
Bu film R.İbrahimbəyovun gerçək xislətinin, ermənipərəst olduğunun, azərbaycanlılara nifrətinin göstəricisidir
Məlum olduğu kimi, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Qafqaz üçlüyü” filmi Azərbaycan cəmiyyətində böyük hiddətlə qarşılanır. Sözügedən filmdə azərbaycanlılara qarşı soyqırımı törətmiş işğalçı ermənilər müsbət, azərbaycanlılar isə mənfi obrazda təqdim olunur. İctimaiyyət nümayəndələri haqlı olaraq bildirirlər ki, bu film R.İbrahimbəyovun gerçək xislətinin, ermənipərəst olduğunun, azərbaycanlılara nifrətinin göstəricisidir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, R.İbrahimbəyov azərbaycanlı adı və soyadını daşısa da, əslində, onun bütün mahiyyəti ermənidir: “Mən üzümü Rüstəm İbrahimbəyova tutaraq bildirmək istəyirəm ki, siz Azərbaycan xalqının yaddaşında təkcə xəyanətkar kimi deyil, yalançı bir insan kimi də qalacaqsınız”.
“Dünyanın gözü qarşısında Xocalı soyqırımı baş verib. Niyə Rüstəm İbrahimbəyovun bununla bağlı bir mövqeyi yoxdur, niyə bu barədə bir əsər yazmayıb, film çəkməyib? O, bunları heç etməyəcək də. Biz bunu bilirik. Çünki onun xisləti bəllidir”, - deyə millət vəkili bildirib.
E.Nəsirov qeyd edib ki, R.İbrahimbəyovun filmində azərbaycanlıların qatil kimi göstərilməsi də məqsədyönlü şəkildə atılmış bir addımdır: “Filmdə bir səhnə var. Həmin səhnədə azərbaycanlı uşaqlar ermənini quyuya salıblar və onun başına daş yağdırırlar. Təbii ki, buna baxan bir avropalı tamaşaçı sual verər ki, bu daş atanlar kimlərdir? Rüstəm İbrahimbəyov da öz filmində göstərir ki, bunlar azərbaycanlılardır. Başına daş atılan, ölümə məhkum edilən kimdir? İbrahimbəyov göstərir ki, ermənidir. Bu, bir məişət hadisəsi fonunda qeydə alınıbsa, nəyə görə filmdə göstərir ki, azərbaycanlı gürcünü bıcaqlayıb öldürür? Doğrudan da, bir məişət hadisəsidirsə, bunun siyasi mənası yoxdursa, onda ssenarist elə edərdi ki, erməni gürcünü öldürərdi. Niyə bunu etməmisən? Çünki bu, məqsədyönlü şəkildə atılmış bir addımdır”.
Millət vəkili deyib ki, R.İbrahimbəyovun yalan fikirlərinin yer aldığı filmdə müəllif özünün əsl xislətini də göstərib: “Filmdə xüsusi bir epizod var. Bir azərbaycanlı alim tədqiqatları ilə sübut etmək istəyir ki, Azərbaycan nefti tükənir. Onun bu fikrinə görə Azərbaycan dövləti ona çox ciddi təzyiqlər göstərir. Rüstəm İbrahimbəyova bildirmək istəyirəm ki, 2015-ci ildə Azərbaycan neftinin tükəndiyini bildirmisiniz və qəhrəmanınızın dili ilə bunu sübut etmək istəmisiniz. Amma 2017-ci il sentyabrın 14-də Azərbaycan beynəlxalq neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin davamı kimi növbəti bir müqavilə imzaladı. Növbəti 50 il ərzində Azərbaycan neftinin istismarı prosesində beynəlxalq şirkətlər də iştirak edəcəklər”.
“Rüstəm İbrahimbəyovun bu günədək ermənilərin ünvanına səsləndirdiyi sevgi dolu fikirlər, Rusiya və ABŞ mətbuatına verdiyi müsahibələrdə Azərbaycan torpaqlarının işğalında ermənilərin deyil, hansısa mücərrəd geosiyasi proseslərin günahkar olduğunu dilə gətirməsi təəccüblənmək üçün əsas qoymur. İbrahimbəyovun filmi Əkrəm Əylislinin “Daş yuxular” romanının məntiqi davamıdır. Bu adamlar erməni lobbisi və diasporunun dəstəyi ilə ədəbiyyat və kinematoqrafiya sahəsində yüksək beynəlxalq mükafatlara sahiblənmək istəyirlər”. Bu fikirləri isə “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli deyib. E.Mirzəbəyli bildirib ki, Rüstəm İbrahimbəyov 2013-cü ildə “Rosbalt” agentliyinə verdiyi müsahibədə ermənilərin Azərbaycan xalqının düşməni olmadığını, onların da azərbaycanlılar kimi faciə qurbanları olduğunu deyib. Həmin müsahibəsində R.İbrahimbəyov bildirib ki, Dağlıq Qarabağ təkcə torpaq deyil, həm də əsasən ermənilərdən ibarət olan əhalidir: “Bu adamın yanaşması göz önündədir və bu yanaşma erməniliyə xidmət edir. Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli və bu qəbildən olan digər adamlar Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışan qüvvələrin uzun illərdir ki, yemlədiyi, formalaşdırdığı “ictimai diplomatlar”dır və onlar çox təhlükəli bir missiyanı həyata keçirirlər. “Daş yuxular”, “Qafqaz üçlüyü” kimi “ssenarilər”in məqsədi azərbaycanlıların vəhşi obrazını formalaşdırmaqdan, erməni separatizminə və işğalına haqq qazandırmaqdan ibarətdir”.
Elçin Mirzəbəyli qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlarımızın işğalını və Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı iddialarını ermənilərin azərbaycanlılarla birgəyaşayışının mümkün olmaması ilə əlaqələndirir: “Bu, onların Azərbaycana qarşı istifadə etdikləri əsas iddiadır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər, Xocalı soyqırımının tanıdılması istiqamətində atılan addımlar isə bunun əksini sübuta yetirir. Təsdiq edir ki, ermənilər azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar, soyqırımı törədiblər. Dünyaya təqdim etdiyimiz həqiqətlərin qarşılığında onların ortaya qoyacaqları heç bir fakt, sübut yoxdur. Bu səbəbdən də “sapı özümüzdən olan baltalar” bədii təxəyyüllərini işə salaraq öz yalanlarına bədii-emosional don geyindirməyə cəhd göstərirlər. Bu prosesdə iştirak edən istənilən şəxsin, o cümlədən Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına xidmət etdiyini sübuta yetirməyə ehtiyac yoxdur”.
Ekspert əlavə edib ki, Dağlıq Qarabağın və ətraf rayonların işğalı prosesi ermənilərin şüurlarına yeridilmiş faşist ideologiyasından - “böyük Ermənistan” xülyasından qaynaqlanır: “Bu ideyanın daşıyıcıları nəinki azərbaycanlıları, bütövlükdə bütün türkləri, müsəlmanları, bölgə xalqlarını yer üzündən silmək istəyirlər. Bu zaman İbrahimbəyovun bu qanlı niyyətin həyata keçirilməsində iştirak edən ASALA terrorçularından, hərbi cinayətkarlardan, soyqırımı təşkilatçıları və icraçılarından fərqi olmadığını görə bilərik. Əgər Qarabağda soyqırımı həyata keçirən erməni hərbi cinayətkarlarının əli Azərbaycan xalqının qanına bulaşıbsa, onlarla mahiyyət etibarilə eyni missiyanı həyata keçirən Rüstəm İbrahimbəyovun mənəviyyatı da günahsız insanların qanına bulaşıb. Bu qanı təmizləmək və İbrahimbəyov kimilərin alnındakı xəyanət damğasını silmək heç zaman mümkün olmayacaq”.
Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev isə deyib ki, Rüstəm İbrahimbəyovun siyasi kursu, onun ermənipərəst mövqeyi artıq 2009-cu ildən özünü büruzə verir. “Rüstəm İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqında işlədiyi zaman öz dağıdıcı siyasəti ilə yadda qalıb. Vaxtilə biz bir qrup kinematoqrafçı buna etiraz əlaməti olaraq o qurumdan çıxdıq və yeni ittifaq yaratdıq. Həmin vaxtdan etibarən bu insanın mövqeyinə, ermənipərəst əməllərinə qarşı mübarizə aparmışıq. Qeyd etmək istərdim ki, onun yaradıcılığında həmin dövrdən bu günədək qırmızı bir xətt keçir. Məsələn, onun ekranlaşdırdığı “Əlvida, cənub şəhəri” filmində analoji mövqeyi hiss olunur. Bu insanın bütün strategiyası Azərbaycan xalqını aşağılamaq məqsədi daşıyır. “Qafqaz üçlüyü” filmində ölkəmizin həyata keçirdiyi neft strategiyası tənqid olunur. Bu film başdan-ayağa yalan, iftira, eyni zamanda, siyasi konyunktura əsasında qurulub. Filmdə Rüstəm İbrahimbəyov qeyri-vətəndaş mövqeyindən çıxış edir, özünə siyasi dividend qazandırır. Bütün bunlar da düşmənin dəyirmanına su tökməkdir”, - deyə C.Quliyev vurğulayıb.
- Oxunub: 13050 |
- Tarix: 25-05-2018 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir(2019-01-18 09:35:31)
- - Ermənistandakı kriminal rejimə iyirmi il ərzində dəstək verən “siyasətçilər” məsuliyyətə cəlb olunmalıdırlar(2019-01-16 10:08:54)
- - Müxalifət adı altında destruktiv fəaliyyət göstərən anti-milli qruplar Azərbaycanın milli maraqlarına qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər(2019-01-10 09:54:13)
- - Qazaxıstanda ermənilər tərəfindən gənc qazaxın öldürülməsi erməni millətçiliyinin iç üzünü növbəti dəfə ortaya qoydu(2019-01-09 09:49:11)
- - Ermənistan Gürcüstana qarşı ərazi iddiasını davam etdirir(2018-10-06 10:36:23)
- - Ermənistan beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarında deyil(2018-10-05 08:48:57)