
Əli Kərimli-İsa Qəmbər mübarizəsində qurultay məsələsi yenidən gündəmə gətirilir
Son günlərdə radikal müxalifət düşərgəsindən gələn ən “qaynar” xəbərlərin əksəriyyəti pik həddədək yüksələn AXCP-”Müsavat” qarşıdurması ilə bağlıdır. Lakin bunlar özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan AXCP və “Müsavat” arasında yaşanan gərginliyin yalnız görünən tərəfidir. Necə deyərlər, aysberqin alt qatında bir sıra gizli mətləblərin olduğunu da söyləmək mümkündür.
Söhbət nüfuz savaşında AXCP-nin “Müsavat” daxilində bir növ “arxa cəbhə” açmaq cəhdlərindən gedir. Bəli, AXCP yetkililərinin son gəlişmələrində aydın sezilir ki, onlar qarşı tərəfdə zəif, sürüşkən mövqelər tapmağı “uğur qazanmağın” ən asan yolu hesab edirlər. Bir baxın, AXCP funksionerləri sanki “Müsavat”çıların qayğıkeşi, hüquqlarının müdafiəçisi rolunda çıxış edirlər! Bu, inanılmazdır, nonsesdir. Görəsən, gün haradan doğub ki, öz partiyalarının üzvlərinə həqarətlə baxan AXCP “elitası” sıravi “Müsavat”çıların başlarına sığal çəkmək cəhdlərində bulunurlar?
Təbii ki, burada hansısa xoş niyyətdən söhbət belə gedə bilməz. Görünən odur ki, AXCP özlərisayağı çoxbilmişlik edərək ilanı Seyidəhməd əli ilə tutmağı, yəni “Müsavat”ın aşağı halqalarinda partiya rəhbərliyinə qarşı inamsızlıq yaratmaqla rəqibi sarsıtmağı və radikal düşərgənin hakimi-mütləqinə çevrilməyi hədəf götürüblər.
AXCP funksionerlərinin sıradan çıxartmağa çalışdıqları indiki rəhbərlikdən sonrakı “Müsavat”ın “cəbhəçi”lərlə hansı təmaslar quracağını bəri başdan proqnozlaşdırmaq çətindir. Ancaq fakt ondan ibarətdir ki, AXCP “Müsavat” daxilində təfriqələr salmağa davamlı səylər göstərir.
Məsələn, AXCP sədrinin müavini Nurəddin Məmmədli “Müsavat Partiyasını öz girovuna çevirən bəzi şəxslərin olduğunu” dilə gətirib. Partiya funksionerinin iddiasına görə, təmsil etdiyi qurumun “Müsavat”la problemi yoxdur, sadəcə, bu partiyadakı bəzi şəxslər tərəflər arasında nifaq salırlar: “Ona görə də çalışırıq ki, həqiqəti ortaya qoyaq, kimin kim olduğu görünsün”.
Şübhə yoxdur ki, N.Məmmədli “bəzi şəxslər deyəndə, məhz “Müsavat”ın mövcud rəhbərliyinı nəzərdə tutur. Təsadüfi deyil ki, açıqlamasının əvvəlində bir növ him-cimlə danışan N.Məmmədli daha sonra “ipucunu” daha da konkretləşdirərək vurğulayır: “Müsavat” qurultay keçirsə və partiya rəhbərliyinə sağlam qüvvələr gəlsə, AXCP Müsavat Partiyası ilə əməkdaşlıq edə bilər”.
Burada deyiblər ki, görünən dağa nə bələdçi? Sirr deyil ki, “Müsavat” da illərdir ki, acı bağırsaq kimi uzanan “qurultay məsələsində” iki funksionerin adı daha çox hallanır. Bunlardan biri qurultay keçirilsə, başqanlıqla vidalaşacağını göz önünə gətirən İsa Qəmbər, digəri isə qurultay keçirilsə, başqanlığa gələcəyini xəyal edən Arif Hacılıdır. AXCP funksionerinin də məhz bu iki arzuolunmaz şəxsdən bəhs etdiyi şəksizdir. Digər tərəfdən, görünən odur ki, Əli Kərimlinin yaxın ətrafı İsa Qəmbərə qarşı mübarizədə “qurultay məsələsindən” yararlanmağa çalışır.
Yeri gəlmişkən, N.Məmmədli AXCP yetkililəri arasında “Müsavat”ın rəhbərliyini hədəfə alan yeganə funksioner deyil. AXCP sədrinin digər bir müavini Fuad Qəhrəmanlı “Müsavat”ın başqanı İsa Qəmbəri çiyindaşlarının gözündən salmaq üçün “siyasətdən sonrakı həyatından ötrü çalışır” ittihamını səsləndirir, eyni zamanda riyakarlıqla “mən səmimi “Müsavat”çıların dostuyam” deyir. F.Qəhrəmanlı həmçinin, “Müsavat” rəhbərliyini partiya üzvlərini aldatmaqda suçlayır və “Müsavat”çıları İsa Qəmbərə qarşı çıxmağa, ondan yalanlara görə haqq-hesab tələb etməyə çağırır.
Onu da qeyd edək ki, AXCP “Müsavat”a qarşı apardığı “partizan müharibəsi”ndə rəqib düşərgədəki narazılardan yararlanmaq taktikasından da yetərincə bəhrələnməyə çalışır. Təsadüfi deyil ki, son günlərdə AXCP-nin nəzarətində olan mətbuat orqanlarında “narazı” “Müsavat”çıların partiya rəhbərliyinin yanlış siyasətinə etirazlarını bildirmələrinə hər cür imkan yaradılır. Bundan başqa, AXCP “Müsavat”ın rəhbərliyinə “cəbhəçi”lərə daha loyal münasibət bəsləyən birisinin gəlməsində maraqlıdır. Siyasi kuluarlarda AXCP funksionerlərinin bu məqsədlə “bir ayağını iki başmağa qoyan” “Müsavat”çılarla separat sövdələşmə danışıqları aparmalarına dair söhbətlər dolaşır. İddia olunur ki, AXCP “Müsavat” daxilində İsa Qəmbərin başqanlıqdan getməsini tezləşdirəcək, Arif Hacılının başqanlığa gəlməsini əngəlləyəcək və “şahlıq quşunu” başqa birisinin başına qonduracaq koalisiya formalaşdırmaq uğrunda çabalamalar sərgiləyir. Son vaxtlar “Müsavat” təmsilçiləri arasında “Mən də özümü başqan yerində görürəm” deyənlərin sayının artması isə bu deyilənlərdə həqiqət payının olmasından xəbər verir...
Bununla belə, qeyd edək ki, “Müsavat”da da AXCP-nin apardığı “partizan müharibəsi”nə biganə deyillər. “AXCP-nin bəzi funksionerləri “Müsavat” başqanı İsa Qəmbərin siyasi səhnədən getməsi və Əli Kərimlinin birləşmiş partiyanın lideri olması istiqamətində çalışırlar”. Bunu Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib. Arif Hacılının qardaşı Mustafa Hacıbəyli isə “Facebook” paylaşmasında “Müsavat”a qarşı kampaniya aparan “yurd övladları”nı “Leapoldu bizləyən siçanlar”a bənzədib.
Bir sözlə, görünən odur ki, AXCP-“Müsavat” savaşı ötən hər gün daha da şiddətlənir. Tərəflər bir-birilərini sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə edirlər.
- Oxunub: 23190 |
- Tarix: 17-01-2014 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)