
AXCP sədri xaricdə məskunlaşmış və qarşıdurma çağırışları səsləndirən dağıdıcı ünsürlərə yeni “məsləhətlər” verir
Azərbaycan dünyada demokratik ənənələrə hörmət göstərən, vətəndaş cəmiyyətinin inkişafını təmin edən, tolerantlıq nümunəsi sayılan ölkə olaraq tanınır. Təbii ki, bu uğurlar Azərbaycanda vətəndaş birliyinin, milli maraqlara söykənən dövlət siyasətinin yürüdülməsinin, o cümlədən mənəvi dəyərlərin qorunmasının nəticəsində əldə edilib.
Təəssüf ki, ölkəmizin əldə etdiyi bu uğurlar istər xarici ermənipərəst, antimilli dairələrin, istərsə də yerli “beşinci kolon” təmsilçilərinin, radikal müxalifət düşərgəsinin nümayəndələrinin yuxusuna haram qatır. Özünü “müxalifət” adlandıran, əslində isə, ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən həmin qrup ölkəmizdəki ictimai-siyasi sabitliyi hədəfə alır, vətəndaş qarşıdurmasının yaranmasını arzulayır. Məsələn, son dövrlərdə sosial şəbəkələrdə “aktivliyini” artıran, yenidən yalan və hədyanlarını işə salmağa çalışan Əli Kərimli dövlətimizin, xalqımızın ünvanına böhtanlar atmaqdan usanmır, mənbəsiz, yalan informasiyalarla xalq arasında çaşqınlıq yaratmaq istəyir. Birmənalı şəkildə qeyd edilməlidir ki, bu “sapı özümüzdən olan balta”ların fəaliyyəti yalnız sosial şəbəkələrdə yalanlar tirajlamaq, şər və böhtan atmaqdan ibarət deyil, onlar həm də Azərbaycana qarşı aparılan çirkin kampaniyaların tərkib hissəsi kimi çıxış edirlər. Məsələn, bir müddətdir ki, sosial şəbəkələrdə zorakılıq, terror və qarşıdurma çağırışları edən xaricdə məskunlaşmış bəzi dağıdıcı ünsürlərin “təkliflər”ini böyük həvəslə müzakirə edən Əli Kərimli üzdə buna qarşı olduğunu bildirsə də, özü kimi xarici anti-azərbaycançı mərkəzlərin xidmətçisi olan Sevinc Osmanqızının internet kanalına verdiyi müsahibəsində üstüörtülü şəkildə həmin zorakı çağırışları dəstəkləyənlərə “məsləhətlər verir”.
Yeri gəlmişkən, Əli Kərimlinin özü də etiraf edir ki, radikal düşərgənin hər hansı bir uğur qazanmamasının ən böyük səbəbi xalqın onları dəstəkləməməsidir. O qeyd edir ki, radikal düşərgənin keçirdiyi icazəli mitinqə belə azsaylı adam qoşulur. Demək ki, Azərbaycan xalqı radikal ünsürlərin səsləndirdiyi iddialara inanmır, bu iddiaların yalan olduğunu anlayır və onlardan imtina edir.
Digər tərəfdən, Əli Kərimli zorakılığı guya “pislədiyini” bildirsə də, həmin zorakılıq çağırışları edənlərə də “tapşırıqlar”ını verir. Belə ki, adıçəkilən internet resursundakı müsahibəsində Əli Kərimli terror və silahlı qarşıdurma, qanunlara qarşı çıxmaq çağırışı edənlərə bildirir ki, onlar məskunlaşdıqları ölkələrdən “rahat” şəkildə bu çağırışları edə bilərlər. Daha doğrusu, Əli Kərimli iddia edir ki, həmin xarici ölkələr bu adını “mühacir” qoymuş əlaltılarını Azərbaycana təhvil verməyəcək. Necə deyərlər, Ə.Kərimli bir daha terror çağırışı edənləri arxayın etməyə çalışır. Hətta bir az da irəli gedərək ötən il Gəncədə baş verənlərin Bakıda “baş vermə ehtimalları”ndan belə söhbət açır.
Bəli, göründüyü kimi, ermənipərəst mərkəzlərin, anti-azərbaycançı dairələrin Azərbaycana qarşı apardıqları çirkin kampaniyalara dəstək verən, hətta bu kampaniyaların təbliğatçısı rolunda çıxış edən Əli Kərimli kimi ünsürlər ölkəmizin mənafeyinə qarşı erməni lobbisi ilə birlikdə hərəkət edirlər. Ən əsası isə, radikal ünsürlər milli dəyərlərimizi, dövlətçiliyi hədəfə alır, dövlət əleyhinə qeyri-qanuni çağırışlar səsləndirirlər. Onların əsas məqsədi xalqımıza qarşı terrora cəhddir. Bir sözlə, ermənipərəst mərkəzlərin “əl oyuncağı”na çevrilmiş xaricdə məskunlaşan xainlər və yerli radikal ünsürlər öz iddiaları, hakimiyyət hərisliyi uğrunda bütün yollara əl ata biləcəyi ilə kimliklərini bir daha Azərbaycan cəmiyyətinə nümayiş etdirirlər.
- Oxunub: 3570 |
- Tarix: 30-08-2019 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal müxalifət dövlətə və xalqa qarşı mübarizə aparır(2019-12-04 09:32:29)
- - Azərbaycan xalqı radikal müxalifəti dəstəkləmir(2019-12-03 09:38:16)
- - Havadarları radikal müxalifət düşərgəsindən üz döndəriblər(2019-11-30 09:58:02)
- - Radikal müxalifət düşərgəsi maddi gəlir əldə etmək üçün bütün yollara baş vurur(2019-11-29 09:28:35)
- - AXC-“Müsavat” hakimiyyətinin cinayətkar əməlləri xalqımız tərəfindən unudulmayıb(2019-11-28 09:20:34)
- - Siyasi dönük, flüger Əli Kərimlinin bütün fəaliyyəti satqınlıq üzərində qurulub(2019-11-27 09:15:43)