Ana səhifə »  Müsahibə »  Azad söz azad cəmiyyətin təməl daşıdır
A+   Yenilə  A-
Azad söz azad cəmiyyətin təməl daşıdır

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə www.yap.org.az saytına müsahibə verib:
- Vüqar müəllim, 144 yaşı tamam olan Azərbaycan mətbuatının dünəninə, bu gününə və gələcək perspektivlərinə bir baxış keçirməyinizi istərdik...
- Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. “Əkinçi”nin fəaliyyəti üçün əsas seçdiyi prinsiplər - maarifləndirmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması ölkəmizdə milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” cəmiyyətin güzgüsünə, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirərək cəhalətə, haqsızlığa qarşı mübarizəni, maarifləndirməni əsas hədəfləri kimi irəli sürdülər.
Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli yolunu bir neçə mərhələyə bölmək olar. Cümhuriyyət tariximizi təhlil edərkən azad mətbuatın inkişafına, yeni fikrin formalaşmasına yaradılan şəraitə xüsusi diqqət yetirməliyik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsas çağırışlarından biri məhz Cümhuriyyət tariximizin öyrənilməsi, həmin dövrdə bu və ya digər sahənin inkişafı üçün yaradılan möhkəm bazanın təbliği idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın təməli qoyuldu. Ümumilikdə, XX əsrin əvvəllərində nəşr edilən mətbu orqanlar milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının təbliğində mətbuatın misilsiz xidmətləri vardır. Təəssüf ki, bu mərhələnin ömrü uzun olmadı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun fəaliyyəti müddətində formalaşan baza Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra inkişafının davamlılığında, ölkəmizin bu və ya digər sahələrdə uğurlu addımlarında stimulverici amil rolunu oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövrü əhatə edən mərhələnin 70 ili kommunizm ideologiyası dövrü ilə bağlıdır. Həmin illərdə fərqli düşünmək, yazmaq, ümumiyyətlə, qadağan edilmişdi. 1969-1982-ci illərdə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycanın müstəqil gələcəyinə xidmət edən addımların atıldığı dövr kimi xarakterizə olunur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının böyüklüyü yüksək dəyərləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə geniş yer verildi.
1991-ci ildə SSRİ-nin dağılması ilə öz dövlət müstəqilliyini yenidən əldə edən Azərbaycan ilk illərdə böyük faciələrlə, çətinliklərlə üzləşsə də, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqillik tarixində, həmçinin cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafında yeni bir mərhələnin əsasını qoydu. Müstəqilliyimizin ilk illərinin səciyyəvi xüsusiyyətləri sırasına xaos, anarxiya və özbaşınalığın yaratdığı azad sözün, fikrin, mətbuatın hər addımda boğulması da daxil idi.
Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan quruldu, dövlətçiliyimizin əsasları yaradıldı. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın reallıqlarının təbliğatçısı, cəmiyyətin güzgüsü olan mətbuatın inkişafı istiqamətində davamlı addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə senzura ləğv olundu. 1999-cu ildə mütərəqqi “Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul edildi. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ümummilli Lider mətbuatın problemlərini müzakirə edərək həlli istiqamətində tapşırıqlarını verdi. Həmin görüşdən sonra bir çox problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. Ümummilli Lider Heydər Əliyev jurnalist əməyini yüksək dəyərləndirirdi: “Jurnalist əməyi qeyri-adi, olduqca böyük, zəhmətli, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Bir mühüm məqamı da qeyd edək ki, mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaratdığından 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Atılan hər bir addımın azad mətbuatın inkişafında öz rolu vardır. Ümumilikdə, Ümummilli Lider mətbuatın problemlərinin həlli ilə bağlı onlarla Fərman və Sərəncam imzalayıb. Dahi şəxsiyyətin mətbuata bu cür dost, səmimi münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu Öndər Heydər Əliyev 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Son 15 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azad mətbuatın inkişafına xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, hər bir ölkənin inkişaf səviyyəsi mətbuatın inkişaf səviyyəsi ilə sıx bağlıdır. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın iqtisadi imkanlarının artması digər sahələr kimi, azad mətbuatın inkişafı istiqamətində də mühüm addımların atılmasını şərtləndirdi. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik maddi yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata göstərilən qayğının tərkib hissələridir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin dövlət səviyyəsində təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamları da böyük rəğbətlə qarşılanır. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ilk Sərəncam 2010-cu ildə imzalandı və Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Jurnalistlər üçün tikilən ilk bina 2013-cü ildə istifadəyə verildi və növbəti Sərəncam imzalandı. 2017-ci il iyulun 22-də Milli Mətbuat Günündə jurnalistlərin istifadəsinə verilən ikinci binanın açılışında iştirak edən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, üçüncü binanın təməlini qoydu. Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. 2017-ci ildə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdılması ilə bağlı Sərəncamın imzalanması ilə yanaşı, ölkəmizdə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı da ayrıldı. Mətbu orqanlara maliyyə yardımlarının ayrılması ilə bağlı sərəncamlar artıq ənənə halını alıb. Bütün bunların nəticəsidir ki, son 15 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Dövlətimizin başçısı həmçinin “Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir” fikirləri ilə Azərbaycan mətbuatının qarşısında dayanan vəzifələri diqqətə çatdırır.
Keçilən yola qısa baxış fonunda Azərbaycan mətbuatının parlaq gələcəyini daha aydın görürük.
- Jurnalist məsuliyyəti və peşəkarlığı bütün dövrlər üçün aktualdır. Sizcə, bu istiqamətdə əldə olunan nəticələr qənaətbəxşdirmi?
- Əvvəldə də qeyd etdiyimiz kimi, azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Əsas hədəflərimizdən biri inkişaf etmiş ölkələr sırasında addımlamaqdır. Məhz elə bu hədəfimizin özü digər sahələr kimi, mətbuatda da təkmilləşməni, yeniləşməni zərurətə çevirir. Nəzərə alsaq ki, bu gün 5 mindən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir, internet istifadəçilərinin sayı əhalinin 85 faizindən çoxdur, bu statistikanın özü sağlam rəqabətin gücləndirilməsini, jurnalistin öz peşəkarlığını artırmasını, bundan öncə məsuliyyət amilini fəaliyyətinin əsas prinsipi kimi öndə saxlamasını bir tələb kimi ortaya qoyur. 2009-cu ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqələrin əsasında jurnalist peşəkarlığının artırılması əsas yer tutur. Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi və sair kimi məsələlər çox vacibdir. Bu vəhdət fonunda ərsəyə gələn hər hansı bir materialın ictimai fikrə təsir imkanları da geniş olacaqdır. Dövlətimizin başçısı İlham Əliyevin “Əgər biz keçmiş illərə nəzər salsaq, görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir. Bu, sadəcə, xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək, görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir” fikirləri Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunda bu istiqamətdə də əldə etdiklərinin ümumiləşdirilmiş ifadəsidir. Peşəkarlıq və məsuliyyət hissinin birliyi fonunda ərsəyə gələn yazı həmin mətbu orqanın əqidəsinə, tutduğu yola, məqsəd və məramına işıq salmaqla yanaşı, jurnalistin mətbuatın prinsiplərinə hansı səviyyədə yanaşmasını da ortaya qoyur. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışında söylədiyi bu çağırışı da xatırlatmaq istərdik: “Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır”. Günümüzün əsas tələblərindən olan informasiya təhlükəsizliyinin təmin edilməsi də jurnalist məsuliyyətini və peşəkarlığını aktuallaşdırır. Əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır.
- Vüqar müəllim, çoxsaylı mətbu orqanları sırasında özünəməxsusluğu şərtləndirən amilləri qeyd etdiniz. Bu günlərdə rəhbərlik etdiyiniz “İki sahil” qəzetinin 28 yaşı tamam oldu. Arxada qalan bu illər “İki sahil”ə hansı uğurları qazandırıb?
- Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri məhz azad mətbuatın inkişafına geniş imkanların yaradılmasıdır ki, bunlardan biri də çoxlu sayda mətbu orqanların qeydiyyatdan keçməsi, hər birinin özünəməxsus yer tutmasıdır. “İki sahil”in bu gün çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutmasında, təbii ki, əqidəsinə, tutduğu yola sadiqliyi əsas rol oynayıb. 1991-ci ildən “Vahid Azərbaycan uğrunda” şüarı ilə yola çıxan “İki sahil” cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirir. Azərbaycanın müstəqillik tarixinin bələdçisi kimi Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın bu və ya digər sahələrdə qazandığı uğurları əsaslı şəkildə, mətbuatın əsas prinsipləri olan obyektivlik və qərəzsizlik əsasında ölkə ictimaiyyətinə çatdırır. Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların sevgisini qazanan, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol qəzetimizdə geniş təbliğ olunur. Bununla yanaşı, “İki sahil” ölkə iqtisadiyyatının inkişafına, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının icrasına böyük töhfələr verən SOCAR-ın uğurlarının təbliğatçısıdır. İqtisadi tərəqqiyə əsaslanan güclü sosial siyasətimiz, milli-mənəvi dəyərlərimizin, tariximizin, mədəniyyətimizin, milli irsimizin qorunmasına xidmət edən addımlar və onların uğurlu nəticələri qəzetimizin hər sayında oxuculara çatdırılır. Oxucu auditoriyasının günbəgün genişlənməsi onların informasiya ehtiyaclarını yüksək səviyyədə təmin etməyimizdən, əvvəldə də qeyd etdiyim kimi, jurnalist peşəkarlığının və məsuliyyətinin artması fonunda qəzetimizin çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutmasından irəli gəlir.
Ölkəmizdə azad mətbuatın inkişafına xidmət edən addımlar “İki sahil”in həyatında da özünü göstərir. Qəzetimizin fəaliyyəti daim yüksək dəyərləndirilib, əməkdaşlarımızın bir qismi “Əməkdar jurnalist” adına layiq görülüb, medallarla təltif olunublar. Jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı imzalanan Sərəncama uyğun olaraq hədiyyə olunan evlərdən bizim əməkdaşlara da pay düşüb. Qeyd etdiyimiz kimi, “İki sahil” 28 ildə bu yolu dövlətçilik ənənələrimizin təbliği ruhunda qət edib və qarşıdakı illərdə də əqidəsinə sadiqliyi ilə həyata keçirilən uğurlu siyasətə öz töhfəsini verəcək.
- Yeni texnologiyaların inkişafının informasiya təhlükəsizliyinin təminatında rolunu necə şərh edərdiniz? Dünya informasiya məkanına inteqrasiyada Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərin rolunu necə dəyərləndirirsiniz?
- Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, daim ilklərə imza atan Azərbaycanın bu sahədə qazandığı uğurlar göz önündədir. İlk olaraq onu demək istərdim ki, Azərbaycan artıq kosmik klubun üzvüdür. Son 5 ildə üç peykimiz orbitə buraxılıb. Bu böyük uğurumuz iqtisadiyyatın şaxələndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım kimi dəyərləndirilir. “Bu peyklərin çox böyük əhəmiyyəti var” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edirlər.
Dünya informasiya məkanına sürətlə inteqrasiya edən Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər vasitəsilə malik olduğu imkanların təqdimatına nail olur. Təkcə Azərbaycanın Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi bu fikri böyük inamla qeyd etməyə əsas verir ki, ölkəmiz müstəqil medianın inkişafı sahəsində böyük təcrübəyə malikdir.
Azərbaycan demokratik inkişafın əsas göstəricilərindən olan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 85 faizindən çoxu fəal internet istifadəçisidir. 2019-cu ilin böyük uğurları sırasında yer alan 10 milyonluq ölkə sevincini nəzərə alsaq, Azərbaycanda sosial mediadan istifadə edənlərin sayının 2 milyondan çox olması təqdirolunan hadisədir. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı üçün mühüm addımlar atılıb. Ölkəmiz beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə həm malik olduğu imkanların təqdimatında əlavə imkanlar əldə edir, həm də təcrübə mübadiləsinin, səylərin birləşdirilməsi fonunda qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olur. Medianın rolunun günbəgün artması ilə məsuliyyətinin də artdığını önə çəkən dövlətimizin başçısı İlham Əliyev bildirir: “Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq. Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı - burada eyni hadisə fərqli şəkildə təqdim edilir. Yəni, biz burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir”. Ölkə Prezidenti beynəlxalq tədbirlərin bu kimi məsələlərin həllinə böyük dəstək olduğunu bildirir.
- Hər dövrün öz çağırışları vardır. Müharibə şəraitində yaşayan ölkəmizdə ictimaiyyətin yazılı və elektron KİV-lərdən gözləntiləri fərqlidir. Əsas məsələ vətənpərvərlik hissinin aşılanması, həqiqətlərimizin faktlar əsasında təbliğ olunmasıdır. Mətbuat bu vəzifəni hansı səviyyədə yerinə yetirir?
- XXI əsr informasiya mübarizəsi əsridir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, internet resurslarının mövcudluğu bu mübarizəni daha da kəskinləşdirir. Müxtəlif dillərdə internet resurslarının yaradılmasının vacibliyi bildirilir.
Möhtərəm Prezidentimizin hər çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin gündəlik işimiz olması ən mühüm çağırış kimi səsləndirilir. Ümummilli məsələlərdə birlik, həmrəylik vacibdir. Siyasi əqidəsindən, mövqeyindən asılı olmayaraq bütün mətbu orqanlar, media nümayəndələri yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin açıqlanmasına öz töhfələrini verməlidir. Azərbaycanın diplomatik uğurları, eyni zamanda, iqtisadi imkanlarının artması fonunda güclənən, qüdrətlənən ordusu bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır. Aprel döyüşləri, Naxçıvan qələbələri Azərbaycan Ordusunun gücünün nümayişi oldu. Həmçinin Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilir. Cənab Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.
Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır. Bu gün Azərbaycanın uğurları xarici anti-azərbaycan dairələr tərəfindən böyük qısqanclıq hissi ilə qarşılandığından onların əsassız, heç bir məntiqə söykənməyən qarayaxma kampaniyaları həyata keçirmələrinə səbəb olur. Əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan bu kimi çirkin kampaniyalara qarşı mübarizədə fəal olmalı, Azərbaycanı istəməyən bu ünsürlərin şər və böhtanlarını reallıqlarımıza söykənərək əsaslı şəkildə cavablandırmalıdır.
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hücum diplomatiyasını daha da gücləndirməliyik. Bu gün Azərbaycana hansı sahədən baxsaq, böyük inkişafın, tərəqqinin şahidi olarıq. İqtisadi imkanlarını günbəgün artıran ölkəmizin ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar göz önündədir. Dövlətimizin diplomatik uğurlarını, ordumuzun gücünü, qüdrətini təbliğ etməklə yanaşı, bu gün heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmayan Ermənistanın işğalçılıq siyasətinin ona qazandırdığı uğursuzluqları da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Saxta tarix yazıb, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə yaşayan və bu istəyini zaman-zaman həyata keçirmək üçün havadarlarından dəstək alan ermənilərin iç üzü açılmalıdır. Diplomatik uğurlarımızın miqyası genişdir. Dövlətimizin uğurlu daxili və xarici siyasəti nəticəsində artıq dünya ictimaiyyəti Azərbaycan reallıqlarını düzgün dəyərləndirməyə başlayıb. Ayrı-ayrı nüfuzlu dünya dövlətlərinin və beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Təbii ki, bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Bu reallıqların təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Hər bir mətbu orqan vətənpərvərlik hissinin möhkəmləndirilməsinə, həqiqətlərimizin təbliğinə öz töhfəsini verməlidir. Bu həm bir mətbu orqan olaraq vəzifəmiz, həm də vətəndaşlıq borcumuzdur.
Bugünkü uğurlarımız xalqımızın yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına əminliyini artırır. Mətbuatın növbəti 145 illiyində qələbə sevincimizi paylaşmaq arzusu ilə bütün həmkarlarımı qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 
  • Oxunub:  9120  |  
  • Tarix:  20-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

14 Oktyabr 09:42
Bakıda Rusiyanın tanınmış pianoçusu çıxış edib
14 Oktyabr 09:35
“İrəli” İB-nin rəhbəri Türk Şurası Gənclər Platformasının sədri seçilib
14 Oktyabr 09:30
Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib
14 Oktyabr 09:28
Liderlik məktəbi yeni tədris ilinə start verib
14 Oktyabr 09:24
Azərbaycanın Dövlət Müstəqilliyi günü Helsinkidə qeyd olunub
13 Oktyabr 13:26
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub
13 Oktyabr 13:10
Birinci vitse-prezident Mehriban Əliyeva : Şahmatçımız Aydın Süleymanlının qalib olması xəbəri hər birimizə ancaq qürur və sevinc hissi yaşada bilər
13 Oktyabr 12:36
Ədliyyə nazirinin müavini Gəncədə vətəndaşları qəbul edib
13 Oktyabr 11:17
Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri Finlandiya parlamentinin deputatı ilə görüşüblər
13 Oktyabr 11:09
M.Çavuşoğlu: “Sülh çeşməsi” əməliyyatı suriyalıları terror qruplaşmalarının zülmündən xilas edəcək
13 Oktyabr 11:03
Usta cüdoçularımız dünya çempionatında daha iki medal qazanıblar
13 Oktyabr 10:57
Türkiyə Prezidenti və Britaniyanın Baş Naziri telefon söhbətində “Sülh çeşməsi” əməliyyatını müzakirə ediblər
13 Oktyabr 10:46
13 oktyabr Azərbaycan dəmiryolçularının peşə bayramıdır
13 Oktyabr 10:39
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub
12 Oktyabr 19:30
DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
12 Oktyabr 19:19
İsrailli politoloq: İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi
12 Oktyabr 19:12
Səməd Seyidov: Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi
12 Oktyabr 19:00
ADA Universitetində gənclərin debatı keçirilib
12 Oktyabr 18:35
Sosial şəbəkələrdən düzgün və səmərəli istifadə edilməməsi böyük fəsadlara yol aça bilər
12 Oktyabr 18:20
Bəhruz Quliyev: Prezident İlham Əliyevin çıxışı Ermənistan rəhbərliyinin terrora dəstək siyasətinə verilən tutarlı cavab idi
12 Oktyabr 16:21
Azərbaycanın və Polşanın xalq qəhrəmanları yad edilib
12 Oktyabr 16:17
Azərbaycan Prezidentinin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib
12 Oktyabr 15:57
Elçin Mirzəbəyli: Prezident İlham Əliyev Paşinyanın faşist cəlladını təmizə çıxarmaq cəhdlərinin üstündən xətt çəkdi
12 Oktyabr 15:46
Zakir Həsənov: Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur
12 Oktyabr 15:32
Sahibə Qafarova: Prezident İlham Əliyev Paşinyanı yerinə oturtdu
12 Oktyabr 15:28
İsmayıllının 4 kəndinə təbii qaz verilib
12 Oktyabr 15:25
Dövlət Məşğulluq Xidmətinin növbəti zona müşavirəsi keçirilib
12 Oktyabr 15:21
Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb
12 Oktyabr 15:15
RF Dövlət Dumasının deputatı: Njdeyə heykəl qoyulması cinayətdir
12 Oktyabr 15:13
Ötən il Azərbaycanla Avstriyanın ticarət dövriyyəsi 2 dəfəyədək artıb
12 Oktyabr 14:59
Elman Nəsirov: Azərbaycan Prezidentinin Aşqabaddakı çıxışı Ermənistanın baş nazirinə vurulan növbəti tərs sillə oldu
12 Oktyabr 14:53
İndiyədək 6,7 mindən çox Qarabağ əlili mənzil, 6, 3 min nəfərdən çoxu isə avtomobillə təmin olunub
12 Oktyabr 14:49
“Kommersant” qəzeti MDB Dövlət Başçıları Şurasının iclasında Paşinyanın gülünc vəziyyətə düşdüyünü yazır
12 Oktyabr 14:45
Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək
12 Oktyabr 14:37
Hikmət Babaoğlu: Azərbaycan Prezidenti sübut etdi ki, Ermənistanın yürütdüyü işğalçı siyasət faşizmə olan sevgi ilə bağlıdır
12 Oktyabr 14:31
Yeniyetmə şahmatçımız Aydın Süleymanlı dünya çempionu adını qazanıb
12 Oktyabr 14:27
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
12 Oktyabr 14:26
Firəngiz Əlizadə: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü Nəsiminin xatirəsinə inanılmaz hədiyyədir
12 Oktyabr 14:15
Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
12 Oktyabr 13:29
Malik Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə möhtəşəm uğurlar qazanır
12 Oktyabr 13:27
Səfər Mehdiyev: Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük qurumları arasında sənədlərin elektron sistemlə qarşılıqlı ötürülməsi mühüm layihədir
12 Oktyabr 13:06
Ağacan Abiyev: Nüfuzlu idman yarışlarının Azərbaycanda keçirilməsi təbii qanunauyğunluqdur
12 Oktyabr 13:02
Bakıda “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş dəyirmi masa təşkil edilib
12 Oktyabr 12:58
Tahir Mirkişili: Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi regionun bütün xalqlarının maraqlarına xidmət edir
12 Oktyabr 12:56
Sevinc Hüseynova: Azərbaycan öz hədəflərinə çatmaq üçün inamlı addımlar atır
12 Oktyabr 10:54
Elçin Əhmədov: Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasətini və faşist ideologiyasını faktlarla ifşa etdi
12 Oktyabr 10:52
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVI hesabat-seçki konfransı keçirilib
12 Oktyabr 10:50
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
12 Oktyabr 10:48
Bu gün 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatır
12 Oktyabr 10:33
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir
12 Oktyabr 10:30
Qəbələdə “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib
12 Oktyabr 10:28
139 illik tarixə malik olan Azərbaycan Dəmir Yolu çox əzəmətli fəaliyyət yolu keçib
12 Oktyabr 10:27
YAP Nərimanov rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görüşlər davam edir
12 Oktyabr 10:25
YAP Şəmkir rayon təşkilatının geniş tərkibli Şura yığıncağı keçirilib
12 Oktyabr 10:23
Nizami Cəfərov: Azərbaycanşünas alim
12 Oktyabr 10:22
Saxtakar piketçi etiraf etdi...
12 Oktyabr 10:19
Nikol Paşinyan Ermənistanın terrorçu siyasətindən əl çəkmədiyini sübut edir
12 Oktyabr 10:17
Partlayıcı qurğu “mütəxəssisi” və digər terrorçular DTX tərəfindən saxlanılıb
12 Oktyabr 10:14
Bakcell jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib
12 Oktyabr 10:12
Regionların turizm potensialının tanıdılması istiqamətində davamlı işlər görülür
11 Oktyabr 22:49
Prezident İlham Əliyev: MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur
11 Oktyabr 22:10
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xalq yazıçısı Anarla görüş olub
11 Oktyabr 22:09
Kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı məsələlərə dair müzakirələr aparılıb
11 Oktyabr 22:00
Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin rolu müzakirə edilib
11 Oktyabr 21:59
Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub
11 Oktyabr 21:45
BSU-da Rusiya universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub
11 Oktyabr 21:36
Avstriya şirkətləri Azərbaycanın kimya sənayesi ilə maraqlanır
11 Oktyabr 21:30
Sabunçu rayonunda indiyədək investisiya layihələrinin maliyyələşməsinə 37,7 milyon manat güzəştli kredit verilib
11 Oktyabr 21:20
Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi layihəsi”nin yeni rəhbəri ilə görüş olub
11 Oktyabr 21:18
Azərbaycan və Böyük Britaniya imzalanacaq beynəlxalq avtomobil daşımalarına dair ikitərəfli Sazişi müzakirə edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18