Ana səhifə »  Müəlliflər »  Azərbaycan milli mətbuatı – 140: Maarifçilikdən “yumşaq güc”ə qədər keçən yola qısa analitik baxış
A+   Yenilə  A-
Azərbaycan milli mətbuatı – 140: Maarifçilikdən “yumşaq güc”ə qədər keçən yola qısa analitik baxış
Yazdı: Hikmət BABAOĞLU

Əkinçinin yarandığı ictimai-siyasi mühit
Hər kəsin bildiyi kimi, Azərbaycanda mətbuatın yaradılış tarixi 1875-ci il iyulun 22-nə təsadüf edir. Azərbaycanın böyük ziyalısı Həsən bəy Məlikzadə Zərdabi “Əkinçi” qəzeti ilə Azərbaycanın müstəqil milli mətbuatının əsasını yaratdı. Əlbəttə, bu, çox böyük tarixi, siyasi və mədəni hadisə idi. Amma nəzərə almaq lazımdır ki, “Əkinçi” qəzeti öz dövrünün şərtləri içərisində yaranırdı. Yəni, 1875-ci ildə Azərbaycanda mövcud olan ictimai-siyasi münasibətlərin məhsulu olaraq ortaya çıxmışdı. Ona görə də, hesab edirik ki, ilk növbədə, “Əkinçi” qəzetinin formalaşdığı ictimai-mədəni mühitə nəzər salsaq, qəzetin hansı şərtlər fonunda nəşrə başladığını və bunun nə qədər cəsarətli, tarixi bir hadisə olduğunu bir daha görmüş olarıq.
1875-ci ildə artıq Azərbaycanın yaratdığı ən böyük imperiyalardan biri olan Səfəvilər və onun varisi kimi çıxış edən Afşarlar imperiyası çökmüşdü. Nəhayət, 1828-ci ildə yenə Səfəvilər imperiyasının varisi kimi mövcud olmuş Qacarlar sülaləsi Rusiya tərəfindən ağır məğlubiyyətə uğradılmışdı. İşğal altında ötən 50 il ərzində Azərbaycan cəmiyyətində ictimai durğunluq formalaşmış, cəmiyyətdaxili institutlaşma olduqca passivləşmişdi. Təşəbbüskarlıq, ideya istehsalı, müstəqil milli maraqlar kimi anlayışlar o qədər korşalmışdı ki, bunların cilalanması və yenidən milli maraqlar ətrafında səfərbər edilməsi çox mürəkkəb bir məsələyə çevrilmişdi. Buna paralel olaraq qeyd etmək lazımdır ki, 48-50 il idi ki, Azərbaycanın bir hissəsi çar Rusiyasının, bir hissəsi isə İranın tərkibində qalmışdı. Belə bir şəraitdə Azərbaycanda yeni ictimai münasibətlərin, milli iradənin və milli dünyagörüşünün, yeni ziyalı mühitinin formalaşması üçün şərtlər olduqca məhdud idi. Çünki ictimai münasibətləri və ziyalı mühitini yetişdirəcək dinamiklər küncə sıxışdırılırdı. Şimaldan diktə edilən yeni qeyri-milli mədəniyyət isə yeni keyfiyyətdə irrasional milli mentalitet formalaşdırmağa xidmət edirdi. Bu mərhələdə mövcud iqtisadi vəziyyətə də nəzər salsaq, görəcəyik ki, Azərbaycan sənayeləşmə mərhələsinə qədəm qoyurdu. 1860-70-ci illərdə mis sənayesi meydana gəlmişdi. Bunun ardınca Azərbaycanda neft sənayesinin formalaşması ilə bağlı mühit yaranmaqda idi. Sənayenin inkişafı ilə paralel olaraq, Azərbaycanın ictimai mühitinə çoxsaylı mədəni, ideoloji, siyasi impulslar daxil oldu. Bunlar isə özlüyündə çox fərqli nümunələr olduğu üçün ümummilli mədəniyyətin və milli düşüncənin formalaşmasında problemlər və fərqli istiqamətlər yaradırdı. Rusiyaya, Fransaya, İrana meyillilik və s. artırdı. Bu qədər ziddiyyətli bir dövrdə Azərbaycanın ən böyük ehtiyacı ölkəmizi bu ziddiyyətlər içərisindən çıxararaq, milli maraqları müəyyənləşdirərək Azərbaycanın qədim mədəniyyəti üzərində yeni çağdaş mədəniyyəti qura biləcək maarifçi institutları yaratmaq idi. Bax “Əkinçi” qəzeti belə bir dövrdə meydana çıxdı.
“Əkinçi” cəmiyyətin sosial sifarişindən yox, ziyalı fədakarlığından yarandı
Məlumdur ki, hər bir milli mətbuat nümunəsinin yaranması üçün, ilk növbədə, sosial sifariş olmalıdır. İddia etsək ki, 1875-ci ildə Azərbaycan cəmiyyətinin sosial sifarişinin nəticəsi olaraq “Əkinçi” qəzeti meydana çıxdı, səhv etmiş olarıq. Çünki belə bir tələbat, sosial sifariş yox idi. O dövrdə Azərbaycanda din adı altında mövhumat hökm sürürdü və müasir dünyaya açılacaq elmi tərəqqinin, sənayeləşmənin, yeni kapitalizmin gətirdiyi yeni ictimai və mədəni münasibətlərdə iştirak edəcək nə ictimai institutlar, nə də ayrı-ayrı fərdlər, yaxud qruplar var idi. Beləliklə, bu mərhələdə yeni şərtlər içərisində cəmiyyətdaxili dinamiklərin dialoqa girməsi üçün mütləq bir vasitə lazım idi. Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini yaratmağının bir səbəbi də bundan ibarət idi ki, Azərbaycan cəmiyyətinin fəaliyyətinin cazibə mərkəzi kimi ölkəmizin milli maraqlarını müəyyənləşdirə bilsin və milli gücü bu maraqlar ətrafında səfərbər etsin.
Milli mətbuatın ilkin missiyası, maarifləndirmə...
Ümumiyyətlə, 1875-ci ildə biz ilk qəzetin nəşrinə başladığımız vaxt artıq dünyanın bir sıra xalqları müxtəlif illərdə qəzetlər buraxmışdı. Məsələn, ilk dəfə olaraq Almaniyada mətbəənin yaranmasından sonra 1609-cu ildə müasir mənada qəzetçiliyin əsası qoyuldu. 1622-ci ildə Londonda, 1640-cı ildə İtaliyada, 1631-ci ildə Fransada, 1666-cı ildə Polşada, 1702-ci ildə Amerikada, 1724-cü ildə Rusiyada müasir mənada qəzetin nəşrinə başlanılmışdı. 1875-ci ildə isə Azərbaycan bu prosesə qoşuldu. Avropa ölkələri ilə müqayisədə bu, gec olsa da, müsəlman Şərqində birincilərdən hesab olunur.
“Le-Qazetta” sözü latın-roma mənşəli bir sözdür, italyan dili (la civetta-H.B) vasitəsilə bizim leksikonumuza daxil olub, mənası isə bayquş deməkdir. Bu ad xüsusi olaraq seçilib, çünki bayquş 180 dərəcə sağa və sola dönməklə qaranlığı çox aydın görmək qabiliyyətinə malikdir. Məhz qəzetin yaradılması, bu adın “qəzetta” kimi formalaşması prosesi də bax elə bu sözün etimologiyasından başlayır. Yəni, Həsən bəy Zərdabi də bilirdi ki, qəzet məhz cəmiyyətin hər tərəfini görə bilmək qabiliyyətinə malik olmalıdır və cəmiyyətin qaranlıq yerlərinə işıq tutmağı bacarmalıdır. Ona görə də, müəyyən səbəblərdən qəzetin adının “Əkinçi” olmasına baxmayaraq, onun əsas mahiyyəti maarifləndirmə idi. Ümumiyyətlə, ilkin mərhələdə bütün dünya xalqlarının yaratdıqları çap mediasının birinci məqsədi maarifləndirmə olub. Bu, XVIII əsrin əvvəllərinə qədər davam edib və ilk dəfə olaraq Avropa intibahı dövründə Avropada siyasi azadlıqlar anlayışı yarandıqdan sonra qəzet artıq həm də azadlıqları müdafiə edən bir vasitə kimi çıxış etməyə başlayıb. Artıq “Əkinçi” qəzetinin işıq üzü gördüyü dövrdə azadlıqlardan danışmaq olmazdı. Çünki çar Rusiyası içərisində və bu imperiyanın tərkibinə daxil olan digər imperiya subyektlərində “siyasi azadlıqlar” sözü kimi bir anlayış hələ yox idi. Ona görə də, ilkin mərhələdə “Əkinçi” qəzetinin məqsədi maarifləndirmə yolu ilə, ilk növbədə, cəmiyyətdə olan dini fanatizmi və mövhumatı, cəhaləti aradan qaldırmaq, xalqı elmə, tərəqqiyə maraqlandırmaq, səfərbər etmək idi.
Milli maarifləndirmədən milli satiraya doğru
“Əkinçi” ilə başlayan Azərbaycan mətbuatı sonrakı mərhələdə milli mətbuatın digər nümunələri sayılan “Ziya”, (1879-cu ildə), “Kaspi” (1881-ci ildə), “Kəşkül”, (1883-ci ildə) və s. ilə zənginləşməyə başladı. Azərbaycan cəmiyyətinin yetişdirdiyi ən böyük mütəfəkkirlər, söz adamları bu qəzetlər vasitəsi ilə ölkəmizdə yeni ictimai mühit formalaşdırmaqla, bir növ, xalqların mübarizə tarixindəki yeni keyfiyyətdə düşünə bilən, mücadilə verməyi bacaran bir xalq formalaşdırmaq istəyirdilər. Bir qədər sonra isə bu cərgəyə 1905-ci ildə “Həyat”, 1915-ci ildə “Açıq söz” və nəhayət, 1918-ci ildə “Azərbaycan” adlı qəzet qoşuldu. Əlbəttə ki, o dövrün siyasi şərtləri içərisində qəzet buraxmaq çətin məsələ idi, xüsusi fədakarlıq tələb edirdi. Amma buna baxmayaraq, bu qəzetlər Azərbaycan xalqının millət kimi var olma mücadiləsinin təzahürü olmaqla, millətin özünüifadəsinin bir forması kimi meydana çıxmışdı.
Milli mətbuat kütləvi dialoq vasitəsi kimi
“Əkinçi”dən 1918-ci ilə qədər olan dövrdə Azərbaycan milli media nümunələrinin Azərbaycan cəmiyyəti ilə dialoq qurmaq cəhdləri baş tutmurdu. Yalnız konkret bir təbəqə az-çox yeni ictimai-siyasi münasibətləri mənimsəyə bilmiş, milli mətbuatla dialoqa girməyi bacarmışdı. Amma bütövlükdə xalqı kütləvi şəkildə mətbuatla dialoqa cəlb etmək mümkün deyildi. Azərbaycanın milli mətbuatının ən böyük problemlərindən biri bu idi. Kim bilir, bəlkə də, bu məsələ elə indi də aktualdır. Bu proses o vaxta qədər davam etdi ki, artıq qəzetçilikdə yeni ənənələr formalaşmağa başladı.
Mətbuatımızda yeni ənənələr, mollanəsrəddinçilik
Beləliklə, 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşri ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Bax bu, bir növ, xalqla dialoqa girməyin özünəməxsus forması idi. Burada əsas məqsəd müxtəlif satirik yazılar və karikaturalar yaratmaqla xalqın öz dilində danışaraq onları mətbuat-cəmiyyət dialoquna cəlb etməkdən ibarət idi. Amma bunun da çox uğurlu olduğunu deyə bilmərik. Çünki yeni seçilmiş bu metod da arzuolunan nəticəni vermədi. Baxmayaraq ki, bu vasitə Azərbaycan milli mətbuatının inkişaf tarixində böyük bir mərhələ oldu. Biz bu problemləri o dövrün ziyalılarının dili ilə daha maraqlı nümunələrdə görə bilərik. Məsələn, Həsən bəy Zərdabi məqalələrinin birində yazırdı ki, “Çəkmə geyinməkdə bir günah yoxdur və hər kəs fikir eyləsə, görər ki, çəkmə geyinməklə insan müsəlmanlıqdan çıxmaz, amma bir şəxs başmaq yerinə çəkmə geyinəndə şüəralar onu həcv edir, mollalar ona minbərdən lənət oxuyur, əvamünnas salam verməyir, xülasə, hamımız birləşib onu kafir hesab edib, o qədər incidirik ki, biçarə naəlac qalıb öz millətini atıb gedir, xaricilərə üz tutur ki, onun övladı onların içində böyüyüb onların tərəqqisinə daxil olur. Əlbəttə, belə də nə qədər səy edək ki, buğda bitsin, olmaz”.
Bu misalda biz o dövrün Azərbaycan cəmiyyətinin problemlərini görürük. Yəni biz həmin dövrdə, sadəcə, təfəkkürdə, düşüncədə, elmdə və sair digər sahələrdəki tərəqqidən danışa bilmədiyimiz kimi, məişət müstəvisində də irəliləyişin cəmiyyət tərəfindən xor qarşılandığının şahidi oluruq. Böyük Zərdabi çox dəqiq izah edir ki, insanlar tərəqqiyə meyilli deyil. Çünki hesab edirlər ki, başmağı çıxarıb çəkmə geyinməklə insan müsəlmanlıqdan çıxır. Belə xor münasibət isə tərəqqi edən insanların ölkədən çıxıb getməsinə səbəb olur. Beləliklə, intellektual axını baş verir. Yaxşı, gəlin görək, bundan təqribən 30 il keçdikdən sonra Azərbaycan milli mətbuatı Azərbaycan cəmiyyəti ilə dialoq qura bilmişdirmi? Yəni milli mətbuatı qidalandıracaq olan mənəvi, maddi, ideoloji şərtlər formalaşmışdımı? Xeyr, formalaşmamışdı. Ona görə də, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının ilk sayında “Sizi deyib gəlmişəm, ey müsəlmanlar” adlı bir məqalə dərc etdirdi. Deməli, hələ də xalqa müraciət olunurdu, biz sizi deyib gəlmişik, ey müsəlmanlar, bizə dəstək verin, dialoqa qoşulun. Əlbəttə ki, artıq 1900-cü illərin əvvəllərində çar Rusiyası cəmiyyətində müxtəlif ideoloji, siyasi cərəyanlar yarandı, cəmiyyət siyasiləşməyə başladı. Beləliklə, o dövrün qəzetləri də ictimai maarifləndirmə mərhələsini keçərək siyasi vasitəyə çevrilmə mərhələsinə qədəm qoydu. Bu dövrdə artıq çar Rusiyasında, eləcə də, onun tərkib hissəsi olan Azərbaycanda da siyasi azadlıqlar, həmçinin, hüquq anlayışı meydana çıxdı. Amma, əlbəttə ki, Azərbaycan Rusiyanın tərkibində bir əyalət idi və özünəməxsus ənənələri olan bir cəmiyyət olduğu üçün burada istər siyasi, istər ideoloji, istərsə də milli azadlıqlar məsələsinə qarşı çar Rusiyasının münasibəti olduqca sərt idi. Bu səbəbdən bizim yerli milli mətbuatımızda bunlar ya ümumiyyətlə olmurdu, ya da, bir növ, arxa planda qalırdı. Buna baxmayaraq, Bakıda 1907-ci ildə “Bəhlul”, 1909-cu ildə “Zərbur”, 1910-cu ildə “Mirat”, 1914-cü ildə “Ləklək”, 1914-1915-ci ildə “Məzəli” və s, adlı müxtəlif nəşrlər işıq üzü görməyə başladı ki, bunlar da, əslində, o dövrdə baş verən mürəkkəb siyasi-ictimai hadisələrin fonunda, bir növ, o cəmiyyətdə cərəyan edən hadisələrin güzgüsü olmağa çalışırdılar. Amma, təəssüf ki, həmin dövrdə cəmiyyəti mətbuat ilə dialoqa cəlb etmək mümkün olmadı. 1900-cü illərdən sonra, hətta 1918-ci ilə qədər Azərbaycanda da fikir rəngarəngliyi və müxtəlif cərəyanlara qoşulan insanlar var idi.
Dahi Üzeyir bəy nə deyirdi...
Bu dövrdə baş verən hadisələri görən böyük Üzeyir Hacıbəyli 3 dekabr 1906-cı ildə “İrşad” qəzetində yazırdı ki, “Ey millət mücahidləri, yatmış millətin yaxasından yapışıb silkələyin ki, oyansın. Əgər əfradi millət öz cəhaləti bərəkətindən sizi dinləmək istəmirsə, siz ondan əl çəkməyiniz. Və o sözlərə müvafiq dolanmağa məcbur ediniz, sonra onların özü sizə minnətdar olacaqdır”. Doğrudan da, böyük Üzeyir bəy hesab edirdi ki, əgər millətin yaxasından tutub silkələyərək onu oyatsalar, onda insanlar ayılacaq və ayıldıqdan sonra dərk edəcək ki, sən demə, ayılmaq, doğrudan da, lazım imiş və onu oyadanlara minnətdar olacaq. Bu nümunədən də görürük ki, hələ 1906-cı ildə də mətbuat maarifləndirmə istiqamətində ciddi mücadilə verməkdə idi.
Ömər Faiq Nemanzadə və milli kimlik məsələsi
Həmin illər həm də bir milli kimlik axtarışı dövrü idi. Ona görə də, Azərbaycan mətbuatının ən böyük imzalarından biri, Azərbaycan milli düşüncəsinin, milli mübarizəsinin öndə gedənlərindən olan Ömər Faiq Nemanzadə yazırdı ki, “Ey türk, istər darıx, istər karıx, yaxandan əl çəkəcək deyiləm, sən hər şeyi öyrənmək istədiyin halda, bircə zadı, yəni özünü bilmək istəmirsən. Niyə öz soy və nəslindən xəbərin yox? Niyə sənə “kimsən” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə, sadəcə, deyə bilmirsən ki, mən türkəm? Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin? İndi də türksən, bundan sonra da türk qalacaqsan”.
Demək, bu fikirlərdən bəlli olur ki, o dövrdə din-məzhəb kimliyi milli kimlikdən üstün idi. İnsanları birləşdirən aparıcı siyasi-ideoloji amil onların milli yox, din-məzhəb kimliyi idi.
Digər bir məqaləsində Ö.F.Nemanzadə yazırdı ki, dil yoxluğu millətin yoxluğudur: “Mən inanmıram ki, dilini sevməyən xalqını sevsin. Məhəbbətimizin ən üst qatında dil məhəbbəti gəlir”.
Doğrudan da, o dövrün ənənələrinə nəzər salsaq, insanların bir qismi fars, bir qismi rus, digər qismi isə fransız dilində danışmağa çalışırdı. Beləliklə, dil birliyi pozulurdu.
Sovet dövrü mətbuatı ən kütləvi, ən ardıcıl və həm də ən ideoloji mətbuat idi
Bundan sonrakı mərhələ isə Sovet dövrü mərhələsi kimi yadda qalır. Sovet mətbuatının özünəməxsus səciyyəvi cəhətlərindən biri həddindən artıq ideoloji və siyasi mətbuat olmasıdır. İkinci səciyyəvi xüsusiyyət isə Sovet mətbuatında yeni janrların və ifadə formalarının inkişaf etdirilməsidir. Bu dövrdə biz reportaj, oçerk, novella və s. kimi yaradıcılıq tələb edən xüsusi istiqamətlərin inkişaf etdiyini görürük. Bütün tənqidi münasibətlərə baxmayaraq, hər halda, Sovet dövrü mətbuatı Azərbaycan milli mətbuat tarixinin ən ardıcıl və ən inkişaf etmiş dövrlərindən biri kimi xarakterizə edilməlidir.
Müstəqillik dövrü milli mətbuatımızın parlaq səhifəsi kimi
Nəhayət, Azərbaycan mətbuatının 140 illik yubileyi ərəfəsində fəxarətlə qeyd edə bilərik ki, milli mətbuatımız böyük mübarizə və inkişaf yolu keçərək indiki mərhələyə gəlib çatıb. Bu mərhələ milli mətbuatımızın inkişaf tarixində heç vaxt olmadığı qədər dövlət himayəsi və qayğısı ilə əhatə olunması mərhələsidir.
İndiki mərhələdə mətbuat böyük bir gücdür. Mətbuatın missiyası onun funksiyasından qat-qat böyükdür. Çünki müasir mərhələdə media da geniş təsir imkanlarına malikdir. Azərbaycan milli mətbuatının üzərinə düşən vəzifə tarixən aparılan mübarizənin bu gün də layiqincə davam etdirilməsidir. Biz mətbuatın gücündən milli maraq və mənafelərimiz naminə maksimum istifadə etməliyik. Həsən bəy Zərdabinin, Ö.F.Nemanzədənin, C.Məmmədquluzadənin, Ü.Hacıbəylinin qoyduğu problemlər bu gün də aktualdır. Çünki bu gün də imperialist ambisiyalara söykənən beynəlxalq münasibətlər sistemi mövcuddur. Belə bir şəraitdə Azərbaycanı milli-etnik, yaxud dini-məzhəb zəminində parçalamaq məsələsi aktual olaraq saxlanılır. Ona görə də, mətbuat tarixinə təkcə tarix kimi baxmaq lazım deyil. Müasir çağırışlar ondan ibarətdir ki, həm çap mediasında, həm də internet resurslarında öz milli informasiya məkanımıza sahib çıxmalıyıq. Çünki qlobal informasiya məkanı ayrı-ayrı imperialist ölkələrin maraqlarına xidmət edən çoxsaylı manipulyativ informasiyalarla doludur. Ona görə də Azərbaycan mətbuatı klassik idealist mətbuat kimliyindən uzaqlaşmalı, bizim informasiya məkanımıza ötürülən məlumatları süzgəcdən keçirərək ictimai auditoriyaya təqdim etməlidir. Bu gün qlobal analitik mərkəzlər tərəfindən informasiyaya xüsusi institusional forma verilib. O, insanları idarə edir, yeni keyfiyyətdə insan formalaşdırır və belə insanların adı homoinformatikusdur. Homoinformatikuslar isə davranışlarında, ətraf mühitlə ünsiyyətində əqli-idraki keyfiyyətlərinə deyil, informativ keyfiyyətlərinə söykənərək hərəkət edirlər. Z.Freydin məşhur nəzəriyyəsində deyildiyi kimi, şüuraltı yaddaşda yığılan informasiya gələcəkdə bizim hərəkətlərimizi şərtləndirir. Mahatma Qandi deyib ki, düşüncələrinizə diqqət edin, onlar sizin hərəkətlərinizin başlanğıcıdır. Biz isə deyə bilərik ki, istehlak etdiyiniz informasiyaya diqqət edin, onlar sizin hərəkətlərinizi şərtləndirəcək. Ümumiyyətlə, hər bir xalqın milli informasiya məkanı qlobal informasiya məkanının təsiri altında deyil, onun suveren iradəsi altında olmalıdır. Əks təqdirdə, informasiya sizi idarə edəcək. Deməli, sizi qlobal informasiya məkanını idarə edənlər idarə edəcəkdir. Qlobalistlər isə milli dövləti nəinki sevmir, onu, ümumiyyətlə, sıradan çıxarmaq istəyirlər.
Bu gün Azərbaycan dövlətinin mətbuata qayğısının məntiqi də, fəlsəfəsi də ondan ibarətdir ki, indiki mərhələdə “yumşaq güc” kimi səciyyələndirilən media öz gücünü xalqın və dövlətin maraqlarının qorunmasına sərf etsin.
Hikmət BABAOĞLU
Əməkdar jurnalist

 
 
  • Oxunub:  28020  |  
  • Tarix:  24-07-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA