Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Dantenin yubileyi” əsəri yoxsa, tamaşası?

“Dantenin yubileyi” əsəri yoxsa, tamaşası?

24.10.2023 [15:27]

MÜŞFİQƏ

“Bu gecə, bu qoca, bu ocaq...” tamaşa boyu fikir məni aparmışdı. Kəbirlinski bircə bu cümləni düzgün deyə bilsəydi. Bu barədə bir qədər sonra...

Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərini ilk dəfə oxuyanda tələbə idim. Eşidəndə ki, əsərin motivləri əsasında tamaşa nümayiş olunacaq qəribə bir sevinc və tamaşanı izləmək istəyi məndə baş qaldırmışdı. Görəsən, əsəri oxuyarkən keçirdiyim, hissləri tamaşa zamanı da yaşaya biləcəkdim? Adətən əksi olur, axı... Gözləntilər özünü çox vaxt doğrultmur. Əlqərəz, o gün yetişdi...

Oktyabrın 20-də Akademik Milli Dram Teatrında “Dantenin yubileyi” tamaşasının premyerası keçirildi. “Yeni Azərbaycan” olaraq mən də tamaşanı seyr edənlər sırasında öz yerimi almışdım. Zalda sənət adamlarını, siyasi xadimləri də görə bilərdiniz.

Səhnədə yalnız bir avtobus vardı... bütün tamaşa bu avtobus ətrafında cərəyan edirdi. Avtobus gah səhnə, gah kinostudiyanın dublyaj otağı, gah televiziya studiyası, gah da Kəbirlinskinin evi olurdu. Bir növ, Kəbirlinskinin rutin həyatının özəti idi. Dünyası sadəcə bu məkanlardan və o yeganə avtobusdan ibarət idi.  Kəbirlinskinin bütün həyat gedişatına elə bu avtobusdaca şahidlik edirdi.

Zənnimcə, tamaşanı fərqliləşdirən məqam canlı ifa ilə yanaşı, əsərin tamaşaçılara nəql edilməsində idi. Burada əhvalatlar aktyorların elə öz dillərindən nəql edilirdi. Sanki həm kitab oxuyub, həm də tamaşasına baxırdın. Kimin ağlına gəlmişdisə, əhsən... Lap yerində qərar olmuşdu.

Diqqətimi çəkən digər məqam isə gənc aktyorların ifaları idi. Bir-birindən gözəl xanımlar, yaraşıqlı bəylər... Onlar həm istedadı, həm görünüşləri, həm də səsləri ilə tamaşaçıları valeh edirdilər. İlk dəfədir ki, sənət ocağının səhnəsində bu qədər gənc aktyorları bir arada görürəm desəm, mübaliğə etmiş olmaram. Ümid edirik ki, gənclərimizi səhnələrdə tez-tez görəcəyik.

 Keçək əsərin qəhrəmanına... Baş rol Xalq artisti Sabir Məmmədova həvalə olunmuşdu. Canlandırdığı obraz nə sənətdə, nə də ailədə yeri olmayan bir insan idi. Nə qədər özünü təsdiq etməyə çalışsa da, bir o qədər acınacaqlı və gülünc duruma düşürdü. Elə zalda gülüş səslərinin ucalması da bundan xəbər verirdi. Əslində, tamaşanın kökündə böyük dram vardı. Bu sadəcə Feyzulla Kəbirlinskinin yox, onun simasında yanlış peşə seçənlərin dramı idi. Kəbirlinski öz faciəsini dərk edirdi, lakin bunu bir ağrı kimi daşımaqdan başqa çarəsi yoxuydu. Artıq 60 yaşına qədəm qoymuşdu. Bu yaşdan sonra hansı peşəyə yiyələnəcək, ən əsası ailəsini necə dolandıracaqdı? Gücsüz, əlacsız, amma saf və xoş bir insan idi. Teatrda, sənətdə istedadsız və faydasız olsa da, səhnəni böyük məhəbbətlə sevirdi.

Ən əsası, vicdanlı insan idi. Kimsəsiz uşağı sahiblənəcək və ona öz soyadını verəcək qədər vicdanlı. Vaxt gələcək övladı ondan utanacaqdı, amma Kəbirlinskinin əlindən başqa nə gələ bilərdi, axı? Tək çıxış yolu həqiqəti oğlu Eldara deməkdə görürdü. Bəlkə, o zaman Eldar atasından utanmaz, öz soyu ilə fəxr edə bilər, deyə düşünürdü. Ona hər vəchlə mane olan bir səbəb vardı. Feyzullanın həyat yoldaşı Həcər. Yeri gəlmişkən, qeyd edim ki, bu rola Xalq artisti Sənubər İsgəndərli nəinki can, hətta ürəyini də vermişdi. İlk dəfədir ki, aktrisamızı zaldan seyr etmək imkanı əldə edirdim. Onu səhnədə izləmək olduqca xoş idi.

Premyera öncəsi rejissor Ərşad Ələkbərov yeni tamaşa haqqında bunları deyib: “Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqındadır. İnsan həyatda öz peşəsini düzgün seçməlidir. Seçim düz olmayanda, insan bütün həyatı boyu əziyyət çəkir. Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinski həyatda qalibdir, sənətdə məğlub. Çünki seçimi doğru olmayıb. Biz öz seçimlərimizin əziyyətini çəkirik”.  

Ən nəhayət, səhnəmizin Səyavuşundan və onu obraz kimi bizə təqdim edən Əməkdar artist Elşən Rüstəmovdan danışmaq istərdim. Müxtəlif səpkili rollarla gördüyümüz aktyor hər dəfə insanı özünə valeh etməyi necə bacarır axı? Bunu düşünmədən edə bilmədim. İnsan hər rola necə bu qədər peşəkarcasına uyğunlaşa bilər? Əslində, bu sualımın cavabı elə bu tamaşanın özündə əks olunub. Doğru peşə seçimi və sənət sevgisi. Hər ikisini də Elşən Rüstəmovun timsalında görə bilirik.

Onun “Sənət daimidir, ömür müvəqqəti” deyimi bu fikri bir daha təsdiqləmiş olur.

Qeyd edək ki, yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur. Səhnə əsərində eləcə də əməkdar artistlər Mətləb Abdullayev (Ağamehdi), Anar Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura), aktyorlar Şəhla Əliqızı (Anaxanım), Rüstəm Rüstəmov (Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov), Məhsəti Tahirzadə (Lena), Ramin Şıxəliyev (Gənc tənqidçi), Cümşüd Zeynalov (Mamed), Elsevər Rəhimov (Eldar), Tural İbrahimov (Aydın), Nəzrin Abdullayeva (Rəna) və Lalə Süleymanova (Roza) çıxış ediblər. Tamaşanın dəvət olunmuş iştirakçıları Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir.

O ki, qaldı materialın əvvəlindəki sualımın cavabına. Mən əsəri tamaşadan daha çox sevmiş, əsərlə daha çox bütünləşmişdim. Əsəri oxuyarkən tələbəlik illərimdəki həyəcanı axtarmaq da doğru olmazdı. Lakin tamaşa özü-özlüyündə yüksək səviyyədə hazırlanmışdı. Zaldakıların təbəssümü bunu deməyə əsas verirdi.

Paylaş:
Baxılıb: 437 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31