
Məlum olduğu kimi, bu günlər bütün Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayır. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməlidir. Eyni zamanda, bəyanata əsasən, Rusiya sülhməramlıları Laçın dəhlizinə və Dağlıq Qarabağa 5 il müddətinə yerləşdirilir. Türkiyə və Rusiya razılaşmalara birgə yaradılacaq mərkəz vasitəsilə nəzarət edəcəklər.
Maraqlıdır ki, bu razılaşma Azərbaycanın maraqlarına cavab verdiyi halda radikal müxalifət ictimai rəyi çaşdırmağa çalışır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.
Millət vəkilinin sözlərinə görə, noyabrın 20-də Ağdamın azad edilməsindən sonra noyabrın 25-də Qarabağın qala qapısı sayılan Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı oldu: “Xalqımız möhtəşəm qələbənin sevincini yaşadığı halda, radikal müxalifətin tutduğu mövqe qəbulolunmazdır. Yəqin ki, onlar yenə də xarici havadarlarının sifarişlərini yerinə yetirirlər. Radikallara xatırlatmaq istəyirəm ki, 1993-cü ildə hakimiyyətdə idilər və həmin ilin aprel ayında Kəlbəcər işğal olundu. Erməni hərbi birləşmələri Kəlbəcəri işğal edərkən əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Həmin zaman nə qədər dinc əhali həlak oldu və ermənilərə əsir düşdü. Amma hakimiyyətdə olanlar heç bir tədbir görmədi, əsl həqiqətləri xalqdan gizlətməyə çalışırdılar. Belə olan halda, bu gün radikalların sərgilədikləri mövqe tamamilə milli maraqlarımıza ziddir. Onlar o vaxt Kəlbəcəri qoruya bilmədikləri üçün xalqdan üzr istəməli, müzəffər Ordumuza, qəhrəman əsgərlərimizə təşəkkür etməlidirlər”.
Millət vəkili Anar Məmmədov da qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun göstərdiyi şücaətin, misilsiz qəhrəmanlığın nəticəsidir. Məhz şanlı Ordumuzun gücü qarşısında məğlub olan düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk etməyə məcbur oldu. İnşallah, dekabrın 1-də Laçının azad olunmasının sevincini yaşayacağıq.
A.Məmmədov söyləyib ki, biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq: “Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Belə bir vaxtda radikal müxalifətin insanları aldatmaq cəhdləri yolverilməzdir. Əslində, onlar utanmalı və xalqdan üzr istəməlidirlər. Çünki 1990-cı illərin əvvəlində onların hakimiyyət uğrunda mübarizəsi və hakimiyyətə gəldikdən sonra səriştəsiz siyasəti nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşdü. İndiki hakimiyyət və ordumuz vaxtilə radikalların yaratdığı problemləri həll edir. Ona görə də onlar öz günahlarını etiraf edib siyasəti birdəfəlik tərk etməlidirlər. Onlar xaricdəki anti-azərbaycançı mərkəzlərin əlində alət olmamalı, bu fəaliyyətlərinə son qoymalıdırlar. Azərbaycan xalqı radikalları yaxşı tanıyır. Bu səbəbdən onların uydurduqları yalanlara inanmır”.
- Oxunub: 2880 |
- Tarix: 26-11-2020 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - “Beşinci kolon” erməni lobbisinin ruporu rolunda...(2021-01-22 09:17:47)
- - Əli Kərimlinin və Qənimət Zahidin erməni sevgisi(2021-01-20 09:45:03)
- - Radikal düşərgə xəyanət ənənəsinə sadiqdir(2021-01-18 09:31:26)
- - “Beşinci kolon” indi də Azərbaycan-Türkiyə birliyinə qarşı...(2021-01-15 08:53:35)
- - Cəmil Həsənlinin siyasi dialoq haqqında danışmağa mənəvi haqqı yoxdur(2021-01-14 09:20:45)
- - Marginal qruplaşma ermənipərəst qüvvələrlə sinxron hərəkət edir(2021-01-12 09:08:46)