
Təcavüzkarlıq ritorikasını və işğalçılıq eyforiyasını gücləndirən Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətməyə cəhd etsə də, “bumeranq effekti” ilə qarşı-qarşıya qaldı. “Silahlı manipulyasiya” səyi “daşa dəyən”, iflasa düçar olan işğalçı Ermənistan, erməni lobbisi və onların dəstəkçiləri, bütövlükdə, dünya erməniliyi “total hücum” taktikası ilə hərəkət edərək yeni cəbhələr açmaq üçün səfərbər olundular.
Yeni terror dalğası və ya erməni vandalizminin daha bir nümunəsi
Bunlardan biri xaricdəki soydaşlarımıza qarşı özündə terror elementlərini ehtiva edən radikal - ekstremist hərəkətlər idi. ABŞ və Avropanın bəzi ölkələrinin paytaxtlarında dünya erməniliyinin aqressiv siması aşkar şəkildə özünü göstərdi.
Əlbəttə, bu, birmənalı olaraq ermənilərin yeni terror dalğasıdır. Çünki çoxsaylı aksiya iştirakçılarına - soydaşlarımıza ermənilər tərəfindən fiziki güc tətbiq olunmasının, xəsarətlər yetirilməsinin, onların sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqlarının pozulmasının, respublikamızın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı təxribatlar törədilməsinin - bütün bu vandalizm aktlarının təsviri üçün başqa ifadə - termin yoxdur.
Başqa sözlə, bu hərəkətlər erməni terrorizminin növbəti səhifəsidir. Ötən əsrin 70-80-ci illərinə ekskurs etdikdə görürük ki, ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirib, ümumilikdə, 22 ölkədə 235-dən çox terror aktı törədib və 24 türk diplomatı həlak olub. Bu tarixi reallığın fonunda ermənilərin hazırkı terrorçu əməlləri də onların radikal - ekstremist simasını aydın surətdə əks etdirir. Onlar, həmçinin hazırkı hücumlarla və təxribatçı davranışlarla beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqda davam edirlər. Çünki 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.
Antimilli qrupa növbəti hücum direktivi verilib: hədəf Azərbaycandır!
Ermənilərin paralel və total hücum aktının digər cəbhəsini informasiya müstəvisi təşkil edir. Elektron informasiya resursları və sosial şəbəkələr vasitəsilə manipulyativ məlumatların - dezinformasiyaların yayılması beynəlxalq ictimai rəyi yanıltmaq məqsədinə xidmət edirdi.
Təəssüflər olsun ki, Azərbaycana qarşı ermənilərin informasiya təxribatının aktiv tərəflərindən biri də ölkəmizdəki və respublikamızın hüdudlarından kənarda olan “beşinci kolon” nümayəndələri oldu. Biz bu gün baş verən hadisələrin fonunda bu reallığı aydın müşahidə edirik. Xüsusilə də, erməni lobbisinin Azərbaycan xalqına və dövlətinə qarşı “dünya hörümçək toru”nda - internet resurslarında “uzaqvuran informasiya silahı” kimi istifadə etdiyi antimilli şəbəkə vasitəsilə bu təxribatlar həyata keçirilir. Söhbət Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli kimilərin ermənilərin tezisləri əsasında sinxron hərəkət edərək ölkəmizə qarşı “qara piar” kampaniyası aparmalarından gedir. Əli Kərimli kimi ölkə daxilində “Troya atı” funksiyasını yerinə yetirən antimilli ünsürlər də bəyanatlarla çıxış edərək əsassız ittihamlar səsləndirməklə ictimai rəydə Azərbaycan dövlətini hədəfə çevirməyə çalışırlar.
Erməni ekstremizminin bəraətçiləri, yaxud görünən dağa nə bələdçi?!
Beləliklə, “beşinci kolon”un ermənilərlə sinxron hərəkət edərək xalqımıza, dövlətimizə qarşı “qara piar” kampaniyası aparması fonunda haqlı sual yaranır: xarici ölkələrdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə keçirdikləri aksiyaları “xuliqanlıq, quldurluq, vətənşüvənlik” kimi təsvir etmək nəyi ifadə edir? Yaxud haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışan soydaşlarımızın vətənpərvərlik aksiyasının mahiyyətini təhrif etməyə çalışmaq nəyin göstəricisidir? Bu sualların cavabı çox sadədir. Heç şübhəsiz, Ermənistanın terrorçu - işğalçı mövqeyini müdafiə etmək, erməni təxribatı və vandalizmini dəstəkləmək, onların hüquqi məsuliyyət doğuran cinayətkar əməllərinə bəraət qazandırmaq... Bu isə təkcə riyakarlıq deyil, eyni zamanda, ermənilərlə eyni cəbhədə yer alaraq Azərbaycan xalqına və dövlətinə qarşı nifrət, düşmənçilik təbliğ etməkdir.
Nəticə etibarilə, internet resurslarında “azadlıq aşiqləri” cildinə girərək təxribatçı - dağıdıcı çağırışlarla çıxış edən - xalqa və dövlətə qarşı çirkin təbliğat aparan antimilli ünsürlər bu dəfə növbəti “vəzifə borcları”nı yerinə yetirirlər: bu, manipulyator rolunda erməni vandalizminin bəraətçisi funksiyasını yerinə yetirməkdir. Bütövlükdə isə, reallıqlar aşkardır - əlavə şərhə ehtiyac yoxdur, yaxud necə deyərlər, görünən dağa nə bələdçi?!
- Oxunub: 5430 |
- Tarix: 28-07-2020 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...(2021-01-13 09:44:54)
- - Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?(2020-09-01 08:50:18)
- - Antimilli şəbəkənin yeni “virtual səfərbərliyi”, yaxud “beşinci kolon” iş başında...(2020-07-28 12:36:06)
- - Azərbaycan nümunəsi: strateji model(2020-04-30 10:42:02)
- - Milli həmrəylik, vətəndaş-dövlət birliyi və “beşinci kolon”un antimilli mövqeyi(2020-04-28 09:33:09)
- - Beynəlxalq münasibətlərdə yeni geostrateji nizam axtarışı...(2020-01-14 09:25:23)