
44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizə kölgə salmaq istəkləri boşa çıxan radikal müxalifət düşərgəsinin təmsilçiləri öz çirkin əməllərindən əl çəkmirlər. Belə ki, fəaliyyətlərini xaricdəki ermənipərəst mərkəzlərin sifarişləri əsasında quran dağıdıcılar son günlər bir qədər də “irəli gedib”lər. Bu “irəli getmə”nin nədən ibarət olmasını bilmək üçün isə AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdəki son paylaşımlarına nəzər yetirmək kifayətdir.
Məsələ burasındadır ki, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibə zamanı darmadağın olmuş, demək olar ki, texnikaları tam şəkildə məhv edilmiş və bir hissəsi də qənimət kimi Azərbaycan Ordusu tərəfindən götürülmüş Ermənistan silahlı birləşmələrinin “rekonstruksiya” olunacağına dair iddialarla çıxış etməklə ürəyi soyumayan Əli Kərimli indi də terrorçu separatçıların təmsilçilərindən olan Vitaliy Balasanyanın danışan dilinə çevrilib, onun uydurduğu yalanları açıq kontekstdə təbliğ etməyə başlayıb. Məsələn, Ə.Kərimli Balasanyanın “muzdlu ordu quracağıq”, “üçüncü Qarabağ müharibəsi olacaq”, “xarici ölkələrdən əsgər gətirəcəyik”, “yeni texnikalar alacağıq” kimi sərsəm bəyanatlarını ciddi şəkildə Azərbaycan ictimai rəyinə sırımağa çalışır.
Təbii ki, Balasanyanın bu iddialarının məğlub psixoloji durumdan qaynaqlandığı ilk baxışdan bəlli olur. Elə Əli Kərimlinin də onu təbliğ etməsinin arxasında hansı “məqamın” dayandığı hər kəsə bəllidir. Sadəcə Əli Kərimlinin Balasanyanın dili ilə Azərbaycanı “muzdlu ordu” ilə qorxutmağa çalışması anlaşılan deyil. O mənada ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı məhz fərqli ölkələrdən gələn muzdlulara qarşı döyüşməsi onsuz da sirr deyil və ermənilər özləri bunu etiraf edirdilər. Əhalisinin böyük əksəriyyəti öz ölkəsini tərk etmiş Ermənistan Azərbaycana qarşı əsasən, Şərq ölkələrindən və bəzi Avropa dövlətlərindən gətirilmiş muzdlularla döyüşürdü. Bəs bu muzdlular 44 gündə nəyə nail ola bildilər? Həmin muzdlular Azərbaycanın müzəffər Ordusu qarşısında diz çökmədimi? Əgər Ə.Kərimli üçün “muzdlu ordu” məsələsi yeni bir faktdırsa demək ki, 44 günlük Vətən müharibəsi dövründə o ya qış yuxusuna gedibmiş, ya da o, ermənilərin danışan dilinə çevrildiyini bir daha məqsədli şəkildə nümayiş etdirir.
Əli Kərimlinin “ermənilər yeni silahlar, texnikalar alacaqlar” tipli iddiasına gəlincə, birincisi, Ermənistandakı hazırkı maddi durum, sosial böhran, siyasi xaos bu ölkənin özünün varlığını təhdid altına salıb. Müasir dövrdə yeni, müasir silahların, texnikaların alınması mütləq şəkildə dövlətin iqtisadi gəlirlərinə əsaslanır. Yalnız xarici ianələr vasitəsilə yaşayan, daha doğrusu sürünən Ermənistan hansı yeni silah və ya müasir texnika almaq iqtidarındadır? İkincisi, 30 ilə yaxın “silahlanmış” Ermənistan ordusu cəmi 44 gün ərzində Azərbaycan əsgərinin qarşısından qaçmaq məcburiyyətində qaldı. Bundan sonra onların silahlanaraq yenidən revanş arzusuna düşməsini iddia etmək isə yalnız Əli Kərimli kimilərinin “ağlına” gələ bilər. Bir sözlə, görünən odur ki, Əli Kərimli düşməni güclü göstərmək mərəzindən xilas ola bilmir.
- Oxunub: 1500 |
- Tarix: 23-02-2021 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Ortaqlığı bitirən “maraq savaşı”(2021-02-26 09:06:53)
- - Savadsızlıq, yoxsa qərəz?(2021-02-25 09:04:46)
- - Əli Kərimli indi də Balasanyanın absurd fikirlərini təkrarlayır(2021-02-23 09:01:57)
- - Əli Kərimlinin yalanlar seriyası...(2021-02-22 08:27:13)
- - Ermənipərəst mərkəzlərdən Əli Kərimliyə yeni sifariş...(2021-02-19 09:16:34)
- - Sevinc Osmanqızı erməni yalanlarının uğursuz təbliğatçısı rolunda...(2021-02-18 08:52:31)