
44 günlük Vətən müharibəsinin bitməsindən dərhal sonra sosial şəbəkələrdə qələbəmizə qarşı çirkin kampaniyalar aparan radikal müxalifət düşərgəsinin təmsilçiləri qazanılmış böyük zəfərə kölgə salmağa, ona qara yaxmağa niyyətlənmişdilər. Amma deyəsən, onlar bunun faydasız olduğunu, xalqın bu yalanlara aldanmayacağını dərk ediblər. Məhz buna görə də radikal müxalifət “val”ı dəyişib, yenidən ənənəvi yoluna qayıdıb.
Belə ki, dünənə qədər sosial şəbəkələrdə, ən əsası isə ermənipərəst Osmanqızı TV-də Azərbaycanın Vətən müharibəsindəki qələbəsini “yarımçıq” adlandıran, ölkəmizin 30 ilə yaxın müddətdən sonra bərpa olunmuş ərazi bütövlüyünü şübhə altına almaq istəyən Əli Kərimli müharibə mövzusundakı qərəzli yalanlarını “ayaq tutdurub yeridə bilmədiyini” görərək “mövzu”nu dəyişib. Yəni, Əli Kərimlinin yenidən “sosial mövzu”lara köklənməsi onun müharibə yalanlarının daşa dəydiyini təsdiqləyir. Yeri gəlmişkən, Ə.Kərimlinin “yeni iddiaları” da yalan potensialı baxımından öncəkilərdən geri qalmır. Məsələn, özünü xalqa canıyanan göstərməyə çalışan AXCP sədri Vətən müharibəsi dövründəki fürsətcil mövqeyini arxa plana keçirib, bu dəfə də şəhidlərimizin, qazilərimizin kölgəsində uğursuz manipulyasiya həyata keçirməyə çalışır. Amma unudur ki, onun danışdığı yalanlar bumeranq effekti ilə öz sifətinə çırpılır. Məsələn, Əli Kərimlinin əsassız iddialarının əksinə olaraq, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial problemlərinin həlli ilə bağlı genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, onlara verilən aylıq müavinətlərin dövlət başçısının müvafiq qərarı ilə artırılması, hətta müharibə iştirakçıları ilə bağlı ortaya çıxa biləcək hər hansı bir formal problemin operativ şəkildə öz həllini tapması üçün müvafiq komissiyanın yaradılması hər kəsə gün kimi aydındır. Bu gün ölkəmizdə şəhid ailələrinin qarşılaşa biləcəyi hər hansı bir kiçik problemin belə həll edilməsi həm cəmiyyət, həm də dövlət olaraq əsas prioritetlərdən sayılır. Eyni zamanda, bu il ərzində minlərlə şəhid ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulur. Eləcə də şəhid olmuş qəhrəmanlarımızın övladlarına müvafiq müavinətlərin verilməsi, onlara xüsusi imtiyazların tanınması artıq təmin olunub.
Bəs, görəsən, hər kəsin gördüyü və bildiyi bu reallığı Ə.Kərimli bilmirmi, yaxud da görmürmü? Təbii ki, həm bilir, həm də görür. Sadəcə olaraq, xain xislət atılan müsbət addımları etiraf etməyə mane olur.
Göründüyü kimi, Əli Kərimlinin bu dəfəki “iddiaları” da qərəzli və əsassızdır. Sadəcə olaraq, AXCP sədri növbəti dəfə özünü “siyasi meydanda” saxlamaq, daha doğrusu onu pulla təmin edən xaricdəki ermənipərəst dairələr qarşısında özünü “təsdiq etmək” üçün yenə də ortaya atdığı boş fikirlərlə gündəmə gəlməyə çalışır. Bu isə nə onun özünə, nə də ətrafındakılara heç bir siyasi dividend qazandırmayacaq. Çünki Azərbaycan xalqı onların əsl simasını yaxından tanıyır.
- Oxunub: 3090 |
- Tarix: 22-01-2021 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimli sosial şəbəkələrdə ermənipərəst dairələrin təbliğatçısı kimi...(2021-03-02 09:23:55)
- - Ortaqlığı bitirən “maraq savaşı”(2021-02-26 09:06:53)
- - Savadsızlıq, yoxsa qərəz?(2021-02-25 09:04:46)
- - Əli Kərimli indi də Balasanyanın absurd fikirlərini təkrarlayır(2021-02-23 09:01:57)
- - Əli Kərimlinin yalanlar seriyası...(2021-02-22 08:27:13)
- - Ermənipərəst mərkəzlərdən Əli Kərimliyə yeni sifariş...(2021-02-19 09:16:34)