
Qondarma “Milli şura”da cəmləşən antimilli ünsürlərin etirafları da bu reallığı aşkar surətdə nümayiş etdirir
Anti-milli ünsürlərin, radikalların toplaşdığı “Milli şura”nın dövlətimiz və xalqımız əleyhinə fəaliyyət göstərməsi cəmiyyətimiz üçün yeni məsələ deyil. Sadəcə olaraq, vaxt ötdükcə onların bu “missiya”sı özünü daha qabarıq şəkildə göstərir. Belə ki, bütün dünyanın koronavirus bəlasına qarşı mübarizəyə səfərbər olunduğu, Azərbaycanın da bu mübarizədə öncül sıralarda olduğu halda, “Milli şura”da toplaşanlar hər vəchlə ölkəmizə qara yaxmağa çalışırlar. Onlar hökumətin pandemiyaya qarşı həyata keçirdiyi sistemli, genişmiqyaslı tədbirləri görməzdən gələrək ictimaiyyətdə mənfi rəy yaratmağa cəhd göstərirlər.
Dağıdıcıların daha bir etirafı və özünüifşası: “bizim işimiz hökuməti şərləməkdir”
Məlumdur ki, Azərbaycan hökuməti pandemiya başladığı zamandan insanların sağlamlığının qorunması istiqamətində zəruri resursları səbərbər edib. Eləcə də pandemiyanın əhalinin rifahına mənfi təsirlərini aradan qaldırmaq üçün ciddi sosial müdafiə tədbirləri həyata keçirib. Bundan əlavə, Azərbaycan beynəlxalq miqyasda COVID-19-a qarşı mübarizəyə mühüm töhfələr verib, dünyanın 30-dan çox ölkəsinə humanitar yardım edib. Amma radikallar bütün bunları görməzdən gələrək “bulanıq suda balıq tutmağa” üstünlük verirlər. Hətta bu məqsədlə ifrat yalan, böhtan kampaniyası aparmaqdan da çəkinmirlər. Bugünlərdə xaricdə oturub ölkəmizə qarşı böhtan kampaniyası aparan “Milli şura”nın “ünlü sima”larından biri Qənimət Zahidov bu qondarma qurumun videoiclasında açıq etiraf edib ki, onlar hökumətə şər atırlar. Konkret olaraq “bizim işimiz hökuməti şərləməkdir”, - deyən Qənimət Zahidov növbəti dəfə təmsil etdiyi radikal düşərgənin missiyasının əsl mahiyyətini cəmiyyətə təqdim edib. Həmin videoiclasda iştirak edən Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digər özünü “siyasətçi” sayan ünsürlər də gülümsəməklə Qənimət Zahidovun fikri ilə razılaşmış olublar.
Radikal düşərgə hansı mənəvi-əxlaqi keyfiyyətlərə və siyasi dünyagörüşünə malik olduğunu nümayiş etdirir
Əlbəttə ki, bu, son vaxtlar radikalların əsl simasını göstərən yeganə fakt deyil. Bir müddət bundan öncə də qondarma “Milli şura”da təmsil olunan radikallar antimilli xislətlərini nümayiş etdirmişdilər. Daha doğrusu, bu qondarma qurumun “zoom” proqramı vasitəsilə keçirdiyi videoyığıncaqda səsləndirilənlər dağıdıcı ünsürlərin hansı əxlaqi-mənəvi keyfiyyətlərə və siyasi dünyagörüşünə sahib olduqlarını, ölkənin və xalqın taleyüklü məsələlərinə necə laqeyd yanaşdıqlarını bir daha aşkar surətdə ortaya qoydu. Belə ki, həmin videoyığıncaqda Gültəkin Hacıbəyli “Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin”, Cəmil Həsənli isə “Bu, son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün, sonra təbrik edərəm”, - deyə söyləyib. Bundan sonra iclas iştirakçıları sevinclə qəhqəhə çəkib gülmüşdülər.
Antimilli ünsürlər ermənipərəst qüvvələrin diktəsi ilə hərəkət edirlər
Təbii ki, “Milli şura” üzvlərinin bu cür davranışları, Q.Zahidovun açıq etirafı Azərbaycan ictimaiyyətində ikrah doğurur. Radikallar bu hərəkətləri ilə bir daha özlərini ifşa edərək göstərirlər ki, onlara nə Azərbaycan xalqı, nə ölkəmizin inkişafı maraqlıdır. Əksinə, koronavirus pandemiyası dövründə yaranmış çətinliklər onlar üçün, sanki, toy-bayrama çevrilib.
Ümumiyyətlə, radikal müxalifətin toplaşdığı “Milli şura” yarandığı vaxtdan cəmiyyətdə heç bir etimad qazanmayıb və bu qondarma qurumun ölkəmizdəki ictimai-siyasi proseslərə zərrə qədər də təsiri yoxdur. Orada toplaşanların davranışları da onların Azərbaycan xalqından nə qədər uzaq olduqlarını bir daha təsdiqləyir. Radikallar Azərbaycan dövlətinin inkişafını istəməyən ermənipərəst qüvvələrin diktəsi ilə hərəkət edirlər.
- Oxunub: 3690 |
- Tarix: 02-07-2020 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Timsahın göz yaşları, yaxud Əli Kərimlinin saxta “narahatlığı”(2021-01-26 09:14:25)
- - “Beşinci kolon” erməni lobbisinin ruporu rolunda...(2021-01-22 09:17:47)
- - Əli Kərimlinin və Qənimət Zahidin erməni sevgisi(2021-01-20 09:45:03)
- - Radikal düşərgə xəyanət ənənəsinə sadiqdir(2021-01-18 09:31:26)
- - “Beşinci kolon” indi də Azərbaycan-Türkiyə birliyinə qarşı...(2021-01-15 08:53:35)
- - Cəmil Həsənlinin siyasi dialoq haqqında danışmağa mənəvi haqqı yoxdur(2021-01-14 09:20:45)