
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu möhtəşəm qələbə qazanaraq Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdi. Ötən il noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın şərtlərini qəbul edərək Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları Bəyanata qol çəkməsi işğalçı ölkənin kapitulyasiyası deməkdir. Sözügedən sənədə əsasən, hərbi əməliyyatlar dayandırıldı, atəşkəs bərpa olundu və Ermənistanın işğalı altında olan digər ərazilər Azərbaycana qaytarıldı.
Təbii ki, şanlı Ordumuzun işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi bütün xalqımız tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanır. Ölkəmizin bütün guşələrində bu möhtəşəm qələbə coşqu ilə qeyd edilir. Eyni zamanda, xalqımız bütün şəhidlərin, o cümlədən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan övladlarımızın əziz xatirəsini daim uca tutur. Bu gün dövlətimiz şəhid ailələrinə və qazilərə yüksək diqqət, qayğı göstərir. Bütövlükdə, cəmiyyətimiz bu kateqoriyadan olan insanlara diqqət göstərilməsini özünün mənəvi borcu hesab edir.
Bütün bunların fonunda ölkəmizdəki radikal müxalifətin tutduğu mövqe isə cəmiyyətimiz tərəfindən ikrah və haqlı qəzəb hissi ilə qarşılanır. Bu da səbəbsiz deyil. Çünki məsələ burasındadır ki, ötən il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti genişmiqyaslı hərbi təxribata cavab olaraq başlanan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Yəni Vətən müharibəsinin əvvəlində özlərini xalqa “vətənpərvər” kimi təqdim edənlər indi əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini müxtəlif bəhanələrlə azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz xarici himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər.
Radikaların niyyəti cəmiyyətdəki birliyə və həmrəyliyə zərbə vurmaqdır. Vətən müharibəsindən sonra AXCP sədri Ə.Kərimli və “beşinci kolon”un digər nümayəndələri şəhid ailələri və qazilərdən də öz məqsədləri üçün sui-istifadə etməyə çalışırlar. Son günlər isə bu yöndə onlar daha da fəallaşıblar. Belə ki, sosial şəbəkələrdə guya şəhid ailələrinə və qazilərə dövlətin diqqətsizlik göstərməsi barədə yanlış məlumatlar yayılır. Bununla da bu məsələdə məqsəd ictimai narazılıq yaratmaqdır. Amma bütün cəmiyyətimizə məlumdur ki, dövlətimiz bu kateqoriyadan olan insanlara ən yüksək səviyyədə diqqət göstərir, onların problemlərinin həlli istiqamətində davamlı addımlar atılır.
Eyni zamanda, bu gün “YAŞAT” Fondu vasitəsilə cəmiyyət üzvləri, qeyri-hökumət təşkilatları, müxtəlif qurumlar, sadə vətəndaşlar şəhid ailələrinə və qazilərə dəstək göstərirlər. Təbii ki, bu kateqoriyadan olan insanların problemləri ola bilər. Amma həmin problemlər müraciət əsasında nəzarətə götürülür və həllini tapır. Bu baxımdan problemləri olan şəhid ailələrinin və qazilərin məsələlərinin həll olunacağı şübhə doğurmur. Çünki bunun üçün dövlətin siyasi iradəsi var, bütün müvafiq qurumlara bu yöndə tapşırıqlar verilib.
Amma gəlin görək, şəhid ailələrinin və qazilərin problemlərindən danışan Ə.Kərimlinin özü bu kateqoriyadan olan ailələri, insanları ziyarət edibmi? Onlara maddi və ya mənəvi dəstək göstəribmi? Sosial şəbəkələrdə onun belə bir görüşlər keçirməsinə dair hər hansı məlumata rast gəlməmişik. Bütövlükdə, Əli Kərimlinin, “beşinci kolon”un digər təmsilçilərinin şəhid ailələri və qazilərlə bağlı manipulyasiya cəhdi qəbuledilməzdir.
- Oxunub: 3570 |
- Tarix: 12-02-2021 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Qənimət Zahid Azərbaycan haqqında mənfi rəy yaratmaq üçün çirkin təbliğat aparır(2021-04-09 08:53:16)
- - Əli Kərimli anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edir(2021-04-02 08:44:08)
- - Qozbeli qəbir düzəldər(2021-03-18 08:58:59)
- - Əli Kərimlinin ikrah doğuran yalanları(2021-03-16 09:43:14)
- - Nurəddin Məmmədlinin gülünc “məntiq”i...(2021-03-05 09:02:45)
- - Gültəkin Hacıyevanın sosial şəbəkədə cılız qara piar kampaniyası(2021-03-03 08:27:40)