Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ermənistan hakimiyyəti diaspordakı dayaqlarını itirməkdədir

Ermənistan hakimiyyəti diaspordakı dayaqlarını itirməkdədir

20.08.2014 [09:38]

Hülya Məmmədli

Sarkisyan rejimi Ermənistan əhalisinin böyük əksəriyyəti kimi, erməni diasporunun əsas hissəsinin də nəzərində legitimliyini itirib
Məlum olduğu kimi, Ermənistandakı xunta rejiminin özbaşınalıqları təkcə işğalçı ölkə əhalisinin deyil, erməni diasporunun, xüsusən də onun Qərbdəki qolunun ciddi narazılığına səbəb olur. Bu narazılıq Sarkisyan rejiminin diaspora bağlı Qərb mediasında tez-tez tənqid olunması, hakimiyyətə bağlı monopolist oliqarxların qanunsuz əməllərinin ifşa edilməsi şəklində özünü göstərir. Ermənistandakı talançı, korrupsioner hakimiyyət hər il bu ölkədəki layihələrə böyük həcmdə yardımlar ayıran diaspor təşkilatlarının qəzəbinə səbəb olur.
Bunu təsdiq edən daha bir məlumat bu yaxınlarda ABŞ-dakı ermənilərin yerli və dünya ermənilərinə ünvanladığı yeni bir çağırışla bağlıdır. Diaspor üzvləri erməniləri hakimiyyətə nifrət etməyə, Sarkisyan rejiminə qarşı mübarizə aparmağa çağırırlar. Los-Ancelesdə yaşayan erməniləri bir araya toplayan qurum Ermənistanın xəritəsini paylaşaraq üzərinə “Hökumətinizi sevməyin!” yazısını əlavə edib. Bundan belə aydın olur ki, diaspor Ermənistanda inqilab havası yaratmağa başlayır, insanları Sarkisyan zülmünə qarşı birliyə dəvət edir.
Bu xəbər heç də təəccüb doğurmur, çünki Qərbdəki erməni diasporu ilə Ermənistan hakimiyyəti arasındakı ziddiyyətlər hələ 1990-cı illərdən özünü göstərir. Burada iki mühüm faktor üzrə maraqların toqquşması baş verir: 1) ideoloji-mənəvi ziddiyyətlər; 2) korporativ maraqlar.
Qeyd edək ki, erməni diasporunun Avropa İttifaqı ölkələri, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiyada yaşayan nümayəndələri, xüsusən də bu ölkələrə qabaqcadan köçən ermənilərdən törəyənlər, yəni gözünü Qərb mühitində açanlar öz mədəniyyəti, dünyagörüşü, liberal dəyərləri ilə Ermənistanda və postsovet məkanında yaşayan ermənilərdən kəskin fərqlənirlər. Qərb ermənilərini Ermənistanda insan haqları, gender bərabərliyi, demokratik azadlıqlar kimi məsələlər daha çox narahat edir. Onlar Ermənistanın inkişafının, müasirləşməsinin yolunu Qərb liberal dəyərlərini mənimsəməsində görürlər. Qərbdəki diasporun bəzi nümayəndələri Ermənistana gələrək burada gender məsələlərini, Qərb düşüncə tərzini təbliğ edən QHT-lər yaradırlar. Bu isə çox vaxt Ermənistandakı mühafizəkarlar və mövcud rejimlə bağlılığı olan dairələr tərəfindən müsbət qarşılanmır.
Ümumilikdə, 1991-ci ildən bu yana Qərbdəki diaspor təşkilatları Ermənistanın inkişafına 170 milyon dollar yardım etsələr də, bu ölkədə arzuladıqları ictimai, siyasi mühiti formalaşdıra bilməyiblər. Əvəzində, Ermənistan büdcəsini talayan ölkə rəhbərliyi əməllərini diaspor vəsaitləri ilə ört-basdır etməyə çalışır. Qərbdəki erməni diasporunun Ermənistandakı siyasi mühiti dəyişdirmək cəhdi 2013-cü il prezident seçkilərində əslən kaliforniyalı namizəd Raffi Ovannesyanı müdafiə etməsi ilə özünü aydın göstərdi. Lakin bildiyimiz kimi, seçkilər heç də diasporun istədiyi kimi yekunlaşmadı.
Vəziyyəti daha da mürəkkəbləşdirən məsələ isə ondan ibarətdir ki, son zamanlar Ermənistan rəhbərliyinin Rusiya meyilli siyasəti daha da dərinləşdirməsi, Avropa İttifaqı ilə assosiativ sazişdən imtina edərək Gömrük İttifaqına qoşulmaq xəttini tutması diasporun Ermənistan hakimiyyətinə inamını daha da sarsıdıb, münasibətləri bir qədər də gərginləşdirib. Buna görə də diaspor daxilindən Ermənistandakı hökuməti devirmək çağırışlarının artması təəccüb doğurmur.
Qeyd etdiyimiz kimi, diaspor ilə Ermənistan hakimiyyəti arasındakı toqquşmanı yalnız mədəni və ideoloji fərqlərlə izah etmək doğru olmazdı, burada, şübhəsiz, maddi, korporativ maraqlar da öz sözünü deyir. Bu rəqabət əsasən Ermənistandakı oliqarxlar ilə Qərb diasporundan olan iş adamları arasında özünü göstərir. Belə ki, 1990-cı illərin əvvəllərində Qərbdəki erməni iş adamları sürətlə Ermənistan iqtisadiyyatına yatırımlar etməyə, burada öz bizneslərini qurmağa başlamışdılar. Lakin Ermənistandakı biznes imkanlarını heç kimlə paylaşmaq istəməyən monopolist Ermənistan rəhbərliyi tezliklə həmyerlilərini ölkə iqtisadiyyatından sıxışdırıb çıxardı. Bu isə həm Ermənistan iqtisadiyyatının inkişafına, həm də əhalinin vəziyyətinin yaxşılaşması perspektivlərinə böyük ziyan vurdu. Son zamanlar ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Birləşmiş Ştatlardakı erməni iş adamlarını bu ölkəyə yatırımlar etməyə həvəsləndirməyə çalışır. Lakin səfirin özünün də etiraflarından görünür ki, erməni işadamlarının Ermənistandakı bu rejimə itirilmiş etimadını bərpa etmək elə də asan olmayacaq. Digər tərəfdən, Ermənistandakı monopolistlər öz mövqelərini əldən vermək fikrində deyillər.
Beləliklə, xaricdən gələn erməni biznesmenlərə mövcud rejim tərəfindən yaradılan maneələr onların ölkədə iş qurmasını çətinləşdirir. Bu səbəbdən də erməni diaspor təşkilatlarına məxsus KİV-lərdə Ermənistan hakimiyyətində təmsil olunan oliqarxların ölkənin iqtisadiyyatı üzərində qurduğu monopoliyadan tez-tez bəhs olunur. Diaspor Ermənistan əhalisinin ölkədən kütləvi miqrasiyasının, ölkənin sosial-iqtisadi böhran içərisində olmasının əsas səbəbi kimi Serj Sakisyanın qeyri-demokratik rejimini göstərir. Bu isə onu deməyə əsas verir ki, Sarkisyan hökuməti Ermənistan əhalisinin böyük əksəriyyəti kimi, erməni diasporunun əsas hissəsinin də nəzərində legitimliyini itirib.

Paylaş:
Baxılıb: 937 dəfə

Müəllifin digər məqalələri:

İnflyasiya və monopoliya Ermənistanın boşalmasını sürətləndirir

İşğalçı ölkədə əsl...

22.10.2014 [09:28]

“Moody’s” Ermənistanla bağlı bədbin proqnozlar verir

Hazırda işğalçı ölkə...

20.09.2014 [10:15]

Ermənistanda yeni etiraz aksiyaları gözlənilir

Sosial, iqtisadi problemlərin...

18.09.2014 [09:53]

Qərb sanksiyaları Ermənistan iqtisadiyyatına zərbə vurur

Erməni diasporu nümayəndələri...

13.09.2014 [10:49]

Erməni diasporu Sarkisyan hakimiyyətindən qisas almağa çalışır

Ermənistan hakimiyyəti ilə erməni...

28.08.2014 [09:45]

Ermənistan əhalisi təşviş içindədir

İşğalçı ölkədəki...

14.08.2014 [09:29]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30