
Yaxud AXCP sədri Əli Kərimli niyə ermənilərlə eyni mövqedən çıxış edir?
Ötən həftə Almaniya parlamentinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qəbul etdiyi qərəzli qərar və ona reaksiyalar son günlərin ən çox müzakirə olunan mövzularındandır. Azərbaycan və Türkiyə ictimaiyyətinin tarixin təhrif olunmasına, konkret siyasi maraqların təmin olunmasına yönələn bu addımı kəskin etirazla qarşılaması başadüşüləndir. Çünki tarixdə ermənilərin iddia etdikləri və bu gün bir sıra Qərb dövlətlərinin öz qanunvericilik orqanları tərəfindən tanıdıqları “soyqırımı” baş verməyib. Bunlar sadəcə dünya erməniliyinin boş və məzmunsuz yalanlarından başqa bir şey deyil. Əsrlərdir azərbaycanlılara və türklərə qarşı soyqırımını elə ermənilər törətdikləri halda, Almaniya parlamentinin saxta iddialara hüquqi və siyasi qiymət verməsi nə hüquqi, nə də dövlətçilik baxımından doğru yanaşmanın məhsuludur. Ona görə də Azərbaycan və Türkiyə cəmiyyətləri, o cümlədən Qərbin özündə də sağlam dairələr tərəfindən Berlinin bu addımına qarşı etirazlar yüksəlməkdədir.
Flügersayağı manevr, və ya AXCP sədrinin məntiqsizliyi...
Amma çox təəssüflər olsun ki, Azərbaycan cəmiyyətinin vahid və dəyişməz mövqeyinə qarşı yenə də daxildə bəzi “çatlaq səslər” eşidilməkdədir. Uzun illərdir Azərbaycan müxalifətində kök salmış, xalqına və dövlətinə xəyanət etməkdən başqa heç bir istedadı olmayan, siyasi palitranın autsayderi Əli Kərimli də bu sırada dayanır. Harada Azərbaycana qarşı bir tədbir keçirilirsə, ölkəmizin beynəlxalq imicinə qarşı açıq “qara piar” kampaniyası aparılırsa, mütləq bu addımların arxasından bəzi radikal müxalifət təmsilçilərinin də qulaqları görünür. Onlar ya birbaşa, ya da dolayısı ilə həmin kampaniyanın içində yer alaraq bu oyunlara dəstək verirlər. Əli Kərimlinin Almaniya parlamentinin qondarma “soyqırımı” qərarına sərgilədiyi münasibət bunu bir daha təsdiq edir. Əslində, normal məntiq hər bir azərbaycanlının bu qərarın qəbuluna imza atan siyasətçilərə kəskin etiraz bildirməsinin labüd olduğunu deyir. Kərimlinin bu qərarı qəbul edən Almaniya parlamentini müdafiə edib, Azərbaycan və Türkiyə hökumətlərini bu qərarın qəbulunda günahlandırması isə olduqca paradoksaldır. “Bügünkü qətnamənin qəbul edilməsində Türkiyə hakimiyyətinin və qismən də Azərbaycan hakimiyyətinin səhv siyasətlərinin də ciddi payı var”, - deyən Ə.Kərimli, görəsən, Bundestaqın belə bir ədalətsiz qərar qəbul etməsində Azərbaycan və Türkiyə hakimiyyətlərinin səhvini nədə görür? Əlbəttə, istərdik ki, o, bu qənaətə haradan və hansı arqumentlərlə gəldiyini də izah edərdi. Onu da bilirik ki, belə bir gözləntidə olmağımız əbəsdir. Çünki bu günə qədər Kərimlinin hansısa məsələdə məntiqli, ciddi arqumentə söykənən fikirlərinə rast gələn olmayıb. Təəssüf ki, bu dəfə də belədir. Diqqət edək, Ə.Kərimli bu qərarı şərh etməyə aşağıdakı cümlələrlə başlayır: “Almaniya parlamentinin olmayan “erməni genosidi”ni tanıması səhv qərardır. Aydındır ki, bu qərar tarixə istinadla deyil, hazırkı Almaniya-Türkiyə münasibətləri kontekstində, Türkiyəyə təzyiq məqsədilə qəbul edilib”. İndi isə belə bir haqlı sual ortaya çıxır ki, əgər, elə Kərimlinin də dediyi kimi, Almaniya parlamentinin səhv qərarı tarixə istinadla yox, Türkiyəyə təzyiq məqsədilə qəbul edilibsə, burada Azərbaycan və Türkiyə hakimiyyətlərinin səhvi nədən ibarətdir? Kərimlinin təqdim olunan bu iki fikri arasında heç bir rabitə olmadığı kimi, bu, flügersayağı, məntiqdən uzaq manevrdir.
Ermənilərlə bir sırada dayanmaq
Təbii ki, AXCP sədrinin fəaliyyəti və siyasi keçmişi məntiqsizliklərlə o qədər zəngindir ki, onun “erməni soyqırımı” qərarına qarşı müxalifətçilik etməsini heç gözləmirdik. Amma belə bir adamın hələ də siyasətdə vurnuxması ən yumşaq formada desək, sayğısızlıqdır. Əli Kərimlinin təbirincə, əgər hər hansı bir dövlət ermənilərin maraqlarına cavab verən sənəd qəbul edirsə, burada yeganə günahkar Azərbaycan iqtidarıdır. Çünki o, özü belə düşünür. Bu siyasi mutantın Azərbaycan xalqının və bu xalqın iradəsini ifadə edən ölkə hakimiyyətinin Almaniyanın həmin qərarına qarşı kəskin etirazını “saxta Türkiyə sevgisi”, “yersiz etiraz” kimi qiymətləndirməsi isə siyasi riyakarlığın konkret təzahürüdr. Hərdən düşünürsən ki, yəni bu adamın yanında ağlı başında, prosesləri izləyən bircə nəfər belə yoxdurmu ki, heç olmasa Kərimlini az da olsa, düşünməyə vadar edə? Başa düşürük ki, Əli Kərimli kifayət qədər eqoist və despot biri kimi tanınır. Amma necə də olsa, buna cəhd etmək heç mümkün deyilmi?
Azərbaycan və Türkiyə dövlətləri Ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, bir millətin iki dövlətidir. Prezident İlham Əliyev bu iki dövlət arasında münasibətləri ifadə edərkən haqlı olaraq vurğulayır ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, dəstək olan dövlətlər yoxdur. Bu, sadəcə, sözdə ifadə olunan xoş gerçəklik deyil, bunu ötən illərin sınağından uğurla çıxmış və dəfələrlə təsdiqini tapmış ümumi nailiyyətlərimiz də təsdiq edir. Bu gün dünya erməniliyinin Azərbaycan və Türkiyə qardaşlığını hədəfə alması da təsadüfi deyil. Bu həm milli-etnik köklərlə bağlı olan məsələdir, həm də ermənilərin tarixi iddialarından qaynaqlanır. Ona görə də Azərbaycan dövlətinin qondarma “erməni soyqırımı” məsələsində Türkiyə dövlətinə verdiyi dəstəyi “saxta sevgi” kimi qiymətləndirmək, bu məsələdə manipulyasiya edib buna qarşı “qara piar” kampaniyası aparmaq ermənilərlə eyni mövqedə dayanmaq anlamına gəlmirmi?
Bu, Əli Kərimlinin nə qədər çarəsiz bir durumda olduğunu göstərir
Əlbəttə, düşünmək mümkündür ki, Kərimli Azərbaycan və Türkiyə hökumətlərinə qarşı cəbhə açmaqla həm də Qərbdəki bəzi dairələrə, o cümlədən qondarma “soyqırımı” məsələsində ermənilərlə eyni yolda addımlayan konkret siyasi qruplara özünü xatırlatmaq istəyib. Yaxın keçmişə qısaca ekskurs da AXCP sədrinin yer aldığı düşərgə üçün bu məsələnin prioritet olduğunu sübuta yetirir. “9 dövlətdən dəstək alaraq hakimiyyətə gəlmişik”, “filan ölkələrin səfirləri bizi əsas güc kimi tanıyır” və bu qəbildən olan nağıllar hər kəsin yaddaşındadır. Bu gün də Əli Kərimli kimi xalqın üz çevirdiyi diletantların bu şakərlərindən əl çəkmədiyi aşkardır.
AXCP sədrinin mövqeyində diqqət çəkən digər bir məqam isə açıq şəkildə provakator rolunu icra etməsidir. O, belə hesab edir ki, Azərbaycan Respublikası qondarma “erməni soyqırımı” ilə bağlı qərar qəbul edən bütün dövlətlərlə düşmən olmalıdır. Heç ağlına da gəlmir ki, hansısa məsələdə etiraz səsini yüksəltmək, hansısa qərara qarşı öz sərt münasibətini ifadə etmək, bəzən risk almaq adi bir siyasi davranış şəklidir. Bir sözlə, etiraz etmək düşmən olmaq anlamına gəlmir, cənablar. Və bu, səmimiyyət ölçüsünü göstərmir. Bəli, Azərbaycanı Almaniya, Fransa kimi Avropanın böyük dövlətləri ilə düşmən olmağa çağırmaq Əli Kərimlinin nə qədər məzlum, nə qədər çarəsiz bir durumda olduğunu, tükəndiyini göstərir. Müasir siyasi gerçəkliklər romantizmi inkar edir. Azərbaycan siyasi romantizmin ağır nəticələrini elə Kərimlinin də hakimiyyətdə təmsil olunduğu 1992-93-cü illərdə yaşayıb. Dünyanın güclü dövlətləri ilə mənasız düşmənçilik, qonşu ölkələrlə münasibətlərin gərginləşməsi kimi fəsadlar AXC-“Müsavat” hakimiyyətinin xarici siyasətinin “uğurları” kimi tarixdə öz yerini alıb. Aradan 23 il keçib və bu adamlar bir buğda dənəsi qədər böyüməyib, tarixin ibrət - dərsindən qeyri-kafi almaqda davam edirlər.
Ola bilər ki, Ə.Kərimli Azərbaycan siyasətinin “siyasi riyakarlıq simvolu” olmaq iddiasına düşüb və bu yolda əmin addımlarla irəlilədiyini düşünür. Olsun. Onsuz da əlahəzrət zaman hər kəsin boynuna bir missiya yükləyir. Yəqin, Əli Kərimlinin də tarix qarşısındakı borcu elə budur...
- Oxunub: 20610 |
- Tarix: 10-06-2016 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Qoca və ağılsız Peykkonun şarlatanlığı...(2019-01-09 09:47:22)
- - Siyasi autsayderlərin “facebook” rüsvayçılığı...(2018-11-27 10:48:58)
- - Mayası söyüşdən yoğrulanlara sözardı...(2018-03-24 10:06:42)
- - “Türkoloq”un gülünc arqumentləri(2018-02-01 09:59:17)
- - Xədicə İsmayıl, sən kimsən?(2017-05-13 11:21:36)
- - Boqota gerçəkləri: MHŞT oyununda kim qalib, kim məğlub oldu?(2017-03-17 10:11:23)