
Bu qondarma qurumda baş verənlər onun dağılacağı yönündə proqnozların özünü doğrultduğunu göstərir
Ermənipərəst kinossenarist Rüstəm İbrahimbəyovun “şura”sı yarandıqdan dərhal sonra onun dağılacağı ilə bağlı səsləndirilən proqnozlar özünü doğrultmaqdadır. “Vahid namizəd” məsələsi zorakı və xarici antimilli dairələrin sifarişi əsasında yaradılan bu qondarma qurumun bədbin sonluğunu şərtləndirib. Bu qondarma qurumu elan edəndə qol-qola şəkil çəkdirib, onları qəzetlərində tirajlayanlar aradan çox qısa zaman keçməsinə baxmayaraq, artıq “şura”larının dağılmasında özləri maraqlı görünürlər. Bu da tam təbii bir prosesdir. Bu qurumu təsis edərkən hədəflədikləri məqsədə çatmağın qeyri-mümkünlüyünün bu gün fərqinə varan həmin stajlı radikallar orada qalmağın fayda vermədiyini anlamağa başlayıblar. Ona görə də, gizli və açıq kompromat savaşına girişərək ən azından “dağıntılardan” mümkün qədər pay sahibi olmağa çalışırlar. Xüsusilə, Müsavat Partiyası bu prosesdə daha çox fəallıq nümayiş etdirir.
Əslində, Müsavat Partiyasının İbrahimbəyovun “şura”sında təmsilçiliyə razılıq verməsi ilk günlərdə təəccüblü görünürdü. Çünki partiyanın sədri İsa Qəmbər oktyabrda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini hələ aylar öncəsində bəyan etmişdi. Eyni zamanda, qondarma “şura”nın da “vahid namizədi”nin qoca kinossenarist olacağı heç kəsdə şübhə doğurmurdu. Çünki bu “şura”nın makleri İbrahimbəyov olduğundan quruma daxil olan maliyyə kanalı da məhz onun nəzarəti altında idi. Belə bir reallıq ortada olduğu halda İ.Qəmbərin ora “yakırını” atması müəyyən söz-söhbətlər də yaratmışdı. Amma az sonra bütün gerçəkliklər üzə çıxdı və Qəmbərin planının baş tutmadığı göründü. Bundan dərhal sonra isə “Müsavat” sədri öz təmsilçilərinə “şura”ya qarşı antitəbliğat kampaniyasına başlamaq tapşırığı verdi və tərəflər arasında gizli savaş yazılı və sosial media səhifələrinə daşındı.
İlk olaraq, “Müsavat”ın İbrahimbəyovun “şura”sında təmsil olunmayan hissəsi kampaniyaya qoşuldu, Rauf Arifoğlu və dostları sosial şəbəkələrdə vahid namizədin İsa Qəmbər olmasının vacibliyini vurğuladılar. Qəmbərə yaxınlığı və onun təlimatları ilə fəaliyyət göstərməsi ilə bilinən Pənah Hüseyn isə hətta “İctimai palata”da çıxışında Qəmbər - İbrahimbəyov seçimində açıq-aşkar birincinin tərəfini tutdu. Onun hər halda “Müxalifəti skaypla idarə edən lider”, “İkinci Rəsul Quliyev sindromu yaşayacağıq” ifadələrinin İbrahimbəyova aid olması faktını heç kəs inkar edə bilməz. Qəmbər tərəfdarları işi bir az da irəliyə apararaq İbrahimbəyovun “maskası”nı yırtmaq və onu zərərsizləşdirmək üçün müəyyən və qəbuledilməz şərtlər də irəli sürdü. “Müsavat”ın son tələbi belə olmuşdu: “R.İbrahimbəyov vahid namizəd olmaq istəyirsə, ölkəyə gəlməlidir”. Təbii ki, “Müsavat”da yaxşı bilirlər ki, üzərində məhkəmə işi olan qoca diletant ölkəyə qayıtmayacaq. İbrahimbəyov özü də ölkəyə gəlməyəcəyini dəfələrlə bəyan edib. “Müsavat” onun bu mövqeyindən və çəkingənliyindən istifadə edərək öz rəhbərini bir addım önə daşımaq niyyətindədir.
Amma qarşı tərəf də əlini - qolunu bağlayıb bekar oturmaq fikrində deyil. İbrahimbəyov cəbhəsi daha çox qondarma “şura”da təmsil olunan vaxtilə Qəmbərlə müəyyən insidentlər və problemlər yaşamış adamların dili ilə “Müsavat” sədrini hədəf taxtasına oturdub. Liberalların lideri Lalə Şövkət və onun partiyasında cəm olmuş azlıq qrupu, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev, reneqat Eldar Namazov və onun antimilli “El” hərəkatının üzvləri İsa Qəmbəri vahid namizəd olmaq ideyasından daşınmaq və qocassenaristin namizədliyi ətrafında səfərbər olmağa səsləyir.
AXCP tərəfdə də hadisələr təxminən eyni axarla davam edir. İsa Qəmbərin namizədliyini qətiyyətlə rədd edən, İbrahimbəyovun namizədliyinə isə “nə hə, nə də yox” deyən AXCP sədri Əli Kərimlinin niyyəti, əslində, hamıya bəllidir. O da, namizədlik məsələsində heç kəsə güzəştə getmək fikrində deyil. Ona görə də, sosial media üzərindən işini həyata keçirməyə davam edir. Hər gün müxtəlif “sorğular” quraşdırır və rəqiblərini inandırmağa çalışır ki, azsaylı müxalif elektoratın birinci seçimi məhz onun özüdür. Bununla belə, Kərimli diqqətləri və “bədnəzərləri” öz üzərinə toplamamaq üçün rəsmi açıqlamalardan yayınır və guya ermənipərəst ssenaristi dəstəkləyirmiş kimi görüntü yaradır. Burada bir məqsəd vaxt udmaqdırsa, digər gizli niyyət isə Qəmbərə qarşı cəbhəni genişləndirib onu sıradan çıxarmaqdır.
Təbii ki, hadisələrin bu cür axarı “Müsavat”a İbrahimbəyovun “şura”sını tərk etməkdən başqa çıxış yolu qoymur. Partiya daxilində bu yöndə tələblərin artdığı ilə bağlı məlumatlar da kifayət qədərdir. “Müsavat”ın qondarma qurumdan qopması isə heç şübhəsiz orada yeni qüvvələr balansının yaranacağına və bu dəfə daha başqa kiçik “güc”lərin meydana gələcəyinə imkan verəcək. Nəticədə isə bu proses antimilli “şura”nın tarixin arxivinə köçəcəyi ilə bağlı fikirləri daha da qüvvətləndirir. Elə ADP sədri Sərdar Cəlaloğlu da deyib ki, “şura”da konsensusun əldə olunması və namizəd məsələsində razılığa gəlinməsi mümkün deyil: “Bundan sonra onların nəyəsə nail olacaqlarına inanmıram. Birləşmə məsələləri vaxtında həyata keçirilməli idi. Bu gecikdiyinə görə ehtiraslar hələ indi-indi qızışır, kimsə namizədliyini verir, kimsə özünü “yek” namizəd sayır və sair. Ona görə də, belə “şura” ilə bir şey alınan deyil. Bu proseslər açıq görünür ki, “şura” ilə seçkidə hara qədər getmək olar. Ümumiyyətlə, “Milli şura”nın bu tərkibdə təşkil olunması əvvəlcədən onun dağılacağına dəlalət edirdi”.
- Oxunub: 27030 |
- Tarix: 19-06-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Qoca və ağılsız Peykkonun şarlatanlığı...(2019-01-09 09:47:22)
- - Siyasi autsayderlərin “facebook” rüsvayçılığı...(2018-11-27 10:48:58)
- - Mayası söyüşdən yoğrulanlara sözardı...(2018-03-24 10:06:42)
- - “Türkoloq”un gülünc arqumentləri(2018-02-01 09:59:17)
- - Xədicə İsmayıl, sən kimsən?(2017-05-13 11:21:36)
- - Boqota gerçəkləri: MHŞT oyununda kim qalib, kim məğlub oldu?(2017-03-17 10:11:23)