
Ekspertlərin fikrincə, sosial şəbəkələrdə ölkəmizə qarşı “qara piar” kampaniyası aparan xainlərin fəaliyyəti araşdırılmalı, düşmən təxribatına xidmət edənlər qanun qarşısında cavab verməlidirlər
Məlum olduğu kimi, iyul ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alındı. Lakin Azərbaycan Ordusu tərəfindən düşmənə sarsıdıcı zərbənin vurulması erməniləri və onları dəstəkləyən bəzi qüvvələri ciddi narahat edib. Buna görə də ermənilər, ermənipərəst dairələr və “sapı özümüzdən olan balta”lar - xəyanətkar və antimilli ünsürlər Azərbaycana qarşı informasiya təxribatı həyata keçirməyə başlayıblar.
Öz növbəsində məsələyə münasibət bildirən deputat Ramil Həsən deyib ki, bu gün düşmən tək cəbhədə hücuma keçməyib, sosial şəbəkələrdən, elektron KİV-dən və digər müasir texnologiyalardan istifadə edərək Azərbaycanın əleyhinə iyrənc təbliğat fəaliyyəti aparmaqdadır: “Bu gün işğalçı qonşularımız cəbhə ilə yanaşı, sosial şəbəkələrdə də təxribat törədirlər. Düşmən sosial şəbəkələrdə saxta profillər açaraq Ermənsitan faşist hakimiyyətinin vermiş olduğu sifarişi icra edib saxta yazışmalar aparır, eyni zamanda insanları çaşdırmaq üçün foto və videolar paylaşırlar. Onların təxribatına uymamaq üçün soydaşlarımız ayıq-sayıq olmalıdırlar. Ona görə də vətəndaşlarımıza məsləhət görürəm ki, yalnız Müdafiə Nazirliyinin verdiyi rəsmi açıqlamalara etibar etsinlər”.
R.Həsənin sözlərinə görə, təəssüflər olsun ki, təkcə ermənilər deyil, eyni zamanda dövlətə və milli maraqlara xəyanət edən erməni xislətli bəzi şəxslər də ordumuz haqqında ən çirkin formada dezinformasiya yayırlar: “Belə ki, bəzi sosial şəbəkələrdə fəallaşan təxribatçılar cəbhə bölgəsi və ordu barədə səs yazıları paylaşaraq əhalidə çaşqınlıq yaratmaq istəyirlər. Xatırladım ki, həmin şəxslər azərbaycanlı olsalar da, Azərbaycan əleyhinə sifariş yerinə yetirdikləri, “düşmənin dəyirmanına su tökdükləri” cəmiyyətimizə, ən nəhayət, “beşinci kolon” funksiyasını yerinə yetirdikləri üçün dövlətimizə və ordumuza qarşı düşməndən daha çox təxribat törədirlər. Ona görə də belə dezinformasiya yayan şəxslər ifşa olunmalıdırlar”.
Milli Məclisin üzvü Cavid Osmanov isə deyib ki, indiki məqamda müxtəlif yalan və təxribatçı məlumatlar yaymaqla məşğul olan şəxslər, o cümlədən bəzi antimilli ünsürlər faktiki olaraq Ermənistanın maraqlarına xidmət edirlər: “Həmin şərəfsizlər indiki halda 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağdan azərbaycanlıları çıxmağa çağıran, cürbəcür şayiələr yaymaqla müxtəlif təxribatlar törədərək işğala şərait yaradan, hansı dinə və millətə mənsubluğu bilinməyən yaramazların rolunda çıxış edirlər. Sözsüz ki, bu şərəfsiz əməllərə qol qoyan ünsürlər, ölkə daxilində onların təxribatına alət olanlar xaricdəki ermənipərəst mərkəzlərin sifarişi ilə erməni təxribatına xidmət edirlər”.
C.Osmanovun sözlərinə görə, sosial şəbəkələr vasitəsilə dezinformasiya yayanların, Azərbaycan Ordusuna və cəmiyyətinə qarşı “qara piar” kampaniyası aparanların arasında xaricdən maliyyələşdirilən informasiya resursları da var: “Erməni lobbisi və digər anti-Azərbaycan dairələrin hesabına maliyyələşdirildiyi heç kimdə şübhə doğurmayan “Meydan TV” və digər internet kanalları ölkə daxilində ictimai rəyi çaşdırmağa cəhdlər göstərirlər. Xüsusilə “Meydan TV” daim düşmənlərin mövqeyinə uyğun fəaliyyət göstərir, bəzi hallarda açıq şəkildə Ermənistana dəstək verir. Həmin internet resurslarının, o cümlədən Azərbaycana qarşı “qara piar” aparan xainlərin fəaliyyəti mütləq araşdırılmalı, düşmən təxribatlarında iştirak edənlər qanun qarşısında cavab verməlidirlər”.
- Oxunub: 32130 |
- Tarix: 18-07-2020 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Ermənistanda siyasi qarşıdurma kəskinləşir(2021-02-25 09:05:02)
- - Ermənistanda xaos: ziddiyyətlər dərinləşir, etiraz aksiyaları genişlənir(2021-02-15 08:44:44)
- - İnternet resurslarında Azərbaycan əleyhinə dezinformasiya yayılmasında iştirak edən antimilli ünsürlər ifşa olunmalıdırlar(2020-07-18 09:20:24)
- - “Beşinci kolon”a məxsus olan resurslar Ermənistanın Azərbaycana qarşı informasiya təxribatı üçün real platformaya çevrilib(2020-07-17 09:22:41)
- - Hakimiyyətə gəlmək naminə dövlətimizə xəyanət yolu tutanlar xalq tərəfindən layiqli cavablarını aldılar(2020-06-02 09:14:57)
- - Xarici dairələrin direktivləri əsasında hərəkət edən antimilli qruplaşmanın əsas məqsədi ölkədə vəziyyəti gərginləşdirməkdir(2020-04-23 10:34:23)