Ana səhifə »  Müəlliflər »  Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim
A+   Yenilə  A-
Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim
Yazdı: Hikmət BABAOĞLU

Şeyxülislam Allahşükür Paşazadənin ali dini lider kimi fəaliyyəti Azərbaycan və Qafqazın mənəvi coğrafiyası ilə məhdudlaşmır, həm də sivilizasiyalar arasında dialoqun inkişafına verdiyi mühüm töhfələrlə önə çıxır
Bəzən yazmaq çətin olur. Ona görə yox ki, söz tapa bilmirsən, ona görə ki, hansı sözü harada və necə işlətmək barədə düşünürsən, elə yazmaq istəyirsən ki, söz yerində olsun, düşündüyün mənanı ifadə edə bilsin, məzmun yükü nə az, nə də çox - zərgər dəqiqliyi ilə ölçülüb biçilsin ki, haqqında danışdığın insanın şəxsiyyət keyfiyyətlərini layiqincə ifadə edə bilsin. Hələ üstəlik haqqında yazı yazmaq qərarına gəldiyiniz şəxsin həyat və fəaliyyəti ali dini dəyərlərlə, mənəviyyatla, insanlıqla, milli və ümumbəşəri dəyərlərlə əlaqədardırsa, bax, onda düşüncələrinizin qələmin ucundan süzülərək ağ kağız üzərində maddiləşməsi daha da çətin, ancaq həm də məsuliyyətli olur. Mən Qafqaz Müsəlmanları İdarəsinin Sədri, Şeyxülislam Allahşükür Paşazadə haqqında öz ürək sözlərimi yazmaqla bağlı qərar qəbul etməzdən əvvəl bir xeyli düşündüm. Yuxarıda qeyd etdiyim tərəddüdlər içərisində nəhayət belə qərara gəldim ki, mütləq yazmalıyam. Çünki Şeyx həzrətlərini müşayiət edən nümayəndə heyətinin üzvü kimi çoxsaylı xarici səfərlərdə, rəsmi və qeyri-rəsmi görüşlərdə, müxtəlif dini liderlərlə ünsiyyətdə onun elə spesifik, milli və mənəvi koloritli keyfiyyətlərini müşahidə etmişdim ki, bunları yazmasam, qələmə almasam, olmazdı. İnanıram ki, mənim yazdıqlarım ali dini liderimizin ictimai-siyasi portretinin bəzi ştrixlərinin dolğun ifadə olunmasına kömək edə biləcəkdir.
Şeyx həzrətləri Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində əməli addımları ilə seçilən böyük din xadimidir
Tale elə gətirib ki, haqqında danışacağım böyük insan, ali ruhani liderimiz, Şeyxülislam Allahşükür Paşazadəni son illərdə dəfələrlə yaxın və uzaq səfərlərində mən də müşayiət etmişəm. Bu səfərlərin hər birində mən Şeyx həzrətlərinin daha bir müsbət keyfiyyətinin şahidi olmuş, ali mənəvi məziyyətlərini kəşf etmişəm. Onun təkcə Azərbaycanda, Qafqazda deyil, bütövlükdə İslam aləmində, eyni zamanda çoxsaylı xristian ölkələrində həmişə səmimiyyətlə, ehtiramla və sayğı ilə qarşılandığını görmüşəm. Əlbəttə ki, ilk növbədə Şeyx həzrətləri Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində əməli addımları ilə seçilən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bu münasibətlərin mənəvi keyfiyyətlərinin müəyyənləşməsində rolu olan din xadimidir. Allahın buyurduğu müqəddəs amallara xidmət edən, insanlığın vəhdətinə və həmrəyliyinə rəvac verən xüsusi missiya daşıyıcısı olan Şeyx həzrətləri bir din xadimi, alim, ruhani lider kimi ölkəmizdə, regionumuzda, bütövlükdə İslam aləmində, böyük xidmətləri olan, müsəlman xalqlarının dini maarifləndirilməsi, mənəvi dəyərlərə sahib çıxması yönündə fəaliyyət göstərən böyük maarifpərvərdir.
Məhz onun bu xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 və Şeyxülislamlıq fəaliyyətinin 40 illiyi münasibətilə yubiley tədbirlərinin keçirilməsi üçün xüsusi Sərəncam imzaladı.
Belə bir faktı vurğulamaq olduqca vacibdir ki, Allahşükür Paşazadənin Azərbaycanın dini lideri kimi mötəbər bir vəzifəyə gəlməsi məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu dövrə təsadüf edib. Məlum olduğu kimi, ali dini təhsilini başa vurduqdan sonra 1975-ci ildən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsində məsul katib vəzifəsində çalışan A.Paşazadə 1978-ci ildə Təzəpir məscidinin axundu və qurumun sədr müavini seçilib. 1980-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri vəzifəsinin icrasına başlayan və Şeyxülislam rütbəsi alan A.Paşazadənin fəaliyyətinə Ümummilli Lider Heydər Əliyev olduqca yüksək qiymət verərək deyib: “Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil edən ən yüksək rütbəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı adını alıbsa, demək, bu bizim üçün böyük iftixar hissidir”.
Bu məqamda bir faktı qeyd edim ki, SSRİ dönəmində keçmiş ittifaqda mövcud olan cəmi dörd müsəlman ruhani idarəsindən üçü postsovet dövründə mövcudluğunu itirib. Şeyxülislam Allahşükür Paşazadənin bölgədəki nüfuzu sayəsində Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi nəinki mövcudluğunu qoruyub, hətta daha da genişlənərək regionun ən güclü dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinə çevrilib.
Bu baxımdan xatırladım ki, Şeyx həzrətləri hələ sovet dövründən beynəlxalq miqyasda tanınan dini rəhbərlərdən biri olub. Şeyxülislam bu nüfuzu hələ o dövrlərdə müsəlman həmrəyliyi prinsipindən çıxış edərək göstərdiyi fəaliyyəti ilə əldə edib. Belə ki, A.Paşazadə İslam ölkələrində törədilən cinayətlərə qarşı kəskin münasibət bildirib, müxtəlif sivilizasiyaların beşiyi sayılan həmin bölgələrdə yerləşən müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq qurumlar və dövlətlər qarşısında məsələ qaldırıb. Nüfuzlu din xadimi kimi dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində fəaliyyət göstərməyi özünün müqəddəs borcu hesab edən A.Paşazadə ABŞ ordusunun Əfqanıstan və İraqa müdaxiləsini, Fələstin, Livan, Misir və Suriyada baş verən hərbi münaqişələri, terrorçu İŞİD qruplaşmasının törətdiyi cinayətləri, eləcə də təkfirçi zehniyyətə malik ideoloji cərəyanların təxribatını qətiyyətlə pisləyib.
Onu da qeyd edim ki, Şeyx həzrətlərinin fəaliyyəti təkcə İslam aləmi ilə məhdudlaşmır, onun ümumbəşəri prinsiplərə uyğun olaraq göstərdiyi fəaliyyətin sərhədi, hüdudu yoxdur. Belə ki, eyni zamanda Müstəqil Dövlətlər Birliyi (MDB) Dinlərarası Şurasının həmsədri olan A.Paşazadə MDB məkanının bütün dini liderləri, o cümlədən Rusiya Patriarxı Kirill və Ümumgürcüstan patriarxı katolikos II İlya ilə mövcud olan yaxın münasibətləri, keçirdiyi mütəmadi görüşlər sayəsində regionda bir sıra önəmli problemlərin həll edilməsinə öz töhfəsini verib.
Ən böyük səmavi din daşıyıcıları olan xristian aləmində də böyük nüfuz sahibi olan A.Paşazadə, eyni zamanda 2006-cı ildə Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvü seçilib. Təsadüfi deyil ki, Roma Papası II İohan Pavel müsəlman din xadimləri arasında ilk dəfə A.Paşazadəni Vatikana dəvət edib, dinlərarası dialoq sahəsində fəaliyyətinə görə “Müqəddəs Qreqori” ordeni ilə təltif edib və onun gördüyü işləri yüksək qiymətləndirərək deyib ki, “müxtəlif dinlərin nümayəndələri tərəfindən Sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.
Şeyximizin xarici ölkələrdəki dindarlarımızın ibadət hüquqlarının təmin olunması və dini ayinlərinin yerinə yetirilməsinə şərait yaradılması yönündə də böyük xidmətləri olub. Belə ki, 2018-ci ilin əvvəlində Rusiya paytaxtına səfər edən Bütün Qafqazın Şeyxi Moskvada Azərbaycan mədəniyyət mərkəzinin inşa edilməsi təşəbbüsü ilə çıxış edib. Şeyx Moskvada yaşayan azərbaycanlıların ibadəti üçün məscid və mədəniyyət mərkəzinin inşa edilməsi məqsədilə Moskva meri Sergey Sobyanin və Patriarx Kirilldən ərazi ayrılmasına kömək göstərmələrini xahiş edib. Əlbəttə, inşa ediləcək məscid və mədəniyyət mərkəzi orada yaşayan soydaşlarımıza dilimizin, mədəniyyətimizin, adət-ənənələrimizin, dinimizin öyrədilməsi üçün böyük yardımçı ola bilər.
A.Paşazadənin Moskva səfəri zamanı dini və tarixi maraqlarımız baxımından yüksək qiymətləndiriləcək daha bir təşəbbüsünü xatırlatmaq mühüm əhəmiyyət kəsb edir: Şeyx həzrətləri Azərbaycanın dini mirası olan Alban kilsələrinin 1836-cı ildə erməni qriqorian kilsəsinin tabeliyinə verilməsi barədə Rus Pravoslav Kilsəsinin qərarının surətinin əldə edilməsi xahişi ilə Patriarx Kirillə müraciət edib. Şeyxin sözlərinə görə, bu sənədin əldə edilməsi bizim üçün əhəmiyyətlidir və bu məsələ ilə ciddi məşğul olmaq lazımdır.
Beləliklə, A.Paşazadənin ardıcıl olaraq Azərbaycanın milli maraqları naminə fəaliyyət göstərdiyinin şahidi oluruq və təbii olaraq ali dini lider kimi onun gördüyü işlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib: “Şeyx həzrətləri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə çox böyük nüfuza malik olan şəxsiyyətdir. Mən bunu yaxından bilən adam kimi tam qətiyyətlə deyə bilərəm. Müxtəlif dövlət başçıları ilə aparılan söhbətlərimdə hər zaman Şeyx həzrətləri haqqında qarşı tərəfdən səslənən müsbət fikirlər məni çox sevindiribdir. Bu, Şeyx həzrətlərinin insani xüsusiyyətləridir, onun qabiliyyətidir, onun Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə nə qədər sadiq olduğunun bariz nümunəsidir”.
Allahşükür Paşazadə həm də Azərbaycanda və Qafqazda İslam dininin yayılması tarixini tədqiq edən dəyərli elm xadimidir
Sovet dövründə Azərbaycanda din xadimlərinin elm sahəsində fəaliyyəti ilə bağlı faktlara çox nadir rast gəlinsə də, heç bir mübaliğəsiz demək olar ki, tarix elmləri doktoru, professor Allahşükür Paşazadə bu sahədə də öz sözünü deyən alimlərdəndir. Əlbəttə ki, A.Paşazadənin elmi fəaliyyəti də özünəməxsusluğu ilə diqqəti cəlb edir. Başqa sözlə, professor A.Paşazadənin elmi fəaliyyəti dini və ictimai fəaliyyəti ilə vəhdət təşkil edir. Onun Azərbaycan islamşünaslığına qiymətli töhfələrdən olan “Qafqazda İslam: tarix və müasirlik”, “Qurani-Kərim”in təfsiri və tərcüməsi tarixi” və digər əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Birmənalı şəkildə demək olar ki, A.Paşazadənin əsərləri islamşünaslığa dair tədqiqatlara böyük təsir göstərib. Bu əsərləri ilə A.Paşazadə özünü təkcə din xadimi kimi deyil, həm də din tarixini dərindən bilən alim və filosof kimi tanıda bilib.
Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, A.Paşazadənin hələ SSRİ dönəmində yazdığı İslam dininin regionda yayılması və təşəkkülü tarixinə və bu gününə həsr olunan “Qafqazda İslam: tarix və müasirlik” əsəri Azərbaycan din tarixi elmində öz layiqli yerini tutub. 1991-ci ildə çap olunan kitab İslam tarixinin araşdırılması baxımından fundamental nəşrlərdən hesab olunur, həmçinin şərqşünasların, tarixçilərin və dinşünasların elmi mənbə kimi istinad etdikləri dəyərli əsərdir. Tədqiqatda Dağlıq Qarabağ probleminə də toxunan professor A.Paşazadə əsəri yazdığı dövrdə yenicə baş qaldırmış bu münaqişənin heç bir dini kökü olmadığını qeyd edərək problemi “dini qarşıdurma” kimi təqdim edənlərin məkrli niyyətlərini ortaya qoyub. Sözügedən əsərdə elmlə dinin vəhdəti məsələsinə toxunan professor A.Paşazadə İslam və elmin bir-birini inkar etmədiyini müxtəlif faktlarla və müqəddəs kitabdakı ayələrlə göstərir.
Şübhəsiz ki, A.Paşazadənin qeyd olunan əsərləri müstəqillik illərində Azərbaycanda islamşünaslığın inkişafı üçün böyük əhəmiyyət kəsb edən əsərlərdir.
Birmənalı şəkildə demək olar ki, A.Paşazadə İslam tarixi, həmçinin İslam mədəniyyəti tarixi sahəsində Azərbaycanın ilk milli tarixçi-islamşünasıdır. A.Paşazadə elmin bu sahəsində yeni bir istiqamətin əsasını qoyan tədqiqatçıdır, əsərləri islamşünaslıq, İslam fikri və mədəniyyəti tarixi, təfriqəçiliyin tarixi, “Qurani-Kərim”in təfsiri və tərcüməsi tarixinə dair yerli və əcnəbi tədqiqatlara güclü təsir göstərib. Tarix və ilahiyyat elmləri üzrə “İslamda ümmət və şüubilik”, “Qurani-Kərim”in ilahi hökmləri və öyrənilməsi”, “İslamda şəhidlik”, “Milli münasibətlər və din”, “Qurani-Kərim”in ecazkarlığı”, “Qurani-Kərim”də insan təbiəti” adlı monoqrafiyaların, elmi əsərlərin və çoxsaylı məqalələrin müəllifidir.
Ümumiyyətlə, Quranşünaslıq A.Paşazadənin elmi fəaliyyətində önəmli yer tutur. Onun 1998-ci ildə işıq üzü görən “Quranın təfsiri və tərcüməsi tarixi” adlı kitabı geniş mənbəşünaslıq əsasında hazırlanıb. Belə ki, professor bir çox orta əsr müsəlman alimlərinin, habelə müqəddəs kitabı tədqiq edən Qərb məktəbi nümayəndələrinin əsərlərini də araşdırma işinə cəlb edib.
Elmi fəaliyyətində bəşərin istiqbalına yönəlmiş təcrübi elmlərlə ilahi dini biliklərin vəhdətini önəmli hesab edən A.Paşazadə Azərbaycanda bu sahədə müstəsna xidmətləri olan şəxslərdəndir. Belə ki, məhz onun təkidi ilə uzun illər ərzində qapalı olan Bakı İslam mədrəsəsi 1989-cu ildə yenidən açılıb və 1991-ci ildən Bakı İslam Universiteti kimi fəaliyyət göstərməyə başlayıb.
Nüfuzlu ictimai xadim, böyük mənəviyyat adamı
Şeyxülislamlıq fəaliyyətinin ilk illəri sovet rejiminin süqutunu şərtləndirən ictimai-siyasi vəziyyətin gərgin olduğu dövrə təsadüf etdiyindən A.Paşazadə bir çox hallarda məcburən də olsa müxtəlif ictimai, hətta siyasi hadisələrin mərkəzində olub, istər-istəməz bu proseslərdə iştirak edən Şeyx həzrətləri həmişə qətiyyəti ilə seçilib, özünəməxsus və təqdirəlayiq mövqe sərgiləyib.
Həmin dövrdə A.Paşazadə SSRİ-nin bir sıra beynəlxalq və ümumittifaq miqyaslı təşkilatlarında, o cümlədən SSRİ Ali Soveti Millətlər Şurasının, Sovet Sülhü Müdafiə Komitəsinin, Sovet Sülh Fondunun, Sovet Uşaq Fondunun, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin və digərlərinin rəhbər orqanlarında təmsil olunub. Bu vəzifələrdən dolayı tez-tez xarici ölkələrdə səfərlərdə olan A.Paşazadə sülhməramlı missiyaların tərkibində də yer alıb. Belə ki, Sovet ordusunun Əfqanıstanda hərbi əməliyyatlar apardığı illərdə o, dəfələrlə Əfqanıstana gedib oradakı siyasi və ruhani liderləri ilə şəxsən danışıqlar aparıb və 200 nəfərdən çox müsəlman əsilli sovet əsgərlərinin əsirlikdən azad edilməsinə nail olub. Buna görə də A.Paşazadə sülhməramlı tədbirlərin bilavasitə təşkilatçısı və təbliğatçısı kimi şöhrət və nüfuz qazanıb.
Eyni zamanda A.Paşazadənin təşəbbüsü və İslam Konfransı Təşkilatının (İslam Əməkdaşlış Təşkilatı) himayəsi ilə 1986-cı ildə Bakıda “Müsəlmanlar sülh uğrunda mübarizədə” beynəlxalq İslam konfransı keçirilib, konfransın işində dünyanın 60 ölkəsindən 600-dən çox nümayəndə iştirak edib. Şeyx həzrətləri 1987-ci ildə Moskvada “Nüvə silahsız dünya, bəşəriyyətin xilası uğrunda” beynəlxalq forumun başçısı və həmsədri seçilib. Bu xidmətlərinə görə 1988-ci ildə A.Paşazadə SSRİ-nin “Xalqlar dostluğu” ordeni ilə təltif olunub.
1988-ci ildən başlayaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Qarabağ və ətraf bölgələrdə müharibə vəziyyətinin yaranması Şeyxülislamın ictimai fəaliyyətinə yeni çalarlar əlavə edib. Şeyx həzrətləri həmin dövrdən etibarən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal rol oynamağa başlayıb. Bu dövr ərzində Şeyxülislam münaqişənin həlli yollarını beynəlxalq dini təşkilatların rəhbərləri, tanınmış din və dövlət xadimləri ilə yüksəksəviyyəli görüşlərdə dəfələrlə müzakirə edib, bölgədə sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı çoxsaylı görüşlər keçirib.
Xalqımızın qan yaddaşında 20 Yanvar faciəsi kimi dərin iz buraxan 1990-cı ilin əvvəllərində Azərbaycanda baş verən hadisələr zamanı A.Paşazadənin ictimai fəaliyyəti onun həyatının ən məsuliyyətli və gərgin dönəmi hesab edilir. Sovet ordusunun Bakıda dinc əhalini qətlə yetirdiyi, Azərbaycanda hakimiyyətin respublikaya nəzarəti itirdiyi bir dövrdə mərkəzdən edilən təhdid və təzyiqlərə baxmayaraq, din xadiminin xalq kütlələrinə liderlik etməsi, ölkəni xaosdan xilas etməsi fenomenal tarixi fakt olaraq yaddaşlarda qalıb. Belə ki, xalqın başına gətirilən faciənin ilk günlərində böyük müdriklik göstərərək, Bakı sakinlərini təmkin və səbirlə şəhidlərini dəfn etməyə səfərbər edən və həmin çoxminli kütlənin dəfndə iştirakını təşkil edən A.Paşazadə qısa zaman kəsiyində olsa da, faktiki olaraq Azərbaycan xalqına rəhbərlik edib.
Eyni zamanda, M.Qorbaçovu Bakıda törətdiyi cinayətə görə dünya ictimaiyyəti qarşısında ifşa edən və Azərbaycan xalqının haqq səsini ucaldan Ümummilli Lider Heydər Əliyevlə yanaşı, həmin dövrdə sovet dövlətinin rəhbərliyinə nifrət və qəzəblə dolu açıq müraciət ünvanlayan A.Paşazadənin cəsarətli addımı da təqdir edilir.
Belə bir faktı da deyim ki, A.Paşazadə 1989-cu ildə SSRİ Ali Sovetinə xalq deputatı seçilən ilk müsəlman din xadimidir. Həmçinin 1990-cı ilin payızında Naxçıvan seçki dairəsindən XII çağırış Azərbaycan Ali Sovetinə seçkilərdə deputat seçilən Şeyx həzrətləri 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ilk Milli Məclisində 1995-ci ilə qədər təmsil olunub. Onun həm sovet, həm də müstəqillik dönəmində Ali qanunverici orqanlarda deputat kimi təmsil olunması xalqın öz dini rəhbərinə qarşı göstərdiyi yüksək etimadın nəticəsidir.
1990-cı illərdə xalqımızın taleyində oynadığı rola nəzər salanda da Şeyx həzrətlərinin böyüklüyü bir daha ortaya çıxır. Bu insan o qədər siyasi və şəxsi ambisiyalardan uzaq bir şəxsdir ki, həmin dövrdə istər daxildən, istərsə də mərkəzdən ona edilən təklif, bəzi məqamlarda hədə-qorxulara əhmiyyət vermədən yalnız Allahın buyurduğu qayda-qanunlara uyğun olaraq hərəkət edib, heç bir siyasi təşkilata qoşulmadan xalqın iradəsinə hörmət istiqamətində fəaliyyət göstərməyi özünə amal seçib.
Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislamın həmin dövrdəki fəaliyyətini bu şəkildə qiymətləndirib: “Şeyx həzrətləri, hətta çox çətin ideoloji çərçivələr içində həmişə öz ədalətli sözünü demişdir. Ölkəmiz üçün ən çətin anlarda o, birinci sıralarda idi. Müstəqilliyimizin ərəfəsində Azərbaycanda yaşanan çox ağır hadisələr zamanı Şeyx həzrətlərinin müdrik sözü, onun vətəndaş mövqeyi Azərbaycanı daha da böyük bəlalardan qurtara bilmişdir”.
Şeyxülislamın Azərbaycanın mənafeyi naminə xidmətlərindən hesab olunan daha bir cəsarətli addımını xatırlatmaqda fayda var. Belə ki, sovet rejimi hələ tam tarixə qovuşmadığı 1991-ci ilin dekabrında İKT-nin Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında A.Paşazadənin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan keçmiş SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq bu mötəbər qurumun üzvlüyünə qəbul edilib. Bu hadisə nəticəsində 47 müsəlman dövləti tərəfindən Azərbaycan müstəqil müsəlman dövləti kimi qəbul edilib, Dağlıq Qarabağ problemi beynəlxalq müstəviyə çıxarılıb. Eyni zamanda sammitdə iştirak edən Türkiyə, Səudiyyə Ərəbistanı, Əlcəzair, Misir və iyirmiyə yaxın ölkənin dövlət rəhbərləri ilə şəxsi görüşləri sayəsində Şeyxülislam həzrətləri Azərbaycanın həm İslam Konfransı Təşkilatına, həm də İslam İnkişaf Bankına tamhüquqlu üzv qəbul edilməsinə nail olub.
Bütün Qafqaz müsəlmanlarının ali dini lideri
Şeyxülislam Hacı Allahşükür Paşazadə dəfələrlə vurğulayıb ki, Qafqaz Müsəlmanları İdarəsinin ən önəmli xüsusiyyətlərindən biri onun fəaliyyətinin Azərbaycan Respublikasının inzibati-siyasi sərhədləri ilə məhdudlaşmamasıdır. Bu kontekstdə istər Qafqazın şimalında, istərsə də cənubunda olan müsəlmanların vahid dini idarə altında birləşməsi faktının özü bütün Qafqaz xalqlarının adət-ənənlərinin, mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayır.
Bu baxımdan demək olar ki, Qafqazın bütövlüyünün din, mədəniyyət, mənəviyyat, hətta etnik cəhətdən qorunması, bu dəyərlərin gələcək nəslə ötürülməsi baxımından A.Paşazadə daşıdığı vəzifəyə uyğun xüsusi xidmətlər göstərib. Buna görə də bütün Qafqazda ona böyük sayğı göstərilir.
A.Paşazadə 1992-ci ildə bütün Qafqazın din xadimləri tərəfindən Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçiləndən dərhal sonra Çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin qarşısının alınması, bölgədə sülhün təmin olunması istiqamətlərində əməli tədbirlər görüb.
Eyni zamanda A.Paşazadə Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi təmsil olunduğu bütün qurum və təşkilatlarda bu bölgənin xalqlarının maraqlarını ən yüksək səviyyədə qoruyur və onların haqq işini müdafiə edir. Onun bu kimi cəsarətli addımlarına misal olaraq 1999-cu ildə Rusiya Federasiyasının sabiq prezidenti Boris Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz müraciəti göndərməsini göstərmək olar.
Bu xidmətlərinin məntiqi nəticəsidir ki, Qafqaz bölgəsində yaşayan xalqların marağını dönmədən müdafiə edən A.Paşazadə 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilən Qafqaz müsəlmanlarının XI qurultayında yekdilliklə QMİ-nin ömürlük sədri seçilib.
Qafqaz respublikaları ilə Azərbaycanın münasibətlərinin intensivləşməsi baxımından 2019-cu il daha əlamətdar xarakter daşıyıb. Belə ki, ilin əvvəlindən QMİ sədri A.Paşazadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətlərinin dəfələrlə Şimali Qafqazın mərkəzi şəhərlərinə, eyni zamanda bu respublikaların rəhbər şəxslərinin Azərbaycana səfərləri münasibətlərin yüksək səviyyədə olduğunu bir daha sübut edib.
Yeri gəlmişkən, A.Paşazadə ölkəmizin daxilində və xaricində dini və mədəniyyət abidələrinə qayğı və himayəsini əsirgəməyən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xeyriyyə işlərinin həyata keçirilməsində xüsusi rol oynayır. Bu xeyirxah işlərdən biri də Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Azərbaycanın dövlət başçısına müraciəti əsasında həyata keçirilən Vladiqafqazdakı Muxtarov məscidinin bərpasıdır. Prezident İlham Əliyev bu müraciətə diqqətlə yanaşaraq yardım göstərib və məscid binasının açılışında iştirak etmək üçün Azərbaycandan QMİ sədri A.Paşazadənin rəhbrəlik etdiyi nümayəndə heyəti Vladiqafqazda olub.
Həmin vaxt Vladiqafqaz şəhərində səfərdə olan İnquşetiyanın rəhbəri Y.Yevkurovun Şeyxülislama dərin ehtiram bildirməsi, həmin ilin mart ayında məhz Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov tərəfindən A.Paşazadənin “İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransa dəvət edilməsi Şimali Qafqaz xalqları və Azərbaycan xalqı arasında qardaşlıq münasibətlərinin mövcudluğu, bir-birinə dərin mənəvi, mədəni tellərlə bağlı olması fikrinin daha bir təcəssümüdür.
Birmənalı şəkildə demək olar ki, QMİ sədri A.Paşazadə Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqı arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı, sülhün möhkəmləndirilməsi və dostluğun dərinləşdirilməsi yönündə olduqca mühüm işlər görür. Şeyximizin bu yöndəki fəaliyyəti region xalqları, o cümlədən Qafqaz bölgəsinin dindarları, dini icma və konfessiya rəhbərləri tərəfindən xüsusi qiymətləndirilir. Elə bu ilin fevralında Azərbaycan nümayəndə heyətinin səfəri zamanı Qaraçay-Çərkəz Respublikasının xüsusi ordeni ilə təltif edilən Şeyxin dostluq münasibətlərinə toxunaraq belə bir tarixi bəyanat verməsinin şahidi oldum: “Bizim dövlətlərimiz ayrı olsa da, bizi mənəvi cəhətdən ayırmaq mümkün deyil. Ona görə ki, mənəvi cəhətdən bizi birləşdirən bir qüvvə var, o da İslamdır, imanımızdır. Hamımız birlikdə Qafqazda sülhün, qardaşlığın təmin olunması üçün bütün imkanlardan istifadə edirik”.
Rusiya Federasiyasının ali dini lideri, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill də QMİ sədrinin Qafqaz müsəlmanları arasında, İslam aləmində əlaqələndirici rolunu yüksək qiymətləndirir. Təsadüfi deyil ki, Patriarx Kirillin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçirilən təntənəli mərasimlərə İslam aləmindən dəvət olunan yeganə ali dini lider Bütün Qafqazın Şeyxi olub.
Ən nəhayət, A.Paşazadə regionda sabitliyi, xalqlarımızın səadəti naminə bütün mövcud münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həlli istiqamətində ciddi səylər göstərir. Yeri gəlmişkən, mətbuata son açıqlamalarından birində Şeyx həzrətləri bəyan edib ki, siyasi, dini, ideoloji, hərbi sahədə bütün təxribatlara baxmayaraq, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesinə, münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həllinə ümidlə baxır, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə qeyd-şərtsiz əməl olunmasını tələb edir, dünya birliyinin, ATƏT-in Minsk qrupunun sülhyaratma səylərindən real nəticələr gözləyirik.
Şeyxin sözlərinə görə, dinc yanaşı yaşamağa nail olmaq, qarşılıqlı etimadı gücləndirmək üçün bu sahədə addımlar davam etdiriləcək: “Bütün dinlər sülhə, barışa çağırır, ölümə deyil, həyata dəvət edir. Din buna xidmət etməlidir və dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir. Din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, barış və əmin-amanlığa xidmət olmalıdır”.
Böyük maarifçi, dini-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı
Elm sahəsindəki fəaliyyətləri ilə yanaşı, hörmətli Şeyximizin maarifçilik fəaliyyəti haqqında da geniş bəhs etmək mümkündür. Əvvəla, A.Paşazadə İslam dininin elmi əsaslarla izah edilməsi üçün çoxsaylı töhfələr verir. Eyni zamanda Şeyx həm Azərbaycanda, həm də bütün İslam aləmində məzhəbçilikdən irəli gələn mənfi tendensiyaların qarşısını almaq üçün bizi başa salır ki, məscidləri, ibadət evlərini cılız məqsədlərə alət etmək olmaz. Məsələn, Vladiqafqazda yenidən bərpa edilmiş Muxtarov məscidinin açılış mərasimində iştirak edərkən Şeyxülislam müsəlmanların ibadətgahları arasında ayrı-seçkilik salınmasının yolverilməz olduğunu bildirib: “Məscidin şiəsi, sünnisi olmaz, ibadətgahların hamısı bizim üçün əzizdir”.
Uzun illər səbəbi izah olunmayan dini ritualın qarşısını almaq üçün Şeyxin atdığı nadir addımlardan birinə də toxunmağa ehtiyac var. Belə ki, Aşura günündə qan tökməyin qarşısını almaq üçün Şeyxülislam həzrətlərinin şəxsən özü qabağa düşərək qanvermə aksiyasında iştirak etməklə, simvolik qan çıxarılması ayininin mahiyyətinin saxlanılması şərti ilə, onun cəmiyyət baxımından daha əhəmiyyətli bir tədbirə çevrilməsinə nail olub. Artıq Azərbaycanın bir çox məscid və ziyarətgahlarında qanvermə aksiyalarında iştirak edən müsəlmanlar həm Kərbəla şəhidlərinə ehtiramını nümayiş etdirir, həm də xəstə insanlara real kömək göstərmələrindən məmnun olurlar. Beləliklə, qan xəstəliklərindən əziyyət çəkən insanların ehtiyaclarının ödənilməsi istiqamətində təmənnasız qan verilməsi aksiyalarının təşkili və həyata keçirilməsi məhz Şeyxülislam Allahşükür Paşazadənin adı ilə bağlıdır.
İslam dininin düzgün anlaşılması, layiq olduğu şəkildə təbliği, Qafqazda dini tolerantlıq mühitinin formalaşması istiqamətində Bütün Qafqazın Şeyxinin gördüyü işlər, nümayiş etdirdiyi fəal vətəndaşlıq mövqeyi də yüksək qiymətə layiqdir.
Elmə yüksək dəyər verən, dini maarifi, İslamın elmi şəkildə tədris olunmasını önə çəkən Şeyxülislamın təşəbbüsü ilə 1997-ci ildə isə Qafqaz Müsəlmanları İdarəsi nəzdində görkəmli elm və din xadimlərindən ibarət Elmi-Dini Şura yaradılıb. Eyni zamanda qloballaşma dönəmində dini maarifçiliyin böyük əhəmiyyət kəsb etməsi fikrini önə sürən A.Paşazadə Elmlər Akademiyasının rəhbərliyi ilə birlikdə 2015-ci ildə keçirilən “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfransın təşkilatçısı olub.
İslam dininin elmi əsaslandırmalarla və olduğu kimi izah edilməsi, həqiqi İslamın dünyaya tanıdılması məsələlərində mühüm rol oynayan A.Paşazadə İslam aləmində yeganə fiqh alimidir ki, həm şiə, həm də sünni məzhəblərinə fəqihlik etmək səlahiyyətinə malikdir. Eyni zamanda A.Paşazadə məzhəbi-vəhdət naminə beynəlxalq miqyasda təbliğat aparan ictihad alimlərindəndir.
Şeyxin maarifçiliyi mövzusunda bir məsələyə də toxunmaqda fayda var. Məlum olduğu kimi, Azərbaycan dövlətinin daxildə apardığı multikulturalizm, tolerantlıq siyasətinin əsasını təkcə başqa konfessiyalara, onların nümayəndələrinə qarşı deyil, hər hansı dinin daxilindəki məzhəblərin, dini azlıqların təmsilçilərinə də tolerant münasibət təşkil edir. Eyni zamanda dinin daxilində ayrı-seçkilik yaratmaq cəhdləri də birmənalı olaraq qəbuledilməz sayılır. Bu baxımdan, Şeyximiz tərəfindən əsası qoyulan Azərbaycanda vəhdət namazı qılınması ənənəsi bütün əcnəbi din xadimləri tərəfindən ölkəmizdə məzhəblərarası qarşıdurma olmadığının bariz nümunəsi kimi dəyərləndirilir.
İslam dünyası ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəyə qaldırılmasında müstəsna xidmətləri olan dini lider
Müsəlman ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi üzrə Azərbaycanın dövlət siyasətinin həyata keçirilməsində Şeyxülislamın xüsusi rolunu da vurğulamaq gərəkdir. Belə ki, QMİ sədri Azərbaycanın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla, bütün regional və beynəlxalq dini təşkilatların mötəbər tədbirlərində ölkəmizdə mövcud olan dini dözümlülükdən və İslam mədəniyyətinin durumundan bəhs edir, ölkəmizin İslam coğrafiyasının ucqarlarında yerləşməsinin əhəmiyyətini vurğulayır, bu üstünlüyü həm də İslamı xristian dünyasına tanıtmaq baxımından mühüm hesab edir.
A.Paşazadənin bu yöndə fəaliyyətində bir çox mötəbər beynəlxalq təşkilatların, o cümlədən müsəlmanları birləşdirən qurumların rəhbərliyində təmsil olunması əvəzsiz rol oynayır. Belə ki, QMİ sədri A.Paşazadə Beynəlxalq Fiqh Təşkilatının həmtəsisçisi, Ümumdünya İslam Konqresinin rəyasət heyətinin, Avrasiya İslam Şurasının rəyasət heyətinin, “Təqrib” İslami Məzhəblərarası Yaxınlaşma Komitəsinin (İran) rəyasət heyətinin, “Darut-Təğrib” müəssisəsinin (Misir), “Darut-Təğrib beynəl məzahibil-islamiyyə” təşkilatının (Livan), İslam Aləmi Liqası - “Rabitət əl-Aləm əl-İslami” təşkilatının (Səudiyyə Ərəbistanı), həmçinin İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının həqiqi üzvüdür.
Təsadüfi deyil ki, İƏT-in vaxtilə Baş katibi olmuş Ekmələddin İhsanoğlu onun bu yöndəki fəaliyyətini yüksək qiymətləndirib: “Uzun illər boyu tanıdığım və hər zaman təmas içində qaldığımız mümtaz şəxsiyyət Allahşükür Paşazadənin Azərbaycanın digər İslam ölkələri ilə münasibətlərinin məzmun və səviyyəsinin yüksəldilməsindəki və nəhayət, ölkənin 1991-ci ildə İslam Konfransı Təşkilatına rəsmən üzv olmasında böyük xidmətlərinin, həmçinin qəhrəman Azərbaycan xalqının haqq işinin dünyaya çatdırılmasındakı rolunun bizzat şahidi olmuşam”.
Yeri gəlmişkən, A.Paşazadə bu il Misirin paytaxtı Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) I İslam Mədəniyyəti Festivalında “İslam dünyasına xüsusi töhfələri olan şəxslərin təltif edilməsi” mərasimində bu ali mükafata layiq görülən dünyanın beş görkəmli müsəlman liderindən biri olub. Bu da QMİ sədrinin İslam aləmində inkişaf, qardaşlıq və həmrəylik sahəsində göstərdiyi dönməz və ardıcıl fəaliyyətinin yüksək qiymətləndirildiyini göstərir.
Beləliklə, heç bir tərəddüdsüz demək olar ki, QMİ sədrinin İslam aləmində böyük hörmət və diqqətə layiq olması A.Paşazadənin İslam mədəniyyətini yüksək qiymətləndirməsindən, regionda, İslam aləmində və bütün dünyada İslamın olduğu kimi tanıdılmasındakı yorulmaz fəaliyyətindən birbaşa asılıdır. Şeyx həzrətlərinin özünün buyurduğu kimi, Allah doğru yolda, haqq yolunda olanlara rəvac verir, düzgün addımlar atanlara hər zaman yardımçı olur.
Azərbaycan Prezidenti İlham Əliyevin sivilizasiyalararası və dinlərarası dialoq təşəbbüsünün böyük təbliğatçısı və icraedicisi
Əlbəttə ki, bir ali dini liderin, özü də təkcə Azərbaycan xalqının deyil, bütün Qafqazın ruhani lideri olaraq həmişə müsbət və çoxşaxəli fəaliyyəti ilə seçilən bir şəxsin yüksək məziyyətləri haqqında istənilən qədər xoş sözlər yazmaq, bəlağətli ifadələr işlətmək olar. Amma QMİ sədri A.Paşazadənin son illərdəki fəaliyyətində daha qabarıq olaraq nəzərə çarpan, XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu bir dövrdə onların reallaşdırılması istiqamətində əməli səylər göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başlatdığı sivilizasiyalararası və dinlərarası dialoq prosesində mühüm rol oynamasıdır.
Əlbəttə ki, Şeyxülislam fəaliyyətinin bütün dövrlərində mötəbər beynəlxalq konfransların yüksək kürsülərindən dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasında münaqişə yaradan problemlərin sülh yolu ilə nizamlanması ideyasını, tolerantlığı və multikultural münasibətləri ardıcıl təbliğ edir, xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi naminə daim xoş məram nümayiş etdirir və əməli fəaliyyət göstərir.
Eyni zamanda, A.Paşazadə bir çox beynəlxalq miqyaslı tədbirlərin, elmi-praktik konfransların Bakıda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. Onun təşəbbüsü ilə 1998-ci ildə Bakıda “Müasirlik və dini-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirilib. MDB Dinlərarası Şurasının həmsədri kimi A.Paşazadənin təşkilatçılığı və təşəbbüsü ilə 2002-ci ildə Tbilisidə “Qafqazda sülh uğrunda əməkdaşlıq” beynəlxalq forumu, 2006-cı ildə Dünya Dini Liderlərinin Moskva Sammiti, 2010-cu ildə Dünya Dini Liderlərinin Bakı Sammiti keçirilib. A.Paşazadə həmçinin 2003-cü ildə “Allahın lütfü, xalqın xilaskarı”, 2004-cü ildə “Qloballaşma və İslam”, 2005-ci ildə “Qloballaşan dünyada İslam”, 2006-cı ildə “Tolerantlığın örnəyi - Azərbaycan”, “İslamda dözümlülük”, 2013-cü ildə “MDB ölkələri sülh və stabil inkişaf tərəfdarıdır”, 2014-cü ildə “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)”, 2015-ci ildə “İslam maarifçiliyi və müasir dövr” mövzularında keçirilən beynəlxalq konfranslara rəhbərlik edib.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı Prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadilələri aparılır.
Yeri gəlmişkən, qeyd edim ki, 2017-ci ilin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində müxtəlif ölkələrin nüfuzlu din və ictimai xadimlərindən ibarət Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi təsis olunub və Şeyx həzrətləri onun baş katibi seçilib. Bu mərkəzin, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə 19 iyun 2019-cu il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans baş tutub. Bu mötəbər tədbirdə KAICIID-in Baş katibi Feysəl bin Muammar A.Paşazadənin dinlərarası və sivilizasiyalararası əməkdaşlığın inkişafında xidmətlərini xüsusi qeyd edib.
Bu məqamda sivilizasiyalararası və dinlərarası əməkdaşlıq posesinin mühüm tərkib hissəsi olan sonuncu konfransda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin ədalətli mövqeyinin əks olunduğu Vyana Bəyannaməsinin qəbul olunmasında, A.Paşazadə başda olmaqla, Azərbaycan nümayəndə heyətinin fəaliyyətini də qeyd etmək lazımdır.
Ümumiyyətlə, hər addımda xalqımızın ən ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli sülh yolu ilə həllinin vacibliyini vurğulayan Şeyxülislam bu günədək iştirak etdiyi elə bir beynəlxalq tədbir, çıxış etdiyi elə bir xitabət kürsüsü olmayıb ki, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, dini-mədəni abidələrimizin dağıdıldığını, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün olduğunu dünya ictimaiyyətinə çatdırmasın.
Bu dəfə də hörmətli Şeyximiz Avropanın mərkəzində bütün dünya ictimaiyyətinin diqqətini Qarabağ probleminə yönəltmək fürsətindən istifadə edib. Beləcə, Şeyx həzrətlərinin beynəlxalq tədbirlərdə nail olduğu hər bir uğur dünya müsəlmanlarının, Azərbaycan ictimaiyyətinin və dini mühitimizin nəzərində əlamətdar və tarixi hadisəyə çevrilir.
Sonda onu xatırladım ki, Şeyxülislam Allahşükür Paşazadə öz yubileyi ilə də dünyada sivilizasiyalararası və dinlərarası dialoq prosesinə töhfə verir. Belə ki, Şeyxin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində 14-15 noyabr 2019-ci il tarixlərində “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək. Ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsi, qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük önəmə malik olan bu tədbirin dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacağına şübhə yoxdur.
Ən nəhayət, A.Paşazadənin 70 illik həyatını və ömrünün 40 ilini həsr etdiyi Şeyxülislamlıq fəaliyyətini bir yazıda əhatə etməyin qeyri-mümkünlüyünü xatırladaraq deyim ki, Şeyx həzrətlərinin gördüyü işlərin, son illərdə isə xüsusi intensivliyi ilə seçilən milli, dini və ümumbəşəri dəyərlərə xidmət edən fəaliyyətinin qısa təsvirinə cəhd göstərmişəm.

 
  • Oxunub:  11340  |  
  • Tarix:  22-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir

21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:17
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
21 Noyabr 14:01
Firmin Eduard Matoko: Azərbaycan Milli Komissiyası ilə UNESKO arasında əməkdaşlıq yüksək səviyyədədir
21 Noyabr 13:58
Korrupsiyaya yol vermiş vəzifəli şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir
21 Noyabr 13:40
GUAM Xarici İşlər nazirləri Bratislavada görüşəcəklər
21 Noyabr 13:29
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə kurslar başa çatıb
21 Noyabr 12:58
“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
21 Noyabr 12:55
“Bulla-dəniz” yatağındakı qazma işləri ilə tanışlıq olub
21 Noyabr 12:51
Muxtar respublikada suvarma kanalları lildən təmizlənib, yeni xətlər çəkilib
21 Noyabr 12:47
İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır
21 Noyabr 12:45
Azərbaycanda ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi qorunur
21 Noyabr 12:15
Naxçıvanda Ümumdünya Uşaq Günü qeyd olunub
21 Noyabr 12:07
Azərbaycanlı uşaqlar BMT sessiyasında iştirak ediblər
21 Noyabr 12:05
Bakıda keçirilən beynəlxalq biennaledə xarici ölkələrdən 40-dan çox rəssam iştirakı edir
21 Noyabr 12:01
Milli Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş kitab təqdim ediləcək
21 Noyabr 11:48
AZAL “Dubai Air Show 2019” sərgisində bir sıra önəmli razılaşmalara imza atıb
21 Noyabr 11:42
Sədaqət Vəliyeva: Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib
21 Noyabr 11:32
Siyavuş Novruzov: Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin, YAP-ın siyasətini dəstəkləyir və Partiya ilə birgədir (VİDEO)
21 Noyabr 11:30
Madriddə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
21 Noyabr 11:29
Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb
21 Noyabr 11:23
Bakıda “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda konfrans işə başlayıb
21 Noyabr 11:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin doqquz aylıq fəaliyyəti müzakirə olunub
21 Noyabr 11:10
Kamilə Əliyeva: YAP xalqın böyük əksəriyyətinin etimadını qazanmaqla avanqard siyasi qüvvəyə çevrilib
21 Noyabr 11:08
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
21 Noyabr 10:30
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
21 Noyabr 10:25
Tur-aksiya: 9 rayondan olan 360 məktəbli şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıb
21 Noyabr 10:13
Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib
21 Noyabr 10:09
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir
21 Noyabr 09:57
YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:55
YAP Gədəbəy rayon təşkilatı partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə “dəyirmi masa” keçirib
21 Noyabr 09:54
Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd edilib
21 Noyabr 09:52
Samuxda YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:48
Rasim Quliyev: YAP tarixi zərurət, sosial sifariş əsasında yaranıb
21 Noyabr 09:46
Britaniyalı mütəxəssislər: Bakıdakı layihə uğurla həyata keçirilir
21 Noyabr 09:44
AzerTelecom şirkətinin iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə Qazaxıstanda işlərin başlanmasına dair tədbir keçirilib
21 Noyabr 09:40
Azərbaycanın regionlarında yeni müəssisələr işə salınır
20 Noyabr 21:04
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi münasibətilə konfrans keçirilib
20 Noyabr 20:56
Səfir: AZƏRTAC və Hindistanın xəbər agentlikləri arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq
20 Noyabr 20:54
Kiyevdə Azərbaycanın GUAM-a sədrliyi dövründəki prioritetləri müzakirə edilib
20 Noyabr 20:39
UNESKO-nun komissiya iclasında “Böyük İpək Yolu” proqramında Azərbaycanın rolundan danışılıb
20 Noyabr 20:18
Azərbaycan Texniki Universitetində YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub
20 Noyabr 20:11
Qarabağ müharibəsi veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20 Noyabr 20:06
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib
20 Noyabr 20:02
UEFA “Avro-2020”nin püşkatma səbətlərinin tərkibini təsdiq edib
20 Noyabr 19:57
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib
20 Noyabr 17:55
Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibəti ilə Pirallahı rayonunda tədbir keçirilib
20 Noyabr 17:35
AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir
20 Noyabr 17:31
QMİ sədri: Erməni dini liderləri razılaşmalara əməl etmir
20 Noyabr 17:04
Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibəti ilə YAP Hacıqabul rayon təşkilatında tədbir keçirildi
20 Noyabr 17:00
Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi ilə bağlı YAP Laçın rayon təşkilatı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində tədbir keçirmişdir
20 Noyabr 16:58
YAP Yevlax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ci ildönümünə həsr edilmiş tədbir keçirib
20 Noyabr 16:55
Naqif Həmzəyev: 27 ildə YAP-ın uğurları, qələbələri hər kəsin gözü önündə olub
20 Noyabr 16:53
Ülvi Mehdiyev: ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi hazırlanıb və təsisçi ölkələrə göndərilib
20 Noyabr 16:48
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibəti ilə YAP Qaradağ rayon təşkilatı tədbir keçirib
20 Noyabr 16:45
Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü ilə bağlı Saatlı rayonunda tədbir keçirildi
20 Noyabr 16:32
Vətəndaşlar 24 saat ərzində istədiyi şəxslərə avtomobil idarə edilməsinə dair etibarnamə verə biləcək
20 Noyabr 16:27
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir
20 Noyabr 16:23
Məhəbbət İbrahimova: Yeni Azərbaycan Partiyası siyasi palitramızın ən güclü təşkilatıdır
20 Noyabr 16:22
Malik Həsənov: Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq miyasda yüksək qiymətləndirilir
20 Noyabr 16:14
Sabunçuda yolların, su təchizatı və kanalizasiya sistemlərinin qurulması üçün vəsait ayrılıb
20 Noyabr 16:12
Eldəniz Səlimov: Yeni Azərbaycan Partiyası ötən 27 ildə böyük inkişaf yolu keçmiş partiyadır
20 Noyabr 16:10
Eldar İbrahimov: Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur
20 Noyabr 15:57
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidentinin fəaliyyəti barədə ictimai rəyi araşdırıb
20 Noyabr 15:39
Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib
20 Noyabr 15:37
Azərbaycanla Çinin nümayəndə heyətlərinin danışıqlarının yekunlarına dair Protokol imzalanıb
20 Noyabr 15:30
İqtisadi fəal əhalinin sayı 5 milyon 196,9 min nəfər olub
20 Noyabr 15:24
Azərbaycan Milli Elmlər Akademiyası İctimai və Humanitar Elmlər Bölməsinın Mətbuat xidmətinin məlumatı
20 Noyabr 15:09
Doqquz ayda ölkədə 20,2 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatı olub
20 Noyabr 14:51
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
20 Noyabr 14:49
Elçin Əhmədov: Ermənistanın faşist ideologiyası, etnik təmizləmə və dövlət terrorizmi siyasəti

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6