Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!

İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!

04.10.2018 [08:33]

Mübariz Abdullayev

Yaxud, əsası humanizm, sülh kimi dəyərlər üzərində qoyulmuş BFT Xocalı soyqırımını törətmiş bir dövlətin ərazisində nəinki özünün zirvə görüşünü keçirməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət edib
Xəbər verildiyi kimi, cari il 11-12 oktyabr tarixlərində Ermənistanda Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) 17-ci zirvə görüşünün keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, BFT-də dünyanın 5 fərqli qitəsindən 890 milyon insanın yaşadığı 58 dövlət təmsil olunur. Kifayət qədər geniş kontingenti və coğrafiyanı əhatə edən təşkilatın öz zirvə tədbirini keçirmək üçün işğalçı Ermənistanı seçməsi isə suallar doğurur. Belə görünür ki, Ermənistan bu dəfə də öz xislətinə uyğun olaraq riyakarlığa əl atıb və özünü təşkilatın üzvlərinə “ağ mələk” qiyafəsində təqdim etməyi bacarıb.
Ermənistanın yürütdüyü siyasətlə BFT-nin nizamnaməsi ziddiyyət təşkil edir
Beləliklə, beynəlxalq səviyyəli Frankofoniya Təşkilatının tədbirinin Ermənistanın paytaxtı İrəvanda keçirilməsi xəbəri hər kəsdə təəccüb doğurur. İlk növbədə o səbəbdən ki, Ermənistanın apardığı işğalçılıq siyasəti və bu forpost dövlətin hazırkı reallıqları ilə BFT-nin nizamnaməsi ziddiyyət təşkil edir. Nizamnaməyə əsasən, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu BFT-nin missiyasının və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Sual olunur: sadalanan dəyərlərin işğalçı Ermənistana hansı aidiyyəti var? Ermənistan ən yaxın tarixdə öz havadarlarının köməyi ilə Azərbaycanın ərazilərinin 20 faizini işğal edib, 1 milyondan artıq dinc sakini öz ata-baba yurdundan didərgin salıb və nəhayət, Xocalı soyqırımını törədib. Belə çıxır ki, əsası humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qoyulmuş bir təşkilat XX əsrin ən böyük faciələrindən birini - Xocalı soyqırımını törətmiş və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf etmiş bir dövlətin ərazisində nəinki özünün zirvə görüşünü keçirməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət edib.
Frankofoniya tədbirinin Ermənistanda keçirilməsi BFT-nin nizamnaməsinin digər tələbi ilə də bir araya sığmır. Belə ki, Frankofoniyanın əsasında Fransiz dili amili durur. Amma Ermənistanı heç bir halda fransızdilli ölkə adlandırmaq olmaz. Heç kəsə sirr deyil ki, Ermənistan aparılan məqsədyönlü siyasət sayəsində monoetnik ölkəyə çevrilib. Burada başqa dillərdə, o cümlədən də fransızca danışanların sayı barmaqla sayılacaq qədər azdır.
Digər bir məqama diqqət yetirək: BFT-nin üzvləri ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını tanıyıb.
Eyni zamanda, 2010-cu ildə İsveçrənin Montrö şəhərində keçirilmiş zirvə görüşündə təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul etmiş və qətnamənin qəbulunda iştirak edən dövlətlər ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiklərini və münaqişənin sülh yolu ilə həll olunmasını vurğulayıblar. Bundan başqa, təşkilatın bir sıra üzvləri, eləcə də burada müşahidəçi qismində iştirak edən ayrı-ayrı dövlətlər Ermənistanın Xocalıda törətdiyi qətliamı rəsmi şəkildə soyqırımı kimi tanıyıblar. Bütün bunlardan sonra BFT-nin öz sammitini keçirmək üçün məkan kimi işğalçı Ermənistanı seçməsi ən azından təəccüb və təəssüf hissi doğurur.
İşğalçı ölkədə sammit iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin ediləcəyinə böyük şübhələr var
BFT-nin növbəti sammitinin keçirilməsi üçün Ermənistanı məkan seçməsini şərh edən ekspertlər qonaqların yerləşdirilməsi, təhlükəsizlik məsələlərinə və bu kimi digər mühüm məqamlara da diqqət çəkirlər. Həqiqətən də, forpost dövlətin reallıqları elədir ki, burada sammit iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin ediləcəyinə böyük şübhələr var. Ermənistan bir ölkə olaraq hal-hazırda səfalət içərisində yaşayır. Sıravi erməni vətəndaşlar ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda nökərçilik edirlər. Ermənistan dövləti isə xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmır.
Deyilənlərdən başqa, bu gün xaotik vəziyyət hökm sürən Ermənistanda kimin kimə və nəyə xidmət etdiyi məlum deyil. Öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən bir dövlət bu qədər qonağın təhlükəsizliyinin qayğısına necə qalacaq? Təkmillətli və təkdinli bir cəmiyyət bu qədər fərqli etnik struktura, inanca, dünyagörüşünə malik insanlara nə qədər dözümlülük göstərə biləcək? Təhlükə hiss etdikdə öz xalqını belə gülləbaran etməkdən çəkinməyən Ermənistanın güc strukturları nümayəndə heyətlərinin qeydinə qalacaqmı? Suallar çoxdur...
Ermənistanın siyasi avantüraları bu dəfə də bir nəticə verməyəcək
Ermənistanın riyakar siyasət həyata keçirdiyi, beynəlxalq ictimaiyyətə, necə deyərlər, faktların astar üzünü təqdim etməyə çalışdığı hər kəsə bəllidir. Bu baxımdan forpost dövlət bu dəfə də hər zamankı kimi təxribatçı əməllərə əl atmağa, tədbirin gündəliyinin siyasiləşdirilməsinə çalışa bilər.
Ancaq sammitdə Ermənistanın siyasi avantüralarının qarşısının alınacağına heç bir şübhə yoxdur. Nəzərə almaq lazımdır ki, sammitdə iştirak edən dövlətlər arasında Azərbaycana dost münasibətdə olan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər, eləcə də Avropa və Asiya ölkələri də vardır. Şübhə yoxdur ki, Ermənistan yekun sənədə Azərbaycanın maraqlarına zidd olan müddəa təklif edərək həmin ölkələrin respublikamızla münasibətlərinə də zərbə vurmağa çalışacaq. Lakin Avropa Şurası və İƏT-ə üzv, eləcə də digər dost ölkələrin sammitdə iştirak etməsi həm tədbirin gedişində, həm də yekun sənəddə Ermənistanın hakim dairələrinin Azərbaycana qarşı təbliğat məqsədli addımına mane olacaq. Elə BFT-nin lideri Fransanın özünün Minsk qrupunun həmsədri kimi neytrallığını, imicini və bir tərəfdaş kimi Azərbaycandakı iqtisadi maraqlarını qorumaq naminə Ermənistanda belə bir təxribatçı addımı əngəlləyən əsas ölkə olacağına ümid edirik.

Paylaş:
Baxılıb: 718 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30