Ana səhifə »  Müəlliflər »  Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət göstərir
A+   Yenilə  A-
Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət göstərir
Yazdı: Hikmət BABAOĞLU

Cənubi Qafqazın lider dövləti olan, yüksək beynəlxalq nüfuza malik Azərbaycan dünyaya spesifik və mütərəqqi inkişaf modeli təqdim edib. Bu model konseptual əsaslara söykənir, ölkəmizdə bütün sahələrin paralel inkişafını təmin etməklə Azərbaycanın milli gücünün artmasını şərtləndirir. Bununla yanaşı, Azərbaycanı beynəlxalq müstəvidə fərqləndirən səciyyəvi xüsusiyyətlərdən biri də ölkəmizdə inklüziv, multikultural və tolerant cəmiyyətin mövcud olması, eləcə də milli-mənəvi dəyərlərin qorunmasıdır. Bu kontekstdə Azərbaycan dünyaya yeni dəyərlər təqdim edir, Şərq ilə Qərb arasında körpü rolunu oynayan, beynəlxalq əməkdaşlıq məkanına çevrilən bir ölkə kimi sivilizasiyalararası dialoqun inkişafına da müstəsna töhfələr verir.
Azərbaycanın mənəvi sərhədləri onun inzibati-siyasi hüdudlarından daha genişdir
Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti tərəfindən milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində ardıcıl, genişmiqyaslı işlər davam etdirilir. Ölkəmizdə etnik və dini zəmində sabitliyin hökm sürməsi, fərqli etnik mənsubiyyətə və dini dünyagörüşünə sahib olan insanların əmin-amanlıq və sülh şəraitində yaşaması tərəqqipərvər mərkəzlər tərəfindən də müsbət hal kimi dəyərləndirilir. Təsadüfi deyil ki, müasir siyasi, mənəvi və ideoloji çağırışları nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da dünyaya mühüm mesaj olmaqla yanaşı, xalqımıza xas olan yüksək mənəvi keyfiyyətlərin - ali dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyətə malik oldu. Dünya ictimaiyyətinə bir daha bəlli oldu ki, Azərbaycan multikulturalizminin tarixi ənənələri var, çünki bütövlükdə götürdükdə Azərbaycan coğrafiyası mövcud səmavi dinlərin hamısı ilə təmasda olub. Bununla yanaşı, Azərbaycan xalqının milli dəyərlərini və yaddaşını şərtləndirən tək amil din deyil, burada mədəniyyət də mühüm daxili komponentlərdəndir və bizim dini dəyərlərimiz mənəvi dəyərlərimizin tərkib hissəsidir. 
Müasir dövrdə beynəlxalq münasibətlər sisteminə təsir edən başlıca amillərdən biri sivilizasiyalararası dialoqdur. Bunun üçün isə dinlərarası dialoq platformalarının yaradılması xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin sərhədlərindən kənarda keçirilən konfranslar və müxtəlif tədbirlər vasitəsilə milli-mənəvi, tolerant və multikultural dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılması sülh və qarşılıqlı anlaşmanın təmin olunmasına xidmət edən mühüm addımlardandır. Belə ki, tolerantlıq nümunəsi, beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan, dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycanın həm müxtəlif tədbirlərə ev sahibliyi etməsi, həm də dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etməsi mədəniyyətlərarası dialoqun genişləndirilməsinə, bu istiqamətlərdə səmərəli fikir mübadiləsinin aparılması və işbirliyinin gücləndirilməsinə mühüm töhfələr verir. 
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq müstəvidə təbliğ etdiyi dəyərlər özündə sülhü, sabitliyi, dialoq və tərəqqini ehtiva edir. Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, bu kontekstdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Son illərdə Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlərin məhz Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Bu gün Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda keçirilən tədbirlər sayəsində İslam həmrəyliyi, tolerantlıq, multikulturalizm ideyaları beynəlxalq müstəvidə mədəniyyətlər və dinlərarası dialoq platformasının yaranmasına mühüm töhfələr verib. Bu baxımdan, Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi tədbirlər də beynəlxalq aləmdə, həmçinin ayrı-ayrı Avropa ölkələrində böyük diqqətə səbəb olur. 
Vladiqafqazdakı Muxtarov məscidi uzun əsrlər boyu Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlığı simvolizə edən mənəviyyat abidəsi olaraq qalacaq
Qeyd etdiyimiz kimi, Azərbaycanın təşəbbüsü ilə dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq konfranslar dinlər və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, bu istiqamətdə səmərəli fikir mübadiləsinin aparılması və işbirliyinin gücləndirilməsi baxımından fundamental əhəmiyyətə malikdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfəri zamanı keçirilən konfrans və digər tədbirlər də Azərbaycanın Rusiya, o cümlədən Şimali Qafqaz regionları ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələrin inkişafı yönündə xüsusi önəm daşıyır. 
2019-cu il yanvarın 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisin üzvləri və nümayəndə heyətinə daxil olan digər şəxslər əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və yardımı sayəsində Vladiqafqazda yenidən bərpa edilmiş Muxtarov məscidinin açılışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak ediblər. 1908-ci ildə azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən inşa etdirilən, Şərq memarlığının ənənələrini özündə ehtiva edən məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlətimizin başçısına müraciətindən sonra Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub.
Məscidin açılışından sonra nümayəndə heyəti Vladiqafqaz Milli Elmi Kitabxanasının binasında keçirilən konfransda iştirak edib. Tədbirdə çıxış edən Şimali Osetiya-Alaniya müftisi Hacımurat Qatsalov Azərbaycan və Şimali Osetiya arasında tarixi dostluq, ənənəvi mənəvi əlaqələr barədə məlumat verib, Şeyxülislam Allahşükür Paşazadənin dini lider kimi Azərbaycan və Qafqaz xalqları qarşısındakı xidmətlərindən danışıb.
Konfransda çıxışında Şeyxülislam Allahşükür Paşazadə isə bildirib ki, Azərbaycan xalqının ləyaqətli oğlu Murtuza Muxtarov tərəfindən inşa edilmiş, Azərbaycan-Şimali Osetiya xalqları arasında mənəvi vəhdət rəmzi olan Vladiqafqazdakı Muxtarov məscidi uzun əsrlər boyu Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlığı simvolizə edən mənəviyyat abidəsi olaraq qalacaq. 
Şeyxülislam Allahşükür Paşazadə: Məscidin şiəsi, sünnisi olmaz
Azərbaycan dövlətinin daxildə apardığı mültikulturalizm, tolerantlıq siyasətinin əsasını təkcə başqa konfessiyalara, onların nümayəndələrinə qarşı deyil, hər hansı dinin daxilindəki məzhəblərin, dini azlıqların təmsilçilərinə də tolerant münasibət təşkil edir. Çoxmillətli ölkəmizdə hər bir xalqın dilinə, adət-ənənəsinə, həmçinin ibadətgahına, sitayişinə böyük hörmətlə yanaşılır. Bu baxımdan dinin daxilində ayrı-seçkilik yaratmaq cəhdləri də birmənalı olaraq qəbuledilməz sayılır. Təsadüfi deyil ki, Azərbaycanda vəhdət namazı qılınması ənənəsi ölkəmizdə məzhəblərarası qarşıdurma olmadığının bariz nümunəsi kimi dəyərləndirilir. Bütün Qafqazın şeyxi tərəfindən əsası qoyulan dini bayramlarda vəhdət namazı qılınması ənənəsi artıq bir çox məscidlərdə geniş yayılıb.
Vladiqafqazda yenidən bərpa edilmiş Muxtarov məscidinin açılış mərasimində iştirak edən Şeyxülislam Allahşükür Paşazadə müsəlmanların ibadətgahları arasında ayrı-seçkilik salınmasının yolverilməz olduğunu bildirib: “Məscidin şiəsi, sünnisi olmaz, ibadətgahların hamısı bizim üçün əzizdir”.
Muxtarov məscidinin mövcudluğu Azərbaycan və Şimali Osetiya xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin bariz nümunəsidir
QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Vladiqafqazdakı Muxtarov məscidinin bərpası üçün müraciətinə diqqətlə yanaşaraq yardım göstərdiyini və bunun nəticəsinin bu gün gözlərimiz önündə yenidən qurulmuş, öz əvvəlki gözəlliyini özünə qaytarmış nəfis məscid binasında təcəssüm etdiyini vurğulayıb. Ölkəmizin daxilində və xaricində dini-mənəvi mədəniyyət abidələrinə qayğı və himayəsini əsirgəməyən dövlətimizin başçısının qlobal miqyasda multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış etdiyini, tarixi, dini-mənəvi, milli mədəni və ümumbəşəri irsə yüksək diqqət nümayiş etdirdiyini vurğulayan QMİ sədri bu işlərin Azərbaycanda davamlı olaraq həyata keçirildiyini bildirib. 
Çoxmillətli və çoxkonfessiyalı Rusiyada ənənəvi dinlər, o cümlədən İslam dininin ardıcılları üçün bütün lazımi şəraitin yaradıldığını bildirən QMİ sədri Vladiqafqazdakı tədbiri də bu baxımdan gözəl nümunə kimi dəyərləndirib. Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin Qafqazda millətlərarası dostluq və dinlərarası anlaşmanın təmini işində Şimali Qafqaz müftilərinin rolunu xüsusi vurğuladıqlarını söyləyən Şeyxülislam sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının bu istiqamətdə bundan sonra da səy göstərəcəyini bildirib.
Vladiqafqaz Tarix və Arxeologiya İnstitutunun direktoru professor Ruslan Bzarov iştirakçılar üçün nümayiş etdirilən və məscidin tarixçəsindən bəhs edən sənədli film haqqında danışıb. Tədbirdə Şimali Osetiya-Alaniya Respublikasının tanınmış alimləri professor Marzoyev və professor Kanukova məruzələrlə çıxış ediblər. Məruzələrdə Murtuza Muxtarovun şəxsiyyəti, onun xeyriyyəçilik fəaliyyəti, Azərbaycan-Şimali Osetiya dostluğunun möhkəmlənməsində tarixi rolu vurğulanıb, Azərbaycan ilə Osetiya arasında dostluq və qardaşlıq əlaqələrinin keçmişi və bu günü barədə danışılıb. Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Şimali Qafqaz müftiləri, tanınmış elm və din xadimləri də iştirak ediblər. Çıxışlarda Azərbaycan və Şimali Osetiya xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin bariz nümunəsi olan Muxtarov məscidinin mövcudluğu, onun yenidən qurulması yüksək dəyərləndirilib. Şimali Osetiya müftisi H.Qatsalov yekun çıxışında Prezident İlham Əliyevə dərin təşəkkürlərini ifadə edib və dövlət başçısının Qafqaz xalqlarına ehtiramlı münasibətindən xeyli məmnun olduqlarını, bunu çox yüksək dəyərləndirdiklərini vurğulayıb. Şimali Qafqaz Müftiləri Koordinasiya Mərkəzinin sədri İsmayıl Berdiyev də Prezident İlham Əliyevə Qafqaz müftiləri adından minnətdarlığını ifadə edib. Onu da qeyd edək ki, Vladiqafqazdakı Muxtarov məscidinin ərsəyə gəlmə tarixinə dair nadir arxiv sənədləri Azərbaycan xalqına minnətdarlıq əlaməti olaraq Allahşükür Paşazadəyə təqdim olunub.
Daha sonra Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Vyaçeslav Bitarov Azərbaycan nümayəndə heyətini qəbul edib. Şimali Osetiya-Alaniya parlamentinin sədri A.Maçnevin də iştirak etdiyi görüşdə Azərbaycan və Şimali Osetiya arasında tarixi, ənənəvi münasibətlər zəmini üzərində həyatın müxtəlif sahələrində əlaqələrin inkişafından razılıq ifadə olunub. Azərbaycanın xalqına, onun Prezidentinə dərin ehtiramının və qardaş salamlarının çatdırılmasını xahiş edən Şimali Osetiya Respublikasının başçısı V.Bitarov Muxtarov məscidi ilə əlaqədar tədbirin böyük önəm daşıdığını vurğulayıb. QMİ sədri görüşə görə minnətdarlığını bildirib və bu istiqamətdə işlərin davamlı olmasının vacibliyinə diqqəti cəlb edib. Belə ki, Şeyxülislam A.Paşazadə gələcəkdə Vladiqafqazda Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin adını daşıyacaq məktəb binasının ucaldılmasını da arzu etdiyini bildirib. Şeyxülislam Şimali Osetiyadakı Azərbaycan diasporunun xalqlarımız arasında dostluq və əməkdaşlığın dərinləşməsi işinə verdiyi töhfələri vurğulayıb və onların fəaliyyətindən məmnun olduğunu bildirib. 
Bütün Qafqaz xalqları bir-birinə dərin mənəvi, mədəni tellərlə bağlıdır
Azərbaycanın tarixən mövcud olan əlaqələrin bərpa edilməsi, mənəvi-mədəni münasibətlərin inkişaf etdirilməsi, eyni dinə etiqad edən xalqlar arasında qarşılıqlı etimad və həmrəylik yaradılması yönündə apardığı siyasət bütün dünyada olduğu kimi, yerləşdiyimiz regionda da böyük diqqətə səbəb olub. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə bütün Qafqazın şeyxi olaraq Şimali Qafqaz regionlarının dini liderləri və başçıları tərəfindən ali dini rəhbər kimi qəbul olunur, Qafqaz xalqları qarşısındakı xidmətləri isə yüksək qiymətləndirilir.
Vladiqafqaz şəhərində səfərdə olan İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşməsini də qeyd olunan dərin ehtiramın nəticəsi kimi dəyərləndirmək olar. İnquşetiyanın rəhbəri Y.Yevkurovun həmin görüşdə Şeyxülislama Azərbaycan dövlətinin bu qəbildən olan tədbirlərini yüksək dəyərləndirməsi, Azərbaycan Prezidenti İlham Əliyevi qardaşı hesab etdiyini bildirməsi, salamlarını və ən xoş arzularını çatdırmağı QMİ sədrindən xahiş etməsi Azərbaycanla Şimali Qafqaz xalqlarının bir-birinə dərin mənəvi, mədəni tellərlə bağlı olması fikrinin daha bir təcəssümüdür. Xatırladaq ki, görüşdə, həmçinin Azərbaycan-İnquşetiya dini-mənəvi əlaqələrinin daha da inkişaf etdirilməsi, xalqlarımızın ümumi mənafeləri naminə əməkdaşlıq, ümumqafqaz əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi və məsləhətləşmələr aparılıb.
Rusiya Federasiyasının və Azərbaycanın regionları arasında əlaqələr təkcə iqtisadi deyil, mənəvi-mədəni əhəmiyyəti baxımından da yüksək dəyərləndirilir
Bütün bunların fonunda əminliklə söyləmək olar ki, Rusiya Federasiyasının və Azərbaycanın regionları arasında əlaqələr təkcə iqtisadi deyil, mənəvi-mədəni əhəmiyyəti baxımından da yüksək dəyərləndirilir. Bəllidir ki, son illərdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına mühüm töhfələr verən əhəmiyyətli amillərdən biri regionlararası əlaqələrin intensiv xarakter daşımasıdır. Son illərdə bu istiqamətdə təmaslar olduqca sıxlaşıb, bu ölkənin regionlarının rəhbərlərinin ölkəmizə qarşılıqlı səfərləri intensivləşib, iqtisadi, siyasi və mədəni olmaqla ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan Moskva və Sankt-Peterburqla, Dağıstan və Tatarıstan respublikaları, Stavropol diyarı, Moskva, Həştərxan, Ulyanovsk, Sverdlovsk, Vladimir, Tambov, Volqoqrad vilayətləri və başqa regionlarla sıx əməkdaşlıq edir. Şimali Qafqaz respublikaları, o cümlədən Dağıstanla Azərbaycan arasında isə təkcə iqtisadi əlaqələr deyil, tarixən formalaşmış həm dini, həm də milli və mədəni amillərə əsaslanan mehriban qonşuluq, dostluq münasibətləri mövcuddur. Belə ki, Dağıstanda 140 minə yaxın azərbaycanlı yaşayır və Azərbaycan dili Dağıstan Respublikasının 14 dövlət dilindən biridir. Bir mühüm məqamı da vurğulamaq yerinə düşər ki, Rusiya Federasiyasının Azərbaycanla həmsərhəd regionları ilə əməkdaşlıq təkcə iqtisadi əlaqələrlə deyil, dərin tarixi köklərə malik olan milli, dini, mədəni müstəvidə də müsbət dinamikası ilə seçilir. Şimali Qafqaz respublikalarının rəhbərlərinin vaxtaşırı ölkəmizə səfərləri zamanı da dəfələrlə qeyd olunub ki, bu əlaqələr xalqlarımızı həm də mədəni-mənəvi tellərlə bir-birinə bağlayır. Nəticə etibarilə, Azərbaycan ilə Rusiyanın regionları arasında bir çox sahələrdə fəal əməkdaşlıq münasibətləri formalaşıb, bu, iki ölkə arasında çoxşaxəli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Həm ixtiraçı, həm də milyonçu olan M.Muxtarov özünün kəşf etdiyi avadanlıqları xaricə ixrac edib
Bu məqamda yaxın tarixə qısa ekskurs edərək tanınmış xeyriyyəçi Murtuza Muxtarov haqqında qısa məlumat vermək yerinə düşər. O, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra Azərbaycanın milli burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndələrindən biri olub. M.Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır.
1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olan Murtuza Muxtarov uşaqlıqdan qardaşı ilə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyıb. 1874-cü ildə arabasını sataraq Balaxanı və Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. Kontorun sahibi Markov onun əzmini və iradəsini görüb alət və cihazların sirrini öyrədir, M.Muxtarov tezliklə buruq ustası olur. Bir müddətdən sonra sahibkar Zabratdakı qazma avadanlığı, emalatxanasını ona satıb Rusiyaya gedir. O vaxtlar neft mədənlərində quyuları ağac və taxtadan quraşdırılmış Kanada dəzgahları ilə qazırdılar. Dərinə getdikcə bu dəzgahlar tez-tez xarab olurdu. Buna görə də M.Muxtarov “Molot” dəzgahını təkmilləşdirir. 
M.Muxtarov sonradan fəaliyyətini daha da genişləndirir və 1890-cı ildə “Muxtarov podratı” adı altında öz kontorunu açır. Qazma avadanlığını təkmilləşdirərək Abşeronda ilk dəfə olaraq 1100 metrlik quyu qazdırır. Həmçinin 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır. O bu ixtirasına “Bakı qazma sistemi” adı verir. XIX əsrin sonlarında M.Muxtarov Rusiyada ilk dəfə olaraq Bibiheybətdə konstruktor bürosu olan və neft avadanlıqları istehsal edən böyük bir zavod tikir, bu müəssisə həmin dövrdə ilk neft avadanlığı müəssisəsi sayılırdı. M.Muxtarov zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları tikdirir. M.Muxtarovun özünün mədənləri də var idi. Sabunçudakı həmin sahə indi də “Muxtarovka” adlanır. Çünki oradakı bütün neft quyuları vaxtilə ona məxsus olub.
Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar yox idi. M.Muxtarovun öz zavodunda buraxdığı dəzgah və avadanlıqlar Rusiyaya və xarici ölkələrə, hətta uzaq Amerikaya da ixrac edilirdi. Özü də xaricdən, xüsusilə ABŞ-dan çoxlu maşın, cihaz, alət və avadanlıq alırdı. Neft milyonçusu 1917-ci ildə ilk dəfə taxtayonan dəzgah da ixtira edir. Dəzgah hal-hazırda Sankt-Peterburuq şəhərindəki “Dağ-mədən” İnstitutunda saxlanılır.
Azərbaycanın neft sənayesi tarixində “Podrat qazma” kontoru Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarındakı quyuların əksəriyyətinin qazılmasında əsas rol oynayıb. M.Muxtarov təkcə Bakıda yox, müqavilə əsasında Maykop və Qroznı neft mədənlərində quyu qazdırır, zavod və mədənlər, konstruktor büroları ilə texniki və işgüzar əlaqələr saxlayırdı.
Görkəmli xeyriyyəçi və maarifpərvər
M.Muxtarovun Şimali Qafqazla əlaqələri ilə bağlı maraqlı bir əhvalatı da qeyd etmək yerinə düşər. Bir dəfə Beslan stansiyasında qatarı gözləyən M.Muxtarov restoranda oturub nahar edirmiş. Birdən qaçhaqaç düşür: “Zəlim xan gəlir...” M.Muxtarovun yanındakı adamı deyir ki, “ağa, at da var, kareta da hazırdır, dur qaçaq!” “Heç yerə gedən deyiləm!” - deyə M.Muxtarov cavab verir. “Sən də otur”. Çox çəkmir, salon boşalır, atlılar stansiyanı mühasirəyə alırlar. Salonda oturmuş iki adamın geyimi və görkəmi qaçaqların başçısı Zəlim xanın diqqətini cəlb edir, adam göndərib onu yanına çağırtdırır, M.Muxtarov təklifi rədd edir. Süvarilər onu öldürmək üçün Zəlim xandan icazə istəyirlər. O razılaşmır, özü yaxınlaşır. M.Muxtarov stulu çəkib ona yer təklif edir: “Əyləş, qonağım ol!” - deyir. “Qonaq” sözü Zəlim xanın xoşuna gəlir, oturur və dostlaşırlar. Zəlim xan mərdlik əlaməti kimi ona bir gümüş xəncər və zər qotazlı bir başlıq da hədiyyə edir. Bu görüşdən bir il sonra Murtuza Muxtarov Zəlim xanın hökumət adamları tərəfindən qətlə yetirilməsi xəbərini eşidir. Adam göndərib onun oğlunu və qızını Bakıya gətizdirir, saxlayır, hər ikisini Peterburqa, öz xərcinə oxumağa göndərir. Oğlan aqronom, qız isə həkim olur.
Muxtarov Bakının, demək olar ki, bütün xeyriyyə cəmiyyətlərində yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi. Qərbi Avropa mədəniyyətinin pərəstişkarı idi, cəmiyyətdə xürafata qarşı mübarizə aparırdı, bu məqsədlə Bakıda “Tərəqqi” qəzeti nəşr etdirir, məktəblər tikdirirdi. Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi, Bakı real məktəbinin, Temirxan-Şuranın (indiki Buynaksk şəhəri) qadın gimnaziyasının hamisi olan M.Muxtarov “Dağlılar arasında savadın və texniki biliklərin yayılması cəmiyyəti”nin, həmçinin “Peterburq müsəlman xeyriyyə cəmiyyəti”nin fəxri üzvü olub.
Bütün bunlara baxmayaraq, Murtuza Muxtarovun ölümü faciəli olub. 1920-ci ildə silahlı bolşeviklər M.Muxtarovun yaşadığı evin (indiki “Səadət” sarayı) qapısını sındırıb zala daxil olurlar, onun təslim olmasını tələb edirlər. O, bolşeviklərin atla evinə daxil olmasını özünə təhqir hesab edir. Buna dözməyib tüfəngi götürüb birinci gülləni bolşeviklərdən birinə, ikinci gülləni isə özünə vurur. 
Murtuza Muxtarov bizə əzəmətli memarlıq abidələri miras qoyub
Bakı şəhərində, ətraf kəndlərdə, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində indiyə qədər qorunan və bərpa olunan bir çox memarlıq abidəsi Murtuza Muxtarovun adı ilə bağlıdır. 1910-cu ildə Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır. Memar Zivər bəy Əhmədbəyovun rəhbərliyi ilə tikilən bu məscid Azərbaycan memarlığının ən gözəl incilərindən biri kimi YUNESKO-nun qorunan tarixi abidələr siyahısına salınıb. Mərdəkanda yerləşən Dendrologiya İnstitutunun binası da Muxtarovun maliyyəsi hesabına tikilib. Vladiqafqazda, Kislovodskda və Rusiyanın başqa şəhərlərində, Avropada, İtaliyanın Florensiya şəhərində mövcudluğunu qoruyan bir neçə yaraşıqlı bina M.Muxtarovun pulu ilə tikilib.
Yuxarıda qeyd olunduğu kimi, Maykop və Qroznı neft mədənlərində quyu qazmaq üçün sahibkarlarla müqavilə bağlayan M.Muxarov tez-tez Şimali Qafqaza gedirdi. M.Muxtarov bu səfərlərindən biri zamanı təsadüfən tanış olduğu Liza xanım Tuqanova ilə evlənir. Liza xanım Vladiqafqaz şəhərində yaşayan general Tuqanovun ortancıl qızı olub. Murtuza və Liza xanımın övladları olmasa da, bir çox uşağa qəyyumluq edib, oxudublar. Görkəmli azərbaycanlı aktrisa Fatma Muxtarovanı da cütlük qızlığa götürübmüş.
Muxtarov məscidinin tarixinə gəlincə, Murtuza Muxtarov generalın qızı ilə ailə həyatı qurduqdan sonra həyat yoldaşı Liza xanımın doğma şəhəri olan Vladiqafqazda qoşa minarəli, qoşa eyvanlı, əzəmətli məscid inşa etdirib. Daha sonra Liza xanımla Avropa səyahəti zamanı Venesiyadakı binaların memarlığına heyran qalan M.Muxtarov oxşar bir sarayı bir il ərzində (1911-1912-ci illər) Bakıda tikdirir. Hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisi olan bu bina indiki “Səadət” sarayıdır. 
Onu da qeyd edək ki, M.Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət sarayın qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində yaşamağa məcbur olur. Daha sonra Türkiyəyə qaçsa da, onun həyatı məşəqqətli keçir, oradan Avropaya üz tutmalı olur. Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-ci illərdə Parisdə vəfat edir, amma onun məzarının yerləşdiyi yer barədə heç bir məlumat yoxdur, çünki xaricə qaçdıqdan sonra onun yaxınları ilə heç bir əlaqəsi olmayıb.
Azərbaycanın Murtuza Muxtarovun mirasına sahib çıxması təqdirəlayiq haldır
Sonda onu qeyd etmək yerinə düşər ki, Murtuza Muxtarovun düz 110 il bundan əvvəl inşa etdirərək sevimli həyat yoldaşı Liza Tuqanovanın vətəninə hədiyyə etdiyi Vladiqafqazdakı Muxtarov məscidinin bərpası və yenidən istifadəyə verilməsi münasibətilə yüksək səviyyədə tədbirin keçirilməsi görkəmli xeyriyyəçinin mirasına sahib çıxılması baxımından mühüm əhəmiyyət daşıyır. Yuxarıda qeyd olunanlar birmənalı şəkildə deməyə əsas verir ki, hətta qlobal miqyasda multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış edən, tarixi, dini-mənəvi, milli mədəni və ümumbəşəri irsə yüksək diqqət nümayiş etdirən Azərbaycan Prezidentinin yardımı sayəsində ölkəmizin maliyyəsi hesabına Vladiqafqazdakı Muxtarov məscidinin yenidən bərpası dövlətimizin başçısının təkcə ölkəmizin daxilində deyil, onun hüdudlarından kənarda da xalqımızın mənəvi dəyərlərinə, bu dəyərlərin qorunmasına böyük diqqət və qayğı ilə yanaşdığını göstərir.
Hikmət BABAOĞLU
Bakı-Vladiqafqaz-Bakı

 
  • Oxunub:  2700  |  
  • Tarix:  02-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
17 Fevral 11:30
Qlobal böhrana doğru: bir müqavilənin ləğvi və dünya üçün yeni risklər
17 Fevral 11:29
Elçin Əhmədov: Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi
17 Fevral 11:25
Sevinc Fətəliyeva: Məişət zəminində baş vermiş adi kriminal hadisədən sui-istifadə etmək cəhdləri heç bir nəticə verməyəcək
17 Fevral 11:22
Azərbaycan və Almaniya arasında əməkdaşlığın gündəliyi müzakirə olunub
17 Fevral 11:19
Qaradağlı faciəsindən 27 il ötür
17 Fevral 11:18
Münxendə Azərbaycanın xarici işlər naziri ilə Xorvatiya Baş nazirinin müavininin görüşü olub
17 Fevral 11:12
Astanada keçirilən beynəlxalq təhsil sərgisində ADA Universiteti də iştirak edib
17 Fevral 11:08
Azərbaycanın Rusiyadakı səfirliyi: Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik
17 Fevral 11:02
Azərbaycan ilə ABŞ arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb
17 Fevral 10:56
Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib
17 Fevral 10:49
Azərbaycan Balkan Atletika Assosiasiyasına üzv olub
17 Fevral 10:48
Elçin Əhmədov: Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil
16 Fevral 18:22
Naxçıvanda sahibkarlarla görüş olub
16 Fevral 18:17
Депутат Госдумы прокомментировал произошедший в Москве инцидент между азербайджанцами и чеченцами
16 Fevral 18:15
Руководитель азербайджано-российской межпарламентской рабочей группы прокомментировал инцидент между азербайджанцами и чеченцами в Москве
16 Fevral 18:13
Джамбулат Умаров: Мы не допустим разжигания конфликта между азербайджанским и чеченским народами (Эксклюзив)
16 Fevral 15:38
Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb
16 Fevral 15:36
Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib
16 Fevral 15:33
Builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 2445 marşal müraciət edib
16 Fevral 14:06
Millət vəkili: Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz
16 Fevral 13:31
Şahin İsmayılov: Ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb
16 Fevral 13:28
Hicran Hüseynova: Ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var
16 Fevral 13:21
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16 Fevral 13:16
Ziyad Səmədzadə: Verilən qərarlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib
16 Fevral 12:55
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi gələcəkdə daha çox Avropa ölkəsini əhatə edə bilər
16 Fevral 12:52
Gəncədə Region Gənclərinin I Sahibkarlıq Forumu keçirilib
16 Fevral 12:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə yayılan əsassız fikirlərə münasibət bildirib
16 Fevral 12:27
İsmayıl İsmayılov: Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib
16 Fevral 12:25
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
16 Fevral 12:23
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub
16 Fevral 12:21
Nurlana Məmmədzadə: Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı
16 Fevral 10:42
Ermənistan ordusu atəşkəs rejimini 25 dəfə pozub
16 Fevral 10:36
Bundestaqın üzvü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılıb
16 Fevral 10:32
Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib
16 Fevral 10:25
Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində
16 Fevral 10:23
HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ OLAN MÖHKƏM ƏQİDƏLİ, PRİNSİPİAL VƏ VƏTƏNPƏRVƏR ŞƏXSİYYƏT
16 Fevral 10:21
Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
16 Fevral 10:20
General-leytenant Ziya Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib
16 Fevral 10:19
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir
16 Fevral 10:14
Medianı öz çirkli əməllərinə alət edən cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar
16 Fevral 10:12
YAP Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbində gənclərlə görüş keçirilib
16 Fevral 10:11
“Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusu tədqiqat müstəvisində
16 Fevral 10:09
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
16 Fevral 10:09
Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir
16 Fevral 10:07
Dövlət Aqrar Ticarət Şirkəti fermerləri Bakıda keçiriləcək Novruz bayramı yarmarkasına dəvət edir
16 Fevral 10:07
Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
16 Fevral 10:06
“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
16 Fevral 10:04
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var
15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA