
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkədə siyasi dialoqun və siyasi münasibətlərin inkişafına da özünün töhfələrini verməkdədir. Ötən ilin fevral ayında keçirilmiş parlament seçkilərindən sonra Milli Məclisin rəhbər strukturlarında müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması, iqtidar nümayəndələri ilə partiya rəhbərlərinin mütəmadi olaraq görüşü və digər addımlar siyasi münasibətlərin əyani ifadəsidir.
Yeri gəlmişkən, yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə də dövlətimizin başçısı bu məsələlərə toxunaraq ölkədə siyasi islahatların əhəmiyyətini vurğulayıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, bu islahatlar ölkədə milli birliyin güclənməsinə əhəmiyyətli təsir göstərib. Onun sözlərinə görə, sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq ordumuz əks-hücum əməliyyatlarına başlayarkən ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti, 50 partiya rəhbəri birgə bəyanat imzalayaraq Ali Baş Komandana və Ordumuza birmənalı dəstəyini ifadə etdi. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində bu siyasi partiyalar prinsipial, vahid mövqelərini nümayiş etdirdilər. Təəssüflə qeyd etmək lazımdır ki, radikal mövqedə olan AXCP və “Müsavat” bu ümummilli məsələdə həmrəylik nümayiş etdirmədi, siyasi partiyaların birgə bəyanatına qoşulmadılar.
“Noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla müharibə başa çatdı. Bu sənəd işğalçı Ermənistanın kapitulyasiyası idi. 10 noyabr razılaşmasını Azərbaycan xalqı böyük coşqu, Ermənistan cəmiyyəti isə kədər hissi ilə qeyd etdi. Erməni cəmiyyətində bu məğlubiyyəti həzm edə bilməyənlər hələ də bu günə qədər Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirirlər. Belə bir şəraitdə, konkret olaraq özlərini “milli şura” adlandıran, əslində isə antimilli şura ünsürləri olan radikallar qazanılan böyük qələbəmizə kölgə salmağa çalışırlar. Onlar noyabrın 10-dan etibarən yanlış fikirlərlə ictimai rəyi çaşdırmağa cəhd göstərirlər. Sentyabrın 27-dən siyasi fəaliyyətində moratorium elan etdiyini deyən radikallar məhz 10 noyabr tarixindən sonra ermənipərəst qüvvələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməkdə davam edirlər. Görünən odur ki, antimilli şura ermənipərəst qüvvələrdən sifariş almaqda davam edir. Bu gün onların işi erməni dəyirmanına su tökməkdən ibarətdir”, - deyə millət vəkili söyləyib.
Milli Məclisin deputatı Kamilə Əliyeva isə bildirib ki, antimilli şura xaricdəki havadarlarından davamlı olaraq təlimatlar alır. Millət vəkilinin sözlərinə görə, vaxtilə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyətidir: “Heç kim unutmayıb ki, AXC-“Müsavat” cütlüyü 1992-ci il mayın 15-də qanunsuz hakimiyyətə gəldikdən üç gün sonra - mayın 18-də Laçın rayonu ermənilər tərəfindən işğal olundu. 1993-cü ilin aprel ayında isə Kəlbəcər rayonu işğala məruz qaldı. Həmin ilin yay aylarında AXC-“Müsavat” hakimiyyətinin səriştəsiz siyasəti nəticəsində yaranmış siyasi böhran səbəbindən digər torpaqlarımız da Ermənistan tərəfindən qəsb olundu”.
K.Əliyeva qeyd edib ki, AXC-“Müsavat” cütlüyünün hakimiyyəti dövründə respublikada anarxiya hökm sürürdü, hərc-mərclik baş alıb gedirdi: “Məhz bu cür siyasətin nəticəsi olaraq torpaqlarımız da ermənilər tərəfindən işğal olundu, Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də Azərbaycan xalqı AXC-“Müsavat” iqtidarına etimadsızlıq göstərdi. İkinci Qarabağ müharibəsinin əvvəlində isə özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz xarici himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Amma bütün xalqımıza, cəmiyyətimizə onların toplaşdığı anti-milli şuranın satqınlardan ibarət olduğu yaxşı məlumdur”.
- Oxunub: 2190 |
- Tarix: 12-01-2021 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Timsahın göz yaşları, yaxud Əli Kərimlinin saxta “narahatlığı”(2021-01-26 09:14:25)
- - “Beşinci kolon” erməni lobbisinin ruporu rolunda...(2021-01-22 09:17:47)
- - Əli Kərimlinin və Qənimət Zahidin erməni sevgisi(2021-01-20 09:45:03)
- - Radikal düşərgə xəyanət ənənəsinə sadiqdir(2021-01-18 09:31:26)
- - “Beşinci kolon” indi də Azərbaycan-Türkiyə birliyinə qarşı...(2021-01-15 08:53:35)
- - Cəmil Həsənlinin siyasi dialoq haqqında danışmağa mənəvi haqqı yoxdur(2021-01-14 09:20:45)