Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Müsavat”da parçalanmaya start verilib

“Müsavat”da parçalanmaya start verilib

19.11.2014 [10:04]

Mübariz Abdullayev

Divanın son toplantısında bir neçə narazı “müsavat”çının cəzalandırılması partiya daxilində gərginliyi son həddə çatdırıb
Son qurultayda keçirilən “seçkilər”in “Müsavat”ın parçalanacağı ilə nəticələnəcəyi barədə verilən proqnozlar özünü doğrultmaqdadır. Artıq qurultaydan xeyli vaxt ötsə də, partiya daxilində gərginlik nəinki səngimir, əksinə getdikcə daha da qızışır. Hazırda “Müsavat” qarşı duran cəbhələrə bölünüb.
“Seçkilər”də öz məqsədinə çatdığını düşünən A.Hacılı qurultaydan sonra ilk vaxtlarda seçdiyi “gəlin, qucaqlaşaq” taktikasının bir işə yaramamasının ardından partiya daxilində “cəza maşasını” işə salıb. “Müsavat” divanının hələ noyabrın 11-də keçirilən toplantısında “narazılar”a “dillərini dinc qoymaq” xəbərdarlığı ünvanlanmışdı. Partiya divanının bu günlərdə keçirilən son toplantısında isə “narazılar”ın cəzalandırılması istiqamətində konkret addımlar atılıb. Belə ki, “narazılar” dəstəsində yer alan Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradovun, Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəylinin məlum səbəblərdən “Müsavat”ın sıralarından kənarlaşdırılmalarının ardından divanın son toplantısında başqanlığa namizəd olmuş Səxavət Əlisoy da partiyadan xaric edilib. Divanın bununla bağlı çıxardığı qərar isə “Səxavət Əlisoyun “Müsavat”ın nüfuzuna xələl gətirən fəaliyyəti, partiya strukturlarına qarşı heç bir fakta əsaslanmadan irəli sürdüyü ittihamlar, partiya strukturlarını tanımadığı barədə verdiyi bəyanatlar” və bu kimi digər “səbəblər”lə əsaslandırılıb. Bundan başqa, partiya divanının son toplantısında eyni “nöqsanlara” yol verən Əlövsət Talışxanlı da cəzalandırılıb. Lakin divan əvvəlki fəaliyyətini nəzərə aldığını Ə.Talışxanlının boynuna minnət qoyaraq ona daha yüngül cəza-töhmət verməklə kifayətlənib.
Divanın haqqında bəhs olunan qərarı “Müsavat” daxilində bir növ yanan odun üstünə yağ töküb. “Narazılar” A.Hacılının partiyada başlatdığı təmizləmə kampaniyasına kəskin etirazlarını bildirirlər. “Müsavat”dan xaric edilən S.Əlisoy sosial şəbəkələrdə paylaşdığı “Hacılıya xatırlatma” statusunda partiyanın yeni başqanını, sözün əsl mənasında, ağ yuyub, qara sərib. S.Əlisoy vurğulayıb: “Sən adını Müsavat Partiyası tarixinə “SAXTAKAR BAŞQAN” kimi yazdırdın, partiyanın demokratik imicinə böyük zərbə vurdun və indi bizlərin əsas vəzifəsi Müsavat Partiyasını bu anormal durumdan xilas etməkdən ibarətdir”.
Divanın haqqında bəhs olunan qərarından sonra partiya daxilində gərginliyin daha da artması başqanlığa namizəd olmuş Qubad İbadoğlu üçün bir növ göydəndüşmə fürsət olub. O, yaranmış situasiyadan istifadə edərək öz mövqelərini möhkəmlətmək üçün canfəşanlıq göstərir. Bunu Q.İbadoğlunun divanın qərarı ilə bağlı açıqlamasından da açıq-aydın hiss etmək mümkündür: “Müsavat” hazırda daxili demokratiya böhranı yaşayır və aparılan siyasət yalnız partiyanın idarəçiliyi ilə razılaşmayanların cəzalandırılması üzərində qurulub. Bu da, təbii ki, partiyanın avtoritar üsullarla idarə olunmasını göstərir. Lakin hesab edirəm ki, bu qərar partiyada bizim mövqelərimizin möhkəmlənməsinə gətirib çıxaracaq”.
Başqanlığa namizəd olmuş Tural Abbaslı da partiyada cəza mexanizminin işə salınmasına kəskin münasibət ifadə edib. O, KİV-ə açıqlamasında divanın qərarının “Müsavat” üçün yaxşı perspektiv vəd etmədiyini bildirib.
Divanın qərarına əsasən töhmətlə cəzalandırılan Ə.Talışxanlı isə bundan sonra “Müsavat”ın sıralarında qalmağı “şərəf və ləyaqətinə sığışdırmadığını” dilə gətirib. Sonuncu bir qədər də irəli gedərək partiyada baş verənlərə görə İsa Qəmbəri günahlandırıb: “Mən belə insanlarla bir partiyada addımlamağı şərəf və ləyaqətimə təhqir hesab edirəm. Hər şey İsa Qəmbərin göstərişi ilə həyata keçirildi. Buna çox təəssüf edirəm”.
Bəs “narazılar” A.Hacılının başlatdığı cəzavermə kampaniyasına qarşı hansı adekvat addımlar atmaq niyyətindədirlər? Divanın məlum qərarından sonra “narazılar”ın düşərgəsində növbədənkənar qurultay keçirməklə bağlı söz-söhbətlər daha tez-tez eşidilir. Məsələn, Q.İbadoğlu bundan sonra atacaqları addımdan danışaraq bildirib: “Partiyanın nizamnamə çərçivəsində növbədənkənar qurultayının çağırılmasını hədəfləyirik və bu hədəfə çatmaq uğrunda fəaliyyət göstərəcəyik”.
Göründüyü kimi, “Müsavat”da artıq qarşı duran tərəflər arasında bütün körpülər yanıb. Partiyanın parçalanmasına faktiki olaraq start verilib. Belə görünür ki, “Müsavat”da hər qruplaşma başçısının yeni bir partiya yaratması və A.Hacılı ilə rəqabət (oxu: düşmənçilik-M.A.) aparması qaçılmaz reallığa çevrilib.

Paylaş:
Baxılıb: 1165 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31