
O, yenə də olmayan imkan və bacarıqlarını “şişirtməklə” məşğuldur
Müstəqil Azərbaycanın günü-gündən güclənməsi, nəinki regionda, daha böyük bir coğrafiyada söz sahibinə çevrilməsi və müstəqil siyasət kursu yürütməsi istər xaricdə, istərsə də, daxildə olan antiazərbaycançı, ermənipərəst dairələrin narahatlıqları ilə müşayiət olunur. Bu baxımdan, təsir altında olan bəzi qüvvələrin anormal davranışları, o cümlədən, utopik, xəyali proqnozlar səsləndirməsi, xalqın adından yalanlar danışmasının da arxasında analoji amil, narahatlıqlar dayanır. Qeyd olunduğu kimi, bu səbəbdəndir ki, həmin xarici dairələr zaman-zaman kiçik qruplardan və ya cəmiyyətdə nüfuzu olmayan, reneqat, şəxsi maraqları ucbatından böhtan yağdırmağı bacaran şəxslərdən istifadə etməklə guya cəmiyyətdə gərginlik yaratmağa çalışırlar. Amma təbii ki, buna nail ola bilmirlər.
Çünki həmin ara qarışdırmaq istəyənlərin kimliyi, məqsədləri Azərbaycan cəmiyyətində hər kəsə bəllidir. Özünü “ziyalı” adlandıran, bu ad altında şəxsi maraqlarına xidmət göstərən və cəmiyyətə yalan, böhtan informasiyalar verməklə özünü şişirtməyə çalışanlar “ziyalı” adını siyasi oyunların vasitəsinə çevirməklə bu ada kölgə salırlar, öz şəxsi maraqlarından irəli gələn fikirlərini cəmiyyətə sırımağa çalışırlar. Məsələn, bu gün fərqli maraqların danışan dilinə çevrilən, öz məqsədlərini “ziyallıq” pərdəsi altında gizləməyə, utopik layihələrlə gündəmə gəlməyə çalışan reneqat Eldar Namazov və onun başına cəm olmuş, adını “ziyalı” qoymuş qrup Azərbaycan haqqında şər, böhtan xarakterli siyasi çıxışlar etməklə, özlərinin “ziyalılıq missiyalarını” yerinə yetirdiklərini düşünürlər. Başda reneqat Namazov olmaqla bu insanların dediklərini, danışdıqlarını təhlil edəndə onların məqsədlərinin, niyyətlərinin və layihələrinin haradan qaynaqlandığı və nəyə hesablandığı, o cümlədən, bu insanların hansı antiazərbaycançı qüvvələrlə əməkdaşlıq etdiyi tam çılpaqlığı ilə aşkara çıxır.
Çünki Eldar Namazovun dəstəsi halına gəlmiş və adını “Ziyalılar forumu” qoyan kəsimin fəaliyyəti yalnız ambisioz siyasi fəaliyyətlə məhdudlaşır. Maraqlıdır ki, son dövrlərdə hər açıqlamalarında adı ictimai, özü siyasi alver məkanı olan bu qondarma qurumun bütün üzvləri açıq aşkar antiazərbaycançı dairələrin çətiri altında olduqlarını etiraf edirlər.
Elə, “Ziyalılar forumu” adlandırılan və şəxsi maraqlar klubuna çevrilən qurumun rəhbəri reneqat Eldar Namazovun ortaya atdığı yeni layihə də bunun bir nümunəsidir. Bəllidir ki, söylədikləri, oynadığı oyunlar Namazovun qarşıdan gələn seçkilərdə namizəd olmaq istəyinin olduğunu ortaya çıxarır. “El hərəkatı” adlı utopik, yalançı layihə də məhz bu istiqamətə yönləndirilir. Elə bu səbəbdəndir ki, birmənalı şəkildə reneqat Namazovun “El hərəkatı” qarşıdan gələn prezident seçkilərində onun namizədliyinin irəli sürülməsini nəzərdə tutan, guya ölkə əhalisinin əksəriyyətini təşkil edən passiv hissəsini, həmçinin, “ziyalıları” özündə birləşdirəcək utopik bir layihə kimi dəyərləndirilir.
“Ziyalı” adını bu qədər kiçildən, şəxsi korporativ maraqlarının səviyyəsinə endirməyi bacaran Eldar Namazov sadəcə önə çıxmaq uğrunda “mübarizə” aparmaq istəyini büruzə verir. Onun yalançı çırpınışlarının arxasında bir məqsəd durur. O, dolayısı ilə dağıdıcı müxalifət partiyalarının “mübarizə” planlarının uğursuzluğuna işarə vurur. Bununla isə dağıdıcı müxalifətin yerinə keçməyi düşünür. Yaradılması planlaşdırılan “milli şura”ya rəhbərlik etməklə isə sadəlövhcəsinə Müsavat və AXCP-ni, o cümlədən, onlara yaxınlığı ilə seçilən qurumları “müttəfiq” adı altında öz ətrafında birləşdirəcəyini düşünür. Onun bu qədər geniş “fantaziyası” isə birmənalı şəkildə reallıqdan kənardır. Birincisi, onun siyasi iddiası olsa belə adıçəkilən kəsimin rəhbərlərinin onu dəstəkləməsi qeyri-mümkündür. Çünki həmin təşkilatların başçılarının “müttəfiqliyə” necə riayət etdiyi hər kəsə bəllidir. Görünür, bu dəfə məhz, reneqat Namazov onların yerini tutub, öz yalanlarında xalqın adından istifadə etməyə çalışır. Öz xalqına “passiv hissə” deyən birisinin ağ yalanı elə buradan məlum olur. Xalqımız hər bir seçkidə yüksək aktivlik göstərir və öz düzgün seçimi ilə Namazov kimilərinə layiqli cavab verir.
Reneqat Eldar Namazovun fikir və mülahizələri Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyəti düzgün qiymətləndirə bilməyən birisinin mülahizələridir. Sırf özünün şəxsi maraqlarına istiqamətlənən bu fikirlərlə Azərbaycanın tarixi keçmişi ilə müasir durumu arasında uğursuz və savadsız paralellər aparan Eldar Namazov cəmiyyətin inkişaf meyillərini düzgün qiymətləndirə bilmir. Elə bu səbəbdəndir ki, onun uğursuz çabalamaları öz imkan və bacarığını qeyri-adekvat şəkildə şişirdən subyektin avantürist spekulyasiyalarından başqa bir şey deyil. Belələri isə ağa qara deməklə, Azərbaycanı gözdən salmaqla məşğul olmağı artıq özləri üçün peşəyə çeviriblər.
Pərviz SADAYOĞLU
- Oxunub: 29100 |
- Tarix: 23-01-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal müxalifət dövlətə və xalqa qarşı mübarizə aparır(2019-12-04 09:32:29)
- - Azərbaycan xalqı radikal müxalifəti dəstəkləmir(2019-12-03 09:38:16)
- - Havadarları radikal müxalifət düşərgəsindən üz döndəriblər(2019-11-30 09:58:02)
- - Radikal müxalifət düşərgəsi maddi gəlir əldə etmək üçün bütün yollara baş vurur(2019-11-29 09:28:35)
- - AXC-“Müsavat” hakimiyyətinin cinayətkar əməlləri xalqımız tərəfindən unudulmayıb(2019-11-28 09:20:34)
- - Siyasi dönük, flüger Əli Kərimlinin bütün fəaliyyəti satqınlıq üzərində qurulub(2019-11-27 09:15:43)