
Məlum olduğu kimi, hər hansı bir məsələyə münasibətdə sərgilənən mövqe həmin siyasi qüvvənin və ya partiyanın məqsədlərini gün işığına çıxarır. Bu mənada, Azərbaycan siyasi palitrasının qarınaltı yükünə çevrilmiş, indiyə qədər milli maraqlara xidmət edən hər hansı bir mövqeyinin, bəyanatının, addımının şahidi olmadığımız radikal müxalifətin davranışları onların antimilli ünsür olduğunu tam təsdiqləyir. Bu sirr deyil və Azərbaycan cəmiyyətinin mütləq əksər kəsiminin yekdil fikridir. Necə deyərlər, görünən dağa nə bələdçi...
Antimilli ünsür demişkən, görünən odr ki, Əli Kərimli, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli və bu qisim antimilli mövqeyə malik şəxslər onlar haqqında söylənilən həqiqətlərə görə bərk narahatlıq keçirirlər. Belə olmasaydı, ermənipərəst Osmanqızı TV-ni özünün “iş otağı”na çevirmiş AXCP sədri “antimilli olmadıqlarını” sübut etmək üçün dəridən, qabıqdan çıxmazdı. Amma əlahəzrət fakt faktlığında qalmaqdadır. 2013-cü ildə xarici qüvvələrin maddi dəstəyi və strateji planı əsasında təsis edilmiş antimilli şura öz “fəaliyyəti” dövründə bir dəfə də olsun “milli” olmağı bacarmayıb. 2013-cü ildə keçirilən prezident seçkilərində fiaskoya uğramış və hətta “müttəfiqləri” tərəfindən ifşa edilmiş antimilli şuranın “ömrünün uzadılması” isə vahid bir məqsədə hesablandı. AXCP-si gücdən düşmüş, dərnəyə çevrilmiş Əli Kərimli bu şura “çardağından” xarici ermənipərəst mərkəzlərdən yeni ianələr almaq üçün istifadə edirdi və indi də edir. Onu da qeyd edək ki, Əli Kərimlinin “bankomatı” funksiyasını yerinə yetirən antimilli şura “xalq üçün, dövlət üçün nə pisdirsə, bizim üçün yaxşıdır” şüarını özünün həyat kodeksinə çevirib. ...
Bu gün Əli Kərimli və onun yaxın ətrafının nə deməyindən asılı olmayaraq, reallıq ortadadır. Və dağıdıcılar buyurub aşağıdakı suallara səmimi cavab versinlər:
Məgər ötən ilin martından etibarən, ölkəmizdə qlobal COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərinə rişxəndlə yanaşan, nəinki bir ağıllı təklif verən, hətta görülən işlərə belə qara yaxmağa çalışan antimilli şura təmsilçiləri deyildimi? Hətta “qoy pandemiya daha çox yayılsın” fikrini dilinə gətirib xalqa qarşı bu qlobal salqının daha çox davam etməsini, insanların ölümünü, xəstələnməsini arzulayan bu qondarma qurumun üzvləri deyildimi?...
...“Bizim işimiz hakimiyyəti şərləməkdir” etirafını edib öz iç üzlərini ortaya çıxaran, bununla da müxalifətçilik deyil, dövlətə, xalqa düşmənçilik edənlər antimilli şurada təmsil olunanlar deyildimi? Yaxud, anti-Azərbaycan mərkəzlərin qərəzli “hesabatlarını” özünün istinadgahına çevirən, erməni mənbələrindən “qidalanan” antimilli şura deyildimi?...
...Belə çətin bir zamanda, pandemiyanın dünya iqtisadiyyatına olmazın zərbələrini endirdiyi, hətta ən inkişaf etmiş dövlətlərin belə iqtisadi çətinliklər qarşısında aciz qaldığı bir dövrdə dünya bazarında neftin qiymətinin düşməsinə çırtıq çalıb oynayan, şabaş paylayan, bu münasibətlə bir-birinə gözaydınlığı verən antimilli şura ünsürləri deyildimi?..
Milli adət-ənənələri, mənəvi dəyərləri pula, maddiyyata qurban verən, hətta ən alovlu tərəfdaşlarından olan Eldəniz Quliyevi belə bu uğurda “harcayan”, ermənipərəst dayılarından bir “sağ ol” almanın qarşılığında ən iyrənc addımları belə özünə rəva görən antimilli şura deyildimi?...
...Ötən ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu ərazisində ölkəmizə qarşı aparılan hərbi təxribatlar zamanı ağzına su alan, milli həmrəylikdən, siyasi birlikdən uzaqda dayanan, erməni təxribatlarına qarşı siyasi partiyaların birlik bəyanatına imza atmaqdan imtina edən antimilli şura deyildimi?...
...2020-ci ilin sentyabrın 27-də işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsi dövründə də siyasi partiyaların həmrəylik bəyanatlarına qoşulmayan, pulları kəsilər deyə ermənipərəst mərkəzlərin yanında yer alan (bunun başqa adı yoxdur), fürsət düşən kimi sosial şəbəkələrdə Azərbaycan dövlətinin apardığı siyasətə qarşı əsassız antitezislər səsləndirən, addımbaşı Ermənistan KİV-nin yaydığı yalan məlumatları səsləndirərək bu yalanların ayaq tutub yeriməsi üçün hər yola əl atan antimilli şura üzvləri deyildimi?...
Və nəhayət... 2020-ci ilin noyabrın 10-da qazanılan möhtəşəm zəfəri gözdən salmaq üçün anti-Azərbaycan mərkəzlərin və dövlətlərin “tezislərinə” əsaslanaraq ənənəvi antimilli kampaniyaya başlayan, ermənilərə qoşularaq xalqın qələbəsinə kölgə salan, Ermənistanın məğlubiyyətini həzm etməyənlərin sifarişi əsasında sosial şəbəkələrdə “nağıllar” danışan, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, qələbəmizi “yarımçıq” adlandıran antimilli şura ünsürləri deyildimi?...
Təbii ki, bu cür suallar çoxdur. Əli Kərimli və ya bir başqa şuraçı anlamalıdır ki, onların “antimilli” adlanmalarının altında məhz davranışları, mövqeləri dayanır. Həm də ataların məşhur bir deyimi var - qozbeli qəbir düzəldər...
- Oxunub: 2970 |
- Tarix: 22-01-2021 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimli sosial şəbəkələrdə ermənipərəst dairələrin təbliğatçısı kimi...(2021-03-02 09:23:55)
- - Ortaqlığı bitirən “maraq savaşı”(2021-02-26 09:06:53)
- - Savadsızlıq, yoxsa qərəz?(2021-02-25 09:04:46)
- - Əli Kərimli indi də Balasanyanın absurd fikirlərini təkrarlayır(2021-02-23 09:01:57)
- - Əli Kərimlinin yalanlar seriyası...(2021-02-22 08:27:13)
- - Ermənipərəst mərkəzlərdən Əli Kərimliyə yeni sifariş...(2021-02-19 09:16:34)