
Məlum olduğu kimi, məğlub Ermənistanda bütün sahələri əhatə edən xaos davam edir. Seçki məsələsi ilə gündəmi dəyişməyə çalışan Paşinyan hakimiyyətinin bir sıra bəhanələrlə növbədənkənar parlament seçkisindən də imtina etməsi müxalifəti yenidən hərəkətə keçirib. Belə ki, bundan əvvəl 20 fevral tarixinə ümumrespublika mitinqi təyin edən müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat” birdən-birə fevralın 12-də paytaxt sakinlərini küçələrə çıxmağa səsləyib.
Ermənistan mediasının yaydığı məlumata görə, “Vətənin xilası naminə hərəkat”ın baş nazir postuna namizədi Vazgen Manukyan xüsusi bəyanatla çıxış edərək Yerevan sakinlərini Azadlıq meydanında keçiriləcək mitinqə çağırıb. “Panorama.am” isə yazır ki, məlum bəyanatda hökuməti dəyişdirmək məqsədlərindən vaz keçmədiklərini qeyd edən hərəkat lideri artıq müxalifətin gələcək proqramını dəqiq müəyyənləşdirdiklərini bildirib. “Yerevan.Today” isə yazır ki, vətəndaşları “oyanmağa” və ölkənin gələcəyini öz əllərinə almağa səsləyən V.Manukyan qəti şəkildə bildirib ki, bu hökumət dərhal getməlidir: “Ölkənin taleyini siz təyin edirsiniz. Bundan sonrakı prosesin hansı yöndə aparılması barədə qərar verməyə çağırıram”.
Müxalifətin əhalini küçələrə tökməsi fonunda üsyan variantının yenidən aktuallaşmasına gəlincə, V.Manukyan deyib ki, qarşı tərəf bu istiqamətdə addım atarsa, yəni hökumət öz müqaviməti ilə xalqı üsyana məcbur edərsə, hərəkat qiyama çevrilə bilər. Xatırladaq ki, “Vətənin xilası naminə hərəkat”da birləşən müxalifət nazirlər kabinetini buraxmağı, müvəqqəti hökumət qurmağı və sonra növbədənkənar seçki keçirməyi təklif edir.
Yeri gəlmişkən qeyd edək ki, Yerevanda hökumət binası qarşısında itkin düşən hərbçilərin yaxınlarının etiraz aksiyaları da davam edir. Sonuncu aksiya zamanı Paşinyanın müşaviri Arsen Torosyanla görüşən etirazçılar onun münasibətindən narazılıq ediblər və bundan sonra polislə toqquşma baş verib.
Bu arada, ölkədə mövcud olan vəziyyəti şərh edən ekspert, “Orbeli” mərkəzinin ölkədən qovulan keçmiş eksperti Andranik Ovannisyan bu gün hakimiyyətin Ermənistanda polis dövləti qurmaq niyyəti barədə yazıb. Ötən il Yerevanın rayonlarından birində baş verən polis qanunsuzluğundan bir nümunə gətirən ekspertin sözlərinə görə, polis özbaşınalığı yaxın vaxtlarda Ermənistan vətəndaşlarının gündəlik həyatının bir hissəsinə çevriləcək.
Onu da qeyd edək ki, Ermənistan cəmiyyətində hökm sürən mənəvi-psixoloji vəziyyət ekspertlər tərəfindən “milli faciə” kimi qiymətləndirilir. “Panorama.am”ın yazdığına görə, Ermənistandakı mövcud vəziyyətdən narahatlıq keçirən 8 partiyanın keçirdiyi birgə mətbuat konfransında “Milli öz müqəddəratını təyinetmə” birliyinin lideri Paruyr Hayrikyan deyib ki, Ermənistan ağır “milli faciə” dövrünü yaşayır: “Xalqımızın üzərində ən böyük bədxahlar hökmranlıq edir. Biz mütləq demokratiya tələb edirik. Bizim nəslin təsəvvürləri dəyişib, Ermənistan vətəndaşları ölkədən qaçmağa başlayıblar, burada yaşayan ermənilər özlərini yad kimi hiss edirlər”.
Göründüyü kimi, məğlub Ermənistanda vəziyyət getdikcə faciəvi xarakter alır. Böhrandan çıxış yolu görməyən ermənilər ölkədən qaçmağa hazırlaşırlar. Ekspertlərin fikrincə, ölkənin düşdüyü vəziyyət, yaranmış siyasi böhran Ermənistanı fəlakətə doğru sürükləyir.
- Oxunub: 2070 |
- Tarix: 15-02-2021 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Ermənistanda siyasi qarşıdurma kəskinləşir(2021-02-25 09:05:02)
- - Ermənistanda xaos: ziddiyyətlər dərinləşir, etiraz aksiyaları genişlənir(2021-02-15 08:44:44)
- - İnternet resurslarında Azərbaycan əleyhinə dezinformasiya yayılmasında iştirak edən antimilli ünsürlər ifşa olunmalıdırlar(2020-07-18 09:20:24)
- - “Beşinci kolon”a məxsus olan resurslar Ermənistanın Azərbaycana qarşı informasiya təxribatı üçün real platformaya çevrilib(2020-07-17 09:22:41)
- - Hakimiyyətə gəlmək naminə dövlətimizə xəyanət yolu tutanlar xalq tərəfindən layiqli cavablarını aldılar(2020-06-02 09:14:57)
- - Xarici dairələrin direktivləri əsasında hərəkət edən antimilli qruplaşmanın əsas məqsədi ölkədə vəziyyəti gərginləşdirməkdir(2020-04-23 10:34:23)