
Torpaqlarımızın vaxtilə işğal olunmasının başlıca səbəblərindən biri AXC-“Müsavat” cütlüyünün xəyanətkar mövqeyi idi
Ötən il 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın edildi. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Onu da qeyd edək ki, hazırda 10 noyabr razılaşmasının icrası davam etməkdədir. Lakin bu razılaşma Azərbaycanın maraqlarına tam cavab verdiyi halda, radikal müxalifət sosial şəbəkələrdə yanlış fikirlər səsləndirməklə ictimai rəyi çaşdırmağa çalışır. Məqsəd həm də radikalların öz xəyanətlərini ört-basdır etmək istəyidir. Faktdır ki, torpaqlarımızın işğal altına düşməsində əsas günahkar qanunsuz yollarla hakimiyyətə gələn, heç bir siyasi biliyə, təcrübəyə, səriştəyə malik olmayan Azərbaycan Xalq Cəbhəsi olub. AXC-nin 1990-cı illərin əvvəlində hakimiyyət uğrunda mübarizəsi nəticəsində yaranmış ölkədaxili xaosdan istifadə edən Ermənistan torpaqlarımızın bir hissəsini işğal etdi. 1992-ci ilin may ayında AXC-“Müsavat” cütlüyü qanunsuz hakimiyyətə gəldikdən sonra isə 1 il ərzində daha böyük ərazilərimiz işğal olundu. Yəni o vaxt hakimiyyətdə olmuş indiki radikal müxalifətin hazırda ümummilli məsələlərdə xalqın mövqeyinə zidd yanaşması, manipulyasiya və spekulyasiya cəhdləri qəbulolunmazdır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Millət vəkilinin sözlərinə görə, vaxtilə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyətidir: “Heç kim unutmayıb ki, AXC-“Müsavat” cütlüyü 1992-ci il mayın 15-də qanunsuz yolla hakimiyyətə gəldikdən üç gün sonra - mayın 18-də Laçın rayonu ermənilər tərəfindən işğal olundu. Laçının işğalı ilə Ermənistanla Qarabağ separatçıları arasında coğrafi əlaqə yarandı. 1993-cü ilin aprel ayında isə Kəlbəcər rayonu işğala məruz qaldı. Həmin ilin yay aylarında AXC-”Müsavat” hakimiyyətinin səriştəsiz siyasəti nəticəsində yaranmış siyasi böhran səbəbindən digər torpaqlarımız da Ermənistan tərəfindən qəsb olundu”.
C.Osmanov qeyd edib ki, AXC-“Müsavat” cütlüyünün hakimiyyəti dövründə respublikada anarxiya hökm sürürdü, hərc-mərclik baş alıb gedirdi: “Məhz bu cür siyasətin nəticəsi olaraq torpaqlarımız ermənilər tərəfindən işğal olundu, Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də Azərbaycan xalqı AXC-”Müsavat” iqtidarına etimadsızlıq göstərdi. Amma Vətən müharibəsində biz bu torpaqları düşməndən azad etdik. Müzəffər Ali Baş Komandanımız fevralın 14-də işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçın rayonunda oldu. Biz artıq tarixi torpaqlarımıza qayıtmışıq”.
“1992-1993-cü illərdə AXC-“Müsavat” hakimiyyətinin səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağ və ətraf rayonları itirmişdi”. Bu fikirləri isə Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
K.Əliyeva söyləyib ki, 44 günlük Vətən müharibəsində qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı öz qanları, canları hesabına azad etdilər: “Ağdam, Kəlbəcər və Laçın rayonları da qan tökülmədən azad olundu. Belə olan halda, vaxtilə hakimiyyətdə olmuş indiki radikalların sərgilədiyi mövqe qətiyyən qəbulolunmazdır. Bu gün radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, yenə də riyakarlıq yolunu tutur. Cəmiyyətimiz bu ünsürlərin antimilli mövqeyini rədd edir”.
- Oxunub: 3780 |
- Tarix: 17-02-2021 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Qənimət Zahid Azərbaycan haqqında mənfi rəy yaratmaq üçün çirkin təbliğat aparır(2021-04-09 08:53:16)
- - Əli Kərimli anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edir(2021-04-02 08:44:08)
- - Qozbeli qəbir düzəldər(2021-03-18 08:58:59)
- - Əli Kərimlinin ikrah doğuran yalanları(2021-03-16 09:43:14)
- - Nurəddin Məmmədlinin gülünc “məntiq”i...(2021-03-05 09:02:45)
- - Gültəkin Hacıyevanın sosial şəbəkədə cılız qara piar kampaniyası(2021-03-03 08:27:40)