
Yaxud Şuşanın AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğal olunduğu kimsəyə sirr deyil
44 günlük Vətən müharibəsində əldə edilmiş zəfər, torpaqlarımızın işğaldan azad olunması təkcə xaricdəki ermənipərəst mərkəzlərin deyil, eyni zamanda, onların ölkəmizdəki əlaltılarının - radikal müxalifət təmsilçilərinin də yuxusunu ərşə çəkib. Belə ki, vaxtilə torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasında bu və ya digər şəkildə günahkar olanlar, hakimiyyət hərislikləri ilə bu işğala özünəməxsus “töhfə” verənlər bu gün də dövlətimiz və xalqımız əleyhinə düşmən mövqe sərgiləyirlər. Bu ünsürlər, həmçinin keçmiş əməllərindən diqqəti yayındırmaq üçün ən yaxın tarixi belə təhrif etməyə çalışırlar. Bu sırada antimilli şurada təmsi olunanlar xüsusilə fərqlənirlər.
Məsələn, Vətən müharibəsində qazanılan qələbənin ardından ermənipərəst Osmanqızı TV-də xalqımıza və dövlətimizə, ən əsası Qarabağ zəfərinə qarşı yeni çirkin kampaniyalar aparan, bu qələbəyə kölgə salmağa çalışan AXCP sədri Əli Kərimli 1992-ci ildə Şuşanın və Laçının işğalında “günahsız” olduqlarını sübut etmək üçün ən yeni tariximizi təhrif etməyə cəhd göstərir. Lakin Ə.Kərimli anlamır ki, yaxın keçmişimizdə baş verən bu hadisələri hər kəs yaxşı xatırlayır və o dövrün AXC başbilənlərinin hakimiyyətə gəlmək üçün hansı xəyanətlərə əl atmaları yaddaşlardan silinməyib. Bir sözlə, torpaqlarımızın, o cümlədən Şuşanın məhz AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğal olunduğu kimsəyə sirr deyil.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, vaxtilə torpaqlarımızın işğal olunmasına zəmin yaradanların bu gün ermənipərəst mərkəzlərin sifarişi ilə hərəkət etmələri təsadüfi deyil: “1992-ci ilin mayında o zamankı AXC-nin əlində olan silahları, cəbhədə döyüşməli olan texnikaları Bakıya gətirərək hakimiyyət çevrilişi etməsi sirr deyil. Əgər kimlərsə, bunu danmaq və ya təhrif etməyə çalışırsa, bu mümkünsüzdür. Çünki sosial şəbəkələrdə o hadisələri əks etdirən onlarla videoçəkiliş mövcuddur. Bununla yanaşı, 1992-ci il elə də uzaq tarix deyil və hər birimiz o günləri yaşamışıq. Xalq Cəbhəsi Şuşanın və Laçının ermənilər tərəfindən işğal olunmasından hakimiyyət tramplini kimi istifadə etdi. Bu gün demokratiyadan danışanlar 1992-ci ildə nə xalqın iradəsini, nə də demokratik prinsipləri diqqətə almadı. Təbii ki, bu gün onların bu faktları danması başadüşüləndir. Onlar istəyirlər ki, gənc nəslə yalan informasiya ötürərək özlərinin günahsız olduqlarını “sübut etsinlər”. Bu isə mümkün deyil”.
Milli Məclisin deputatı Sevinc Hüseynova da bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə qarşı olan, ermənilərə dəstək verən xarici qüvvələrin havadarlıq etdiyi radikal müxalifət düşərgəsi daim milli maraqlarımıza əks-mövqeyi ilə seçilib. Millət vəkili deyib ki, vaxtilə Azərbaycan torpaqlarının işğalına şərait yaradan, Laçının, Şuşanın düşmən tərəfindən zəbt edilməsindən siyasi məqsədlər üçün istifadə edənlər bu gün də düşmənlə eyni sırada yer almaqdadır: “Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər yaddan çıxarmamalıdır ki, vaxtilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlar itirilmişdi. Məhz AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyi, fərariliyi ərazi bütövlüyümüzün pozulmasına, torpaqlarımızın işğalına, süverenliyimizin təhlükə qarşısına düşməsinə şərait yaratdı. Azərbaycan xalqı o günləri unutmayıb. Radikal müxalifət isə bu gün də öz mənfur fəaliyyətindən əl çəkməməklə xəyanəti peşəyə çevirdiyini etiraf etmiş olur”.
- Oxunub: 2670 |
- Tarix: 19-01-2021 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Ortaqlığı bitirən “maraq savaşı”(2021-02-26 09:06:53)
- - Savadsızlıq, yoxsa qərəz?(2021-02-25 09:04:46)
- - Əli Kərimli indi də Balasanyanın absurd fikirlərini təkrarlayır(2021-02-23 09:01:57)
- - Əli Kərimlinin yalanlar seriyası...(2021-02-22 08:27:13)
- - Ermənipərəst mərkəzlərdən Əli Kərimliyə yeni sifariş...(2021-02-19 09:16:34)
- - Sevinc Osmanqızı erməni yalanlarının uğursuz təbliğatçısı rolunda...(2021-02-18 08:52:31)