Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Siyavuş Novruzov: Bələdiyyələr ələbaxımlılıqdan qurtulmalıdır

Siyavuş Novruzov: Bələdiyyələr ələbaxımlılıqdan qurtulmalıdır

19.02.2019 [09:56]

Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Oxu.Az-ın müxbirinin suallarını cavablandırıb:
- Siyavuş müəllim, bu il Azərbaycanda bələdiyyə institutunun fəaliyyətə başlamasının 20 ili tamam olur. Sizcə, bələdiyyələrlə bağlı daha hansı addımlar atılmalıdır ki, onlar daha effektiv şəkildə fəaliyyət göstərsinlər?
- Azərbaycanda ilk dəfə 1999-cu ildə bələdiyyələrə seçkilər keçirilib və bununla da ölkədə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, onların formalaşdırılması yönündə ilkin addımlar atılmağa başlanılıb.
Ötən illər ərzində də bir neçə dəfə - 2004, 2009 və 2014-cü illərdə bələdiyyə seçkiləri keçirilib və bələdiyyə üzvləri seçiliblər. Qarşıdan isə növbəti - beşinci bələdiyyə seçkiləri gəlir. Bu ilin dekabr ayında yenidən bələdiyyə seçkiləri keçiriləcək. Bu, heç də az müddət deyil. Ancaq həyat göstərir ki, yerlərdə bələdiyyələrin, bələdiyyə üzvlərinin sayı nə qədər az olsa, işin effektivliyi bir o qədər artar. Məsələn, elə Bakını götürək; paytaxtın bir rayonunda 19 nəfər bələdiyyə üzvü var. Bu, çox böyük rəqəmdir.
Dünya praktikasında belədir ki, kiçik ərazilərdə bir, böyük ərazilərdə üç-beş nəfər, maksimum beş nəfər bələdiyyə üzvü seçirlər. Onlardan biri sədr seçilir və həmin bələdiyyəni idarə edir. Bələdiyyə sədrləri bəzi ölkələrdə bələdiyyə üzvləri, bəzi ölkələrdə isə seçicilər tərəfindən seçilir. Ona görə belə hesab edirəm ki, Azərbaycan kimi bir ölkədə bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur.
- Yeri gəlmişkən, bizdə nə qədər bələdiyyə üzvü var?
- Hazırda Azərbaycanda 20 minə yaxın bələdiyyə üzvü var. Bu, həddindən artıq çoxdur. Axı nə ehtiyac var? Hesab edirəm ki, bunu on dəfələrlə azaltmaq lazımdır. Təmsilçilik olmalıdır, amma bu təmsilçilik elə olmalıdır ki, cəmiyyət üçün xeyir gətirsin. Bələdiyyələrin baxış və iş sistemi dəyişməlidir.
İndi Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə nəzarət orqanı, Bələdiyyələrlə İş Mərkəzi mövcuddur. O cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektoru var.
Onların köməyi ilə bələdiyyələri yerli özünüidarəetmə orqanları kimi öz mülkiyyətlərindən düzgün şəkildə istifadə edib, daha çox gəlir əldə etməsinə, əhalinin müəyyən problemlərinin həll olunmasına yönəltmək lazımdır.
Çünki belə olmadığı təqdirdə bəzi problemlər ortaya çıxır.
Əslində, bələdiyyələrin kifayət qədər səlahiyyətləri var ki, həm öz problemlərini həll etsinlər, həm də yerlərdə insanların problemlərinin həllinə kömək göstərsinlər. Bələdiyyələrə bələdiyyə məktəbləri, bələdiyyə uşaq bağçaları açmaq, bələdiyyə qəbiristanlıqları yaratmaq, bələdiyyə yolları salmaq və digər səlahiyyətlər verilib.
Məsələn, bələdiyyə elektron kitabxanası təşkil etmək olar, sonra müxtəlif klublar, o cümlədən gənclər üçün klublar və sair yaratmaq mümkündür. Bu işlərə də, ola bilər ki, dövlət tərəfindən verilən dotasiyadan və əldə olunan gəlirlərdən müəyyən vəsait ayrılsın. Bundan çəkinmək lazım deyil.
Çünki onlar gələcəkdə elə bir gəlir gətirə bilər ki, həm o bələdiyyələrin təminatını həyata keçirər, həm də əhalinin aztəminatlı təbəqələrinə yardım məsələlərində öz rolunu oynayar. Yaxud bələdiyyə parkı salmaq, orada yeməkxana tikmək, çay evi, dondurma satışı məntəqəsi açmaq olar.
Bununla yanaşı, dövlət tərəfindən verilən dotasiyaları da bəzi yerlərdə bələdiyyə üzvləri və ya bələdiyyə işçilərinin arasında əməkhaqqı kimi bölürlər. Ancaq əslində, dotasiyalar ona görə verilir ki, müəyyən proqramlar həyata keçirilsin.
Həmçinin digər proqramların həyata keçirilməsi üçün bələdiyyələr özləri layihələr təqdim edə bilərlər. Onlar bu yolla həm xaricdən, həm də daxildən ayrı-ayrı strukturlardan qrantlar ala bilərlər. Demək istəyirəm ki, bütün bunlar hamısı bələdiyyələrin səlahiyyətinə daxildir, bələdiyyələr bu işlərlə məşğul ola bilər.
Ən əsası, onlar özləri bu barədə qərar vermək, onu reallaşdırmaq hüququna malikdirlər. Hesab edirəm ki, bələdiyyələr artıq bu istiqamətdə işi qurmalıdırlar. Əgər bu cür güclü fəaliyyətə başlayacaqlarsa, qısa müddət ərzində xeyli işlər görəcəklər və xeyli gəlir əldə edəcəklər.
- Reklam məsələləri bələdiyyələrə verilə bilərmi? Məsələn, parlamentin son plenar iclasında Dövlət Reklam Agentliyinin ləğv olunması, reklamlarla bağlı məsələlərin digər qurumlara həvalə edilməsi yönündə təkliflər səsləndirildi. Bu baxımdan, yerlərdə reklam işlərinin təşkili bələdiyyələrin səlahiyyətinə daxil edilə bilərmi?
- Yenə deyirəm, bələdiyyələrin öz fəaliyyətlərini düzgün, səmərəli qurmaları, özlərini ayaq üstə qaldırmaları, təsdiqləmələri üçün kifayət qədər səlahiyyətləri var. Yetər ki, bunlardan düzgün yararlana bilsinlər. Amma bununla belə, lazım gələrsə, müəyyən məsələlər də bələdiyyələrə verilə bilər.
Məsələn, yerli vergilərin yığılması məsələsi bələdiyyələr üçün böyük gəlir mənbəyi ola bilər. Onlar hətta inzibati qaydada məsələ qaldıra bilərlər ki, kimlər o yerli vergiləri vermirlərsə - torpaq vergisi və s. - onlar haqqında müəyyən məhkəmə qərarları qəbul olunsun, cərimələr tətbiq edilsin. Bu, işin bir tərəfidir.
Məsələnin digər tərəfinə gəlincə, Bakı şəhərində nə qədər mənzil var, nə qədər tikinti işləri həyata keçirilir. İldə bir dəfə onlardan bu torpaq vergisini tələb etməklə, onların yığımını təşkil etməklə bir bələdiyyənin ərazisində kifayət qədər vəsait toplanmış olur. Həmçinin yerlərdə, kəndlərdə, rayonlarda bununla əlaqədar addımlar atmaq və böyük gəlir əldə etmək mümkündür.
Yenə elə götürək Bakı şəhərini. İstənilən bir parkı abadlaşdırıb, orada bir struktur qurmaqla yüz min manatlarla vəsait, gəlir əldə etmək mümkündür. Yaxud bu gün ölkədə, xüsusilə Bakı şəhərində çoxlu özəl məktəblər açıblar, amma orada elə qiymətlər müəyyən ediblər ki, çox adam orada təhsil ala bilmir, maddi imkanı çatmır və yaxud insanların ora üz tutması, güzəştli şəkildə istifadə etməsi mümkün olmur.
Bələdiyyələr isə yaxşı əməkhaqqı verməklə, savadlı, təcrübəli, nüfuzlu müəllimləri cəlb etməklə, özəl məktəb açsalar və qiymətləri iki-üç dəfə azaltsalar, oradan xeyli gəlir götürə bilərlər. İstənilən bir yeri götürüb, tikib, orada özəl uşaq bağçası kimi fəaliyyət göstərmək bələdiyyənin özünün statusunda var.
Bu gün elə özəl uşaq bağçaları var ki, ayı bir uşaq üçün 700 manata gəlib çıxır. Ancaq bələdiyyə bundan iki dəfə ucuz edə bilər. Bununla həm uşaqların qidalanması yaxşı, düzgün təşkil edilə, həm tədrisi qaneedici ola, həm ordakı işçilər yaxşı əməkhaqqı ala, həm də bütövlükdə bələdiyyələr özləri yaxşı gəlir götürə bilərlər. Bu addımları atmaq, buna getmək lazımdır.
Bələdiyyələr artıq özləri özlərini ələbaxımlı olmaqdan qurtarmalıdırlar.
- Qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir. Bələdiyyələrin və bələdiyyə üzvlərinin sayının azaldılması, o cümlədən, dediyiniz kimi, bələdiyyə sədrlərinin seçicilər tərəfindən seçilməsi üçün yaxın günlərdə Seçki Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirələrə təqdim edilməsi və qəbulu gözləniləndirmi?
- Mən bu məsələni bir neçə dəfə parlamentdə qaldırmışam. Hətta parlamentin 2019-cu il yaz sessiyası başlayanda da bu məsələnin qanunvericilik işləri planına salınmasını təklif etmişəm. Növbəti dəfələrdə də bu məsələni qaldıracağıq. Çalışacağıq ki, ümumi razılıq əsasında bu məsələyə gedək.
Gedək ki, bu məsələ, nəhayət, öz həllini tapsın, yəni həm bələdiyyələrin, həm bələdiyyə üzvlərinin sayı azalsın, həm də bələdiyyə sədrləri bələdiyyə üzvləri tərəfindən deyil, seçicilər tərəfindən seçilsinlər.
- Neçə illərdir ki, Azərbaycanda böyük şəhər, o cümlədən Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması istiqamətində müzakirələr gedir. Bu ideyanın gerçəkləşməsi mümkündürmü?
- Bilirsiniz, böyük şəhər bələdiyyələri, adətən, böyük, əhalisi həddindən artıq çox olan şəhərlərdə olur. Məsələn, bu gün Türkiyənin İstanbul şəhərinin əhalisi haradasa iyirmi milyona gəlib çatıb. Belə demək mümkünsə, İstanbul az qala özü bir ölkədir, bir dövlətdir.
Onu bir bələdiyyə idarə edə bilməz. Odur ki, orada kiçik bələdiyyələr birləşərək, böyük şəhər bələdiyyəsi yaradır. Bakıda isə əhali o qədər də çox deyil. Ona görə Bakının hər rayonunun özünün ayrıca bələdiyyəsi var, hər rayonun özünün ayrıca icra hakimiyyəti var və onlar da birlikdə yerli məsələlərin həlli istiqamətində çalışırlar. Bu baxımdan, Bakı Böyük Şəhər Bələdiyyəsinə elə bir ehtiyac qalmır.

Paylaş:
Baxılıb: 829 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31