
Yaxud karantin rejimi yumşaldılsa da, koronavirus pandemiyasının təsirlərindən mümkün qədər qorunmaq üçün vətəndaş məsuliyyəti ortaya qoyaraq bütün tələblərə riayət etməliyik
Dünyanın gündəmini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan edilmiş yeni növ koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə məsələsi təşkil edir. 200-dən çox ölkəni cənginə almış COVİD-19-un müxtəlif mərhələlərdə yayılma intensivliyi və dinamikası ayrı-ayrı ölkələrin timsalında fərqli mənzərənin ortaya çıxmasını şərtləndirib. Pandemiyanın pik həddi ilə qarşılaşan inkişaf etmiş dövlətlər yüksək texnoloji imkanlara və zəruri iqtisadi resurslara, infrastruktur təminatına malik olmalarına baxmayaraq, kütləvi insan tələfatının və sosial-iqtisadi böhranın qarşısını ala bilməyiblər. Təbii ki, burada müəyyən obyektiv səbəblər həlledici faktor kimi çıxış edir. Bu amilləri qruplaşdırsaq, qeyd edə bilərik ki, həmin ölkələrdə aidiyyəti dövlət strukturları tərəfindən vaxtında önləyici və mübarizə xarakterli təxirəsalınmaz tədbirlərin görülməməsi, sosial məsuliyyətin yetərli səviyyədə olmaması, həmçinin postpandemiya erasına hesablanmış iqtisadi əhəmiyyətli qərarların vaxtında qəbul və icra edilməməsi pandemiyanın ciddi “dağıntı”lar yaratmasını şərtləndirib. Lakin COVİD-19-un əhalinin sağlamlığı, təhlükəsizliyi və rifahına neqativ təsirlərini minimum səviyyədə saxlamaq üçün vaxtında və düzgün strateji əhəmiyyətli tədbirlər görən dövlətlər də var ki, onların sırasında Azərbaycan xüsusi yer tutur.
Pandemiya ilə mübarizənin Azərbaycan təcrübəsi nümunəvi model kimi...
İstər ayrı-ayrı ölkələr, istər ÜST başda olmaqla müxtəlif regional və beynəlxalq təşkilatlar, istərsə də nüfuzlu ekspertlər, o cümlədən xarici nəşrlər Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsinin müsbət və mütərəqqi nümunə, strateji model olduğunu diqqətə çatdırırlar. Təbii ki, bu, təsadüfi xarakter daşımır, çünki Azərbaycan prosesin əvvəlindən etibarən koronavirusla bağlı məsələyə çox ciddi yanaşma ortaya qoydu. İstər tibbi maarifləndirmə, istər obyektiv informasiya mübadiləsi, istərsə də sanitar-gigiyenik nöqteyi-nəzərdən çevik və effektiv iş mexanizmi formalaşdırıldı. Bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının saytında qurumun missiyasının Azərbaycana səfəri barədə yer almış məlumatda da ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, ÜST-lə əməkdaşlıq təqdir olunub - müsbət qiymətləndirilib. Təşkilatın ekspertləri qeyd ediblər ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən dövlətlərdən biridir. Bununla yanaşı, ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus dəfələrlə ölkəmizdə pandemiyaya qarşı görülən işləri yüksək qiymətləndirib və bu sahədə Azərbaycan nümunəvi ölkə kimi qəbul edildiyini bəyan edib. O, sonuncu mətbuat konfransında da Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizədə mühüm rolundan bəhs edib. Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirən T.A.Gebreyesus, eyni zamanda, ölkəmizin COVID-19-a qarşı qlobal səylərin dəstəklənməsi Fonduna 5 milyon ABŞ dollar vəsait ayırmasına görə minnətdarlıq edib. ÜST rəhbəri, həmçinin milli, regional və qlobal səviyyədə mübarizədə güclü səylərinə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Bütün bunlar, nəticə etibarilə, Azərbaycanın pandemiya ilə mübarizə prosesində nümunəvi təcrübəsinin strateji model kimi səciyyələndirildiyini göstərir.
Vətəndaşların sağlamlığı, təhlükəsizliyi və rifahı birinci dərəcəli məsələdir
Şübhəsiz ki, yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində həm tibbi, həm də sosial-iqtisadi müstəvidə reallaşdırılan təxirəsalınmaz tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların rifahı və mənafeyinin dayandığını bir daha təsdiq edir. Dövlət başçısının qeyd etdiyi kimi: "Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik".
Əlbəttə, əsas məqsəd, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığını nəzərə alır. Bu istiqamətdə mövcud çağırışlara uyğun qərarlar qəbul olunur, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pandemiya şəraitində ölkəmizin iki əsas prioritetinin müəyyənləşdirildiyini bildirib. “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır. Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik”.
Pandemiya ilə mübarizə çərçivəsində vətəndaşların sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində həyata keçirilən tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Qısa müddətdə COVID-19 infeksiyasının diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu mehmanxanalar, sanatoriyalar və digər infrastruktur obyektləri karantin məqsədilə ayrılıb. Ölkəmizin 20 ən yaxşı xəstəxanası COVİD-19-a yoluxan xəstələrin müalicəsinə cəlb edilib. Bunların sırasında bir qədər bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən “Yeni Klinika” da var. Burada birinci mərhələdə 100 çarpayı xəstələrin ixtiyarına verilib, növbəti mərhələdə isə daha 300 çarpayı hazırlanacaq. Eyni zamanda, hər biri 200 yerlik 10 yeni modul tipli xəstəxananın inşasına başlanılıb, pandemiya ilə mübarizəyə cəlb olunan həkimlərin maaşı 3-5 misli qədər artırılıb. Ümumiyyətlə, respublikamızda pandemiya şəraitində reallaşdırılan səhiyyə tədbirlərinə ayrılan maliyyə vəsaitinin həcmi kifayət qədər böyükdür. Bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların təxirəsalınmadan alınması, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, cəlb olunmuş könüllülərə xüsusi əlavə və müavinətlərin ödənilməsi, ölkədə dezinfeksiya işlərinin genişləndirilməsi və digər tibbi ehtiyacların maliyyələşdirilməsinə böyük həcmlərdə vəsaitin yönəldilməsi təmin edilir.
Beləliklə, sadalananlar göstərir ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən strateji kursun əsas prioriteti ölkə vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin qorunmasıdır ki, bu istiqamətdə də atılan rasional addımlar ardıcıl xarakter daşıyır.
Görülən tədbirlər postpandemiya mərhələsində sosial-iqtisadi məsələlərin həlli və iqtisadiyyatın inkişafı kontekstində strateji əhəmiyyətə malikdir
Bunlarla yanaşı, görülən tədbirlər postpandemiya mərhələsində sosial-iqtisadi məsələlərin həlli və iqtisadiyyatın inkişafı kontekstində strateji əhəmiyyətə malikdir. İndiki şəraitdə əsas hədəf mənfi xarici tendensiyaların iqtisadiyyatımıza mümkün təsirlərini azaltmaqdan ibarətdir. Həm Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında, həm də müvafiq dəstək proqramlarında pandemiya şəraitində iqtisadiyyatın sabitliyinin təmin edilməsinə hesablanan bir sıra tədbirlər nəzərdə tutulub və müvafiq addımlar atılır. Şübhəsiz ki, kompleks tədbirlər indiki mərhələdə iqtisadi sabitliyi qorumaq və postpandemiya dövründə iqtisadi fəallığı bərpa etmək üçün real zəmin formalaşdıracaq.
Bunlarla yanaşı, ölkədə pandemiya şəraitində məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planına müvafiq olaraq məşğulluğa və sosial rifaha dəstək məqsədilə əhəmiyyətli addımlar atılır. Beləliklə, iş yerlərinin saxlanılması üzrə tədbirlər, koronavirus pandemiyasından zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi, sahibkarlara vergi güzəştləri, imtiyazlar və vergi tətilləri verilməsi yolu ilə onların vergi yükünün azaldılması, kreditvermənin stimullaşdırılması və ən əhəmiyyətlisi, əhaliyə birbaşa sosial dəstək göstərilməsi böyük sosial-iqtisadi önəm kəsb edir.
Nəticə etibarilə, ölkədə iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, həmçinin makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün görülən kompleks xarakterli və sistemli tədbirlər həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, insanların rifahının yüksəlməsinə xidmət edən addımlar kimi mühüm əhəmiyyətə malikdir.
Karantin rejiminin yumşaldılmasını virus təhlükəsinin bitməsi kimi qəbul etməməliyik
Sevindirici haldır ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində görülən məhdudlaşdırıcı tədbirlər öz müsbət nəticəsini verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olmuşdur və artıq iki həftədir ki, bizdə müsbət dinamika var: “Yəni sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır”.
Bütün hallarda nəzərə almaq lazımdır ki, pandemiya şəraiti davam edir, məhduddiyyətlərin yumlaşdılmasına baxmayaraq, tövsiyə və tələb olunanlara mütləq surətdə əməl etməklə özümüzü, ətrafımızı və bütövlükdə cəmiyyətimizi qorumalıyıq. Bilirik ki, koronavirus bir neçə fazada özünü büruzə verən pandemiyadır, ən azından, dünya təcrübəsi bunu əyani şəkildə nümayiş etdirir. Ayrı-ayrı ölkələrdə müxtəlif mərhələlərdə problemin səngiməsinin və sonra yenidən baş qaldırmasının şahidiyik. Unutmaq olmaz ki, ÜST yayılma arealı və mövcud təsirləri, nəticələri nəzərə alaraq koronavirusu qlobal pandemiya elan edib. Bu, o deməkdir ki, insan üçün təhlükəli olan və çoxsaylı fəsadlar törədən bu virus bəşəriyyəti təhdid edən ciddi qlobal kataklizmə çevrilib və hələ də neqativ təsirləri geniş miqyasda özünü göstərməkdədir. Hazırkı şəraitdə mütəmadi olaraq həm ÜST tərəfindən yayılan maarifləndirici və tövsiyə xarakterli materiallarda, həm də beynəlxalq mediada işıq üzü görən ekspert rəylərində bu virusa qarşı mübarizə, onun simptomları, yayılması, individual müdafiə üsulları, hər bir şəxsin yoluxma ehtimalı, müxtəlif yaş kateqoriyaları üçün virusun təsiri, müalicə vasitələri və digər məsələlər dünya ictimaiyyətin diqqətinə çatdırılmaqdadır. Bir sözlə, ÜST və çoxsaylı ölkələr koronavirusun sürətlə və geniş yayılmasının qarşısının alınması istiqamətində bütün resurs və vasitələri səfərbər ediblər. Hazırkı situasiya ondan ibarətdir ki, dövlətlər bütün zəruri resurslarını səfərbər etməklə bu təhdidlə mübarizə aparır, vəziyyətin daha acınacaqlı olmaması üçün mövcud imkanlardan maksimum istifadə edirlər. Lakin bir sıra ölkələrdə ümumi mənzərə qənaətbəxş hesab olunmur, mövcud vəziyyət postkorana erası üçün optimist proqnozlar ifadə etməyə imkan vermir.
Yuxarıda qeyd etdiyimiz kimi, hazırkı mərhələdə koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan önləyici tədbirlər almaqla çox nümunəvi bir təcrübə əldə etməyi bacarıb, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub və bu günə qədər Azərbaycan bu virusun təhlükəli həddə yayılmasının və total xarakter almasının qarşısını ala bilib. Lakin nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Bütün səylərə baxmayaraq, dünya miqyasında bu virusun qarşısının alınmasına nail olunmayıb. Ona görə də hazırda təhlükənin sovuşduğunu demək tezdir. Bu səbəbdən koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə vətəndaşlıq məsuliyyəti düşür. Biz növbəti mərhələdə də bu ümumi kütləvi təhdidə qarşı birlikdə mübarizə aparmalı və hökumət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməliyik.
İkinci dalğanın başlamaması üçün ciddi vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
Əlbəttə ki, karantin rejimindəki məhdudiyyətlərin bəziləri aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər. Vətəndaşlar bu ehtimalı nəzərə alaraq fərdi və sosial məsuliyyət prinsipinə riayət edərək müəyyən olunmuş qaydalara çərçivəsində hərəkət etməlidirlər. Mütəxəssis rəyləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının maarifləndirici məlumatlarında da qeyd olunur ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesi özündə ehtiva edir, ona görə də, hər şeydən əvvəl, zəruri profilaktik tədbirlər davam etdirilməlidir. Burada daha çox gigiyena qaydalarına ciddi əməl olunması, müvafiq tövsiyə və göstərişlərin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Yəni sosial məhdudiyyətlər çərçivəsində özünütəcrid prosesi davam etməli, "Evdə qal!" çağırışının aktuallığını qoruduğu nəzərə alınmalıdır.
Hazırkı mərhələdə həlledici amil insanların davranışlarıdır
Təbii ki, xüsusi karantin rejimində tətbiq olunan məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Lakin addımların situasiyaya uyğun atılacağı reallığını diqqətdən qaçırmaq olmaz. Daha dəqiq desək, əgər epidemioloji vəziyyət tələb edərsə, yani xəstəliyin dinamikasında artım olarsa, karantin rejiminin yenidən sərtləşdirilməsi, müvafiq məhdudiyyətlərin yenidən tətbiq olunması qaçılmaz olacaq. Beləliklə, hazırkı mərhələdə və mövcud vəziyyətdə həlledici amil insanların davranışlarıdır. Yəni şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, distansiya saxlanması və s. qaydalara riayət olunması xəstəliyin yeni dalğasına yol verməmək üçün zəruridir.
Unutmaq olmaz ki, bu, milli təhlükəsizlik məsələsidir və hər şeydən əvvəl, milli həmrəylik, ictimai məsuliyyət tələb edir. İlk növbədə, hər bir fərd təxirəsalınmaz zəruri tədbirlər çərçivəsində müəyyən olunmuş konkret qaydaların - atılan addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçün olduğunu bilməli, dözümlü və anlayışlı yanaşma nümayiş etdirməlidir. Bir sözlə, cəmiyyətin ortaq maraqları üçün sosial izolyasiya qaydalarına əməl edilməlidir.
Hikmət BABAOĞLU
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı
- Oxunub: 2850 |
- Tarix: 30-04-2020 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Prezident İlham Əliyev böyük tarixi şəxsiyyət, böyük dövlət xadimi və böyük strateqdir(2020-12-23 09:16:36)
- - Qurtuluş məfkurəsi və Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası(2020-06-13 09:59:26)
- - Pandemiya şəraitində Azərbaycan polisinin fəaliyyəti böyük fədakarlıq nümunəsi, “beşinci kolon”un və radikal müxalifətin davranışı isə elə koronavirussayağıdır(2020-06-09 09:05:31)
- - İnformasiya təhlükəsizliyi və sosial şəbəkələrdə hüquqi tənzimləmə məsələsi strateji faktor kimi...(2020-06-01 11:35:48)
- - Müstəqil və qüdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir(2020-05-09 10:44:18)
- - Vətəndaşların təhlükəsizliyi strateji prioritetdir... Ancaq ikinci dalğanın başlamaması üçün ciddi sosial məsuliyyət nümayiş etdirməliyik(2020-04-30 22:57:50)