
Ölkəmizin Vətən müharibəsində qazandığı şanlı qələbə və digər uğurları dostlarımızı sevindirdiyi kimi, məkrli düşmənin, həmçinin beynəlxalq miqyasda erməni lobbisinə bağlı olan anti-Azərbaycan dairələrin narahatlığını artırıb. Təəssüf doğuran haldır ki, həmin mərkəzlərin Azərbaycana qarşı apardıqları qara piar kampaniyasında radikal müxalifət düşərgəsində cəmləşən “sapı özümüzdən olan baltalar” da yer alırlar. Belələri bəhs olunan mərkəzlərdən daha çox maliyyə təminatı almaq üçün onların milli maraqlarımızın əleyhinə olan sifarişlərini can-başla yerinə yetirirlər. Məsələn, xeyli müddətdir ki, okeanın o tayında “lövbər salan” Qubad İbadoğlu sosial şəbəkələrdə absurd iddialar səsləndirir. Ümumiyyətlə, qərəzlilik mərəzinə yoluxmuş Qubad İbadoğlu Azərbaycadakı mənzərəni daim əyri güzgüdən təqdim edir.
Onun cəfəng iddialarına nəzər salanda görünür ki, Qubad İbadoğlu yenə də öz ampluasındadır. Bu dəfə o, Azərbaycan hökumətini koronavirus pandemiyasına qarşı milli səviyyədə apardığı mübarizəyə görə “tənqid” edir. Əslində isə, Qubad İbadoğlunun dilə gətirdiyi iddiaların heç bir məntiqi izahı yoxdur, onun respublikamızda COVID-19-a qarşı görülən mübarizə tədbirləri, pandemiya şəraitində dövlətin sosial siyasəti, həmçinin iqtisadiyyatımızın vəziyyəti barədə boğazdan yuxarı söylədiklərinin hamısı başdan-ayağa sırf populizm və qərəzli yanaşma nümunəsidir. Qubad İbadoğluna xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiyaya qarşı milli səviyyədə səmərəli mübarizə aparan nümunəvi dövlət kimi səciyyələndirib. Ötən il respublikamızda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində 5 milyon insanı əhatə edən böyük sosial paket reallaşdırılıb. Bununla yanaşı, respublikamızda ötən il iş yerlərinin, iqtisadi fəallığın qorunmasına yönələn geniş dəstək tədbirləri həyata keçirilib. 2020-ci ildə respublikamızda Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126,9 milyon manat güzəştli kredit verilib. Bu və digər tədbirlər öz müsbət nəticəsini verir. Cari ilin əvvəlindən pandemiya səbəbindən ümumi daxili məhsul istehsalında müəyyən azalmalar müşahidə edilsə də, qeyri-neft sənayesində 12 faiz artım olub.
Yeri gəldi-gəlmədi “iqtisadçı alim” olduğunu dilə gətirən Qubad İbadoğlu, heç şübhəsiz ki, pandemiya şəraitində bu kimi müsbət göstəricilərin arxasında hökumətin uzunmüddətli səmərəli siyasətinin dayandığını yaxşı bilir. Ancaq üzərinə götürdüyü qərəzli missiya onun əsl həqiqətləri dilə gətirməsinə imkan vermir. Başqa sözlə, onun absurd iddiaları anti-Azərbaycan dairələrin ölkəmizə qarşı apardığı qara piar kampaniyasına xidmət edir.
Mübariz ABDULLAYEV
- Oxunub: 3060 |
- Tarix: 17-03-2021 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Qubad İbadoğlu öz ampluasında...(2021-03-17 09:19:42)
- - Qubad İbadoğlunun aşkar yalanı və bəsit manipulyasiyası(2021-03-13 09:29:38)
- - Qərəz libasına bürünmüş Qubad İbadoğlu(2021-03-11 09:17:43)
- - Revanşistlərlə radikalların sinxron hərəkəti(2021-03-02 09:37:28)
- - Qubad İbadoğlunun ucuz populyarlıq qazanmaq cəhdi(2021-02-24 09:04:03)
- - Sevinc Osmanqızının düşmən xislətli nağılları(2021-02-17 09:13:27)