
Bir sıra Qərb dairələri və ermənipərəst qüvvələr tərəfindən koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antimilli plan iflasa uğradı
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün öz iqtisadi-siyasi sabitliyinə, inkişaf tempinə görə dünyanın bir çox ölkələrindən seçilir. O baxımdan ki, həm siyasi müstəvidə qazanılan uğurlar, həm də iqtisadi sferada əldə olunan nailiyyətlər müəyyənləşdirilmiş inkişaf strategiyamızın davamlılığını təmin edir. Müstəqil, yalnız dövlət maraqlarına əsaslanan xarici siyasət kursu bu gün ölkəmizi beynəlxalq münasibətlər sistemində mühüm siyasi aktora çevirib.
Təəssüfləndirici haldır ki, ölkəmizin çoxşaxəli inkişafı, sabitlik adası kimi xarakterizə olunması hər zaman milli maraqlarımıza qarşı düşmən münasibət bəsləyən bir sıra xarici anti-azərbaycançı mərkəzləri narahat edir. Ölkəmizin ümumi inkişaf tempinə mane olmağa çalışan bu ermənipərəst qüvvələr mühüm siyasi, mədəni hadisələr zamanı pozuculuq fəaliyyətinə start verməyə, ölkəmizdə qarşıdurmalar yaratmağa səy göstərirlər.
Yeri gəlmişkən, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ərəfəsində də həmin antimilli mərkəzlərin yenidən aktivləşmə fazasına qədəm qoyması təsadüfi deyil. Azərbaycanın davamlı inkişafını istəməyən həmin ermənipərəst dairələr milli dövlətçiliyimizi yeni inkişaf mərhələsinə daşıyacaq ümumxalq səsverməsi öncəsində ölkəmizdə sabitliyi pozmaq üçün yenidən birgə fəaliyyətə keçiblər.
Radikal düşərgə bir sıra səfirliklərin pulu və əmri ilə “dirilib”...
Xüsusi olaraq vurğulanmalıdır ki, həmin ermənipərəst dairələrin əlaltısı, “beşinci kolon” qismində çıxış edən Azərbaycanın radikal müxalifət düşərgəsi yenidən məhz sifariş əsasında “meydana” çıxıb. Adıçəkilən anti-azərbaycançı ünsürlər ölkəmizin gələcək inkişafında əsaslı rol oynayacaq Konstitusiya Aktı layihəsinin əleyhinə kampaniya aparmaq üçün radikal azlıqdan istifadə edirlər. Qeyd edək ki, hələ bir müddət öncə yerli KİV-də radikal müxalifət partiyalarının rəhbərlərinin, eləcə də ermənipərəst qüvvələrə yaxınlığı ilə seçilən bəzi şəxslərin Qərb ölkələrinin səfirliklərinə çağırılaraq təlimatlandırılması ilə bağlı xəbərlər yayılmışdı. Bu xəbərləri təkzib etməyən radikal kəsimin həmin görüşlərdən sonrakı “fəaliyyəti” də məhz sifarişin həmin dairələrdən gəlməsi xəbərini təsdiqləyir. Məhz bu görüşlərdən sonra “Milli şura” adlanan qondarma qurum, eləcə də Müsavat Partiyası birdən-birə mitinq keçirmək haqda qərar verdilər. Verilən bu tələm-tələsik qərarın arxasında məhz ermənipərəst dairələrin maddi təminatının dayanmasına isə şübhə yoxdur.
Bununla yanaşı, “Milli şura” adlanan qondarma qurumun marionet sədri, AXCP sədri Əli Kərimlinin əmrlərinə sözsüz tabeçilik göstərən Cəmil Həsənlinin “Qərb turnesi”nə çıxması da göstərir ki, radikal düşərgə ermənipərəstlərin havadarlarının əmri ilə “qollarını çırmayıblar”. C.Həsənlinin Strasburqa səfəri, o cümlədən ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili bəzi Qərb dairələrinin Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün hərəkətə keçdiklərini sübut edir.
Antimilli ünsürlər bu dəfə radikal ekstremistlərə istinad edirlər
Qeyd olunduğu kimi, xarici dairələrin sifarişi əsasında öz “fəaliyyət proqramı”nı quran radikal müxalifət düşərgəsi Azərbaycanın milli maraqlarına əks mövqedə dayanan, ölkəmizdəki sabitliyə, tolerant mühitə təhdid sayılan hər bir qüvvə ilə əməkdaşlığa hazır olduğunu əməli ilə sübuta yetirib. Vaxtilə manukyanlarla rəsmi müttəfiqlik imzalayan, ermənilərlə əl-ələ verib Azərbaycana qarşı birləşən radikal ünsürlər bu dəfə radikal ekstremistlərə istinad edirlər. Mahiyyətində bölücülük, dağıdıcılıq yatan, fəaliyyəti xaosa əsaslanan, ekstremizmi, terroru özünün ideoloji əsasına çevirən ekstremistlər artıq radikal kəsimin “sevimlisi”nə çevriliblər. Bunun nəticəsidir ki, qonşu ölkəyə bağlılığı şübhə doğurmayan radikal “Müsəlman Birliyi” adlanan ekstremist dəstənin başçısı Taleh Bağırov, İslam partiyasının sədri Mövsüm Səmədovun adları Əli Kərimlinin, İsa Qəmbərin dilinin əzbəridir. Bu şəxslərin tərəfdarlarının sentyabrın 11-də və 17-də keçirilən mitinqlərə qoşulması, “Müsavat”ın mitinqində İsa Qəmbərin həmin şəxslərin və ETTELAAT-la əməkdaşlığa görə həbs olunmuş Səid Dadaşbəylinin ünvanına xüsusi jestlər etməsi sabitliyi pozmaq planında bəzi qonşu ölkələrin də yer aldığını sübut edir. Bu, o deməkdir ki, radikal ünsürlər ölkəmizdə qarışıqlıq yaratmaq üçün bütün vasitələrdən istifadə etməyə niyyətləniblər.
Eləcə də, Əli Kərimli-FETÖ işbirliyi radikal kəsimin terrorçu xarakterinin üzərinə bir daha işıq salır. Sirr deyil ki, AXCP ilə Gülən camaatı arasında illərlə əvvəl yaranmış sıx əlaqələr bu gün də davam edir, FETÖ Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti nəzarətdən çıxarmaq niyyətindədir.
Transmilli media ermənipərəst planın əsas həlqəsi rolunda
Radikal düşərgənin bu xəyanətkar fəaliyyəti ermənipərəst dairələr tərəfindən maddi cəhətdən stimullaşdırıldığı kimi, bir sıra transmilli media orqanları tərəfindən də məqsədli və birtərəfli şəkildə təbliğ olunur. Qeyd olunan ermənipərəst dairələrin nəzarətində olan, birbaşa həmin dairələrə xidmət göstərən həmin transmilli media radikal düşərgənin qeyri-qanuni fəaliyyətini, dağıdıcılıq, pozuculuq, qarşıdurma yaratmaq niyyətini “demokratiya” və ya “insan hüquqları” kontekstində təqdim etməyə çalışır. Vurğulamaq yerinə düşər ki, bu işdə ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Azadlıq” radiosu xüsusilə seçilir. Müasir jurnalistikanın ən elementar şərtlərini, media ilə bağlı qanunvericilik tələblərini, hətta öz nizamnaməsini belə kobud şəkildə pozaraq aksiyaların təbliğatçısı və təşkilatçısı kimi çıxış edən “Azadlıq” radiosu dağıdıcı ünsürlərin təşkil etdikləri həmin aksiyalardan canlı yayım verməklə, iştirakçılardan müsahibələr almaqla, sosial şəbəkələrdə aktiv müzakirələr açmaqla müxalif kəsimi yönləndirir, onları bir növ “idarə edir”.
Eyni fikirləri “Amerikanın səsi”, BBC və “5-ci kolon”un əsas tribunalarından olan “Meydan TV” haqda da söyləmək olar. Sadalananlar isə bir daha həmin transmilli medianın və radikal kəsimin paralel şəkildə ermənipərəstlərə xidmət göstərdiyini təsdiqləyir.
Yeri gəlmişkən, uzunmüddətli monitorinqlər göstərir ki, Azərbaycan oxucusu və dinləyicisinə ünvanlanan neobolşevik “İskra” və “Pravda”ların fəaliyyəti də yalnız ölkədə vətəndaş-hakimiyyət münasibətlərinin gərginləşməsinə yönəlib. Bu mətbu ruporlar xəbər daşıyıcısı funksiyasını unudaraq məqsədli siyasi alətə çevriliblər.
Əli Kərimli oğlunu da ermənilərlə işbirliyinə və xəyanətə yönləndirir
Baş verənlər fonunda belə bir həqiqəti açıq şəkildə söyləmək olar ki, ABŞ, Gülən şəbəkəsi və bəzi region ölkələri Azərbaycanda siyasi proseslərin normal axarını çərçivədən çıxarmaq, cəmiyyətdə süni gərginlik, qarşıdurma yaratmaq üçün birgə plan həyata keçirirlər. Bu gün radikal dindarlara qucaq açan Əli Kərimli oğlunu bu dindarların əsas tənqid hədəfi olan ABŞ-da erməni separatçıları ilə birlikdə tədbirlərə istiqamətləndirir. Xatırladaq ki, sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos Komissiyasında keçirilən Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələrdə Əli Kərimlinin oğlu Türkel Kərimli erməni separatçılarının rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanla “çiyin-çiyinə” dayanaraq Azərbaycana qarşı səngər alıb. Bununla da ikiüzlü, xəyanətkar Əli Kərimli oğlunu da öz “yolu” ilə aparır. Görünür, Ə.Kərimli xaricdəki tədbirlərə öz oğlunu göndərməklə antimilli mərkəzlərlə Türkeli tanış edib ona gələcəkdə “parlaq” karyera hazırlamağı, həmçinin xaricdəki maliyyə mənbələri ilə birbaşa oğlunun vasitəsilə əlaqələrini təmin etməyi düşünür.
xalq-hakimiyyət birliyi müstəqilliyimizə, inkişafımıza qarşı olanlara bir daha yerini göstərdi
Sevindirici haldır ki, hər zaman olduğu kimi, Azərbaycan xalqı bu dəfə də öz qətiyyətini nümayiş etdirdi. Keçirilən mitinqlərə xalqın laqeyd münasibəti, radikal düşərgəyə “yox” deməsi və uğursuz mitinq-şoularında cəmisi 500-800 nəfərin iştirakı koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antimilli planı iflasa məhkum etdi. 3 milyon əhalisi olan paytaxtda aksiyalara 500-800 nəfər iştirakçının qatılması radikal antimilli qrupların və onların xaricdəki havadarlarının arzularını ürəklərində qoydu. Ermənipərəstlərin pulu və sifarişi ilə ortaya atılmış Əli Kərimli, İsa Qəmbər və digərlərinin riyakar, düşmən simaları bir daha Azərbaycan xalqına nümayiş olundu.
Bəli, Azərbaycan xalqı onun milli iradəsinin ifadəçisi olan Prezident İlham Əliyevin ətrafında sıx birləşərək düşmən dairələrin və onların yerli əlaltılarının layiqli cavabını verir və gələcəkdə də verəcəkdir.
- Oxunub: 15450 |
- Tarix: 22-09-2016 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal ünsürlər icazəli mitinqlərdən sonra nəqliyyatın normal fəaliyyətini, sakinlərin dincliyini pozan, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədirlər(2019-02-22 09:38:39)
- - Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir(2019-02-21 09:47:50)
- - “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur(2019-02-20 09:59:08)
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)