
Yaxud imperialist güclərin və dini-ekstremist qruplaşmaların məqsədi ölkəmizdə teokratik rejim formalaşdırmaq və beynəlxalq terror şəbəkəsinin Suriya ssenarisini Azərbaycanda həyata keçirməkdir
Hər şey ondan başladı ki, S.Hantinqton sivilizasiyaların qarşıdurması haqqında düşünməyə başladı və elə bu adda da nəzəriyyə formalaşdırdı. Əslində, xəstə təxəyyülün nəticəsi hesab ediləcək bu nəzəriyyə sivilizasiyalararası klassik rəqabəti əsl düşmənçiliyə çevirdi. Ancaq ədalət naminə deyək ki, bu, Hantinqton biçarənin təkbaşına görəcəyi iş deyildi. İmperialist Qərbdə onun çoxsaylı fikirdaşları var idi. Nəzəriyyəçi isə, bir növ, onların fikirlərini ümumiləşdirmişdi.
Ötən əsrin 90-cı illərində ikiqütblü beynəlxalq sistemin çöküşü ilə bərabər onun ideoloji əsasları da dağıldı. Beləliklə də məlum nəzəriyyənin xristian klubu üzvləri tərəfindən həyata keçirilməsi üçün münbit geosiyasi zəmin yarandı. Fürsət bu fürsətdir deyən islamafob dairələr müsəlman Şərqinə qarşı əsl səlib yürüşünə başladılar. Klassik Şərqin elə özü qədər qədim olan dövlətləri bir-bir çökdürülməyə başlandı. Hazırda islamafob və imperialist Avropanın yaratdığı yeni, dindar “müsəlmanlar”, din adı altında müsəlman dünyasını çapıb talamaqla məşğuldurlar. Hər keçən gün də öz terror coğrafiyalarını bir az da genişləndirməyə çalışırlar.
Əlbəttə, Azərbaycan kimi inkişaf etmiş müsəlman ölkəsi də islamafob mərkəzlərin diqqətindən kənarda qala bilməzdi. Elə Sabunçu Rayon Polis İdarəsinə hücum edənlər də dindarlar deyil, dini-ekstremist qruplaşmaların Azərbaycandakı nümayəndələridir. Onların məqsədi ölkəmizdə teokratik rejim formalaşdırmaq və beynəlxalq terror şəbəkəsinin Suriya ssenarisini Azərbaycanda həyata keçirməkdir.
Beləliklə, hazırda müsəlman Şərqində baş verən hadisələr İslam dininə və mədəniyyətinə qarşı yönəlib və onun həqiqi İslamla heç bir əlaqəsi yoxdur. İmperialist mərkəzlər tərəfindən yaradılan və idarə olunan beynəlxalq terror şəbəkəsinin məqsədi İslam dinini gözdən salmaq, müsəlman Şərqində milli dövlətlərin mövcudluğuna son qoymaqdır. İdarə olunan xaos siyasəti əsasında törədilən bu hadisələrdə məqsəd İslam dünyasının yeraltı və yerüstü sərvətlərini istismar etməkdir. Hazırda radikal ekstremist qruplaşmalar İslama qarşı terrorun coğrafiyasını genişləndirərək bütün müsəlman ölkələrinə yaymaq istəyirlər. Sabunçu rayonunda baş verən hadisələri də bu konteksdə qiymətləndirmək lazımdır. Sabunçu polis idarəsinin qarşısında təxribat törədənlər də radikal ekstremist qruplaşmalarla sıx əlaqədə olan və onların direktivləri ilə hərəkət edənlərdir.
Ancaq onların niyyəti Azərbaycanda baş tutmayacaq. Birincisi ona görə ki, ölkəmizdə funksional dövlət aparatı var və hüquq-mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. İkincisi ona görə ki, Azərbaycanda İslamı obyektiv əsaslarda dərk edən intellektual cəmiyyət və savadlı dindarlar var. Bu iki faktor ölkəmizin beynəlxalq terror şəbəkəsinin poliqonuna çevrilməsinə imkan verməyəcək.
- Oxunub: 30750 |
- Tarix: 07-11-2015 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim(2019-08-22 09:35:14)
- - Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır(2019-08-20 00:32:55)
- - Milli Yaylaq Festivalı milli yaddaşımızın yenilənməsi, çoxəsrlik ənənələrimizə qayıdış oldu(2019-07-31 15:31:26)
- - Azərbaycanla Gürcüstan arasında nifaq salmaq ssenarilərinin reallaşmasında canfəşanlıq göstərən radikallar bir daha ifşa olundular(2019-07-26 08:15:17)
- - Mehman Əliyevə xatırlatma(2019-07-17 09:44:12)
- - Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə(2019-07-05 09:44:15)