəsində ciddi dəstək göstərilir ki, bu da təsadüfi deyil. Respublikamızda kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar mövcuddur. Aqrar sektorda aktivliyin artırılması regionlarda yaşayan insanların məşğulluğunun təmin olunmasına, onların gəlirlərinin artmasına yeni imkanlar açır ki, bu da ciddi sosial əhəmiyyət daşıyan məsələdir.
Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq məqsədilə fermerlərə göstərilən dövlət qayğısı həm daha səmərəli və çevik hüquqi mexanizmlərin yaradılmasını, institusional sferanı, həm də torpaq mülkiyyətçilərinə praktiki müstəvidə dəstək tədbirlərinin genişləndirilməsini əhatə edir.
Prezident İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar əsasında kənd təsərrüfatında ciddi struktur islahatları aparılıb, funksional baxımdan fermerlərə daha yaxın olan strukturlar formalaşdırılıb, bölgələrdə Aqrar Könüllülər Hərəkatı genişləndirilib. Ölkədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması və bu sistemin əhatə dairəsinin genişləndirilməsi təqdirəlayiq haldır. Bütün ölkə üzrə bu proses intensiv şəkildə genişlənir. Hazırda 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib. Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılması böyük əhəmiyyət daşıyır. Mərkəzlərdə “vahid pəncərə” prinsipinə uyğun olaraq, fermerlərə 70-ə yaxın xidmət göstərilir. Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti formalaşıb. Nəticədə texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib. Fermerlərə subsidiyaların və güzəştli kreditlərin verilməsində şəffaflığı və çevikliyi təmin etmək məqsədilə ötən il Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb.
Prezident İlham Əliyev ölkəmizdə fermerlərə hərtərəfli dəstək göstərilməsindən, o cümlədən də texnika və gübrə təminatının yüksək səviyyəyə çatdırılmasından məmnunluğunu bildirərək vurğulayıb: “Fermerlərə əlavə güzəştlər edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbəttə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət göstərir. Yəni xaricdən azot gübrəsinin alınmasına ehtiyac qalmır. Pivot tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni bu sahədə biz özümüzü təmin etmək üçün, əlbəttə ki, çox ciddi addımlar atırıq. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək”.
Öz növbəsində hərtərəfli dövlət qayğısı fermerləri ruhlandırır və aqrar sektorda istehsalın artmasına müsbət təsir göstərir. 2019-cu ilin birinci yarısında aqrar sektorda istehsal rekord səviyyədə artıb. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb.
- 2019-cu ilin birinci yarısında kənd təsərrüfatında ciddi artımın baş verməsi bu sahənin inkişafına dövlət qayğısının bariz göstəricisidr...
- Bəli, bu ilin altı ayı ərzində kənd təsərrüfatında 13 faizlik artım qeydə alınıb. Aqrar sektorda istehsal həcmlərinin əhəmiyyətli dərəcədə artmasını rəqəmlər də təsdiqləyir. Cari ilin birinci yarısında aqrar sektorun ümumi daxili məhsulda payı 5,6 %-ə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədə kartof istehsalı 10,3%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub. 2019-cu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3%, süd istehsalı 2%, yumurta istehsalı 4,5%, yun istehsalı 0,8% artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub.
Cari təsərrüfat ilində respublikamızda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən operativ tədbirlər nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da əvvəlki illərlə müqayisədə daha yüksəkdir. İlkin məlumata görə, cari ildə ölkədə taxıl istehsalı 40% artıb. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, kənd təsərrüfatının dayanıqlı inkişafı bundan sonra da təmin ediləcək: “Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.
- Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu barədə nə deyə bilərsiniz?
- Qeyd edim ki, 2019-cu ilin 6 ayı ərzində ölkədən 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2% artıb.
Azərbaycanda aqrar sektorun inkişafını şərtləndirən amillərdən biri ölkəmizin böyük istehlak bazarları ilə əhatə olunması ilə bağlıdır. Bu bazarlarda ölkəmizdə yetişdirilən keyfiyyətli, ekoloji cəhətdən təmiz meyvə və tərəvəz yaxşı tanınır və xarici istehlakçılar öz ənənələrinə sadiq qalaraq bu məhsulları məmnuniyyətlə alırlar. Yeni şəraitdə qeyri-neft iqtisadiyyatının üstün inkişafını qarşıya məqsəd qoyan respublikamız xarici bazarlara daha böyük həcmlərdə yüksək rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı məhsulları çıxartmaqla özünün valyuta daxilolmalarını artırmaq niyyətindədir.
Yeri gəlmişkən, son vaxtlaradək respublikamızda yetişdirilən keyfiyyətli kənd təsərrüfatı məhsulları əsasən yaxın xarici bazarlara göndərilirdi. Prezident İlham Əliyev qarşıya ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının tapşırıqları əsasında uzaq xarici ölkələrdə məhsullarımızın təbliği və tanıdılması istiqamətində müxtəlif səpkili tədbirlər görülür, logistik mərkəzlər, ticarət evləri yaradılır. Cari ilin əvvəlindən bəri respublikamızın bölgələrində yetişdirilən müxtəlif adda məhsullar bir neçə nüfuzlu beynəlxalq sərgidə uğurla nümayiş etdirilib. Həmin sərgilərdə Azərbaycan şirkətləri məhsullarımızın ixracına dair çoxsaylı müqavilələr bağlayıblar. Ümumiyyətlə, ölkəmizdə aqrar sektorda istehsal artdıqca xarici bazarlara da daha böyük həcmlərdə məhsul göndərilir.

Paylaş:
Baxılıb: 759 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31