
Azərbaycanda radikal müxalifət öz ənənəsinə uyğun olaraq yenə də antimilli mövqe nümayiş etdirir. Belə ki, “beşinci kolon” nümayəndələri indi də Vətən müharibəsində əldə etdiyimiz qələbəmizə kölgə salmağa çalışırlar. Elə AXCP sədri Əli Kərimli və Qənimət Zahidin sosial şəbəkələrdə apardığı müzakirələr də məhz bu məqsədə xidmət edir.
Əslində isə onların bu mövzuda danışmağa mənəvi haqları çatmır. Çünki məqsədləri yalnız xaricdəki ermənipərəst qüvvələrin tapşırıqlarını yerinə yetirmək olan bu ünsürlər satqın olduqlarını çoxdan sübut ediblər. Ötən il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq ordumuz əks-hücum əməliyyatlarına başlayarkən ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti, 50 partiya rəhbəri birgə bəyanat imzalayaraq Ali Baş Komandana və Ordumuza birmənalı dəstəyini ifadə etdi. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində bu siyasi partiyalar prinsipial, vahid mövqelərini nümayiş etdirdilər. Amma radikal mövqedə olan ünsürlər bu ümummilli məsələdə xalqımız və ordumuzla həmrəylik nümayiş etdirmədi, siyasi partiyaların birgə bəyanatına qoşulmadılar.
Noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla müharibə başa çatdı. Bu sənəd işğalçı Ermənistanın kapitulyasiyası idi. 10 noyabr razılaşmasını Azərbaycan xalqı böyük coşqu, Ermənistan cəmiyyəti isə kədər hissi ilə qeyd etdi. Erməni cəmiyyətində bu məğlubiyyəti həzm edə bilməyənlər hələ də bu günə qədər Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirirlər.
Belə bir şəraitdə konkret olaraq özlərini “Milli şura” adlandıran, əslində isə, antimilli şura ünsürləri olan radikallar qazanılan böyük qələbəmizə kölgə salmağa çalışırlar. Onlar noyabrın 10-dan etibarən yanlış fikirlərlə ictimai rəyi çaşdırmağa cəhd göstərir, ermənipərəst qüvvələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməkdə davam edirlər. Bu isə onların xaricdən yeni təlimat aldıqlarına işarədir. Təbii ki, radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Özlərini xalqa “vətənpərvər” kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz xarici himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Bir sözlə, antimilli şura xain və satqın siması ilə düşmən dəyirmanına su tökməkdə davam etməkdədir.
Əslində, bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdi. 1992-ci il mayın 15-də AXC-”Müsavat” cütlüyünün qanunsuz yolla hakimiyyətə gəlməsindən iki gün sonra strateji əhəmiyyət kəsb edən Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Hansı ki, məhz Laçının işğalından sonra Ermənistanla Dağlıq Qarabağ separatçıları arasında birbaşa kommunikasiya açıldı. 1993-cü ilin aprelində isə Kəlbəcər kimi böyük rayon işğal olundu. Bu azmış kimi həmin ilin iyun ayında ölkədə başlanmış siyasi böhran, daxili qarşıdurmalar nəticəsində əsgərlərimizin qanı-canı hesabına azad olunmuş bəzi ərazilər də düşmən tərəfindən yenidən işğal olundu. Üstəlik, bir neçə rayon da ermənilər tərəfindən qəsb edildi. Bu torpaqları məhz indiki iqtidar düşməndən geri aldı.
44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi böyük qələbəyə kölgə salmağa çalışan “beşinci kolon”un mövqeyi isə xəyanət və satqınlıqdan başqa bir şey deyil.
- Oxunub: 3060 |
- Tarix: 18-01-2021 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Nurəddin Məmmədlinin gülünc “məntiq”i...(2021-03-05 09:02:45)
- - Gültəkin Hacıyevanın sosial şəbəkədə cılız qara piar kampaniyası(2021-03-03 08:27:40)
- - Əli Kərimlinin yalanları sərhəd tanımır(2021-02-26 08:52:53)
- - Radikal müxalifətin yalanları erməni lobbisinin tezislərinə əsaslanır(2021-02-23 09:19:44)
- - Antimilli ünsürlərin “siyasi fəaliyyət”i satqınlıq üzərində qurulub(2021-02-17 08:58:43)
- - Əli Kərimlinin böhtan kampaniyası radikal müxalifətin əsl simasını bir daha aşkar edir(2021-02-16 09:08:12)